Söz vermişdim
ki,nə vaxt müharibə olsa
döyüşə birincilər
sarasında atılacağam
Gənclik
bir millətin yaşaması, inkişafı üçün
təməl daşıdır. Hər bir ölkədə
dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi,
gələcəyin etibarlı təminatı intellektual səviyyəli
potensial kadrların yetişdirilməsindən, onların
aparıcı qüvvəyə çevrilməsindən
asılıdır.
“İki sahil” Azərbaycan gəncliyinin
simalarından biri,
torpaqlarımızın və
hüquqlarımızın müdafiəçisi Elvin Məhərrəmovla
müsahibəni təqdim edir.
- Elvin bəy, söhbətimizə ilk olaraq
özünüz haqqında təqdimatla başlamaq istərdik.
- Mən, Məhərrəmov
Elvin Zamin oğlu 1993-cu ildə Bakı şəhərində
anadan olmuşam. 2001-2008-ci illərdə 286 nömrəli tam
orta məktəbdə, 2008-2011-ci illərdə Bakı
Dövlət Universitetinin nəzdində olan "Gənc
İstedadlar" liseyində təhsil almışam. 2011-ci ildə
646 balla BDU-nun hüquq fakültəsinə daxil
olmuşam. 2015-ci ildə universiteti bitirərək hərbi
xidmətə yollanmışam. Hərbi xidmətimi
Füzuli-Xocavənd istiqamətində yerinə yetirmişəm.
2016-ci ildə baş vermiş və bugünkü Zəfər
günümüzün əsası olan Aprel döyüşlərinin
iştirakçısıyam. 2016-ci ildə hərbi xidmətdən
ehtiyata buraxılmışam. 2016-2018-ci illərdə BDU-da
Avropa hüququ üzrə ingilis bölməsində
magistr təhsili almışam. Təhsil həyatım
haqqında bu qədər. Peşəkar iş fəaliyyətim
2016-cı ildə "GFS legal consulting' şirkətində aparıcı
hüquqşünas olaraq başlayıb. Daha sonra Yasamal rayon
İcra Hakimiyyətində hüquqşünas olaraq davam
etmişəm. Daha sonra öz şirkətimi
qurmağı düşünürək bütün iş təkliflərindən
imtina edib müstəqil hüquq xidmət göstərməyə
başladım. 2020-ci ildə Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının üzvlüyünə qəbul olundum.
Hazırda vəkil kimi şirkətlərə və vətəndaşlara peşəkar hüquqi yardım
göstərirəm. Eyni zamanda, qeyd edim ki, Vətən
müharibəsi iştirakçısıyam. "Cəbrayılın
azad olunması", "Qubadlının azad olunması" və
"Vətən müharibəsi
iştirakçısı" medalları ilə təltif
olunmuşam. Bu fəaliyyətimə görə Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının Rəyasət
heyətinin qərarı ilə Vəkilliyin 100 illiyi Yubiley
Döş Nişanı ilə təltif olunmuşam.
"Özümə söz vermişdim ki, nə
vaxt müharibə olsa ilk özüm gedəcəyəm"
- Gənclərimizin ötən il göstərdiyi
şücaəti, fədakarlıqları necə dəyərləndirirsiniz?
-2020-ci il həm dünya, həm də Azərbaycan tarixində
mühüm il oldu. 30 ilə yaxın davam edən
işğala, Qarabağ həsrətinə son qoyuldu. Bu, Ali
Baş Komandan cənab İlham Əliyevin “dəmir yumruğu”
nəticəsində mümkün oldu. Gənclər
həmin "dəmir yumruğ"un hissələri oldular. 10
minlərlə gənc bu döyüşlərdə
iştirak etmək üçün könüllü olaraq cəbhəyə
yollanmışdı. Həmin gənclər döyüşlərdə
böyük şücaət göstərdi. Mən bunun
real şahidi olmuşam. Hər kəsdə böyük ruh
yüksəkliyi mövcud idi. Yaralı olduqları halda
düşmənin üzərinə getmək, onlarla əlbəyaxa
döyüşmək və məhv etmək, yaralı
yoldaşlarını çiyinlərində daşımaq və
s.. bütün bunları bizim Azərbaycan əsgəri, gəni
etmişdir. Hər kəs əlindən gələni edirdi ki,
Zəfər bizim olsun. Ön cəbhə ilə yanaşı,
arxa cəbhədə də eyni fəaliyyət mövcud idi.
Düşmən mülki əhalini atəşə tutanda
mülki əhali qorxmadan hərbçilərə dəstək
olurdu. Daim hərbçilərə sovqat göndərirdilər. Mən buradan xüsusilə həkimlərə
öz təşəkkürümü bildirmək istəyirəm.
Həkimlər həm müharibə dövründə, həm
pandemiya dövründə böyük şücaət
göstərdilər. Hərbçilər ön xətdə
düşməni məhv etdi, həkimlər isə
inşallah arxa cəbhədə gözəgörünməz
düşməni məhv edəcək. Pandemiya dövründə
işlə məşğul olmaq mümkün olmur. Bu səbəbdən
gənclər evdən onlayn qaydada yeni fəaliyyət sahələri
yaradaraq həm özlərinə, həm də dövlətimizə
xeyir verirlər.
- Elvin bəy, İkinci Qarabağ mürahibəsinin
iştirakçısı olmusunuz. Necə oldu ki, müharibəyə
yollandınız?
- Tovuz döyüşləri zamanı minlərlə
gənc kimi mən də könüllü olaraq ordu
sıralarına yazılmışdım. Mənim üçün Vətən
her şeydir, namusdur, qeyrətdir… Aprel döyüşləri
qısa zaman davam etmişdi. O vaxt özümə söz
vermişdim ki, nə vaxt müharibə olsa ilk özüm gedəcəm.
Bu qisas hissi 90-cı illərdə baş verən
hadisələrə görə yaranmışdı. Bizim qan
yaddaşımızı unutmaq olmaz. Şükür ki,
qisaslmız aldıq. 27 sentyabrda müharibə
başladığını biləndə dəfələrlə
Səfərbərlik xidmətinə yollanmışdım.
Şükür ki, mən də çağrıldım.
Böyük ruh yüksəkliyi ilə döyüş
meydanına yollandım. Cənab Ali Baş Komandan əmr etdi,
Vətən çağırdı və bizlər bir yumruq
kimi səfərbər olub qan yaddaşımızı silməyə
yollandıq. Artiq gələcək nəsillər yeni tarixi əzbərləyəcək.
Azərbaycan Ordusu tarix yazdi. Allah şəhidlərimizə rəhmət
eləsin və qazilarimizə şəfa versin.
- Müharibə xatirələrinizi bizimlə
bölüşərsinizmi?
- Biz Cəbrayıl istiqamətindən
Qubadlı istiqamətinə yerdəyişmə edərkən
düşmən bizim kalonu gördü və artilleriya atəşinə
məruz qaldıq. Eyni hadisə Qubadlı ərazisində
olarkən də təkrarlandı. Dəfələrlə belə
hadisə oldu. Biz artıq mərmi səslərinə öyrəşmişdik.
Bilirdik ki, hansı istiqamətə düşəcək, amma
qorxu yox idi. Çünki biz gənclər ölümü
gözə alıb getmişdik. Ən əsası da
öldürməyə getmişdik.
Bir dəfə də erməni diversant qrupu bizim əraziyə
daxil olmağa cəhd etdi. Təbii ki ,
ayıq-sayıqlığımız nəticəsində həmin
diversiya qrupu geri çəkildi. Onlar bizi artilleriya ilə məhv
etməyə çalışırdılar. Müxtəlif
istiqamətlərdən atəşə tuturdular. Həm
yerimiz əlvesirli olduğu üçün, həm də
peşəkar zabit heyəti sayəsində biz onları məhv
edirdik.
- Müharibə iştirakçısı kimi
tarixi Zəfərimizin qazanılmasını şərtləndirən
əsas amillər haqqında nə deyə bilərsiniz?
- Hesab
edirəm ki, burada bir çox amillər oldu. Mənim
fikrimcə, birinci amil Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu və bütün sahələri əhatə edən
uğurlu daxili və xarici siyasətdir. Xüsusilə
ordu quruculuğu sahəsindəki siyasəti qeyd etmək istərdim.
Digər amillər kimi Ulu öndər Heydər Əliyevin
davamçısı cənab Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti,
dövlətimizin mehriban qonşuluq siyasətini, Azərbaycanın
dünya arenasında güclü
dövlət olmasını, hərbi sahədə
müasir hərbi texnikanın idxalı və peşəkar
kadrların hazırlanmasını, gənclərin uzun zaman
gözlədiyi qisas hissini, xalqda olan böyük ruh yüksəkliyini,
gənclərin dövlətə, dövlətin gənclərə
olan etimadı, ölkədə daim mövcud olan sabitliyi və
xalq-iqtidar-ordu birliyini qeyd edə bilərəm. Müharibə
dövründə cənab Prezidentin xarici media orqanlarına
verdiyi müsahibələri xüsusi olaraq qeyd etmək
vacibdir.
- Azərbaycan
tarixi həqiqətlərini, erməni vəhşiliyinin
bütün detallarının dünyaya
çatdırılmasında gənclərimizin rolu və məsuliyyəti
nə qədərdir?
- Erməni
vəhşiliyi nəticəsində minlərlə vətəndaşımız
öz dədə-baba yurdlarında məhrum olmuş, yüzlərlə
günahsız insan öldürülmüşdü. Bütün bu vəhşiliklər gənclərdə
qisas hissi yaratmışdı. Gənclər
müharibənin olmasını, torpaqlarımızın
işğaldan azad olunmasını, qisasin alınmasını
səbrsizliklə gözləyirdilər. Eyni
zamanda gənclər bu vəhşiliyin dünyaya
çatdırılmasında da fəaldırlar. Xaricdə
yaşayan, təhsil alan, işləyən
soydaşlarımız bu vəhşilikləri müxtəlif
yollarla həmin ölkələrin vətəndaşlarına,
vəzifəli şəxslərinə çatdırırlar.
Bu sahədə dövlətin gənclərə
böyük dəstəyi var. Hazırkı dünya rəqəmsal
dünyadır. İnsanların bir-biriləri
ilə kommunikasiyası daha rahatdır. Gənclərimiz
bundan məharətlə istifadə edərək ermənilərlə
informasiya müharibəsində üstünlük əldə
edirlər. Vətən müharibəsi
zamanı da tarixi həqiqətlər faktlarla dünyaya
çatdırıldı. Biz informasiya
müharibəsində üstünlük əldə etdik.
Döyüş meydanında müharibə bitsə
də, informasiya müharibəsi davam edir. Hesab edirəm ki,
bütün gənclər bu məsuliyyətli işdə
öz üzərinə düşən vəzifəni layiqincə
yerinə yetirməyə davam edəcək.
- Elvin bəy,
gələcək hədəfləriniz və arzularınız
nədir?
- Hazırda Azərbaycan Vəkillər
Kollegiyasının üzvü olaraq vəkil kimi fəaliyyət
göstərirəm. Gələcək hədəflərim daha çox bu sahədə
əməkdaşlıq etdiyim şirkət portfelimi
genişləndirməkdir. Həm də yeni bir fəaliyyət
sahəsi yaranıb - Mediator. Həmin fəaliyyət
sahəsi ilə məşğul olmaq üçün
sertifikat almağı düşünürəm. 2021-çi ilin yay aylarından "Mediasiya
haqqında" qanun qüvvəyə minəcək.
Bundan sonra ailə, əmək və s. mübahisələrdə
şəxslər məhkəmədən qabaq Mediatordan rəy
almadan məhkəməyə müraciət edə bilməyəcəklər.
Həmin fəaliyyətlə də məşğul
olmağı planlaşdırıram. Təhsil
sahəsində isə hüquq üzrə doktoranturaya qəbul
olmağı planlaşdırıram.
- Elvin bəy,
müsahibəmizi Azərbaycan gəncliyinə müraciətiniz
və çağırışınızla
yekunlaşdırmaq istərdik.
- Hesab edirəm
ki, gənclər vaxtlarını səmərəli işlərə
sərf etməlidir. Əgər, uğurlu bir gələcək
istəyirlərsə, o zaman gənc yaşlarda bu haqda ciddi
düşünməlidirlər. Diplom xətrinə ali təhsil almasınlar. Bir il
gec ali təhsil almaq olar. Amma əsas məsələ
peşəkar mütəxəssis olmaq, ixtisaslaşmaqdır.
Bu prinsip iş sahəsində də tətbiq
olunmalıdır. Özünü harada görürsənsə, orada
da işləməlisən. Xarakterin biznes sektoruna
uyğundursa, o
sahədə də irəliləmək lazımdır. Dövlət sektoruna aiddirsə həmin sahədə.
Hər bir gəncə mütləq xarici dil
öyrənməyi məsləhət görürəm.
Bu hal hazırda davam edən informasiya müharibəsində
çox vacibdir. Hər kəsə
uğurlar arzulayıram.
Yaqut
Ağaşahqızı
İki sahil.- 2021.- 23
fevral.- S.13.