Vətən sevgisindən güc alan
qazi komandir...
Vətən uğrunda canlarından keçmiş şəhidləri,
eləcə də döyüşlərdə qəhrəmanlıq
göstərmiş qaziləri
yaddan çıxarmaq
mümkün deyil. Biz də bu amalla
şəhidlərimizi anır,
qazilərimizlə görüşür,
onların fikirlərini
ictimaiyyətə çatdırırıq.
Bu dəfəki həmsöhbətimiz ehtiyatda
olan baş leytenant Bəkir Əsgərzadədir.
Əsgərzadə Bəkir Zakir oğlu 1995-ci il
fevralın 20-də Qax
rayonunun Zərnə kəndində dünyaya göz açıb. O,
2009-cu ildə Cəmşid
Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub və 2012-ci ildə oranı fərqlənmə ilə
bitirib. Elə həmin ildə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinə
daxil olan Bəkir Əsgərzadə
2016-cı ildə bu təhsil ocağını
bitirərək leytenant
rütbəsi alıb
və “N” saylı hərbi hissədə mühəndis istehkam tağım komandiri vəzifəsində xidmətə
başlayıb. 3 aydan
sonra könüllü
olaraq ön cəbhədə xidmətini
davam etdirmək üçün Tərtər
rayonuna göndərilib.
Buradakı hərbi hissələrin
birində tağım
komandiri, digər hərbi hissədə isə maneələğvetmə
bölük komandiri vəzifəsində xidmət
edib. Fəaliyyətini Yevlaxın Aran
qəsəbəsindəki hərbi
hissədə mühəndis
istehkam bölük komandiri vəzifəsində
davam etdirib. 2020-ci ildə həmin
hərbi hissədə
mühəndis xidməti
rəisi vəzifəsinə
təyin olunub. 44 gün davam
edən Vətən müharibəsində döyüş
əməliyyatlarına yüksək
peşəkarlıqla rəhbərlik
etməsinə, hərbi
qulluq vəzifəsini
yerinə yetirərkən
igidlik və mərdlik nümunəsi göstərdiyinə görə
“Qarabağ” ordeni ilə təltif olunub.
Talış kəndi-Suvoquşan istiqamətində
gedən döyüşlərin
birində sol ayağını
itirmiş Bəkirə
ilk sualımız onun
səhhəti ilə bağlı oldu. Müsahibimiz bir qazi kimi
qayğı ilə əhatə olunduğunu vurğuladı. Bildirdi
ki, dövlətimiz, möhtərəm Prezidentimiz
ölkəmizin ərazi
bütövlüyü uğrunda
vuruşanları, həmçinin
şəhid ailələrini
diqqətdə saxlayır:
“Zənnimcə, ölkəmizin
ərazi bütövlüyü
uğrunda döyüşlərdə
şəhidlik zirvəsinə
ucalanlar və qazi olmuş şəxslər, eyni zamanda digər iştirakçılar hər
cür hörmət və ehtirama layiqdirlər. Dövlət
başçısının çıxışlarının birində şəhid ailələrinin və qazilərin ünvanlarına
söylədiyi bu sözləri də xatırlatmaq yerinə düşərdi: “Bu, mənim
borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir.
Mənim
üçün bu, böyük şərəfdir
ki, sizə bu istiqamətdə xidmətimi göstərim.”
Şəxsən mənə
gəldikdə.. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları bizim
ailəni ziyarət ediblər. 5 nəfərdən ibarət
ailəmizin (anam, atam, qardaşım, bacımı) sosial vəziyyəti öyrənilib.
Mənim
isə yüksək texnologiyalı protezlə təmin edilməyim qərara alınıb.
Bununla əlaqədar nazirliyin
Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində
ölçülərim götürülüb.
Qısa müddət ərzində
mən də yüksək texnologiyalı
protez ilə də təmin olunacağam.”
Daha sonra 44 günlük Vətən müharibəsindən
söz açan müsahibimiz vurğuladı
ki, Ermənistanın hərbi təcavüzünə
qarşı Azərbaycan
Ordusunun sentyabrın
27-dən əks-hücum əməliyyatı
ilə başlanan Vətən müharibəsi
və ya İkinci Qarabağ müharibəsi möhtəşəm
qələbəmizlə başa
çatdı: ”Mən bu qələbə
xəbərini müalicə
olunduğum hospitalda eşitdim. O gün elə sevincli idim ki... Şübhəsiz, bu qələbədə xalq-iqtidar birliyi, eləcə də Müzəffər Ali Baş
Komandan İlham Əliyevin diplomatik istedadı, yenilməz ordu yaratmaq məharəti,
eləcə də sərkərdəliyi həlledici
rol oynadı. Belə bir ordunun zabiti
olmağımla fəxr
edirəm. Hətta
bir ayağımı itirməyimə baxmayaraq,
o qədər qürurluyam
ki... Şübhəsiz,
heç kim
istəməz ki, əlil olsun. Amma bu, Vətən
uğrunda baş veribsə, mənə xoşdur. Yəni yaralanmağımın qorxusu yoxdu, əsas odur ki, torpaqlarımızı
erməni vəhşilərindən
təmizlədik.”
Bəkir Əsgərzadə
söhbətinin bu məqamında bir qədər kövrəldi.
Az sonra bildirdi ki, Vətənimizin
ərazi bütövlüyü
uğrunda döyüşlərdən
söz açarkən
hər zaman şəhidlərimiz yadıma
düşür: “Belə
məqamlarda kövrəlməmək
mümkün deyil. Onlardan biri haqqında söz açmaq istəyirəm. Döyüşlərin
birində Beyləqan rayonundan olan Pərvin Əliyev erməni vəhşilərinin
snayper gülləsinə
tuş gəldi. O, qollarım arasında can verərkən bilirsinizmi mənə nə dedi? Dedi ki,
mənim yasımı
saxlayarsanmı? O anda mənim nələr keçirdiyimi bircə Allah bilir. Təbii
ki, mən onun vəsiyyətini yerinə yetirdim.”
Qeyd edək ki, Bəkir Əsgərzadə
döyüşlər başlayan
gündən ön cəbhədə olub. Ərazini minalardan təmizləyərək döyüş
yoldaşlarının irəli
getməsinə şərait
yaradan Bəkir Talış kəndi istiqamətində bir neçə postun alınmasında fəal iştirak edib. Hətta minaya düşərək sol ayağını itirməsinə
baxmayaraq, yaralı halda əraziləri minadan təmizləməkdə
davam edib. Dediyinə görə, belə bir vəziyyətdə
düşmənə qarşı
olan qisasdan, Vətənə olan sevgisindən güc alıb.
Həmin anı
isə o, belə xatırladı: “Mina sahəsini təmizləyib
3-cü cərgəyə çatanda
erməni postundan tank atışı oldu. Onun mərmisi sol tərəfimə tuş gəldi. Mən çevriləndə sol ayağım minanın üzərinə düşdü.
Buna baxmayaraq sürünə-sürünə qalan mina sahəsini
təmizlədim və
kəşfiyyat qrupuna
“İrəli” işarəsini
verdim. Məni isə 3 saatdan sonra kəşfiyyatçı
və istehkam qoşunlarından olan əsgərlər döyüş
meydanından çıxardılar”.
Bəkir Əsgərzadənin
sözlərinə görə,
hərbçi olmaq onun arzusu olub:
“Valdeynlərim - adi fəhlə olan atam Zakir və
müəllim kimi fəaliyyət göstərən
anam Natella bu yolda mənə
xeyir-dua diləyiblər.
Məhz onların bu xeyir-duaları məni daha əzmkar olmağa sövq edib. İndi onlar öz qazi oğulları
ilə fəxr edirlər. Bu sevinci onlara yaşatdığım üçün
qürurluyam.”
Qvami Məhəbbətoğlu
İki sahil.- 2021.- 26 fevral.- S.21.