Ümummilli lider Heydər
Əliyevin
dövlətçilik tariximizdə yeri
Hər bir xalq yaratdıqlarına görə tarixə düşür. Hər bir tarixi şəxsiyyət də xidmətlərinə görə tanınır və dillər əzbəri olur. Azərbaycan xalqı da tarix boyu ədalətinə və tolerantlığına görə dünya xalqları içərisində böyük nüfuz qazanıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “Ümummilli lider Heydər Əliyevin dövlətçilik tariximizdə yeri” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir: “Dünyanın qədim dövlətləri sırasında yer alan Manna, Albaniya, Atropatena öz müstəqilliklərini qorumaq üçün düşmənə hər cür müqavimət göstərmiş və bu gün xalqımızın öyünməsi üçün şərəfli bir tarix miras qoymuşlar. Orta əsrlərin Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövləti müsəlman Şərqinin ən qüdrətli dövlətləri sırasında yer ala bildilər. Səfəvilər bir az da irəli gedərək imperiya yaratmağa nail oldular. Azərbaycan xalqı bu dövlətin yaradıcısı Şah İsmayıl Xətaini min illərdir ki, tariximizin qəhrəmanı kimi anır və müstəqilliyimiz dövründə onun şərəfinə abidələr ucaldır.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan milli-demokratik ziyalılarımız Müsəlman Şərqində ilk parlamentli Respublikanın qurucuları kimi tarixə düşdülər. 23 ay yaşayan bu dövlət 350 ilkə imza atmağa müvəffəq olmuşdu.
1920-ci ilin aprelindən sonra Azərbaycan müstəqil dövlət kimi yox, müttəfiq dövlət kimi fəaliyyət göstərmişdi. Hər bir müttəfiq respublika nəhəng sovet dövlətindən yararlanmaq istəyirdi. Bu daha çox müttəfiq respublikaya rəhbərlik edən şəxsdən asılı idi.
Heydər Əlirza oğlu Əliyev 1969-cu il iyulun 14-dən Azərbaycana rəhbərlik etməyə başladı. Həmin ilin martında Mərkəzin tapşırığı ilə Azərbaycan Ali Soveti Rəyasət Heyəti dörd min kvadrat kilometr Azərbaycan torpağının Ermənistana verilməsi haqqında qərar çıxardı. Heydər Əliyev bütün hakimiyyəti dövründə bu qərarın icra olunmasına imkan vermədi. 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetinin 50 illik yubileyi 1969-cu ildə keçirildi. Yubiley toplantısına rəhbərlik edən Heydər Əliyev öz nitqinə Azərbaycan dilində başladı. Bu, o dövr üçün çox böyük siyasi hadisə idi.
Azərbaycanı aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevirən Respublikanın Birincisi ölkədə hərbi məktəb yaratmaq üçün uzun illər mübarizə apardı və istəyinə nail oldu.
Azərbaycanda keyfiyyətli ziyalı ordusu yaratmaq üçün hər il minlərlə Azərbaycan gəncini ölkənin ən nüfuzlu ali məktəblərinə göndərməyə nail oldu.
1977-ci ildə SSRİ-nin növbəti Konstitusiyası qəbul edildi. Məqsəd ondan ibarət idi ki, müttəfiq dövlətlər milli dil məsələsində israr etməsinlər. Heydər Əliyev mərkəzin (Sovet İttifaqı Kommunist Partiyası) bütün təzyiqlərinə baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu.
Heydər Əliyevə qədər Azərbaycan xalqının milli sərvəri olan neft və qaz qonşu respublikalara onların sərvəti kimi verilirdi. Heydər Əliyev mərkəzin bu siyasətini respublikanın xeyrinə dəyişməyə nail oldu.
Heydər Əliyevə qədər hərbi xidmətə çağırılan azərbaycanlı gənclərin demək olar ki, əksəriyyəti tikinti batalyonlarına göndərilirdi. Heydər Əliyev bu sahədə də dönüş yarada bildi. Azərbaycanlı gənclər də müasir silahlarla təchiz edilən hərbi hissələrdə xidmət etməyə başladılar.
Azərbaycan neftinin gələcək taleyini uzaqgörən siyasəti ilə müəyyən edən Heydər Əliyev Dərin Özüllər Zavodunun tikilməsinə nail oldu. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin bu sahədə uzaqgörən siyasətinə heyran olmamaq olmur.
Azərbaycanı uğurlu və bacarıqlı siyasəti ilə müttəfiq respublikalar arasında birincilərdən edən Heydər Əliyev sovet dövlətinin idarəçiliyində də böyük xidmətləri olmuşdur. Heydər Əliyev yeganə türk müsəlmandır ki, 70 ildən çox fəaliyyət göstərən bu dövləti idarə edənlərdən biri olmuşdur. Əgər imkan versəydilər, bu dövləti idarə edən birinci şəxs də ola bilərdi.
Sovet dövlətinin süqutundan sonra Heydər Əliyev Moskvada yox, Azərbaycanda öz xalqının yanında olmaq istəyirdi.1990-cı il 20 yanvar qırğını göstərdi ki, Azərbaycan xalqı köməksiz vəziyyətdədir. Xalqın tələbi ilə hakimiyyətin istəyi üst-üstə düşmürdü. Düşmən tərəf öz havadarlarının gücündən istifadə edərək Azərbaycanın tarixi torpaqlarına sahib olmaq istəyirdi. Hakimiyyət bunları fikirləşə bilmir, Heydər Əliyevin Azərbaycana dönüşünü əngəlləmək üçün planlar hazırlayırdı. Azərbaycandan uzaq düşən Naxçıvan ağır blokada həyatı yaşamaqda idi. Heydər Əliyev Naxçıvanın harayına çatdı, bütün çətinliklərə baxmayaraq, əhalini çətinliklərdən qurtara bildi. Qısa müddət ərzində qonşu dövlətlərlə səmimi münasibətlər qurmağa nail ola bildi. Muxtar respublikanın əhalisini inandıra bildi ki, Naxçıvanın bir qarış torpağını düşmənə güzəştə getməyəcək. Bakıda hakimiyyət uğrunda mübarizə qızışan vaxtda Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin bərpası haqqında Naxçıvan Ali Məclisinin qərarını qəbul etdi.
1991-ci ilin oktyabrında dövlət müstəqilliyi haqqında qəbul edilən Konstitusiya Aktı 1993-cü ilin yayında çətin günlərini yaşayırdı. Düşmən Şuşanı, Laçını, Kəlbəcəri işğal etdi, Qarabağ və ətraf rayonlar üçün böyük təhlükə yarandı. 20 yanvar qırğınının mahiyyətini dünyaya çatdırmamış, Xocalı soyqırımını yaşamağa məcbur edildik. Vətəndaş müharibəsinin ilk işartıları Azərbaycanı təhdid etməyə başladı. Hakimiyyət hərisləri ölkəni parçalanmaq və işğal təhlükəsi ilə üz-üzə qoydular. Hamı, hətta siyasi hakimiyyət də ümidini Naxçıvana bağlayır və nicat yolunu orada axtarırdı.
Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanı qurtarmaq üçün Bakıya gəldi. Azərbaycanı, onun bölgələrini parçalamaq təhlükəsindən qurtarmaq üçün Bakıya köməyə çağırıldı. Düşmən yeni torpaqlar işğal edə bilməsin deyə güclü Ali Baş komandana ehtiyac var idi. Cümhuriyyətin acı taleyini yaşamamaq üçün güclü dövlət başçısına ehtiyac var idi. Naxçıvanda yenidən qaldırılan və bütün Azərbaycana şərəf gətirən üç rəngli bayrağı əbədi etmək üçün Heydər Əliyevə hava və su qədər ehtiyac var idi. Heydər Əliyev də gəldi. İllərlə rəhbərlik etdiyi xalqının ən çətin günlərində onun yanında oldu. Heç bir təhlükə və heç bir təhdid onu yolundan döndərə bilmədi. Heydər Əliyev dağılmaq təhlükəsi ilə üz-üzə dayanan dövlətimizin başına keçdi və bu yolda əngəl olan bütün qüvvələri öz zəngin təcrübəsi və bacarığı ilə aradan qaldırdı.
15 iyuna gələn yolun siyasi mənzərəsi bu şəkildə idi.
Heydər Əliyev 15 iyuna gələn yolu xilas etdiyi kimi, 15 iyundan sonra da şərəfli bir tarixin əsasını qoydu.
Ölkədə daxili sabitliyə nail oldu, dövlət çevrilişlərə cəhdləri zərərsizləşdirdi, təcavüzkar Ermənistanla atəşkəsə nail oldu, Bakı neftini dünya bazarına çıxarmaq üçün “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu, Azərbaycanı təhdidlərdən qorumaq üçün Müstəqil Dövlətlər Birliyinə üzv qəbul olunmasına nail oldu, 1990-cı il 20 yanvar və Xocalı soyqırımına siyasi qiymət verməyə nail oldu, 31 Martın azərbaycanlıların soyqırımı günü kimi təsbit olunmasına, azərbaycanlıların Ermənistan SSR-dən deportasiya olunması haqqında fərmanların verilməsinə nail oldu, Azərbaycanda ölüm hökmünün və senzuranın ləğv edilməsinə nail oldu, ATƏT-in Lissabon Sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-nün (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli maraqlarına uyğun prinsiplərin açıq şəkildə müdafiə olunmasına nail oldu, Azərbaycanın Avropa Parlament Şurasına üzv qəbul olunmasına nail oldu, müstəqil dövlətin ilk Konstitusiyasının yaradılmasına və ilk parlament seçkilərinin keçirilməsinə nail oldu, aqrar islahat həyata keçirməklə torpağın təmənnasız olaraq kəndlilərə verilməsinə nail oldu, qonşu dövlətlər, o cümlədən dünyanın nüfuzlu dövlətləri ilə balanslaşdırılmış siyasətin həyata keçirilməsinə nail oldu, dünyanın, o cümlədən BMT-nin ali tribunasından Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa olunmasına nail oldu, Ordu quruculuğu sahəsində uğurlar qazanmaq və düşməni öz torpaqlarımızdan çıxarmaq üçün ali hərbi məktəblərin yaradılmasına nail oldu, azərbaycançılıq ideologiyasının və “bir millət, iki dövlət” konsepsiyasının həyata vəsiqə almasına nail oldu, Azərbaycanın müstəqilliyini əbədi etmək üçün bütün gücünü və bacarığını bu işə yönəltməyə nail oldu.
Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı mübarizə Heydər Əliyev siyasətinin ardıcıl davamçısı, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ermənistanın təcavüzkar siyasətinin kəskin tənqidi, Azərbaycanın haqq işinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması, güclü orduya və müasir silahlara malik olmağımız, xalq tərəfindən dövlətin siyasətinə hərtərəfli dəstək 2020-ci il sentyabrın sonlarında Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün Vətən müharibəsini başlamağa məcbur etdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, düşməni darmadağın edərək onu danışıqsız bəyanata imza atmağa məcbur etdi. 14 iyul öz tarixi nəticəsini verdi.
Ümummilli lider Heydər Əliyevin böyük dövlətçilik siyasəti dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ Azərbaycandır!”
İki sahil.- 2021.- 15
iyul.- S.13.