Son 18 ildə Azərbaycan bir çox ölkələrin

100 ildə keçdikləri yolu qət edib

 

Müzəffər Ali Baş Komandan dövlətin iqtisadi uğurlarını Qarabağ probleminin həllinə yönəltdi və 30 il ərzində işğal altında qalmış torpaqlarımızı hərbi yolda azadlığına qovuşdurdu

 

Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı isə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. Ötən 18 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi. Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etdi, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan verdi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyətdə olduğu 18 il Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş Dövlət proqramlarının reallaşdırılmasını təmin etmişdir. Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər.

Hazırda qeyri-neft sektorunda müşahidə edilən davamlı artım meyilləri, valyuta ehtiyatlarımızın həcmi və onunla müqayisədə xarici dövlət borcunun minimal səviyyəsi, mühüm nəqliyyat-enerji layihələrinin reallaşdırılması ölkəmizin milli və iqtisadi təhlükəsizliyi üçün möhkəm əsaslar yaradır. Strateji əhəmiyyətə malik bu cür genişmiqyaslı işlər milli və iqtisadi maraqlarımızın qorunması, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edilməsi, iqtisadiyyat və siyasətin bir-biri ilə uğurlu bir şəkildə uzlaşdırılması ilə tamamlanır.

Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Sənaye parkları və məhəllələri mövcud potensialın gücləndirilməsi və yeni istehsal sahələrinin yaradılması, sənayedə struktur dəyişikliyi baxımından yeni yanaşmadır. Odur ki, son dövrlərdə ölkədə bu cür təsisatların yaradılması istiqamətində xeyli iş görülmüşdür.

Məlumdur ki, yeniləşmənin bütün istiqamətlər üzrə uğurla reallaşdırılması ölkənin inkişafı ilə bağlı konkret hədəflərin müəyyən edilməsindən bilavasitə asılıdır. Azərbaycan özünün perspektiv inkişaf xəttini artıq müəyyən edib. Bu, qəbul edilmiş Dövlət proqramlarında, strateji yol xəritələrində bir daha öz əksini tapır. Həmin sənədlər ölkəmizdə proqramlı idarəetməni səciyyələndirməklə yanaşı, həm də Prezident İlham Əliyevin siyasi, sosial-iqtisadi və institusional inkişafla bağlı hədəflərini özündə ehtiva edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük imkanlar və yeni-yeni perspektivlər açır. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişafı onu ortamüddətli perspektivdə yüksək həyat səviyyəsinə, güclü iqtisadiyyata malik ölkələr sırasına daxil edəcəkdir.

Hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də imkanlar pəncərəsi kimi çıxış edir, Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli şərait yaradır.

Cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın dövlət maraqlarının qorunmasında mühüm rol oynamış, ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət imkanlarını xeyli genişləndirmişdir. Müəyyən edilmiş strategiya isə Azərbaycanın müstəqil dövlət kimi iqtisadi dayaqlarını möhkəmləndirmişdir.

Əgər ilkin mərhələdə ölkə rəhbərliyinin siyasi kursu və diplomatik fəaliyyəti iqtisadi maraqlarımızın reallaşmasına xidmət edirdisə, indi iqtisadi sahədə əldə edilən uğurlar, həyata keçirilən iqtisadi diplomatiya ölkəmizin siyasi-strateji maraqlarına xidmət etməkdədir. Bu gün Azərbaycanda iqtisadiyyat və siyasət bir-birindən ayrılmazdır və çox uğurlu bir şəkildə tamamlanır. Prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyəti strateji xarakter daşıyır və Azərbaycanın sosial-iqtisadi inkişafı üçün uzunmüddətli perspektivlər açır.

Həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi quruculuq işləri, Dövlət proqramlarının vaxtında icrası, strateji layihələrin uğurla başa çatdırılması cənab İlham Əliyevin dövlət başçısı kimi yaranmış imkanlardan səmərəli istifadə edə bilmə bacarığını və məharətini nümayiş etdirdi. Əsaslı iqtisadi dəyişikliklər hər şeydən əvvəl cəsarətli siyasi qərarların qəbul edilməsindən, siyasi və ideoloji oriyentirlərin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasından asılıdır. Siyasi impuls olmadan iqtisadi və institusional islahatları həyata keçirmək mümkün deyil. Dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin sayəsində mümkün olur. Burada güclü hakimiyyət dedikdə güclü dövlət mexanizmi ilə yanaşı, həm də vətəndaşların ölkə rəhbərliyinə inam və etimadı başa düşülür. Ölkəmizdə də iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında ulu öndər Heydər Əliyevin qətiyyəti, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynadı.

Milli iqtisadiyyatımızın inkişafı və dövlətin maliyyə imkanlarının artması fonunda ordumuzun maddi-texniki bazası da möhkəmləndirilmiş, hərbi xərclərimiz ilbəil artmışdır. Ali Baş Komandan İkinci Qarabağ müharibəsi ərəfəsində ordumuzun potensialının gücləndirilməsini suveren hüququmuz olaraq dəyərləndirir və hər fürsətdə dövlətimizin ərazi bütövlüyünü bərpa etmək naminə bu hüquqdan istifadə ediləcəyini açıq şəkildə bəyan edirdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və əldə edilmiş iqtisadi nailiyyətlərin nəticəsində 30 illik bir dövrdə, müstəqil Azərbaycan Respublikasına keçmiş İttifaq dövlətindən miras qalan Dağlıq Qarabağ münaqişəsinin həllinə öz gücü hesabına nail ola bildi. Doğrudur, separatizm meyilləri keçmiş İttifaqın başqa respublikalarını da əhatə etsə də, bu proses Azərbaycanda olduğu kimi, ağrılı və uzunmüddətli xarakter daşımadı. Dövlətimiz əldə etdiyi iqtisadi uğurları Qarabağ probleminin həllinə yönəltdi və 44 günlük müharibə nəticəsində 30 il ərzində işğal altında qalmış torpaqlarımızı hərbi gücü hesabına azadlığına qovuşdurdu. Bu problem ümummilli məsələ olduğuna görə siyasi mənsubiyyətindən, tutduğu vəzifədən asılı olmayaraq, bütün ölkə vətəndaşları bir amal uğrunda birləşdi.

Hələ 2016-cı ilin Aprel döyüşləri göstərdi ki, Ali Baş Komandandan sıravi ölkə vətəndaşlarınadək hər bir kəs torpaqlarımızın erməni işğalından azad edilməsinə hazırdır. Bu döyüşlər xalqımızda mübarizlik və vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu bir daha təsdiq etdi. Əslində Aprel döyüşləri erməni xunta rejiminə bir dərs idi. Dəmir yumruğun təsiri həmin dövrdə Ermənistan cəmiyyətini ayıltdı. 20 ildən artıq bir müddətdə hakimiyyətdə olan “Qarabağ klanı”nın hakimiyyətdən kənarlaşdırılması ilə nəticələndi. Hakimiyyətə gələn Paşinyan komandası isə yenidən öz erməni xislətinə sadiqliyini nümayiş etdirdi. İşğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından azad etmək üçün istənilən vaxt hərbi gücdən istifadə ediləcəyini bildirən ölkə başçısı 2020-ci ilin sentyabrın 27-də növbəti təxribatların cavabsız qalmamasını və əks-hücum əməliyyatının başlanmasına əmr verdi. 44 günlük müharibədə Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək, haqq işimizin qələbə çalmasına çalışdı.

Bir il bundan əvvəl azad olunmuş ərazilərimiz bu günlər tikinti meydançasını xatırladır. Qədim Şuşa şəhəri özünün yeni görkəminə qovuşur. Azad edilmiş ərazilərdə ilkin olaraq nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işlər reallaşdırılır. Səkkiz ay müddətində Füzuli hava limanı tikilib istifadəyə verilib. Zəngilan və çox çətin relyefə malik Laçında yeni hava limanlarının tikintisinə start verilib. Zəngəzur nəqliyyat dəhlizinin tikintisi istiqamətində böyük işlər həyata keçirilir. Bu dəhlizin açılışı ilə 100 il bundan öncə bir-birindən uzaq salınmış türk dünyası iqtisadi və siyasi cəhətdən inteqrasiya olunacaqdır.

Bütün bunlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 18 illik fəaliyyətinə qısa bir baxışdır. Fikrimcə Azərbaycan müstəqilliyini əldə etdiyi 30 ilin 18 ilində bir çox ölkələrin 100 ilə keçdiyi bir yolu qət edib. İnanırıq ki, uzun illər ərzində Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında bir çox uğurlara və nailiyyətlərə imza atacaq. Yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın iqtisadi inkişafına dəyərli töhfələr verəcəklər. Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və inamlı rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması uğrunda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə dövlətimizin qüdrətini, xalqımızın sarsılmaz birliyini və ordumuzun yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Bu böyük Zəfər, eyni zamanda, Azərbaycanın iqtisadi potensialının, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Milli Ordumuzun ən yeni texnologiyalar əsasında gücləndirilməsi istiqamətində son onilliklərdə həyata keçirilən layihələrin labüd nəticəsi idi.

 

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının

sədri səlahiyyətlərini icra edən

 

İki sahil.- 2021.- 23 dekabr.- S.4.