Misir Mərdanov: 14 iyul-çağdaş

Azərbaycanın yüksəlişinin təməl günüdür

 

İkisahil.TV-nin bugünkü müsahibi AMEA-nın müxbir üzvü, Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovdur

 

- Misir müəllim, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ümummilli Liderin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istərdik...

- Böyük tarixi şəxsiyyətlərə zaman özü həmişə ehtiyac duyur. Respublikamızın ulu öndər Heydər Əliyevə ehtiyacı olanda o, bu tarixi missiyanı şərəflə öz üzərinə götürdü. Ulu Öndər 52 il bundan əvvəl Azərbaycana rəhbər seçiləndə qarşıda başlıca vəzifə kimi, ilk növbədə, Azərbaycan xalqının mənəvi dəyərlərinin, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı Sovetlər Birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi ilə xalqımız üçün sözün əsl mənasında tərəqqinin və yüksəlişin əsası qoyuldu. Hələ gənclik illərindən əmək fəaliyyətinə başlayan Ulu Öndər  1944-cü ildən 1969-cu ilədək Dövlət Təhlükəsizliyi Komitəsində sıravi əməkdaşdan sədr vəzifəsinə qədər şərəfli yol keçərək böyük şöhrət qazanmışdı. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir.

- Ümummilli Liderin hakimiyyətinin birinci dövrünü əhatə edən illərdə görülən işlər, həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?

- Azərbaycanda ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılıb, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılıb, əhalinin rifahı xeyli yüksəlib, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçib, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görülüb. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin siyasi iradəsi hesabına gerçəkləşib. 1969-1982-ci illərdə Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahəsində fundamental irəliləyiş baş verib. Respublikamız o zamankı Sovetlər Birliyində öz dəst-xətti, xüsusi mövqeyi, inkişaf tempi ilə şöhrətlənmişdi. 1970-ci illərdə Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası adını qazandı. Ümummilli Liderimizin özü həmin mərhələdəki fəaliyyətini xatırlayarkən demişdi: «O illər bizim respublika üçün çox uğurlu oldu. Bir çox vaxtlarda mən işimi qurtarandan sonra da evə getmir, saatlarla kabinetimdə əyləşib respublikanın gələcək inkişafı üçün daha hansı tədbirlərin görülməsinin vacibliyini düşünürdüm. İstəyirdim ki, vəzifəmin mənə verdiyi səlahiyyətlərdən istifadə edib, xalqın güzəranını bir qədər də yaxşılaşdırım».

Bir sözlə, tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin zəruri bazası xeyli əvvəl, Ulu Öndərin rəhbərliyi dövründə təşəkkül tapıb formalaşmışdı. Azərbaycan 1990-cı illərin əvvəllərində hamımıza məlum olan fəlakət, uçurum qarşısında olanda yenə də tarixin, xalqın çağırışına səs verən ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmiş oldu. Beləliklə də, 1969-cu ildən əsası qoyulan yol, müəyyənləşdirilən siyasət Azərbaycana xidmət edir.

- Hər bir xalqı dünyada tanıdan tarixi, dili, milli – mənəvi dəyərləridir. Ümummilli Liderin milli dəyərlərimizin inkişafı istiqamətində gördüyü işləri necə şərh edərdiniz?

- Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda, milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. 1982-ci il dekabrın 2-də Azərbaycan KP MK-nın Büro iclasında Ulu Öndər respublikaya on üç il yarımlıq rəhbərlik dövrünün yekunlarını məmnunluqla, fəxrlə ümumiləşdirərək demişdi: «Bu illər ərzində böyük işlər görülüb, respublika böyük uğurlar əldə edib. Biz uzunmüddətli geriləməni qısa müddətdə aradan qaldırmağa nail olmuşuq. Respublikamız ümumittifaq miqyasında ən qabaqcıl mövqelərdədir... Respublikada çox gözəl, sağlam mənəvi-siyasi, mənəvi-psixoloji atmosfer hökm sürür, sözün qısası, bizim respublika yüksəklərə, çox yüksəklərə qalxıb». Bütün bunlar isə 1969-cu il iyulun 14-dən başlanan şanlı Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürü idi.

-1969-1982-ci illərdə milli kadr hazırlığı hansı səviyyədə idi?

- Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc  mülki və hərbi ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində Ulu Öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.

- Hətta  imperiya rəhbərlərinin etirazına baxmayaraq Bakıda hərbi məktəb açılmasına nail olub…

-Bəli, Ulu Öndər gənclərin Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilib, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapıb. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.

- Bu gün müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları əsasında inamla və uğurla inkişaf edir. Hazırkı inkişaf və perspektivlərlə bağlı fikirləriniz nədən ibarətdir?

- Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olub. Azərbaycan   ulu öndər Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində   yaradılan möhkəm təməl üzərində con 18 ildə daha da zirvələrə yüksəlir.  Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev  öz praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəli aparır. Xalqımız ölkə Prezidentinin ətrafında dəmir yumruq kimi birləşib.  Azərbaycan irəliyə doğru inamla addımlayır.  44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Zəfər bunun ən yeni sübutudur. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən,  güc toplayan Azərbaycan xalqı, onun rəşadətli ordusu düşməni torpaqlarımızdan qovdu, üçrəngli bayrağımızı  işğal altında olan bütün torpaqlarımızda dalğalandırdı, ərazi bütövlüyümüzü bərpa etdi,   Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu.  Azərbaycan Prezidenti İlham Əliyev bu Zəfərin memarı, İkinci Qarabağ müharibəsinin  əsl qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdı.

Bir sözlə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir. .Bu gün hər bir azərbaycanlı Ulu Öndəri minnətdarlıqla anaraq ruhun şad olsun böyük Xilaskarımız!- deyir.

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2021.- 13 iyul.- S.11.