Azərbaycan
həqiqətlərinin gənc təbliğatçısı
Leyla Əliyevanın biri-birindən
uğurlu addımlarında, çoxşaxəli fəaliyyətində böyüyüb tərbiyə
aldığı ailənin də rolu danılmazdır
Müasir Azərbaycan gəncliyinin lideri, ürəyi Vətən sevgisi ilə döyünən mərhəmətli xanım Leyla Əliyevanın mənalı ömür yolunu qısaca belə təsvir edərdik...
Yazıya Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu fikirləri ilə başlamaq istərdik: «Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir.»
Hər kəsin fəaliyyəti, keçdiyi yol təbii ki, onun təqdimatıdır. Bu gün fəaliyyəti gənclərimiz üçün örnək olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müasir müstəqil Azərbaycanın təbliğatçısı missiyasından bəhs etmək istərdik. Bir mühüm məqamı da nəzərə alsaq ki, bu gün (3 iyul) Leyla Əliyevanın doğum günüdür, qısa bir təqdimatla onun dövləti, xalqı üçün necə fədakar gənc olduğunun da portretini yaratmış olarıq.
Leyla Əliyevanın bugünkü gəncliyimizə nümunə olan həyat yoluna qısa nəzər salaq. Avropa Biznes Məktəbini bitirib.
2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb. 2010-ci ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub. 2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib. Jurnalın təsisçisi və baş redaktorudur. 2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarıdır. 2008-ci ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru vəzifəsində çalışır. 2009-cu ilin aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib. 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Bunlar Leyla Əliyevanın statuslarının sadəcə siyahısı deyil, bu siyahının arxasında dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi biri-birindən əhəmiyyətli layihələr dayanır. Bu qısa təqdimat onun gördüyü işlərin miqyasının nə qədər geniş olduğuna da işıq salır. Qeyd etdiyimiz kimi, Leyla Əliyevanın fəaliyyətində tariximizin, mədəniyyətimizin, Azərbaycan həqiqətlərinin təbliği prioritet istiqamətlərdəndir. L.Əliyevanın təşəbbüsü ilə keçirilən «Xocalıya ədalət» kampaniyası çərçivəsində bütün dünya xalqlarına bəyan edilir ki, guya genosidə məruz qaldıqlarını saxta fakt və iddialarla sübuta yetirməyə çalışan ermənilərin təbliğatının əksinə olaraq əsl həqiqət budur ki, soyqırıma məruz qalan, torpaqları Ermənistan tərəfindən işğal olunan Azərbaycan xalqıdır. Leyla Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirlər davamlıdır, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi səylərin nəticəsi olaraq bir çox dövlətlər Xocalı faciəsini soyqırımı kimi qəbul edib. Leyla Əliyeva xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə Dünya azərbaycanlılarının III qurultayında «Tərəqqi» medalı ilə təltif olunmuşdur.
Leyla Əliyevanın təltiflərinə diqqət yetirdikdə onun çoxşaxəli fəaliyyəti daha aydın görünür. Ətraf mühitin mühafizəsi üzrə VII Beynəlxalq Layihə Olimpiadasının Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji mühitin qorunmasına görə" Fəxri Fərmanla təltif edilib. Dünyada aclığa qarşı mübarizəyə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılmasına, sağlam ərzaq sistemi yaradılmasına verdiyi töhfəyə görə 2015-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.
Təbii ki, Leyla Əliyevanın biri-birindən uğurlu addımlarında, çoxşaxəli fəaliyyətində böyüyüb tərbiyə aldığı ailənin də rolu danılmazdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev məktəbinin davamçısı, ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlətimiz, xalqımız qarşısında xidmətlərindən daha da ruhlanaraq uğurlarımıza töhfə vermək istəyi Leyla Əliyevanın atdığı hər addımında özünü qabarıq şəkildə göstərir.
Bu gün dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının əsasında dayanan bu çağırış Leyla Əliyevanın fəaliyyətinin əsas prinsipidir- Gənclərimiz milli ruhda tərbiyə olunmalı, vətənpərvər olmalı, Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutmalıdırlar.
Leyla Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsidir. Çıxışlarının birində «Bu gün ölkəmiz bir sıra təşəbbüsləri həyata keçirməklə həm özünün ekoloji vəziyyətini yaxşılaşdırmış, həm də qonşu ölkələrə bu sahədə əlindən gələn köməyi əsirgəməmişdir. Biz regionun lider ölkəsiyik və bizim ekoloji siyasətimiz birbaşa olaraq təbii ehtiyatların səmərəli istifadəsi, istehsalı və istehlakına yönəlmişdir» söyləyən Leyla Əliyeva rəhbərlik etdiyi İDEA-nın (Ətraf Mühitin Mühafizəsi Fəlaiyyəti üzrə Beynəlxalq Dialoq) beynəlxalq maarifləndimə kampaniyasını yüksək dəyərləndirir. Kampaniyanın devizinə diqqət yetirsək bu gənclərimizə bir çağırışdır- «Qlobal ətraf mühitin tarazlığını yaratmaq üçün gənclərin qüvvəsinin səfərbər edilməsi». İDEA təkcə Azərbaycanda deyil, bütün dünyada gənclər arasında dialoq, maarifləndirmə, liderlik və əməkdaşlığı gücləndirmək üçün dünyanın müxtəlif yerlərindən olan ətraf mühitin gənc müdafiəçiləri ilə əməkdaşlıq edir.
Çoxşaxəli fəaliyyəti ilə diqqət çəkən Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərinə uyğun olaraq biri-birindən önəmli layihələrin təşəbbüskarı kimi çıxış edir. Belə ki, Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Təkcə cari ilin ötən dövründə həyata keçirilən tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Valideyn himayəsindən məhrum uşaqlara ailə sevincini bəxş etmək, uşaq evlərinin, internat-məktəblərinin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması atılan addımların əsasında dayanır.
Bu gün Heydər Əliyev Fondunun layihələri, təşkil etdiyi tədbirlər dünya siyasətçiləri, ekspertləri, ziyalıları tərəfindən dəstəklənir, xoş sözlərlə dəyərləndirilir. Heydər Əliyev Fondunun bütün xalqlarla dostluq əlaqələrini möhkəmləndirmək istəyini gerçəkləşdirmək istiqamətində əldə etdiyi uğurlarda Leyla Əliyevanın öz payı, rolu vardır.
Bu xoş gündə Leyla Əliyevanın fəaliyyətinə qısa baxış bir daha bu fikri böyük əminliklə və fəxr hissi ilə qeyd etməyə əsas verir ki, ən böyük mükafat, dəyər xalqın sevgisidir. Gənc olmasına baxmayaraq, onun Azərbaycanımız üçün gördüyü işlərin miqyası geniş, ən əsası reallıqlarımızın təbliğinə töhfələri davamlıdır.
Bu günümüzün əsas çağırışı hücum diplomatiyasını daha da sürətləndirmək, erməni yalanlarını əsaslı şəkildə ifşa etməkdir. Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” kampaniyası bu məqsədə böyük dəstəkdir. Leyla Əliyevanın bu xidməti, tutduğu yol Azərbaycan gənclərini daha səylə çalışmağa, reallıqlarımızın təbliğatçısı olmağa stimul verir.
Bu gün dövlətimizin gənclərə diqqət və qayğısı göz önündədir. Dövlətimizin başçısı İlham Əliyev onların potensial imkanlarından maksimum istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyur. Hazırda gənclərimizin dövlət idarəçiliyindən təmsilçiliklərinin artırılması da prioritet məsələlər sırasındadır. Gənclərimiz bu diqqət və qayğını əməli fəaliyyətləri ilə cavablandırmağa, Azərbaycan həqiqətlərinin təbliğinə öz töhfələrini verməyə səy göstərirlər. Leyla Əliyeva Azərbaycanın ən fəal təbliğatçısı kimi gənclərimizi daha da ruhlandırır.
Bu gün böyük inamla qeyd edirik ki, günbəgün güclənən, qüdrətlənən Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların qürur mənbəyidir. Azərbaycançılıq ideyasının təbliğində, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyində, həmrəyliyində öz payı olan Leyla Əliyevanın daim ictimaiyyət arasında olması, onlarla səmimi ünsiyyəti bizi Mehriban xanım Əliyevanın müsahibələrinin birində ona ünvanlanan “İnsanlarda hansı keyfiyyətlərə qiymət verirsiniz” sualına cavabını bir daha xatırlatmağa sövq edir. Mehriban xanım Əliyeva bildirmişdir: “Saflığı və mənliyi, səmimiliyi və xeyirxahlığı, ağlı və peşəkarlığı. Heç bir ifadədə süniliyi qəbul etmirəm. Təəssüf ki, müasir həyat quruluşu çox şeyi yox edir, insana yeni-yeni bilik, bacarıq, imkan verərək, bəzən onun mənəvi tamlığını tapdalayır. Uğurun, firavanlığın arxasınca qaçmaq, bunlara nəyin bahasına olursa olsun, nail olmaq istəyi insanları tanınmaz dərəcədə dəyişir, bu da məyusluq gətirir. Düzdür illər ötdükcə mən insanların zəifliklərinə və bir çox şeylərə daha dözümlü yanaşmağa başlamışam. Lakin özüm üçün yolverilməz saydığım şeylərə görə, başqalarını da bağışlaya bilmərəm. Xoşbəxtlikdən məni həm ailəmdə, həm də peşəkar fəaliyyətimdə yalnız parlaq, pozitiv, səmimi və xeyirxah insanlar əhatə edir. Onlarla ünsiyyət həmişə sevinc gətirir.»
Təbii ki, bu fikirləri xatırlatmağımız səbəbsiz deyil. Leyla Əliyevanın belə xeyirxah, səmimi, fədakar olmasında, həyata real baxışında bir ana olaraq Mehriban xanım Əliyevanın həyat prinsiplərindən götürdüyü örnək də xüsusi rol oynayır.
Dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərini xatırlatmaq istərdik: «Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.» Bu əminlik də ifadə olunur ki, gənclərin malik olduğu imkanlar qlobal dünyada insan kapitalının biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında əhəmiyyətini müzakirə obyektinə çevirməyə stimul verəcək. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
Çoxşaxəli fəaliyyəti ilə ictimaiyyətin rəğbətini qazanan Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi hər bir layihə Azərbaycanımızın qürətlənməsinə, beynəlxalq aləmdə tanıtımına, həqiqətlərimizin təbliğinə xidmət edir. Dünənimizdən bu günümüzə baxış fonunda sabahımızın daha da işıqlı olacağına əminlik yaranır.
Ötən ilin ən vacib hadisəsi təbii ki, 30 ildir gözlədiyimiz Qələbəni qazanmağımız oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev son 17 il beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışlarında Azərbaycanla, Qarabağla bağlı həqiqətləri dünyaya çatdırırdı. Bu təbliğat indi də Ali Baş Komandan başda olmaqla, Leyla Əliyevanın və Azərbaycan gəncliyinin timsalında uğurla davam etdirilir. Azərbaycan həqiqətlərinin təbliğinə öz töhfələrini verməyə səy göstərirlər. Leyla Əliyeva Azərbaycanın ən fəal təbliğatçısı kimi gənclərimizi daha da ruhlandırır.
Günel Eyyubova
İki sahil.- 2021.- 3 iyul.- S.3.