“Vətən Simurqları” hünər və
qəhrəmanlıqlarla dolu tarixi salnamədir
Vətənimizin
hər qarış torpağı uğrunda mücadilə və
mübarizələrə atılan, bu şanlı və şərəfli
yolda şirin canlarını qurban verən qəhrəman
şəhidlərimizin hər birinin xatirəsi qəlbimizdə
əbədidir, unudulmazdır. Hər şəhid
bir zirvənin əbədi yolçusudur. Əbədiyyət
ünvanlı ali və müqəddəs zirvədə qərar
tutan Vətən aşiqlərinin nakam, qısa, şərəfli
ömür yoluna işıq tutmağın özü də
olduqca şərəfli bir duyğudur. Eyni zamanda nakam,
şəhid ömürlərin, şərəfli tale
yollarının sorağıyla qalaq-qalaq kitablar ərsəyə
gətirməyin də məsuliyyəti böyük,
yükü isə olduqca ağırdır. Bu
ağır yükü daşımaq, bu məsuliyyətli
işin öhdəsindən gəlmək bir qələm sahibi
üçün nə qədər şərəfli də
olsa bir o qədər də ağrılıdır.
Çünki hər bir şəhidin ömür yolu ilə
tanış olduqca, onun qəhrəmanlığı ilə
qürur duyduğun qədər də yarıda
qırılmış ömrünə, vaxtsız solan
arzularına təəssüf hissləri keçirir, kədərinə şərik
çıxır, ağrı-acısına mənən qatlaşmalı
olursan. Ruhsuz, duyğusuz əsər yaratmaq isə
qeyri-mümkündür. Bu səbəbdən
Almaz Ülvinin uzun illərdir ülvi dünyasında şəhid
nisgiliylə alışıb yanan kövrək qəlbində
hansı ağrılı hisslər keçirdiyini də
çox yaxşı dərk edirəm. Ülvi kimi paklıq,
ülvilik şərbətini dadan yüzlərlə nakam
şəhidlərimizin şərəfli ömrünə
kitab bağlamaq missiyası bu baxımdan məni səmimi
qəlbimlə qürur və məmnuniyyət hissi ilə
duyğulandırır.
Filologiya elmləri doktoru, əməkdar mədəniyyət
işçisi Gülbəniz
xanım Babaxanlının maliyyə dəstəyi ilə “Vətən
Simurqları” kitabı işıq üzü görüb.
Kitabın məsul katibləri Şəbnəm Babayeva və
fil.f.d. Əzizağa Nəcəfovdur.
Kitabı toplayıb nəşrə
hazırlayan və ön sözün müəllifi Almaz
Ülvi oxucularını 1990-cı il 20 Yanvar faciəsinin
qurbanı olmuş şəhid ədib Ülvi Bünyadzadənin
“Həyat üçün doğulmuşuq, Vətən
üçün ölməliyik!” adlı ölümsüz
misraları ilə salamlayır. Kitabın müəyyən
səhifələrində də
azadlığımızın ilk carçılarından
sayılan şəhid Ülvimizin Simurq qanadlı poetik
düşüncələri də ara-sıra diqqətimizi cəlb
edir. Belə ki, ön sözün ilk cümləsində
vurğulanır: “Qarabağ Azərbaycandır və nida!
Dağlıq Qarabağı düşmən
işğalından azad etmək üçün Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyev belə bir şüarla səfərbərlik elan etdi
və Qarabağa doğru yola başladıq! II Qarabağ Vətən
Müharibəsinə başlamaq üçün 2020-ci
ilin 27 sentyabr günü qəflətən
seçilmədi. Bu günə 30-32 ili arxada qoyan dərd-ələm
dolu illəri ağır addımlarla gəlmişdik. Nə edəcəyimizi,
necə edəcəyimizi düşünürdük. Tarix boyu
türk sınan, əyilən, məğlub xalq olmayıb.
Zaman fürsətini, məqamını gözləməyi də bilən, səbr sahibi olub, kəmfürsət
olmayıb, haqq meydanına cəsarətlə Kişi kimi
girib, qalib olaraq çıxıb.”
Bu kimi tarixi həssas məqamlara diqqət
yetirdikcə təbii ki,
gerçəkliyin özü xatırlanır. Bəs bu kitab
hansı əfsanəvi, mənəvi duyğuların təsiri
ilə ərsəyə gəldi? Gəlin, yenə də
ön sözə diqqət edək: “Azadlıq meydanında
düşündüm ki, bəs biz nə edək, bu
mübarizədə hansı əməyi ortaya qoyaq. Sosial
şəbəkədə belə bir elan verdim: “Qələbə
Paradımızdan sonra hər kəs:
1. Qarabağ müharibəsi Şəhidindən
2. Qarabağ müharibəsi Qazisindən və
ya Qəhrəmanından
- ən azı bir məqalə yazsın və
qısa vaxt ərzində kitab kimi nəşr edək ( fotoları ilə).
Kim neçə səhifə və neçə
qəhrəman haqqında yazırsa yazsın. Kitab pulsuz
paylanacaq. Belə kitablara ehtiyac var: həm şəhidlərimizin,
qazilərimizin, qəhrəmanlarımızın
tanınması, həm valideynlərinin mənən
könlünü almaq məqsədilə, həm də dərslik
kimi (sinifdənxaric oxu kitabı olaraq): (məqalələr bu
e-poçta göndərilsin - 2.qarabag.kitab@mail.ru)”.
Budur, cəmi 10 günə 350-dən artıq Qəhrəmanımız
haqqında yazı-məqalə aldım: Şəhidlər,
qazilər, igidlərimiz haqqında. Davamı isə daxil olur.
Belə fikirləşdik ki, şəhidlərimizin qırx
gününə I kitabı nəşr edək, davamını
- II kitabı isə Novruz bayramında nəşr edərik. Bu kitabdakı yazıların-məqalələrin hərəsi
bir igidin ömründən bəhs etsə də, əslində
hər yazıda döyüş meydanı görünür,
döyüş əhval ruhiyyəsinə dolursan,
özünü Qarabağda, işğaldan azad olmuş, bizdən
ötrü qəribsəmiş Füzulidə, Cəbrayılda,
Zəngilanda, Qubadlıda, Suqovuşanda, Ağdərədə,
Şuşada, Ağdamda, Kəlbəcərdə,
Laçında görürsən”.
Vətən simurqları!
Qarabağımızın xilaskar ərənləri! Parlaq qələbəmizin
səbəbkarları! Məsləki, məramı müqəddəs,
məqamı uca Şəhidlər! Üçrəngli Vətən
bayrağına bükülüb gənc yaşında Vətən
torpağının bağrına əmanət edilən ər
oğullar! Vətənimizn azadlığı,
suverenliyi, bütövlüyü
uğrunda axıtdığınız qanlarınız
bahasına qazandığımız parlaq qələbəmizi
bizlərə halal edin! Çünki sizin mübarizə əzminiz,
qeyrətiniz, şücaətiniz sayəsində əlimizdə
tutduğumuz zəfər bayrağı ilə 30 ildir həsrətində
olduğumuz Qarabağımıza dönüş edirik.
“Vətən Simurqları” hərbi-vətənpərvərlik
toplusunda 44 günlük Vətən Müharibəsi müddətində
itirilmiş tarixi torpaqlarımızı qanları, canları
bahasına öz sahibinə qaytaran qəhrəman yurd
oğullarının keçdiyi ağır döyüş
yollarından bəhs edilir.
“44 günün əfsanəsi” adlı ön
sözdə qeyd olunduğu kimi: “Bu 44 günün hər dəqiqəsi
bir tarix oldu. Bu 44 günün hər dəqiqəsində bir
Azərbaycan qəhrəmanı kəşf olundu. Bu 44 gündə
biz yenidən Simurq kimi doğulduq”.
Kitabda müəlliflər tərəfindən
Adil İbrahimli, Ağa Əmi Heybətov, Ağaəli
Ağayev, Aqil Əliyev, Arəstə Baxışova, Aqşin
İbadov, Alı Həsənli, Cəbrayıl Dövlətzadə,
Elçin Mansurov, Elnur Vəliyev, Əmrah Həmidov, Fəqan
Zalov, Faiq Qasımov, general Polad Həşimov, Hikmət Səfərov, Həmid Abbasbəyli, Həsən Məmmədli,
Hüseyn İsmayılov, Elvin Məmmədov, Əkbər
Hüseynov, Xansu Qurbanov, Xəyal Balakişiyev, Xudayar Yusifzadə,
İlkin Ağaquliyev, Röyad Məmmədov, İlqar Bürcəliyev,
Nurlan Ağakişiyev, Orxan Balayev, Sadiq Bağırzadə,
Tural Cəlilov, Fuad Məmmədov, Turqut Xəlilbəyli,
Yüksəl Əlizadə və digər qəhrəman şəhidlərimiz
haqqında yazılar kövrək, duyğulu hisslərlə və
ürək yanğısıyla qələmə
alınmışdır. Belə ki, Vətən
Müharibəsinin Qubadlı uğrunda şəhidlik məqamına
ucalan qadın qəhrəmanı Arəstə
Baxışovanın anasına “Əgər mən gedib Vətən
uğrunda Şəhid olacamsa, o mənim başımın
ucalığıdır” söyləməsi ruhumuza dərin kədər
və eyni zamanda qürur hissləri
aşılayır. Həmçinin Xüsusi Təyinatlı Qoşun
komandiri, mayor Aqşin İbadovun Zəngilan uğrunda gedən
döyüşlərdə şəhid olmamışdan
öncə anasına yazdığı məktubunda
“Ağlama, ya qayıdaram, ya da şəhid olaram, ölmərəm
ki...” söyləməsi təsadüf hissləri doğurmur.
Belə ki, igid Qəhrəmanımızın
ölümsüzlük zirvəsində qərar
tutacağı an sanki əzəldən ürəyinə
damıbmış.
“Ön söz”dən: “Bu kitab həm də
psixoloji məqamları qabardıb. Bu kitabın
qəhrəmanları Qarabağ torpaqlarını
işğaldan azad edən şəhid olan qəhrəman
oğullarımızdır, Ali Baş Komandandır,
bütün ordumuzdur, bütün Azərbaycan xalqıdır,
Azərbaycan-Türkiyə dostluğudur, atalarını
gözləyən körpələrimiz, əlləri göyə
uzalı Allaha duasını əsirgəməyən
analar, atalar, bacılardır, körpələrdir.”
Qarabağımızın xilası eyni zamanda
milli ruhumuzun və qürurumuzun qələbəsidir. “Qarabağ Azərbaycandır və nida” müqəddəs
şüarı qələbəmizin rəmzi ifadəsinə
çevrildisə də, doğma Şuşamızın
Xarı bülbülü isə torpaqlarımızın ərazi
bütövlüyü uğrunda can qoymuş 2803 şəhidin
əziz, müqəddəs ruhları qarşısında qəhrəmanlıq
simvoluna, qeyrət tacına çevrildi.
Təbii
ki, zəfərə nail olmaq heç də asan proses deyil. Biz də bir xalq olaraq Zəfərimizi qanla
qazandıq. Bu kitabın ərsəyə gəlməsini
böyük Zəfərimizi öz qanları ilə yazan igid Vətən
oğullarınım əziz ruhu qarşısında bir vəfa
borcu kimi dəyərləndirirəm. Mən
şəxsən bir Azərbaycan vətəndaşı kimi bu
çətin, məsuliyyətli, şərəfli və məhsuldar
işdə tərtibçisinə böyük zəhməti
müqabilində ən dərin, ən səmimi minnətdarlıq
hisslərimi ifadə edirəm.
II
Qarabağ Vətən Müharibəsinin qəhrəmanlarına
ithaf edilmiş ”Vətən simurqları”
şanlı tarixi salnaməsinin
nəşrinin 2-ci hissəsinin yaxın zamanlarda
işıq üzü görməsi diləyilə! Allah
bütün şəhidlərimizə rəhmət eləsin!
Sevinc Ədalətqızı
İki sahil.- 2021.- 17
fevral.- S.13.