Azərbaycançılıq
xalqımızın
ən qiymətli, tarixi
sərvətidir
31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günüdür
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin 9 dekabr 1991-ci ildə
keçirilən sessiyası təkcə Azərbaycan xalqı
üçün deyil,
bütün türk
dünyası üçün əlamətdar
hadisə kimi tarixə yazıldı. Muxtar respublika Ali Məclisinin Sədri Heydər Əliyevin
iştirakı ilə keçirilən həmin sessiyada Naxçıvanla Cənubi Azərbaycan
arasında SSRİ-İran dövlət sərhədindəki
tikanlı məftil qurğularının söküldüyü
1989-cu ilin 31 dekabr gününün Dünya
Azərbaycan türklərinin milli həmrəylik
günü kimi
dövlət səviyyəsində qeyd
edilməsi barədə təklif irəli sürüldü.
1990-cı
ilin noyabrın 3-də Türkiyədə keçirilən
Birinci Millətlərarası Azərbaycan –Türk Dərnəkləri
qurultayı isə «sərhəd hərəkatı»nın real
nəticəsi, milli birlik və həmrəylik yolunda
atılan mühüm addım oldu. Həmin qurultayda qəbul
olunan qərarda 31 dekabr gününün hər il geniş
qeyd olunması zərurəti irəli sürüldü.
Naxçıvan MR Ali Məclisinin 16 dekabr 1991-ci ildə keçirilən sessiyasında qəbul olunan qərarın birinci bəndində qeyd edilmiş « 31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin» sözləri ilə türk birliyinin təməli qoyuldu. «Bu gün biz qürur hissi ilə qeyd edə bilərik ki, bu bayramın əsası məhz Naxçıvanda qoyulmuşdur. Üç il bundan öncə Naxçıvanda sərhəd qurğularının aradan götürülməsi ilə Arazın hər iki tayında yaşayan azərbaycanlıların biri-birinə qovuşmasının, 70 illik həsrətin aradan qalıdırlmasının əsası qoyulmuşdur» («Şərq qapısı» qəzeti, 6 yanvar 1993-cü il) söyləyən Ali Məclisin Sədri Heydər Əliyev «sərhəd hərəkatı»nı müstəqilliyimizin əbədiliyi naminə atılan tarixi addım hesab edərək bildirmişdir: «Bu yol böyük yoldur. Azərbaycan xalqı nəyin bahasına olursa –olsun bu yolla getməlidir. Bunun üçün də dünya azərbaycanlılarının həmrəyliyi son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bizim bu həmrəyliyə böyük ehtiyacımız var.»
Beləliklə, ötən əsrin sonuncu onilliyində, xalqda milli özünüdərkin gücləndiyi bir zamanda naxçıvanlılar vahid milli birlik və müstəqillik ideyası uğrunda birləşərək imperiya buxovundan xilas olmaq üçün azadlığa aparan yola qədəm qoydular. SSRİ-nin dövlət sərhədi boyunca çəkilmiş tikanlı məftillərin sökülməsi məqsədi ilə aksiyalar keçirildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarında da qeyd olunan bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. «Bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli» kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar. Bu məqsədlə sərhəd zonasında fövqəladə vəziyyət rejimi yaradıldı. «Sərhəd hərəkatı» ilə bağlı kommunist rəhbərlərin göstərişinə əsasən demokratik düşüncəli ziyalılara qarşı repressiyalar gücləndi, onlardan bir neçəsi həbs edildi, işdən çıxarıldı, bəzi yerlərdə sökülmüş sərhəd çəpərləri bərpa olundu. Lakin dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bu prosesi parçalanmış xalqın təbii birləşmə meyli kimi müdafiə etməsi, ölkədə və dünyada gedən demokratik proseslər mövqeyindən qiymətləndirmələri xalqımıza qarşı yönəldilmiş təxribatın qarşısını aldı. Müstəqilliyimizin təhlükədə olduğu bir zamanda dünya azərbaycanlılarını bir təfəkkür, məslək ətrafında birləşdirmək ideyasını gerçəkləşdirməklə diaspor təşkilatlarının əsasını qoyan ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti az bir zamanda bəhrəsini verdi. Bu mühüm addım ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi, müxtəlif ölkələrdə məskunlaşan dünya azərbaycanlılarının bir məqsəd naminə birləşməsi istiqamətindəki xidməti, mühüm hadisə kimi tarixə yazıldı. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycançılıq ideyasının milli ideologiyaya çevrilməsi istiqamətində fəaliyyətini davam etdirən Ulu Öndərin təşəbbüsü ilə 9 noyabr 2001-ci ildə keçirilən Dünya azərbaycanlılarının I qurultayı müxtlif ölkələrdə məskunlaşan soydaşlarımızın Vətənə məhəbbət duyğularını artırdı. Ulu Öndər bildirirdi ki, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimiz, azərbaycançılıq xalqımızın çox böyük əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Milli dövlət ideologiyası kimi azərbaycançılıq bu gün hər vətəndaşın qarşısında dəqiq ifadəsini tapmış ideya kimi dayanır. «Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli- mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir- ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir» söyləyən, qurultayda Azərbaycanın 50 milyonluq bir xalqın Vətəni olduğunu bildirən Ulu Öndər ən böyük azərbaycanlı olduğunu Vətəninə, xalqına sonsuz məhəbbəti ilə bildirirdi.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə təşkilatlanma prosesinin sürətlənməsi, müəyyənləşdirilmiş konsepsiyaya uyğun planlı şəkildə təkmilləşdirilməsi ilk addımlar olsa da, sonrakı uğurlar bu təşəbbüslərin etibarlı təməl olduğunu təsdiqlədi. Sonrakı illərdə keçirilən Dünya azərbaycanlılarının qurultaylarının, Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin forumlarının təşkilində də məqsəd lobbiçilik fəaliyyətini gücləndirmək, erməni təbliğatına qarşı mübarizədə eyni ideologiya ətrafında sıx birləşmək idi. Bu birliyin lokomotivi isə Türkiyə –Azərbaycan qardaşlığının sarsılmazlığı idi. Əsrlərə söykənən bu qardaşlıq İkinci Qarabağ müharibəsində özünü daha bariz şəkildə göstərdi. «Azərbaycan ailəmizin üzvüdür» söyləyən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, inşallah, sabah da yanında yer alacağıq”» sözləri həmrəylik rəmzidir. Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu 30 ildə, Vətən müharibəsinin davam etdiyi 44 gündə daim Azərbaycanla bir olduğunu rəsmi bəyanatları ilə bildirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, İslam Əməkdaşlıq Təşkilatı üzvlərinin xalqımızla birlik və həmrəyliyi türk dünyasının sarsılmazlıq nümunəsidir.
«Azərbaycanlılar dünyada özlərini həmişə öz Vətəninə bağlı insanlar kimi göstəriblər. Bu gün də bu, belədir. Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın» söyləyən Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza tövsiyəsi budur ki, ölkəmizdə yaranan sabit, rəqabətədavamlı biznes mühitindən yararlanmaq üçün ölkə iqtisadiyyatının güclənməsində iştirak etsinlər.
Dünyada oxşar kökə, tarixə , yaxın dilə malik xalqlar çox olsa da, bəzən fərqli düşüncə tərzinin mövcudluğu dövlətlər arasındakı münasibətlərə də soyuqluq gətirir. Ancaq türk dövlətləri arasında yaranan sıx inteqrasiya türk dünyasının gücünü, qüdrətini daha da möhkəmləndirir. Türk Şurasının yenilməz gücünün formalaşmasında böyük xidmətləri olan Azərbaycanın təşkilatdakı fəallığı, təşəbbüsləri həmişə yüksək dəyərləndirilir.
Ötən ay İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması bu fədakarlığa verilən yüksək qiymətdir. Ali Ordenin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilməsi isə Türkiyə-Azərbaycan qardaşlığının təzahürüdür.
Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda yazılan: «Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə «Türk Dünyasının Ali Ordeni»” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”» sözləri eyni zamanda İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərinə qardaş dövlətlərin sevinc, həmrəylik payıdır. Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğanın «Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan «Xarıbülbül»” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb» sözlərində bütünlükdə türkdilli xalqların Azərbaycana olan hörmət və etimadı əks olunub.
Zirvə Görüşündəki çıxışında bu etimadı bütünlükdə Azərbaycan xalqına göstərilən hörmət kimi dəyərləndirən Prezident İlham Əliyevin
«Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir» sözləri ən çətin anlarda Azərbaycanla birlik nümayiş etdirən türkdilli xalqlara minnətdarlıq duyğularıdır. Türk Şurasına sədrliyi müddətində ona tapşırılan missiyanı təşəbbüsləri, humanizm prinsiplərinə sadiqliyi ilə doğruldan Prezident İlham Əliyevə bu ehtiram həmrəylik və birliyə verilən qiymətdir.
İkinci Qarabağ müharibəsində Azərbaycana mənəvi, siyasi dəstək göstərən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın simasında bütün türk xalqına minnətdarlığını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəstək qardaş yardımı, gələcəyimiz üçün möhkəm zəmindir. Ermənistan üzərində qələbəmizin müjdəsini diaspor hərəkatının müəllifi ulu Öndərə «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə bildirən Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən söyləydiyi «Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!» sözlərində də dünya azərbaycanlılarının birlik və həmrəyliyinin sarsılmazlığı ifadə olunur.
Türk birliyinin ən böyük Zəfəri isə Zəngəzur dəhlizinin bərpası olacaq.
Xuraman İsmayılqızı
İki sahil.- 2021.- 29 dekabr.- S.3.