Neft-qaz sənayesinə həsr
edilmiş mənalı ömür
Söhrab Salmanov – 80
Dekabrın
31-də Azərbaycan neft sənayesinin tanınmış
simalarından olan məhrum Söhrab Salmanovun 80 yaşı
olur.
S.Salmanov uzun illər Azərbaycan neft-qaz sənayesinin
inkişafı naminə çalışmış, bu sahədə
böyük əmək sərf etmiş neftçi mütəxəssislərdən
biri idi.
Söhrab
Salmanov Odessa Dəniz
Donanması Mühəndislər İnstitutunun Bakı
filialında təhsil almaqla yanaşı, gənc
yaşlarından “Paris Kommunası” və “Vano Strua” adına gəmi
təmiri zavodunda çilingər şagirdi, çilingər və
qaynaqçı kimi çalışmışdır.
Sonrakı illərdə Azərbaycan Neft Sənayesi Nazirliyinin
Gəmi təmiri zavodunda usta, sex rəisi, şöbə rəisi,
baş mühəndis vəzifələrində işləmiş,
əməksevərliyi, təşkilatçılıq
bacarığı, bilik və təcrübəsi ilə
nüfuz qazanmışdır. 1970-1980-ci illərdə
respublikamızın və keçmiş İttifaqın qabaqcıl
müəssisələrindən olan Gəmi təmiri zavodunun
direktoru olmuşdur.
Mənalı və şərəfli həyat yolu keçən S.M.Salmanov 1980-1989-cu
illərdə “Xəzərdənizneftqaz” İstehsalat Birliyi
Baş direktorunun müavini, SOCAR-da idarə rəisi
olmuşdur.
Azərbaycan və SSRİ-dən
kənarda da dünya səviyyəli neftçilər kimi
tanınmış Süleyman Vəzirov, Sənan Əlizadə, Xoşbəxt
Yusifzadə, Qurban Abbasovla birlikdə
çalışmışdır. S.M.Salmanov neft sənayesi
sahəsində məhsuldar fəaliyyət göstərmiş,
ölkə əhəmiyyətli mühüm vəzifələrin
həllində yaxından iştirak etmişdir. Bütün həyatını
Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş
Söhrab Salmanov özünü yüksək səviyyəli
mütəxəssis, bacarıqlı rəhbər kimi göstərmişdir.
Neft-qaz, tikinti, digər istehsalat sahələrinin maddi-texniki təchizatının
təşkili, dəniz neft donanmasının maddi-texniki
bazasının gücləndirilməsi, nəqliyyat vasitələrinin
istismarında səmərəliliyin artırılması və
neftçilərin sosial məsələlərinin həllində
onun böyük rolu olmuşdur. S.M.Salmanov yorulmaz fəaliyyəti,
çalışdığı sahədə peşəkarlığı
ilə daim diqqət mərkəzində olmuş, əməyi
yüksək qiymətləndirilmiş, xeyli orden və
medallara, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin
Fəxri Fərmanı və “Azərbaycan SSR neft və qaz sənayesinin
əməkdar işçisi” fəxri adına layiq görülmüşdür.
Ümummilli lider Heydər Əliyev ona yüksək etimad göstərərək
26 yanvar 1994-cü il tarixli 52 nömrəli Sərəncamı
ilə Söhrab Məhəmməd oğlu Salmanovu Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin maddi-texniki təchizat,
nəqliyyat və sosial inkişaf üzrə vitse-prezidenti təyin
etmişdi. O, təqaüdə çıxanadək bu vəzifədə
çalışmışdı.
S.Salmanovun ölkə parlamentində, xarici dövlətlərdə,
KİV-də təmkinli, məntiqli
çıxışları, mətbuat işçiləri ilə
keçirdiyi çoxsaylı görüşləri
yaddaşlardadır.
Təqaüdə çıxandan sonra da “Azəri Mİ Drillinq Fluids” şirkətində
baş məsləhətçi-müşavir vəzifəsində
bilik və təcrübəsini daim gənc mütəxəssislərlə
bölüşmüşdür.
Azərbaycan Prezidenti İlham
Əliyev 2011-ci il 27 dekabr tarixli Sərəncamı
ilə ölkənin neft və qaz sənayesi sahəsində səmərəli
fəaliyyətinə görə
Söhrab Salmanovu
"Şöhrət" ordeni ilə təltif
etmişdir.
70 illik yubileyi münasibətilə SOCAR-ın prezidenti
Rövnəq Abdullayev dövlət rəhbərimizin
tapşırığı ilə S.Salmanova bu yüksək
mükafatı təqdim edərkən onun ümummilli lider Heydər
Əliyevin işləyib hazırladğı, Prezident İlham
Əliyevin müasir reallıqlara uyğun bacarıqla
reallaşdırdığı dövlət neft
strategiyasının yerinə yetirilməsində səmərəli
fəaliyyətindən danışaraq, bütün neft-qaz sənayesi
işçiləri adından onu səmimi qəlbdən təbrik
edərək ən xoş arzularını
çatdırmışdı.
S.Salmanov həmin görüşdə
yüksək dövlət mükafatına layiq
görüldüyü üçün Prezident İlham
Əliyevə dərin minnətdarlığını bildirərək
demişdi: - “Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş və bu gün də dövlətimizin müdrik rəhbəri
İlham Əliyevin başçılığı ilə
uğurla davam etdirilən Azərbaycanın neft
strategiyasının qələbələri uğrunda
çalışmaqdan, bu şərəfli işin
reallaşmasına töhfə verməkdən qürur duyuram.
Vətənimizin iqtisadi qüdrətinin durmadan
artırılması, respublikamızın çiçəklənməsi naminə yorulmaz fəaliyyətində
dövlətimizin başçısına daha böyük
nailiyyətlər arzulayıram. Dövlət Neft Şirkəti
mənim üçün çox əzizdir, orada olduqca
yüksək peşəkarlar çalışır,
bütün mənalı ömrümü burada keçirməkdən
qürur duyuram. Bu gün ARDNŞ istər ölkə daxilində,
istərsə də xaricdə regional və beynəlxalq əhəmiyyətli
nəhəng layihələr həyata keçirir. Mən təqaüddə
olsam da, şirkətimizin fəaliyyətini
yaxından izləyir, onun hər bir uğuruna sevinirəm. Bu
uğurların daha da genişlənməsi naminə şirkətin
rəhbərliyinə və onun çoxminli kollektivinə
yeni-yeni əmək nailiyyətləri diləyirəm.”
2020-ci ilin 44 günlük
qalibiyyətli Vətən müharibəsində Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Qarabağ torpaqlarının azad edilməsinə ən
çox sevinənlərdən biri Söhrab müəllim
olmuşdu. Vətənsevər
insan bu sevincini çoxsaylı Qarabağlı, Şərqi Zəngəzurlu
qohumları ilə bölüşməkdən, onlara
gözaydınlığı verməkdən yorulmurdu.
S.Salmanov
bu il
avqustun 27-də 80 illik yubileyinə az
qalmış vəfat etmişdir.
Zəngin təcrübəyə, yüksək
təşkilatçılıq
bacarığına və insani keyfiyyətlərə malik rəhbər
işçi, peşəsinin vurğunu kimi neftçilərin
dərin rəğbətini qazanmış Söhrab Salmanovun əziz
xatirəsi bütün neft-qaz sənayesi işçilərinin
və onu tanıyanların qəlbində daim yaşayır.
Zamin Məmmədov
İki sahil.- 2021.- 31 dekabr.- S.26.