Müasir müstəqil
Azərbaycanın
qurucusu və xilaskarı
Ümummilli lider Heydər Əliyev hər
bir Azərbaycan vətəndaşının qəlbində,
yaddaşında, xatirəsində özünəməxsus
silinməz izlər qoymuşdur. İstər
ötən əsrin 70-80-ci illərində, istərsə də
müstəqillik dövründə Ümummilli Lider Azərbaycanın
yalnız bu gününü deyil, həm də gələcəyini
düşünərək ölkə həyatının ən
zəruri sahələrinin inkişafına xüsusi
qayğı və diqqət göstərmişdir.
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə
başlayan Heydər Əliyev milli mənafelərə xidmət
göstərmək məqsədilə totalitar rejimin
qanunları altında Azərbaycanda milli-mənəvi dəyərləri
qorumaqla tərəqqiyə, elm və təhsilin yüksəlməsinə
nail olmaq üçün düşünülmüş elmi
siyasət həyata keçirmişdir.
Görkəmli
siyasi xadim Heydər Əliyev 1970-1980-ci illərdə
keçmiş Sovet İttifaqının 50-dən çox
şəhərinin 170-dən artıq tanınmış ali məktəblərində, zəruri ehtiyac
duyulan 250-dən çox ixtisas üzrə 15 mindən
artıq azərbaycanlı gəncin təhsil almasını təmin
etmişdir. Heydər Əliyevin rəhbərliyi dövründə
ölkəmizdə elm və təhsilin inkişafı
üçün zəruri hüquqi baza yaradılmış,
insanların təhsil hüququ, icbari ümumi orta təhsil,
istedadlı gənclərə ali təhsil
verilməsi Konstitusiya səviyyəsində təsbit
olunmuşdur. Ölkənin regionlarında
universitetlər yaradılmış, onlar bölgələrdə
elm, mədəniyyət və təhsil mərkəzlərinə
çevrilmişlər. Bəzi mühüm istiqamətlər
üzrə yeni yaradılmış ali təhsil
müəssisələri maddi-texniki baza və müasir
avadanlıqlarla təchiz edilmiş, kadr potensialı
formalaşdırılmışdır.
Deyilənlərlə
əlaqədar olaraq müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, dünya şöhrətli
siyasi xadim, türk dünyasının böyük oğlu,
qeyri-adi şəxsiyyəti, siyasət və dövlət
xadiminə xas olan müstəsna istedadı ilə fərqlənən,
xalqımızın ümummilli lideri Heydər Əliyev hələ
sağlığında canlı əfsanəyə
çevrilmişdir. XX əsr Azərbaycan
tarixinin fenomen şəxsiyyəti olan Heydər Əliyev
xalqımızın taleyində misilsiz rol oynamış,
mütərəqqi tarixi ənənələr əsasında
yeni və gələcək dövlətçilik
konsepsiyasını irəli sürmüşdür. Ona görə də yüz illər ötəcək,
Heydər Əliyev fenomeni yenə də Azərbaycan tarixi və
tarixçiləri üçün aktual bir tədqiqat obyekti
olaraq öz dəyərini saxlayacaqdır. Müdrik
insan axtarışları müasir dünyada xüsusilə
aktuallaşıb. Bu gün yer kürəsində
qərarlaşmış 200-ə yaxın dövlətin hər
birində ağıllı idarəedicilərin
axtraışı gedir.
Heydər Əliyev təkcə Azərbaycanda,
keçmiş SSRİ-də və sosializm birliyi ölkələrində
deyil, bütün dünyada müdriklərin yetişməsinə
çalışmışdır. Bu mənada Heydər
Əliyevi Müasir Müdriklər Akademiyasının banisi
hesab etməyə haqqımız var.
1987-1993-cü illər Azərbaycan xalqı üçün
çətin illər olmuşdur. Çox mürəkkəb
dözülməz hadisələr baş verirdi, hərc-mərclik,
xaos tüğyan edirdi. Sovet İttifaqı
süquta uğrayırdı, qanunlara məhəl qoyulmurdu.
İnsanlarda bir ümidsizlik, hakimiyyətə
inamsızlıq yaranmışdı. Yanvar
qırğını oldu. Xocalıda
soyqırımı törədildi, Dağlıq Qarabağ və
ətraf rayonlar işğal edildi. Ölkədə
çörək qıtlığı, benzin
çatışmazlığı yarandı. Hakimiyyət dövlətçilikdə və siyasətdə
biliyi, bacarığı, səriştəsi olmayan,
yalançıların ixtiyarında idi. Günün
günorta çağı soyğunçuluq baş verirdi.
Hava qaralan kimi şəhərə
çıxmaq qorxulu idi. Bəziləri
özləri üçün silahlı dəstələr
düzəltmişdi. Xalqın güzəranının
dözülməzliyi, Qarabağ uğrunda gedən
döyüşlərdəki məğlubiyyətlərin səbəbləri
sanki unudulmuşdu. Belə bir dönəmdə
1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə
gəldi. Xalq yeni hakimiyyətdən
çox şeylər gözləyirdi, lakin belə olmadı.
Çünki AXC-Müsavat cütlüyü dövləti
idarə etməyin nə qədər çətin bir iş
olduğunu, siyasətin mürəkkəb proses olduğunu
lazımınca qiymətləndirə bilmirdi. Bunlardan
bəziləri bilavasitə tələbə
auditoriyalarından yüksək dövlət vəzifələrinə
gəlmişdi. Ona görə də
Qarabağ uğrundakı döyüşlərdə
uğursuzluqlar daha da dərinləşir, yenicə
qazanılmış müstəqilliyimizin itirilmək təhlükəsi
getdikcə reallıq həddinə yaxınlaşırdı.
Belə bir vaxtda əhalinin tərəqqipərvər,
Vətənini sevən ziyalıları Azərbaycanı
mövcud təhlükədən qurtara bilən şəxsiyyətin
axtarışına başladılar. Azərbaycan
üçün belə şəxsiyyət var idi. O cənab
Heydər Əliyev idi. Dahi şəxsiyyət
Heydər Əliyev həmin vaxtlarda Naxçıvanda Ali Məclisin
Sədri vəzifəsində fəaliyyət göstərirdi.
Həmin vaxtlarda hakimiyyətdə olanlar Heydər
Əliyevin hakimiyyətə gəlməsinə, hətta
Bakıya gəlməsinə də əngəl törədirdilər.
Mövcud hakimiyyət Heydər Əliyevi təcrid
vəziyyətində saxlamaq istəyirdi. Lakin
hakimiyyətin bu istəyi mümkün deyildi. Qədirbilən xalqımızın ziyalı
insanları müntəzəm olaraq Naxçıvana gedir.
Heydər Əliyevdən Azərbaycanın
böhran vəziyyətindən çıxarıla bilməsinin
yollarını müzakirə edir və Ulu Öndərdən
məsləhətlər alırdılar. Demək
lazımdır ki, Heydər Əliyevin bəzi əleyhdarları
belə Azərbaycanı mövcud olan böhrandan
çıxara biləcək insanın Ulu Öndər
olacağını etiraf edirdilər. Azərbaycanı
ağır durumdan çıxarmağın yollunun hər kəs
Heydər Əliyevdə görürdü. Belə bir ağır məqamda 91 nəfər
ziyalı xüsusi mərdlik nümayiş etdirib, 16 oktyabr
1992-ci ildə ulu öndər Heydər Əliyevə məktubla
müraciət etdilər. Fəxrlə demək
lazımdır ki, həmin məktuba cavab çox çəkmədi.
Ulu Öndər 24 oktyabr 1992-ci il tarixində
“91”lərin müraciətinə müsbət cavab verdi.
21 noyabr
1992-ci il tarixində 551 nəfərin
iştirakı ilə Naxçıvanda kinoteatrın
binasında əlverişsiz bir şəraitdə Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi. Çünki o vaxtki hakimiyyət Heydər
Əliyevin Bakıya gəlməsinə süni əngəl törədirdi.
“91-lər”in Heydər
Əliyevə müraciəti ümumxalq hərəkatına
çevrildi. Yeni Azərbaycan Partiyası
Heydər Əliyevin sədrliyi ilə qısa zaman kəsiyində,
təxminən altı ay sonra hakimiyyətə gəldi. Bu, yalnız Azərbaycanda deyil, dünya tarixində
müstəsna hadisələrdəndir. Əlbəttə,
bu, ulu öndər Heydər Əliyev dühasının Azərbaycan
xalqı yanında illərdən bəri qazandığı
etimadın və etibarın nəticəsi idi. Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya gəldi.
Maraqlıdır ki, həmin vaxtda hakimiyyətdə
olanlar da öz canlarının qorxusundan Heydər Əliyevin
Bakıya gəlməsini istəmək məcburiyyətində
qalmışdılar. Çünki
onların özlərinin də həyatı təhlükə
qarşısında idi. Korpus komandiri Surət
Hüseynovun özünün tabeçiliyində olan hərbiçilər
paytaxtın 70 kilometrliyində yerləşən Nəvai qəsəbəsinə
qədər gəlib çatmışdı və hakimiyyətdə
olanları Bakının Azadlıq meydanında dar
ağacından asacağı ilə hədələyirdi.
13 iyun
1993-cü il tarixdə ulu öndər Heydər
Əliyev bir neçə nəfər jurnalistlə birlikdə
Gəncəyə getdi. O vaxta qədər AXC-Müsavat cütlüyü
Gəncəyə bir neçə dəfə nümayəndə
gömdərmişdi ki, Surət Hüseynov silahlı
qarşudurmadan çəkinsin. Lakin Surət
Hüseynov Gəncəyə bu məqsədlə gedən
nümayəndə heyətindən heç kəsi qəbul
etməmişdi. Çünki onlara etibar
etmirdi. Gəncə camaatı, o cümlədən
qarşı-qarşıya duran tərəflər Heydər
Əliyevi hörmətlə qarşıladılar. Tərəflər öz iddialarına son qoydular.
Bununla da şiddətlənə biləcək
bir fəlakətin qarşısı alındı. Hansı ki o vaxt hakimiyyətdə olanlardan bəziləri
Gəncəni bombalamağı təklif edirdilər.
Heydər
Əliyev 1993-cü il 15 iyunda Azərbaycan
Ali Sovetinin Sədri vəzifəsinə, həmin ilin oktyabr
ayında ölkə Prezidenti seçildi. Azərbaycan
Respublikasının Prezidenti seçiləndən sonra Heydər
Əliyev ölkədə yaranmış böhran vəziyyətini
aradan qaldırmaq istiqamətində genişmiqyaslı
uğurlu işlər apardı. Qarabağ
uğrunda gedən döyüşlərdə Azərbaycan
Ordusu əsaslı dönüşü təmin etdi.
1994-cü ilin may ayında atəşkəsə nail olundu. Vaxt qazanmaq, Azərbaycan Ordusunun döyüş
qabiliyyətini artırmaq, müasir silahlardan məharətlə
istifadə etmək, xüsusi ixtisaslaşmış
döyüşçülərin differensiasiya
bacarığını təkmilləşdirmək
baxımından olduqca lazım idi. Görülən
bu tədbirlər Azərbaycan Ordusunun həmin vaxtlardan təməli
qoyulan 2020-ci ildəki Zəfər yürüşünün əsasına
çevrildi. 1994-cü ilin sentyabrında
“Əsrin müqaviləsi” adlanan sənədin imzalanması
dünyanın böyük ölkələrinin Azərbaycana
inamının artmasına şərait yaratdı. Azərbaycana investisiya axınının,
qarşılıqlı tərəfdaş kimi
danışıq aparmaq imkanlarını təmin etdi. Bütün bunların nəticəsində Azərbaycanın
iqtisadi müstəqilliyi təmin olundu.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin
prezident seçkilərindən sonra bir neçə
böyük dövlətlərə səfərləri oldu. Ulu Öndər
xarici ölkələrə səfərlərində Azərbaycanın
müasir dövrün sivil dövlətlərindən olduğunu
bütün dünyaya sübut edirdi. Xarici
ölkələrə səfərlər etməklə Ulu
Öndər o vaxtlar Azərbaycanı əziyyət çəkdiyi
informasiya blokadasından xilas etdi. İnformasiya
blokadasından çıxmağı Azərbaycanın
bugünkü uğrularının başlanğıcına
çevrildi.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında ölkədə
dövlət çevrilişinə göstərilən cəhdlərin
qarşısı Heydər Əliyevin yüksək idarəçilik
qabiliyyəti sayəsində vaxtında alındı. Azərbaycanda
həyati əhəmiyyətli bütün sahələrdə
vüsətli inkişaf başlandı. Bütün
sahələrdə canlanma, inkişaf başlandı, mütərəqqi
islahatlar aparıldı, istedadlı insanlar dövlət vəzifələrinə
gətirildi. Həmin münasibət indi də
davam etdirilir. Ulu Öndər 1999-cu ilin
noyabr ayında Azərbaycanda ilk dəfə olaraq bələdiyyələrə
seçkilərinin keçirilməsini təmin etmişdir.
Bu münasibətlə Ulu Öndər bildirirdi
ki, bələdiyyələrə seçkilərin
keçirilməsindən məqsədimiz ölkədə
demokratiyanı inkişaf etdirmək və dövlətin idarə
olunmasının yükünün bir hissəsini bələdiyyələrə
etibar etməkdir.
Ulu Öndərin Azərbaycan xalqı
qarşısındakı mühüm xidmətlərindən
biri də özünün siyasi varisi olan cənab İlham
Əliyevin ölkə rəhbərliyinə gəlməsinə
zəmanət verməsi olmuşdur. Heydər Əliyev bu
münasibətlə deyirdi ki, İlham Əliyevə
özüm qədər inanıram və onun gələcəyinə
böyük ümidlər bəsləyirəm. 2003-cü ilin oktyabr ayında İlham Əliyev
Prezident vəzifəsinə seçildi. Prezident
seçkilərinə qatılarkən Azərbaycan xalqı
İlham Əliyevi böyük hörmətlə qəbul
etdi, gənclər onu özlərinin qardaşı,
yaşlı nəsil özlərinin övladı kimi
qarşıladılar.
Cənab İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti kimi ulu öndər Heydər
Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirdi. 2010-cu ildə
Azərbaycan artıq müstəqil iqtisadi siyasət
yürütməyə, islahatlar həyata keçirməyə
və infrastruktura böyük investiyalar yatırmağa qabil
idi. Xüsusilə, müasir nümunəli
hərbi texniki vasitələrin alınması
baxımından Silahlı Qüvvələrin modernləşdirilməsi
böyük sürətlə gedirdi. Əslində
bu kompleks tədbirlər nəticəsində Azərbaycanda
güclü ordu yarandı və İkinci Qarabağ müharibəsi
bunu sübut etdi. Ermənistan tərəfi
həmişə Azərbaycana qarşı yeni ərazi
iddiaları irəli sürür, yeni müharibəyə
başlayacağı ilə hədələyirdi. Ermənistan
ordusu Azərbaycana qarşı 2016-cı ilin aprel, 2018-ci ilin
may, 2020-ci ilin iyul təxribatlarını törətdi. Azərbaycan
Ermənistanın törətdiyi təxribatlarına
qarşı özünün az qism hərbi
imkanlarından istifadə edirdi və bütün hallarda Ermənistan
tərəfi böyük itkilər verəndən sonra geriyə
çəkilmək məcburiyyətində qalırdı. Bütün bunlardan lazımi nəticə
çıxarmayan Ermənistan 2020-ci ilin 27 sentyabrında Azərbaycana
qarşı genişmiqyaslı hərbi əməliyyata
başladı. 27 sentyabr 2020-ci il səhər
tezdən-saat 6-da ölkə Prezidenti Müdafiə Nazirliyi və
digər aidiyyəti qurumlarla əlaqə saxlayıb, vəziyyəti
dəqiqləşdirəndən sonra lazımi göstəriş
verdi. Bununla da Azərbaycanın Silahlı
Qüvvələri əks-hərbi əməliyyata
başladı. Müharibənin ilk günündən
başlayaraq düşmənin 30 il ərzində
möhkəmləndirdiyi birinci müdafiə xətti ordumuz tərəfindən
yarıldı. Düşmənin birinci
müdafiə xəttinə labirint şəkilli xəndəklər,
tank əleyhinə yaradılmış maneələr,
tikanlı məftillər, yüz minlərlə
basdırılmış minalar daxil idi. Minaların
zərərsizləşdirilməsi indi də davam etdirilir.
İlk gündən başlayaraq hərbi
üstünlük bütün döyüş bölgələrində
Azərbaycan Ordusunun tərəfində oldu. Əks hücum əməliyyatı 44 gün ərzində
Zəfərlə başa çatdı.
Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl,
oktyabrın 17-də Füzuli şəhərlərini
işğaldan azad etdi. Cəbrayıl şəhərindən əvvəl
onun Soltanlı və Əmirvarlı yaşayış məntəqələri
düşməndən azad edilmişdi. Soltanlı
və Əmirvarlı yaşayış məntəqələrinin
alınmasının növbəti əməliyyatların
uğurla aparıla bilmısini təmin etmək
baxımından müstəsna əhəmiyyətə malik
olması idi. Həmin məntəqələrin
ətrafında düşmən tərəfinin çox
güclü müdafiə vasitələri
yaradılmışdı. Ona görə də
Azərbaycan Ordusu düşmənin müqavimətini
qırmaq üçün bir neçə gün daha intensiv hərbi
əməliyyat aparmalı olmuşdur. Soltanlının
və Əmirvarlının azad olunması Azərbaycan
Ordusunun Zəngilan şəhərinə gedən yolunu
asanlaşdırmışdı. Sonrakı
uğurlu əməliyyat nəticəsində Azərbaycan
Ordusu Qubadlını azad etdi. Laçın
rayonunun cənub hissəsinə çıxdı və
Laçının Güləbird və digər kəndlərini
azad etdi və bununla da Azərbaycan Ordusunun Laçın dəhlizinə
nəzarət edə bilmək imkanı təmin olundu.
Ali
Baş Komandan İlham Əliyev fəxrlə bildirir ki, Qələbəmizin
zirvəsi Şuşa əməliyyatı-Şuşa
şəhərinin işğaldan azad olunmasıdır. Şuşanı düşməndən azad etmək
üçün Azərbaycan Ordusunun əsgər və zabitləri
qeyri-adi döyüş məharəti nümayiş
etdirmişlər. Günlərlə sıldırım
qayalardan, yolsuzluq şəraitində üstündəki
silahla birlikdə çətin keçilən məsafə qət
etmək yalnız fiziki imkanın və mənəvi qüvvələrin
səfərbərliyi sayəsində mümkün ola bilərdi.
Azərbaycan igidləri düşmənlə hərb
tarixində misli bərabəri görünməmiş əlbəyaxa
döyüşə girmişdilər. Düşmən tərəfi
Azərbaycan göyüşçülərinin
qarşısında tab gətirə bilməyib, xeyli itki
vermişdilər, salamat qalanları canlarını qurtarmaq
üçün hərb meydanından
qaçmışdılar. Ali Baş Komandanın dediyi kimi:
“Azərbaycan Ordusunun Şuşanı azad etməsi
düşmənin belini sındırmış, bununla da
düşmən praktik olaraq təslim olmuşdur”.
44 günlük müharibənin nəticələri bir
sıra yeniliklərin yaranmasına, köklü dəyişilmələrin
təzahürünə səbəb olmuşdur. Azərbaycan Cənubi
Qafqazın ən qüdrətli dövlətinə, Ali Baş
Komandan, Prezident İlham Əliyev regionun Lider dövlət
başçısına çevrilmişdir. Amerika, İngiltərə, Avstraliya yeni bir
İttifaqda birləşmiş Fransa dövləti NATO-dan kənarda
Avropa İttifaqı ordusu yaratmaq üçün cəhd
göstərir. Şuşada Azərbaycan ilə
Türkiyə arasında Şuşa Bəyənnaməsi
imzalandı. Milli Məclisdə daha ciddi bir sənəd öz
təsdiqini tapdı: Pakistan-Azərbaycan –Türkiyə
parlamentləri arasında Bakı Bəyannaməsi
imzalandı, həmçinin bu ölkələr arasında
birgə hərbi təlimlərə başlanıldı. Bunlar hamısı 2020-ci ilin 10 noyabr Qələbəsinin
nəticəsində qazanılmışdır. Lakin müasir müharibə eyni zamanda hibrid
müharibəsidir. Hibrid müharibəsinin informasiya tərkib
hissəsi, onun müharibə tərkib hissəsindən az əhəmiyyət kəsb etmir. Artıq dünya hibrid müharibəsinin əsaslarını
Azərbaycandan öyrənməyə üstünlük verir.
Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi
zamanı istifadə edilən döyüş taktikası
dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə
daxil edilərək öyrənilir. ABŞ Hərbi
Akademiyası və Pentaqonun rəsmləri də Azərbaycan
Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi
zərurətinə üstünlük verirlər.
44
günlük müharibənin gedişində Ali Baş
Komandan İlham Əliyev dünyanın müxtəlif ölkələrinin
30-dan artıq KİV-inə müsahibə verdi.
Prezident İlham Əliyev özünün polad
məntiqi sayəsində verdiyi müsahibələrində
dünyanın diplomatiya tarixinə yeni nümunələr,
çalarlar gətirdi.
Hazırda
30 il davam edən erməni
işğalından azad olunmuş Azərbaycanın
bütün regionlarında abadlıq-quruculuq sahəsində,
tarixi abidələrin bərpası istiqamətində intensiv
iş aparılır. Füzuli Beynəlxalq Aeroportunun
açılması, Suqovuşan su hövzəsinin istifadəyə
verilməsi (burada iki elektrik stansiyasının işə
salınması, azad olunmuş ərazilərdə 1000 km yeni
yolların inşası, Zəngəzur dəhlizinin
açılması) istiqamətində aparılan işlər
deyilənlərə ən yaxşı nümunədir. Azad olunmuş ərazilərdə yenidənqurma və
abadlıq işlərinin yüksək səviyyədə
aparılması ölkə Prezidenti İlham Əliyevin nəzarəti
və qayğısı altında icra olunur.
Ədalət Fərəcov,
YAP Veteranlar Şurasının
üzvü,
ADPU-nin professoru
İki sahil.- 2021.- 30 dekabr.- S.6.