Qüdrətli dövlət, yüksək

rifah, yeni hədəflər

 

Dövlət başçısı İlham Əliyevin 2022-ci ilin yeni sosial paketinə daxil olan Fərman və sərəncamlar bu məqsədlərə xidmət edir    

 

Tarixi Zəfərimizdən sonra “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi, həmçinin  iqtisadi rayonların yenidən bölgüsü bir məqsədə xidmət edir ki, işğaldan azad edilmiş ərazilərin malik olduğu iqtisadi potensial ümumilikdə ölkənin iqtisadiyyatına istiqamətləndirilsin, dayanıqlı inkişafa dəstək olsun. Milli Prioritetlərin təsdiqlənməsi ilə bağlı sənəddə də qeyd edildiyi kimi,  milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf yolunun ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək.

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

2003-cü ildən qarşıya prioritet məsələ kimi qoyulan “Neft kapitalını insan kapitalına çevirək” tezisinə uyğun olaraq atılan davamlı addımların uğurlu nəticələri göz önündədir. Bölgələrin potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlənən və əhatə etdiyi dövrə uyğun olaraq icrası başa çatdırılan regional inkişaf proqramları bölgələr arasında sağlam rəqabəti sürətləndirir, paytaxtla rayonlar arasında fərqi aradan götürür. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan quruculuq meydançasını xatırladır.

İnkişafı şərtləndirən amillərdən bəhs edərkən təbii ki, ölkədə sabitliyin yüksək səviyyədə təmin edilməsi xüsusi qeyd olunur. Müstəqilliyinin bərpasının 30 ilini arxada qoyan  Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində sabitlik diyarına çevrildi. Bu gün Azərbaycan regionda sabitləşdirici faktor kimi nüfuz qazanıb. Xalq-iqtidar birliyinin sarsılmazlığı ölkənin dayanıqlı inkişafında əhəmiyyətli rol oynayır. İnsan amili bütün hallarda dövlət siyasətinin əsasını təşkil edir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində proritetləri açıqlayarkən bildirmişdir ki,  iqtisadi inkişaf, əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas olacaq. Minimum əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Bu çağırışlarla yanaşı, cənab İlham Əliyev sonrakı illərdə görülən işlərin fonunda bildirirdi ki, əgər insanlar görülən işlərdən razı qalsa, onda mən də razı olacam. Bütün bunlar vətəndaş amilinə verilən dəyərdən irəli gəlirdi.

İstər ölkəmizdə keçirilən sorğuların nəticələri, istərsə də ölkə ictimaiyyətinin rəyləri bu reallığı ortaya qoyur ki, ən böyük siyasət real məsələlər, konkret işlərdir. Azərbaycanın son 18 ildə əldə etdiyi uğurlar göz önündədir. Məhz bu reallıqlar cənab İlham Əliyevin bu müddət ərzində keçirilən 2008, 2013 və 2018-ci il prezident seçkilərində təkrar qələbəsini təmin edib. Hər bir dövr üçün müəyyənləşdirilən vəzifələrin uğurlu icrası növbəti illər üçün yeni-yeni hədəflərə yol açır. Davamlı inkişafı, yüksək rifahı həyata keçirdiyi siyasətin önündə saxlayan cənab İlham Əliyev atdığı hər addımında ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirir. Bu, o yoldur ki, Azərbaycanı xaosdan, anarxiyadan, iqtisadi böhrandan xilas edib inkişaf, tərəqqi yoluna çıxardı. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etməklə neft gəlirlərini ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələrin icrasına yönəldilir. Cənab İlham Əliyevin daim bəyan etdiyi kimi, təbii resurslarla zəngin çox ölkələr var. Amma bu ehtiyatlar heç də onlara uğur gətirməyib. Ölkəmizdə iqtisadi siyasətin düzgün əsaslar üzərində qurulması, ədalət prinsipinin qorunması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə stimul verdi. Bu gün fəxrlə qeyd etdiyimiz iqtisadiyyatın şaxələndirilməsi də uğurlu neft siyasətinin məntiqi davamıdır. Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir.

Dövlət başçısı İlham Əliyevin 2011-ci ildə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı təbrik məktubunda söylədiyi fikirləri  yada salmaq istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Həmin konfransda hazırkı dövrün əsas çağırışlarından birinin yoxsulluqla mübarizə olduğu önə çəkilərək Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilmişdir. Bu gün ölkəmizdə yoxsulluq həddinin 5 faizə enməsi Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir. Artıq bu gün əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoymuşuq.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə bu fikir də hər zaman qeyd olunur ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr var. 2008-ci ildən başlanan iqtisadi və maliyyə böhranı, həmçinin iki ildir davam edən koronavirus infeksiyası ilə mübarizə tədbirləri bu kimi reallıqlara işıq saldı. Yəni hər bir ölkənin hansı imkanlara malik olduğu bir daha nümayiş olundu. Qeyd edək ki, böhran dövründə Avropa ölkələrində baş verən iqtisadi çətinliklər bu dövlətlərin ictimai-siyasi həyatında etiraz nümayişləri, mitinqlər dalğasının yaranmasına, radikal millətçi qüvvələrin baş qaldırmasına səbəb olmuşdur. İnkişaf etmiş ölkələrdə sosial ödəmələrin azaldığı, iş yerlərinin bağlandığı halda  ölkəmizdə yeni iş yerləri yaradıldı, əmək haqları və pensiyalar artırıldı, sosial proqramlar uğurla icra edildi. Eyni vəziyyət koronavirus infeksiyası ilə mübarizə tədbirlərində də yaşandı. Belə ki, dünya dövlətləri çaşqınlıq içərisində qaldığı halda Azərbaycan qlobal problemə qarşı birgə səylər göstərməyin vacibliyini bildirdi və təşəbbüslərlə çıxış etdi. Ən əsası onlarla ölkəyə maddi və humanitar yardım göstərdi. Ölkədə iqtisadi islahatlar dərinləşdirildi, heç bir sosial layihə təxirə salınmadı. 10 yardım proqramı icra edildi. 

Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində 2003-cü ildən bu günə qədər yeni iş yerlərinin sayı iki milyondan artıqdır. 

Ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı təkmil islahatları, davamlı inkişafı şərtləndirir. Xalqın hakimiyyətə inamının və etimadının yüksək səviyyədə olduğu bir ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildə uğurla davam etdirən Prezident İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə xalqın dəstəyi böyükdür. Tarixi Zəfərimiz bu inamı və etimadı daha da artırdı. Xalqımız tam əmindir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Prioritetlər həyata keçiriləcək, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı ölkə iqtisadiyyatına istiqamətləndiriləcək, Azərbaycan daha möhtəşəm uğurları ilə diqqətdə olacaq. Azərbaycan inkişaf modelini daim təkmilləşdirməklə, yeniləşdirməklə günün çağırışlarını yüksək səviyyədə cavablandırır.

Cənab İlham Əliyevin 2022-ci ilin ilk sosial paketinə daxil olan sərəncamları da ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Belə ki, iqtisadi tərəqqi olmasa güclü sosial siyasətdən bəhs etmək mümkün deyil. Azərbaycanın yeni sosial və iqtisadi  çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında təkmil islahatları əhəmiyyətli rol oynayır. Ölkə Prezidenti daim bildirir ki, islahatlar həyatımızın bütün sahələrini əhatə edir, islahatlar labüddür.

Qeyd etdiyimiz kimi, ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.  2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Prezident İlham Əliyevin 17 dekabr 2021-ci il  tarixdə imzaladığı Sərəncamla  minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Gələn il minimum əməkhaqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43 faiz  üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki  26,5 faizdən  2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38 faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur. Onu da qeyd edək ki, minimum əməkhaqqının artımı Vahid Tarif Cədvəlinin  bütün pillələri üzrə artımlara – orta hesabla 20 faiz  artıma imkan verəcək.  Bu məqsədlə Nazirlər Kabineti həmin işçilərin tarif (vəzifə) maaşlarını minimum əməkhaqqı artımına uyğunlaşdırılmış şəkildə, əməyin ödənilməsinin dərəcələri üzrə artımlarla ifadə edən yeni cədvəli təsdiq edəcək. Cədvəldə işçilərin maaşları hər bir dərəcə üzrə artırılmış məbləğlərdə əksini tapacaq. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində  çalışanlar daxildir. Prezident İlham Əliyevin 17 dekabr 2021-ci ildə imzaladığı yeni iki Sərəncam isə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğının növbəti təzahürüdür. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımlar üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və fərmanlarla müavinət və təqaüdlərin artırılması isə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbənin  əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb. Son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Bu müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50 faiz  artırılıb.

 Onu da qeyd edək ki, dövlət başçısının 20 dekabr 2021-ci ildə  imzaladığı yeni Fərman və sərəncamlara əsasən, ölkədə müavinətlərin artırılması ilə yanaşı, bəzi təqaüdlər də artırılıb. Artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. Ölkə Prezidentinin  digər yeni Sərəncamı doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin  20 faiz  artırılmasını nəzərdə tutur.

Azərbaycan innovasiyalar ölkəsidir. Atılan addımlarda təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin prioritetliyi  aydın görünür. Bir faktı nəzərə alsaq ki, iqtisadiyyatla elm zəncirvari şəkildə bir-biri ilə sıx bağlıdır, bu halda dövlətin təhsilin və elmin inkişafına göstərdiyi diqqətin mahiyyəti daha qabarıq şəkildə özünü büruzə verər. İqtisadiyyatı inkişaf etdirən yeni texnologiyalardır. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu  fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün  dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır.

«Güclü dövlət, yüksək rifah» prinsipi bütün dövrlərdə öz aktuallığını qoruyur. Ölkəmizin daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün bütün zəruri olan addımlar atılır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev  Azərbaycanı bütün sahələrdə təcrübəsi nümun olan ölkəyə çevirmək niyyətini hər an açıqlayır. Bunun üçün öncə xalqın yüksək rifahı əsasdır. Ümummilli Lider neftin Azərbaycan ən böyük sərvəti olub indiki və gələcək nəsillərə məxsusluğunu  xüsusi qeyd etmişdir. Bu gün böyük fəxrlə qeyd edirik ki, neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın qeyri-neft sektorunun inkişafı təmin edildi, insanların daha yüksək rifah şəraitində yaşaması üçün bütün imkanlar yaradılır. Böyük qayıdış bu imkanları daha da artıracaq.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2021.- 23 dekabr.- S.2.