Naxçıvan Muxtar Respublikası: əhali
məşğulluğu və sosial rifah
28
yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri tərəfindən “2021-2025-ci illərdə
Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında imzalanan Sərəncam
ölkəmizdə milli iqtisadi quruculuq prosesləri fonunda
uğurla təşəkkül tapan sosiallaşma tədbirlərinə
böyük töhfədir.
Ölkəmizdə olduğu kimi,
muxtar respublikamızda da əhalinin məşğulluq məsələsi
daima dövlətin iqtisadi siyasətinin prioritetlərinə
aid olunmuşdur. 2007-ci il 30 may tarixdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə
Naxçıvan Muxtar Respublikasında Məşğulluq
Startegiyasının həyata keçirilməsi üzrə
Dövlət Proqramında (2007-2010-cu illər);
- birinci mərhələdə 18 dekabr
2013-cü ildə qəbul olunaraq 2014-2015-ci illəri əhatə
edən;
- ikinci mərhələdə isə
11 yanvar 2016-cı ildə qəbul olunmaqla, 2016-2020-ci illəri
əhatə edən “Naxçıvan Muxtar Respublikasında əhalinin
məşğulluğunun artırılmasına dair Dövlət
Proqramı”nda məşğulluq əsas məqsədlər
kimi götürülmüş və uzunmüddətli
dövrlər üzrə yaradılması hədəflənən
yeni iş yerlərinin açılmasına öz töhfələrini
vermişdir.
5 bənddən ibarət olan yeni Dövlət
proqramının isə həyata keçirilməsi üzrə
2021-2025-ci illər üzrə Tədbirlər Planı da təsdiq
olunmuşdur. Tədbirlər Planı 22 bənd üzrə məşğulluq
sahəsində çox zəruri tədbirlərin
reallaşmasını hədəfləyir. Eyni zamanda, Dövlət
proqramı əvvəlki dövrlərdə məşğulluq
haqqında təsdiq, qəbul və icra olunan tənzimləmə
vasitələrinin sosial, iqtisadi və məntiqi davamı
olaraq da çox əhəmiyyətlidir. Bir sözlə, yeni
Dövlət proqramı özünün əhatəliliyi və
hədəfləri baxımından olduqca perspektivlidir,
etibarlıdır.
Məhz Dövlət proqramın məqsədi
məşğulluq sahəsindəki tədbirlərin
davamlılığı, imkanları, perspektivləri,
çoxşaxəliliyi, faydalılığı və digər
aktual xüsusiyyətlərinə görə
aşağıdakılardan ibarətdir:
- əhalinin məşğulluğuna yönəldilən
tədbirlərin davamlılığına nail olunması;
- yeni iş yerlərinin yaradılması və
özünüməşğulluğun təmin edilməsi;
- əmək bazarında real vəziyyətin təhlil
edilməsi və tələbata uyğun kadr
hazırlığının aparılması;
- sosial müdafiəyə xüsusi ehtiyacı
olan şəxslərin məşğulluğunun təmin
edilməsi.
Naxçıvan Muxtar
Respublikasında məşğulluq sahəsində dövlət
tənzimlənməsinin həyata keçirilməsinə diqqət
edəndə aydın olur ki, burada əmək bazarının
ardıcıl olaraq tənzimlənməsi əsas
götürülmüş, onun təhlil olunması və tələblərinin
üstün tutulması fonunda kadrlara olan tələbatının
müəyyənləşdirilməsi zəruriliyi ilə
seçilmişdir. Müvafiq dövlət orqanlarının
icraçılığı ilə nəzərdə tutulan tədbirlərin
reallaşması muxtar respublikada əhalinin məşğulluğunun
artırılması sahəsində konkret vəzifələr
müəyyən olunmuşdur. Məşğulluq haqqında
qüvvədə olan Qanun, Strategiya və digər hüquqi
aktlarla vəhdət şəraitində səmərəli
istehsal, təsərrüfatçılıq və fəaliyyət
mühitinin daha da əlçatan olması mümkün
olacaqdır. Eyni zamanda, aktiv məşğulluq
tədbirləri çərçivəsində əmək
yarmarkalarının keçirilməsi fonunda işsizlərin
qeydiyyata alınması, bilik və bacarıqların qiymətləndirilməsi
ilə onların iş yerləri ilə (məşğulluğunun)
təmin olunması məsələləri daim aktuallıq
qazanmışdır.
Ölkəmizin milli
iqtisadiyyatı üçün müəyyən olunan
uzunmüddətli prioritetlər də nəzərə
alınmaqla məşğulluğun təmin olunması sahəsində
keyfiyyətcə yeni mərhələnin əsasları
baxımından da yeni Dövlət proqramının əhəmiyyəti
böyük olacaqdır. Məlumdur ki, ölkəmizdə
həyata keçirilən davamlı iqtisadi islahatlar
çoxistiqamətli uğurlarla yanaşı, sənayeləşmə
siyasəti əsasında inkişafı da hədəfləməkdədir.
Artıq milli iqtisadiyyatımız üçün zəruri
olacaq Sənaye Parkları və məhəllələrinin
yaradılması da bu sahədə səmərəli
olmaqdadır. Həmçinin yaradıcı təşəbbüslərə
əsaslanan sahibkarlıq fəaliyyətinin əsasları daha
da möhkəmlənəcəkdir ki, bu da məhz məşğulluq
üçün əlverişli zəminin yaradılmasına
xidmət etməkdədir. Elə bu yolla həm
iş yerlərinin açılmasına, həm də məşğulluq
səviyyəsinin yüksəldilməsinə nail
olunmuşdur. Çünki sənaye məhəllələrinin
fəaliyyəti də elə məhz kiçik və orta
sahibkarlar tərəfindən məhsul istehsalını və
xidmətlərin göstərilməsini, nəticə etibarı
ilə yeni istehsal müəssisələrinin və təbii
ki, iş yerlərinin yaradılmasını nəzərdə
tutur. Burada ailə təsərrüfatlarının
səmərəli təşkili və idarə olunmasına,
mövcud olanların fəaliyyətinin genişləndirilməsinə
və yenilərinin yaradılmasına əlverişli zəminin
yaradılması, həmçinin dəstəyin göstərilməsi
nəzərə alınmışdır. Buna görə
də həmin Dövlət proqramı hər iki idarəetməyə
əsaslanan sahibkarlığın inkişafını hədəfləyir.
Müasir müstəqillik illərinin ən
mühüm nailiyyətlərindən birini də bütün
regionların istehsal və sosial infrastruktur təşkilatlanması
sahəsindəki perspektivlərindən ibarət olan potensial təşkil
etməkdədir. Qeyd etmək olar ki, Naxçıvan Muxtar
Respublikası da özünəməxsus regional xüsusiyyətlərinə
görə bu sahədə məşğulluq
imkanlarının artırılmasını hədəfləməkdədir.
Bütün rayonların, şəhər və
kəndlərin iqtisadi inkişafının diqqətdə
saxlanılması, təsərrüfat subyektlərinin fəaliyyətinin
dəstəklənməsi və hərtərəfli təminatların
təşəkkülü məhz həmin ərazilərdə
yerli resurslara əsaslanan istehsal və xidmət sahələrinin
yaradılmasını nəzərdə tutmaqdadır. Yeni
Dövlət Proqramının icrası ilə
qarşıdakı dövrlər üzrə reallaşması
hədəf kimi qəbul olunan tədbirlərdən biri də
rayonların sosial-iqtisadi inkişafı əsasında məşğulluğun
təminatından ibarət olacaqdır. Məşğulluqla
yanaşı, özünüməşğulluq
imkanlarının yaradılması da məhz rayonların və
kəndlərin iqtisadi inkişafı nəticəsində
reallaşacaqdır.
Təsdiq olunan yeni Dövlət proqramında həmçinin:
- əhalinin bütün təbəqələrinin
diqqətdə saxlanılması;
- gənclərin yaradıcılıq
potensiallarının inkişaf etdirilməsi;
- sosial müdafiəyə və qayğıya
ehtiyacı olan şəxslərin məşğulluğunun
(özünüməşğulluq) təmin olunması;
- müxtəlif stimullaşdırıcı və
dəstəkləyici tədbirlər məqsədilə
güzəştli şərtlərlə və kiçikhəcmli
kreditlərin verilməsi;
- sosial layihələrin reallaşması kimi tədbirlər
zəruriliyi ilə seçilməkdədir.
Ölkəmizdə bütün sahələrdə
olduğu kimi, əhalinin məşğulluğunun
artırılması istiqamətində də dövlət tənzimlənməsi
həyata keçirilir. Hələ 2 iyul 2001 -ci ildə
xalqımızın ümummilli lideri böyük Heydər
Əliyev tərəfindən təsdiq olunan Azərbaycan
Respublikasının məşğulluq qanunu bu sahədə
yeni keyfiyyət mərhələsinin əsaslarını
yaratmış oldu. Orada hazırkı iqtisadi şərait
üçün aktual olacaq və bu günlərə qədər
təşəkkül tapan uğurların əsaslarını
təşkil edəcək meyarlar təsbit olundu. Belə ki, həmin Qanunda dövlətimizin müəyyən
etdiyi siyasət, məşğul şəxs
adlandırılan insanlar, məşğulluq sahəsində
insanların hüquqları, məşğulluğun tənzimlənməsi,
məşğulluq sahəsində həmkarlar
ittifaqlarının iştirakı, işaxtaranlarla işəgötürənlərin
qanunla müəyyən olunan münasibətləri və
digər mühüm məsələlərə ətraflı
olaraq aydınlıq gətirilmişdir. Bir sözlə, bu
qanun tam mükəmməl və sanballı prosedurları
özündə əks etdirməklə gələcək
üçün çox güclü təminatdır. Qeyd edək
ki, həmin dövlət sənədində yuxarıda
göstərilənlər məşğulluğun tənzimlənməsi
ilə bərabər, həm də orada təmsil olunan
insanların bir-biri ilə münasibətlərinə də
yenilik gətirir. Artıq bütün bunlar müasir dövrlə
ayaqlaşmaqla və səsləşməklə, məşğulluq
mədəniyyəti formasında ifadə oluna bilər.
Məhz bu etibarlılıq əsasında
Prezident İlham Əliyevin 26 oktyabr 2005-ci ildə
imzaladığı Sərəncamla “Azərbaycan
Respublikasının Məşğulluq Strategiyası
(2006-2015-ci illər)”, 15 may 2007-ci il tarixdə
imzaladığı Sərəncamla isə “Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramı
(2007-2010-ci illər)” da təsdiq olunmuşdur. Bunlarla
yanaşı, 2006-2015-ci illər üzrə təsdiq
olunmuş Dövlət Proqramında nəzərdə
tutulmuş ikinci mərhələnin həyata keçirilməsini
təmin etmək məqsədilə 15 noyabr 2011-ci il tarixdə
dövlət başçısı tərəfindən “Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə 2011-2015-ci illər
üçün Dövlət Proqramı” təsdiq
olunmuşdur.
Milli iqtisadiyyatın uzunmüddətli
perspektivləri və etibarlı sosiallaşma tədbirləri
çərçivəsində həyata keçilirilən
islahatlar məşğulluq tənzimlənməsi sahəsində
də yeni səhifələr açmışdır. Ölkə
başçısı tərəfindən 29 iyun 2018-ci il
tarixində təsdiq olunan Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu da müasir
dövrün ən yeni tələbləri, o cümlədən,
daha çevik idarəetmə mexanizmləri, sosial rifah sahəsindəki
uğurlar, innovativ inkişaf və s. xüsusiyyətləri nəzərə
alınmaqla, qəbul olunmuşdur. Orada
vakansiya bankının yaradılması, məşğulluğun
təmin edilməsində yerli özünüidarəetmə
orqanlarının iştirakı, peşəyönümünə
dair məsləhət xidmətləri, əmək
birjalarının və əmək yarmarkalarının təşkili,
özünüməşğulluğa kömək göstərilməsi, sosial müəssisələrin və əlavə
iş yerlərinin yaradılması və məqsədli
proqramların həyata keçirilməsi, fərdi məşğulluq
proqramı, peşə hazırlığına cəlb olunan
işsiz şəxsə verilən təqaüd, qeyri-formal məşğulluğun
müəyyənləşdirilməsi, “qeyri-formal məşğulluğa
nəzarət” vahid elektron informasiya ehtiyatı,
qeyri-formal məşğulluq sahəsində maarifləndirmə,
məşğulluq sahəsində beynəlxalq əməkdaşlıq
və digər məsələlərin tənzimlənməsindən
ibarət çox aktual məsələlər yer
almışdır.
Bütün bunlar bir daha göstərir ki, məşğulluq
məsələsi dövlətin gündəlik diqqəti ilə
əhatə olunmuşdur və onun uzaq gələcək
üzrə müəyyən olunması nəzərdə tutulmuşdur.
Bunu 30 oktyabr 2018-ci il tarixdə “2019–2030-cu illər
üçün Azərbaycan Respublikasının Məşğulluq
Strategiyası”nın təsdiq edilməsi haqqında dövlət
başçısı tərəfindən imzalanan növbəti
Sərəncam da göstərir.
Beləliklə, xalqımızın
ümummilli lideri Heydər Əliyevin həmişəyaşar
ideyaları əsasında Azərbaycan Respublikasında qətiyyətlə
davam etdirilən milli iqtisadi quruculuq prosesləri milli və
regional səviyyələrdə nəticələrini verməkdədir.
Bu sahədə ölkəmizin ayrılmaz tərkib
hissəsi olaraq Naxçıvan Muxtar Respublikasında da
qazanılan uğurlar yeni istehsal sahələrinin (müəssisələrinin)
yaradılması, əmək ehtiyatlarından səmərəli
istifadənin təmin olunması və nəticə etibarı
ilə işsizliyin minimuma səviyyədə
saxlanılması fonunda əhalinin məşğulluq səviyyəsinin
yüksəldilməsindən ibarət olmaqdadır. Keçən
müddət ərzində bütün sahələr kimi məşğulluğun
tənzimlənməsi istiqamətində də həyata
keçirilən tənzimləmə tədbirləri
ardıcıllığı ilə seçilməkdədir.
Cavadxan Qasımov
Naxçıvan Dövlət
Universitetinin dosenti,
iqtisad üzrə fəlsəfə doktoru
İki sahil.- 2021.- 2 fevral.- S.15.