Sizin əmrinizi gözləyirik,

Müzəffər Ali Baş Komandan!

 

İllərdən bəri bu əmri  gözləyən Silahlı Qüvvələrin hərbçiləri, müsəlləh əsgər kimi sıraya düzülən Azərbaycan xalqı  dəmir yumruq ətrafında birləşərək  44 gündə 30 illik «həsrət yolunu» Zəfərlə başa vurdu

 

«Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi» söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu yolda xalqa həm bələdçi, həm sərkərdə  oldu . Azərbaycana başçılıq etdiyi ötən 18 ildə  nəyin  necə , nə vaxt həll olunacağını müdrikcəsinə  müəyyənləşdirən Prezident İlham Əliyev Azərbaycanın inkişaf modelini,  konsepsiyasını hazırlamaqla öyündüyümüz Zəfərimizin təməlini qoydu, etibarlı  baza formalaşdırdı.  Ölkə iqtisadiyyatını bütün sahələr üzrə inkişaf etdirən dövlət başçımız  Ali Baş Komandan kimi də müdafiə qüdrətimizin möhkəmlənməsi naminə islahatları davam etdirdi. Ölkə daxilində,  siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində apardığı siyasətlə xalqımızda   Qələbəyə inam yaratdı, ümidləri göyərdi. Ermənistan –Azərbaycan   Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün səylərini əsirgəməyən  Prezident İlham Əliyev hərb variantının da mümkünlüyünü diqqətə çatdırırdı. 2016-cı ilin Aprel döyüşlərindən nəticə çıxarmayan Ermənistanın  son iki ildə artan təxribatları, sərsəm  bəyanatları müharibəni qaçılmaz etdi. «Qarabağ Ermənistandır» deməklə danışıqlara son qoyduğunu, işğal altında qalan  torpaqlarımızı özününküləşdirdiyini  zənn edən düşmən gördü  ki, Azərbaycan xalqının səbri sonsuz deyil.

 İkinci Qarabağ müharibəsinin başlanması ərəfəsində BMT Baş Assambleyasının kürsüsündən Ermənistanın yeni müharibəyə hazırlaşdığını bəyan edən Prezident İlham Əliyev düşmənə  son xəbərdarlığını  etdi.  Ötən ilin iyul ayında dövlət sərhədində təxribat törədən  Ermənistan bir az da azğınlaşaraq avqust ayında Azərbaycana diversiya qrupu göndərdi. «Nəhayət sentyabrın 27-də bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalmışdır, mülki şəxslər, hərbçilər arasında itkilər olmuşdur. Biz dedik yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi» söyləyən,  Vətən müharibəsinin hər gününü  şanlı tariximizin  Zəfəri  adlandıran Ali Baş Komandan İlham Əliyevin vurğuladğı kimi,  daim irəli gedən  Azərbaycan əsgəri bir güngeri çəkilmədi. Ən müasir hərbi avadanlıq,  texnika ilə təchiz olunmuş Azərbaycan  Silahlı Qüvvələri ən çətin istehkamları belə qətiyyətlə dəf etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan , Hadrut qəsəbələri, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər qısa müddətdə  düşməndən azad edildi. Doğmalarının  nəfəsi ilə canlanan torpaqlarımzda  Ali Baş Komandan İlham Əliyevin  qaldırdığı  və əzəmət rəmzi olan bayraqlarımızın hər biri xalqımıza Zəfər müjdəsi idi.  Ali Baş Komandan İlham Əliyevin  «Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idiişğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı» sözləri  30 il yurd həsrəti çəkən insanlara sevinc payı idi.

 Xeyli canlı qüvvə, texnika itirən Ermənistan bu gücün qarşısında  diz çökdü, layiqli cəzasını aldı, kapitulyasiya aktını imzalamağa məcbur edildi. «Mən demişəm ki, biz güc toplayırıq və bu gücü toplamışıq. Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı tarixi Zəfərini döyüş meydanında, siyasi müstəvidə qazandı.

«Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik» sözləri dövlət başçımız  İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan xalqına hesabatı,  torpaqlarımıişğal edib, sərvətlərimizi talayan, tarixi abidələrimizi şəhər və kəndlərimizi dağıdan, 10 mindən artıq fərarisi olan  Ermənistanın ölüm fərmanı idi. İşğalçının qüdrətli ordu barədə  yaratdığı mif qısa müddətdə dağıdıldı, dəmir yumruq erməni faşizmini məhv etdi. Bu Qələbənin səbəbkarı birlik, iradə, əzmkarlıq göstərən

 Azərbaycan xalqı, müəllifi qətiyyətli sərkərdə Ali Baş Komandan İlham Əliyevdir.

 Azadlıq meydanında keçirilən Zəfər paradında 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılan bayrağın Azadlıq meydanında dalğalanması  demək idi ki, Azərbaycan xalqı bundan sonra ancaqancaq irəli gedəcək. Bu bayraq Ermənistanın təlxək baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə» sərsəmləməsinə qətiyyətli lider İlham Əliyevin  «nida»sının Qələbə əzminin ifadəsi idi.

«Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük  zərbə idi» söyləyən Prezident İlham Əliyev Şuşanı qaytarmaq istəməyən düşmənin bütün xəyallarını puç etdi. Şuşanı düşmənə təhvil verən  AXC-Müsavat cütlüyünün xəyanətini cəsarəti, rəşadəti, qəhrəmanlığı ilə lənətləyən  Azərbaycan əsgəri Prezident İlham Əliyevin  əvvəllər söylədiyi «Gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır» sözlərini gerçəkləşdirdi. O günü reallaşdıran Ali Baş Komandanın ətrafında birləşən şanlı ordumuz oldu.

 «Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır» söyləyən qüdrətli ordumuzun qalib sərkərdəsinin əzmi nəticəsində  separatçı rejimin statusu birdəfəlik ləğv edildi, gorbagor oldu

«Azərbaycanın  Milli Ordusunun zəfəri ilə başa çatan 44 günlük müharibə XXI əsrin müharibəsidir» sözlərinin beynəlxalq səviyyədə etiraf olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderlik qətiyyətinin, torpaq, Vətən uğrunda ölməyə hər an hazır olan Azərbaycan xalqının əzminin, iradəsinin təsdiqlənməsi,  şəhidlərimizin ruhuna ehtiramıdır. Bütün dünya gördü ki, biz qalib xalqıq, bu torpaqlarda əbədi yaşayacağıq!

Döyüş bacarığını quruculuq ruhu ilə əvəzləyən Azərbaycan xalqı düşmənin viran qoyduğu ərazilərə yeni həyat bəxş edir,  bərpa işlərini sürətləndirir. Eyni zamanda Ermənistandan səslənən yeni müharibə çağırışlarının qarşısının alıncağını da hazırlığı ilə bildirir.

 Prezident İlham Əliyevin «Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq»  sözləri  əsgərlərimiz üçün mənəvi silahdır.   Artıq bizim olan  Şuşa  azaddır və dirçəlir. «Qarabağ Azərbaycandır!» sözləri  Zəfərimizin əbədi qarantıdır.  İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Zəfər Gününün Şuşada, Cıdır düzündə qeyd edilməsi, mədəniyyət paytaxtımızda  əhəmiyyətli görüşlərin, tədbirlərin keçirilməsi Müzəfər Ali Baş Komandanın əmrini yerinə yetirən şanlı ordumuzun əsgər və zabitlərimizin  qəhrəmanlıq simvoludur. Milli ruhumuzun təcəssümü olan «Xarıbülbül»” festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsində, Cıdır düzündə muğam  sədalarının eşidilməsində işğaldan azad edilən torpaqlarda  aparılan bərpa-qurucuq işlərində 30 ilə yaxn el-oba həsrətini çəkən insanların sevincində Milli Ordumuzun payı sonsuzdur. Bu Zəfərimiz həm də   Azərbaycan –Türkiyə birliyinin əbədi rəmzidir.

 Azərbaycan xalqı işğalla barışmayacağını  döyüş əməliyyatlarında göstərdiyi şücaəti, düşmənə vurduğu ölümcül zərbəsi ilə sübut etdi. Tarixi torpaqlarımızı işğaldan azad edən  hərbçilərimiz  beynəlxalq hüququ, müharibə  qanunlarını pozmamaqla düşmənə qalib gəldilər. Vətənpərvərlik ruhu ilə döyüş əməliyyatlarında könüllü iştirak edən gənclərdə  formalaşan milli ruh Qələbəmizi şərtləndirən amil kimi öz sözünü dedi. Paytaxtımızda  yaradılan Hərbi Qənimətlər Parkında  erməni faşizminin məhvinin rəmzi olan sınıq-salxaq texnikanın zəfər paradında nümayişi Ermənistana əbədi zərbə oldu. Qondarma qurumun qondarma «parlamentininŞuşaya köçürülməsi» xəyalı 44 gündə yox edildi.   Artıq  Ermənistan  məğlubedilmiş xalqmiskin, məhvə məhkum dövlət damğası ilə əbədi yaşayacaq.

  Müzəffər Ali Baş Komandanımızın,  Silahlı Qüvvələrimizin rəşadəti sayəsində xalqımız doğma Vətənini  dünyaya  «Bura Azərbaycandır» etiketi ilə təqdim etdi. Göstərdi ki, Vətən böyüklüyünə, kiçikliyinə görə deyil, varlığını qorumağı bacardığı xalqının əzmi, birliyi ilə tanınır, hörmət,  nüfuz qazanır. Müstəqil siyasət yeritməklə dünya siyasətində  söz sahibi olur. Azərbaycan kimi.

Prezident, Ali Baş Komandan  İlham Əliyevin «Zəfər Günü» bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir» sözlərində  Zəngəzur dəhlizinin təntənəsi yaşanır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2021.- 25 dekabr.- S.18.