Qədim tariximizi bizə
qaytaran
Müzəffər Ali
Baş Komandan
Hər bir xalqın, ölkənin həyatında,
inkişafında müstəsna xidmətləri olan liderlərin
adları həmin xalqın tarixində həmişəlik
olaraq qalır. Tarixçilər zaman-zaman öz
əsərlərində onların fəaliyyətini tədqiq
və təhlil edir, adlarını tarixi salnamələrə
yazırlar.
Ulu öndər Heydər Əliyev və Prezident İlham
Əliyev dünyanın məhz belə nadir və dahi şəxsiyyətləri
sırasındadırlar. Azərbaycan Respublikasının müstəqil
bir dövlət kimi formalaşıb inkişaf etməsi bu iki
liderin adı ilə bağlıdır. Ulu
Öndər sovet imperiyasının pəncəsindən yenicə
azad olmuş Azərbaycanın müstəqilliyini qoruyub
saxladı və gələcək inkişafın
bünövrəsini qoydu. Prezident İlham
Əliyev isə Azərbaycanın dünya dövlətləri
sırasında layiqli yerini tutmasını təmin etdi. Bunun üçün uzun bir mübarizə,
inkişaf yolu keçildi.
2003-cü ildə Azərbaycan Respublikasına rəhbərliyə
başlayan möhtərəm Prezident İlham Əliyevin
qarşısında çox böyük, taleyüklü vəzifələr
dururdu. Bunlar ölkənin sosial-iqtisadi inkişafını
təmin etmək, güclü ordu yaratmaq və bunun əsasında
işğal olunmuş torpaqları azad etmək idi. Bütün bu müddət ərzində cənab
Prezident özünün bacarığı, yüksək
diplomatik məharəti ilə ölkənin
iqtisadiyyatını dirçəltdi, beynəlxalq səciyyəli
böyük iqtisadi layihələri, iri həcmli
investisiyaları cəlb etməklə Azərbaycanı
dünyanın ən sürətlə inkişaf edən
ölkələri sırasına qaldırdı. Güclü iqtisadiyyat həm də güclü ordu
deməkdir. Cənab Prezident intensiv şəkildə
ordu quruculuğu ilə məşğul oldu. Hərbçi kadrların hazırlanması ilə
yanaşı, Azərbaycan Ordusu ən müasir silahlarla təmin
edildi. Məhz cənab Prezidentin
düşünülmüş, müdrik siyasəti, yorulmaz fəaliyyəti
sayəsində Azərbaycan iqtisadi və hərbi baxımdan
regionun lider dövlətinə çevrildi.
Ən əsası isə bütün bu illər ərzində
xalq öz Prezidentinə - İlham Əliyevə inanaraq onun
arxasınca getmiş, Azərbaycanın inkişafı
üçün yürütdüyü siyasəti dəstəkləmişdir. Cənab
Prezident xalqın, xüsusilə də gənc nəslin
gücünü, yüksək vətənpərvərlik
ruhunu səfərbər edib vahid məqsədə -
Qarabağın və Şərqi Zənəzurun azad edilməsi
üçün tarixi qələbəyə doğru məharətlə
apara bildi. İkinci Qarabağ müharibəsində
hər bir Azərbaycan əsgəri və zabiti məhz Ali
Baş Komandan İlham Əliyevə inanaraq qəhrəmanlıqla
döyüşdülər və onun rəhbərliyi ilə
torpaqlarımızı Ermənistanın işğalından
azad etdilər. Cənab Prezidentin yüksək
diplomatiya bacarığı, istedadlı sərkərdəlik
qabiliyyəti, yaratdığı Prezident-Xalq-Ordu birliyi
düşmən üzərində parlaq Qələbəni təmin
etdi. Eyni zamanda, cənab Prezident təcrübəli
dövlət xadimi olaraq beynəlxalq müstəvidə ermənilərin
havadarları olan güclərə qalib gəldi. Məhz bu tarixi Qələbə sayəsində bu
gün dünyanın hər bir yerində “mən Azərbaycanlıyam”
ifadəsi daha yüksək fəxrlə söylənilir.
İkinci Qarabağ müharibəsi və bu müharibədə
cənab Prezidentin rəhbərliyi ilə qazanılmış
Qələbə Azərbaycanın həm müasir, həm də
çoxəsrlik tarixinin ən şərəfli səhifələridir. Bu Qələbə
nəticəsində son iki yüzillik dövrdə
itirilmiş tarixi torpaqlarımızın bir hissəsi ilk dəfə
olaraq azad edildi. Bu Qələbə ilə
Ali Baş Komandan İlham Əliyev adı Azərbaycan tarixinə
qızıl hərflərlə yazıldı.
Möhtərəm Prezident istər İkinci Qarabağ
müharibəsi müddətində, istərsə də
sonrakı dövrdə xarici mətbuata müsahibələrində
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərini
hərtərəfli şəkildə şərh etmişdir. Dövlət
başçısının türk, ingilis və rus dillərində
müsahibələrində XIX əsrdə Cənubi Qafqazda
gedən siyasi proseslər, Rusiya, İran, Osmanlı dövlətləri
arasında gedən müharibələr və bu müharibələrin
nəticəsi olaraq bağlanmış müqavilələr,
həmin müqavilələrin şərtlərinə
uyğun olaraq ermənilərin Qarabağa
köçürülməsi, regionda baş vermiş geosiyasi
dəyişikliklər və s. tarixi məsələlər
geniş izah edilmiş, əsl tarixi həqiqətlər xarici
auditoriyaya çatdırılmışdır. Başqa
bir siyasətçi tapılmaz ki, bölgənin siyasi tarixini,
münaqişənin tarixi köklərini cənab İlham
Əliyev qədər dərindən bilmiş olsun.
Tarixi torpaqlarımızı azad etməklə cənab
Prezident daha bir şanlı tarix yazdı. Qarabağ və
Şərqi Zəngəzur Azərbaycanın tarixi-arxeoloji abidələrlə
çox zəngin bölgələridir. Bu
abidələr digər bölgələrimizdəki tarixi abidələrimizlə
birgə xalqımızın milli pasportudur. İşğal dövründə ermənilər
abidələrimizin böyük hissəsini
dağıtmış, çoxəsrlik tarixi irsimizi
Qarabağ və Şərqi Zəngəzur bölgələrindən
silməyə çalışmış, bir sıra abidələrimizi
isə özününküləşdirməyə cəhd
etmişlər. Torpaqlarımızın
azad edilməsi ilə tarixi-mədəni irsimiz də erməni
faşizmindən xilas edilmiş oldu.
İşğaldan azad edilmiş rayonlara hər bir səfərində
cənab Prezident tarixi abidələrimiz, onlara qarşı
törədilmiş erməni vəhşilikləri problemlərinə
diqqəti cəlb etmişdir. Əlbəttə, daha çox erməni
vandalizminə məruz qalan islam mədəniyyəti
dövrü irsimiz – məscidlər, türbələr və
s. abidələrimiz olmuşdur. Möhtərəm Prezident dəfələrlə
vurğulamışdır ki, otuz ilə yaxın işğal
dövründə beynəlxalq təşkilatlar, o cümlədən UNESCO erməni
vəhşilərinin Azərbaycan abidələrini məhv etməsinə
göz yummuşlar. Amma ölkəmiz ərazisindəki
konfessional fərqlərdən asılı olmayaraq
bütün dini abidələr dövlət tərəfindən
mühafizə edildiyi halda həmin beynəlxalq təşkilatlar
Azərbaycanı guya erməni abidələrini
dağıtmaqda əsassız ittiham edirdilər. Cənab Prezident öz
çıxışlarında bu məsələləri dəfələrlə
qaldırmış, Qarabağın və Şərqi Zəngəzurun
bir sıra abidələrini, onların vəziyyətini
xüsusilə qeyd etmişdir. Əlbəttə,
ölkə başçısının abidələrlə
bağlı daha çox qaldırdığı məsələ
tarixi-memarlıq abidələri olan məscidlərdir.
2020-ci il dekabrın 23-də cənab Prezidentin və
birinci xanım Mehriban Əliyevanın Zəngilan və
Qubadlı rayonlarına səfərləri zamanı ölkə
başçısı Zəngilan rayonunda erməni
işğalçıları tərəfindən
dağıdılmış bir məscidin qalıqları
yanında çıxışı zamanı demişdir:
“Görün mənfur düşmən məscidi nə
günə salıb. Bizim bütün dini abidələrimiz
düşmən tərəfindən dağıdılıb.
Dünya 30 il ərzində buna səssiz
qalıb. Biz bu məsələni dəfələrlə
qaldırmışıq, beynəlxalq kürsülərdən
qaldırmışıq, tarixi-dini abidələrimiz
dağıdılıb, təhqir edilib. Biz
o videoları dəfələrlə göstərirdik.
Ağdam məscidini, Şuşa məscidlərini,
o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini
göstərərək deyirdik ki, mənfur düşmən
bizim dini abidələrimizi dağıdıb, təhqir edib...
Biz 30 il ərzində dəfələrlə UNESCO-ya
müraciət etmişik, dəfələrlə bildirmişik
ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz
dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir,
bir dəfə missiya göndərildimi? Bir dəfə
bizim müraciətimizə cavab verildimi? Elə
müharibə qurtaran kimi başlayıblar ki, erməni
xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün
xalqların abidələrini qoruyuruq və dünya bunu bilir.
Amma baxın, görün, məscid olub bura,
UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz
qalma, gəl gör buranı! Bütün məscidlər
dağıdılıb”.
Möhtərəm Prezidentimizin Vətən yanğısı
ilə dolu bu həyəcanlı çıxışı ermənipərəst
beynəlxalq qurumlara onilliklər ərzində göstərdikləri
ədalətsizliyə qarşı Azərbaycanın sərt
mövqeyi idi.
Dövlət başçısının məhz
belə qətiyyətli çıxışlarının,
müraciətlərinin nəticəsidir ki, bu məsələlərdə
erməniləri müdafiə edən beynəlxalq təşkilatların
səsləri son zamanlar demək olar ki, eşidilməz
olmuşdur.
Araz çayı üzərində inşa edilmiş,
Orta əsrlərin yadigarları olan möhtəşəm
Xudafərin körpülərinin Azərbaycanın tarixində
xüsusi yeri hamıya məlumdur. Yüzillər boyu
Çindən Avropaya qədər uzanan Böyük İpək
Yolunun əsas marşrutlarından biri məhz bu körpülərdən
keçmişdir. Tarixi Azərbaycan
dövlətlərinin iqtisadi-siyasi həyatında bu
körpülərin çox böyük rolu olmuşdur.
Xudafərin körpülərinin xalqımızın tarixi taleyində
xüsusi yeri həm də ondan ibarətdir ki, bunlar Arazdan cənubda
və şimalda yaşayan vahid bir xalqın – Azərbaycan xalqının mənəvi,
mədəni birliyinin rəmzidir. Möhtərəm
Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın
2020-ci il noyabrın 16-da Füzuli və Cəbrayıl
rayonlarına səfərləri zamanı dövlət
başçısının aşağıdakı sözlər
məhz bu önəmin bariz nümunəsidir: “Bu gün,
noyabrın 16-sı mənim həyatımda xüsusi tarix
olaraq qalacaq. Çünki bir neçə dəqiqədən
sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin
körpüsünə yaxınlaşacağıq”. Fikrimizcə, yüksək vətənpərvərlik
və xüsusi vurğu ilə deyilmiş bu sözlərin dərin
mənasını və əhəmiyyətini əlavə
şərh etməyə ehtiyac yoxdur.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın
tarixi dövlətlərindən olan Qafqaz Albaniyasının
vilayətləri olmuşlar. Eramızın ilk əsrlərindən
başlayaraq Albaniyanın bir çox yerlərində
olduğu kimi, bu bölgələrdə də xristian dini
yayılmağa başlamış, IV əsrin əvvəlində
isə xristianlıq rəsmi qaydada qəbul edilmişdir.
Qarabağ və Şərqi Zəngəzur məhz
Alban xristianlıq ənənələrinin uzun müddət –
XIX əsrə qədər saxlanıldığı bölgələrdir.
XIX əsrin 20-30-cu illərində Rusiya
imperiyası İran və Türkiyədən on minlərlə
ermənini tarixi Azərbaycan ərazilərinə, o cümlədən
Qarabağa köçürmüşdür. Bu bölgədə yerləşdirilən ermənilər
öz milli xislətlərinə uyğun olaraq Azərbaycan
xalqının əcdadlarından olan albanlara məxsus xristian
məbədlərini kütləvi şəkildə məhv
etmiş, bir qismini isə qriqorianlaşdırmışlar.
Müzəffər Ali Baş Komandan işğaldan azad
edilmiş ərazilərə səfərləri zamanı dəfələrlə
belə abidələri ziyarət etmiş, onların Azərbaycana,
alban mədəniyyətinə məxsus olduğunu qeyd
etmişdir. Cənab
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva 2021-ci il
martın 15-də Xocavənd rayonunun Hünərli kəndindəki
Alban məbədi ilə tanış olarkən demişdir:
“Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli
kəndində yerləşir. Ermənilər bu kilsəni də
erməniləşdirmək istəmişlər və burada
erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər
bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə
qoyardılarmı?... Bu, bizim
qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir.
Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir
ediblər, qədim Alban məbədini də təhqir
etmişlər. Amma biz bərpa edəcəyik.
Bütün bu yazılar saxta yazılardır,
sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri
üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları
ifşa etmişik. Bu kilsənin – alban məbədinin
bu vəziyyətdə olması bir daha erməni
saxtakarlığını göstərir”. Cənab Prezident bu sözləri ilə tariximizə,
Azərbaycan xalqının əcdadlarından olan albanların
mədəni irsinə qarşı erməni təcavüzünün,
erməni xislətinin əsl mahiyyətini əyani şəkildə
göstərmişdir. Rayonun Tuğ kəndindəki
Alban xristian məbədinə baxış keçirərkən
cənab Prezident burada da erməni vəhşiliyini,
saxtakarlığını ifşa etmişdir.
İşğal
müddətində ermənilər Qarabağın bir
neçə abidələrində, xüsusilə də Xocavənd
rayonundakı paleolit – qədim daş dövrünə aid
Azıx mağarasında və Ağdam rayonunda Şahbulaq
qalası yaxınlığındakı Antik dövrə aid
şəhər tipli yaşayış yerində qanunsuz
arxeoloji qazıntılar aparmış, bu işlərə bir
sıra Avropa alimlərini də cəlb etmişlər. Erməni işğalçıların məhz bu
iki abidəni seçmələri heç də təsadüfi
deyildir. Belə ki, Azıx
mağarasında yaşı milyon ildən artıq olan ibtidai
insan düşərgəsi yerləşir. Bu düşərgə qədimliyi və zənginliyi
ilə bütün dünyada bu dövrə aid ən nadir abidələrdəndir.
Şahbulaq şəhər yerini isə ermənilər
“Tiqranakert” adlandırır və guya bu şəhərin iki
min il əvvəl erməni çarı
Tiqran tərəfindən salındığını iddia
edirlər. Bu, əlbəttə, erməni “alimlərinin”
saxtakarlığının hüdudsuz olduğunun bariz
nümunəsidir. Cənubi Qafqazda
“Tiqranakert” adlı şəhərin olması barədə
tarix elmində heç bir məlumat yoxdur.
Cənab
Prezidentin ailə üzvləri ilə birlikdə 2021-ci il martın 15-də Azıx
mağarasını ziyarət etməsi abidələrə
olan diqqət və qayğının təzahürü
olması ilə yanaşı, həm də dərin rəmzi məna
kəsb edir. Bununla dövlətimizin
başçısı bir daha dünyaya elan etdi ki, bu
torpaqların əsl sahibləri qayıdıblar və bu abidələr
də Azərbaycana məxsusdur. Bu baxımdan Azıx
mağarasının önündə möhtərəm
Prezidentin çıxışı tarixi əhəmiyyətə
malikdir: “Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli
Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan
sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanın
yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə
məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan
bu mağarada qanunsuz olaraq işlər aparmışdır,
xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük
ziyan vurmuşlar. Onlar bu ziyanın
hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Azıx mağarasını azərbaycanlı alim
aşkarlayıb. Azıx mağarası Azərbaycan
ərazisində yerləşir. Bundan sonra
azərbaycanlı alimlər və onların dəvəti ilə
gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar
aparacaqlar”.
Əslində cənab Prezidentin bu sözləri Azərbaycanın
bütün abidələrinin qorunması və qanuni yollarla tədqiq
edilməsi üçün rəmzi və mühüm bir
çağırışdır. Möhtərəm
Prezidentimiz Ali Baş Komandanı olduğu qəhrəman Azərbaycan
Ordusu ilə tarixi torpaqlarımızı, bu yerlərdəki
tarixi abidələrimizi azad etdi və bununla Azərbaycanın
yeni şanlı tarixini yazdı.
Nəcəf Müseyibli,
Tarix elmləri doktoru, professor
İki sahil.-
2021.- 24 dekabr.- S.15.