Azərbaycan dilinin Culfa şivələrində
qohumluq əlaqələrini bildirən
sözlər
Leksikanın qədim qatlarına nəzər salarkən qohumluq əlaqəsi bildirən sözlərin istər bədii ədəbiyyatda, istərsə də dialekt və şivələrdə xüsusi çəkisinin olduğunu görmək mümkündür. Qohumluq əlaqəsi bildirən terminlərin bəziləri sinonim cərgələr yaradır ki, bu, dialekt və şivələrimizdə qabarıq şəkildə müşahidə olunur. Maraqlı məqam isə ondan ibarətdir ki, bu terminlər bir sıra türk dillərində də işlədilir. Məlum olduğu kimi, Culfa şivələri Naxçıvan qrupu dialekt və şivələri içərisində özünəməxsus elementləri ilə seçilən şivələrdəndir. Bu baxımdan araşdırma apararkən fərqli elementlər diqqətmizi cəlb edir. Ümumiyyətlə, dilçilik ədəbiyyatlarında qohumluq terminləri ənənəvi olaraq iki qrupa, – qan qohumluğu və nikah qohumluğu bildirən sözlər olaraq bölünür. Dosent Nuray Əliyeva öz təsnifatında fərqli yanaşma nümayiş etdirərək ailə içi yaxınlıq, ata tərəfdən olan qohumluq, ana tərəfdən olan qohumluq, evliliklə əlaqəli qohumluq, nənə-babaya görə qohumluq prinsipini göstərmişdir. Tədqiqatımızda Culfa şivələrindəki qohumluq əlaqəsi bildirən terminləri də iki qrupda birləşdirəcəyik:
Kişi
cinsinə aid olan qohumluq terminləri:
Culfa şivələrində atanın və ya ananın
atası mənasında baba termini işlədilir ki, bu bəzi
türk dillərində ata mənasında işlənməkdədir. Müasir Culfa
şivələrində ulu baba mənasında cəddə
baba termini işlənməkdədir ki, bu sözə tayfa
üzvlərinin ən qədimdə yaşamış
babası mənasında Meğri şivələrində də
rast gəlinir.
Ata/dədə bütün şivələrdə
olduğu kimi, Culfa şivələrində də valideyn bildirən
termin kimi işlənir. Ədə elementi bu şivələrdə
rast gəlinən fərqli termindir. Zənnimizcə,
bu gun arxaikləşmiş, lakin Culfa şivələrində,
xüsusilə yaşlı insanların
danışığında rast gəlinən bu söz ə>a
sait və d>t samit əvəzlənməsi nəticəsində
ata, yaxud samit artımı hadisəsinə uğrayaraq dədə
formasına düşmüşdür. Ekspedisiyalar
zamanı digər bölgələrdə Şərur rayonu ərazisində
rast gəldiyimiz aba, ümumilikdə Naxçıvan dialektində
seyid nəslindən olan ailələrdə işlənən
ağa termini də diqqəti cəlb edir. Dosent Zülfiyyə
İsmayılın tədqiqatında Naxçıvan Muxtar
Respublikasının bəzi rayon və kəndlərində
ata kəliməsinə qağa, qadam, aqa, ava,
abba, əyə kimi fərqli şəkillərdə rast gəlindiyi
məlum olur. Müəyyən tarixi dövr və
ictimai-siyasi formasiya ilə əlaqədar olaraq bütün
dillərdə olduğu kimi, Azərbaycan dilinə də əcnəbi
dillərdən bir sıra sözlər keçmişdir.
Vaxtilə ölkəmizin rus imperiyasının tərkibində
olması ilə əlaqədar olaraq rus dilində ata termini əvəzində
işlədilən papa/pa: sözü Culfa rayonu ərazisində
yaşayan bir çox ailələrdə hələ də
işlənməkdədir.
Culfa rayonu ərazisində yaşayan əhalinin
danışığında qardaş termini ilə
yanaşı dadaş, kiçiltmə və əzizləmə
mənasında isə qaqaş variantı da işlənir. Azərbaycan dilinin bir
sıra dialekt və şivələrində geniş işlənən
qağa termini isə Culfa şivələrində, əsasən,
yaxın dost mənasında rast gəlinir.
Əmi termini istər Azərbaycan ədəbi dilində,
istərsə də digər dialekt və şivələrimizdə
olduğu kimi atanın qardaşını bildirmək
üçün işlədilir. Əmi
sözünün etimologiyasına nəzər saldıqda ata tərəfdən
qohumların ən çox əm sözü ilə
bağlı olduğu fikrinə rast gəlirik. Əmi – atanın qardaşı, əmmə, məmə,
mama – atanın bacısı və s.
Dayı termini ananın qardaşı mənasında digər
dialekt və şivələrdə olduğu kimi Culfa şivələrində
də işlənir. Bəşir Əhmədov dayı sözünün
etimologiyasını izah edərkən qeyd edir ki, ana
qohumlarını bildirən sözlərin hamısı birlikdə
day adlanıb: dayza – xala, dağay, tağay – dayı,
daybaş, taybaş – ana babası kimi şərh edilib. Culfa şivələrində bəzən
kiçiltmə və əzizləmə mənasında day-day
şəklində də deyilir.
Əmi, dayı, bibi, xala uşaqlarını ifadə etmək
üçün bir sıra Avropa dillərində bir sözdən
istifadə olunur. Məsələn, ingilis dilində cousin
[kʌzn], fransız dilində cousin [ku.zɛ̃], rus dilində
êóçåí sözlərini
nümunə gətirmək olar. Müasir Türkiyə
türkcəsində də kuzen sözü çox geniş
işlənməkdədir.
Əmi oğlu termini Culfa şivələrində
əmoğlu şəklində, dayı oğlu sözü
dayoğlu kimi, bibi oğlu kəliməsi biboğlu, xala
oğlu isə xaloğlu formasında işlənməkdədir.
Həyat yoldaşının qardaşı mənasında
Culfa şivələrində qəyin/qayın formalarında
rast gəldiyimiz qayın termini müasir türkcədə də
geniş yayılmışdır.
Kürəkən
termininə Culfa şivələrində həm də yeznə
və ya giyəv/gə:v variantlarında
rast gəlinir. Bu sözün
etimologiyasının tarixi çox qədimdir. Belə
ki, Qədim lüğətlərdə küdəgü şəklində
işlənən bu söz İbn Mühənna lüğətində
güyəg/güvəyi, Mahmud Kaşğarinin lüğətində
kudhəgu, Kitabi-Dədə Qorqudda göygü/güyəgü
şəklində dillərdə səslənir.
Bacanaq Culfa şivələrində bacıların ərləri
mənasında istifadə edilən qohumluq terminidir. Mənbələrdə
göstərilir ki, böyük bacının əri baca,
kiçiyinki isə bacanaq adlandırılıb. M.Fasmer bacanaq kəliməsinin
balaca bacının ərini ifadə etdiyi üçün
-naq şəkilçisini kiçiltmə şəkilçisi
hesab edir. Ə.Dəmirçizadə isə
-anaq hissəciyini qohumluq əlaqəsi bildirən söz kimi
şərh edir. Lakin hər iki fikir hələ
də öz təsdiqini tapmış hesab olunmur. Uyğur dilində qadının öz ərinin,
kişinin isə öz arvadının qardaşına bacanaq
deməsi, uyğur, qırğız, tatar dialektlərində
bacanaq sözünün bağanaq kimi işlənməsindən
belə qənaətə gəlmək mümkündür ki,
bu termin yalnız bacı məfhumu ilə məhdudlaşmır.
Görünür, burada bağ kəliməsi ilə
əlaqəni də axtarmaq lazımdır.
Valideynin ikinci nikahına aid olaraq işlədilən
ögey ata termininə Culfa şivələrində övəy
ata/öyəy ata, atalıx, dədəlix', dədalıx
şəklində rast gəlinir.
Valideynin ikinci nikahından olan qardaş termini Culfa
şivələrində ögey qardaş/öyəy
qardaş/ övəy qardaş, qardaşdıx kimi işlədilir.
Culfa şivələrində ögey oğul
övladı termini öyəy oğul /övəy oğul
kimi də işlənir.
Quda Azərbaycan dilinin bütün dialekt və şivələrində
olduğu kimi, Culfa şivələrində də işlədilir
və kürəkənin, yaxud gəlinin valideynləri mənasını
ifadə edir.
Dosent Nuray Əliyeva göstərir ki, quda kəliməsi
dilimizə XI əsrdən sonra daxil olmuşdur. Müəllif bu terminin dilimizə uyğur dilindən
keçdiyi qənaətindədir. N.Əliyeva
qeyd edir ki, qədim uyğur dilində qud sözü bəxt,
qudatmaq bəxtiyar etmək, xoşbəxt etmək mənasındadır.
Qadın
cinsinə aid olan qohumluq terminləri:
Bütün dialekt və şivələrimizdə
atanın və ya ananın anası mənasında Culfa
şivələrində də işlədilən nənə
termini ilə yanaşı ana sözü də geniş
yayılmışdır.
Ana termini bütün dialekt və şivələrimizdə
olduği kimi, Culfa şivələrində də işlədilir. Aba Gədəbəy, Quba,
Ordubad, Zəngilan bölgələrində ata mənasında
işlənsə də, Cəbrayıl, Qax, Təbriz, Şəmkir
şivələrində ana mənasında işlədilir. Elbrus Əzizov da göstərir ki, M.Kaşğarinin
lüğətində aba həm ata, həm də ana mənalarında
işlənmişdir. Müasir dövrdə
Culfa şivələrində rus dilindən keçən mama
termini çox geniş yayılmışdır.
Bacı bütün dialekt və şivələrdə
olduğu kimi Culfa şivələrində də işlədilir. Çənbərək
şivəsində bacı mənasında abay termini istifadə
olunur.
Bibi Naxçıvan qrupu dialekt və şivələrində
olduğu kimi Culfa şivələrində də atanın
bacısı mənasında işlədilir. Zaqatala, Qazax, Qax şivələrində
bibi termini əmə/mama,
Lerik şivələrində məmə/bibi, Meğri şivələrində
düdə kimi işlədilir. Bu termini bəzi
müəlliflər ərəb mənşəli hesab etsələr
də, Bəşir Əhmədov bibi sözünün
türk mənşəli olduğunu qeyd edir.
Xala Culfa şivələrində ananın
bacısına deyilir. Bu termin bəzi şivələrdə
adiy (Z.), abay (Qax) kimi ifadə edilir. Xala
sözünün mənşəcə ərəb
sözü olduğu göstərilir. Türk
dillərində bu sözün dayza kimi işlədildiyi qeyd
olunur.
Əminin arvadı Culfa şivələrində əmcanı
termini ilə ifadə olunur. Bu mənada əmmə
kəliməsi bu şivələrdə daha geniş
yayılmışdır.
Naxçıvan qrupu dialekt və şivələrində
olduğu kimi Culfa şivələrində də
dayının arvadı mənasında daycanı termini işlədilir. Bu mənada
gülbacı sözünə də çox rast gəlinir.
Qeyd etmək lazımdır ki, gülbacı
sözü əmi arvadı mənasında da geniş işlədilməkdədir.
Culfa
şivələrində əmi qızı mənasında əmqızı,
dayı qızı mənasında isə dayqızı,
bibinin qızı mənasında bibqızı, xalanın
qız övladı kimi xalaqızı termini işlədilir. Yuxarıda qeyd etmişdik ki, bəzi dillərdə əmi,
dayı, bibi, xala uşaqları terminlərini bir sözlə
ifadə edirlər. Məsələn,
ingilis dilində şəxs əvəzliklərindən
başqa digər nitq hissələrində cins kateqoriyası
olmadığı üçün əmi, dayı, bibi, xala
qızı terminləri cousin, eynilə də cins
kateqoriyası olmayan Türkiyə türkcəsində kuzen kəliməsi
ilə ifadə edilir. Cins
kateqoriyasının mövcüd olduğu Fransız dilində
bu termini cousine [ku.zin] və rus dilində êóçèíà olaraq tək bir sözlə
ifadə edir.
Baldız Culfa şivələrində ər və ya
arvadın bacısına deyirlər. Baldız
sözünün etimoloji izahına nəzər salarkən
görürük ki, gəlinin kiçik bacısı
baldız adlanıb. Mənbədə qeyd
olunur ki, bəzi türk dillərində baldız mənasında
yalduz, yaldız sözləri işlədilir. Türk dillərində yaşca kiçik qohumlara
baltır, arvadın kiçik bacısına baltız deyiblər.
İndi baldız kiçik mənasından
uzaqlaşıb, həm də yalnız arvad tərəflə
məhdudlaşmır. Ər və
arvadın bütün bacıları onlar üçün
baldız hesab olunur.
Elti Culfa şivələrində qayın arvadı/qəyin
arvadı terminləri ilə sinonim işlənir.
Gəlin/gəlinbacı Culfa şivələrində
qardaş arvadı, yaxud evin gəlininə deyilir.
Culfa şivələrində iki arvadlı kişinin
arvadları bir-birinə günü/günübacı hesab
olunurlar.
Valideynin ikinci nikahına aid olaraq işlədilən
ögey ana termininə Culfa şivələrində övəy
ana/öyəy ana, analıx şəklində rast gəlinir.
Valideynin ikinci nikahından olan bacı termini Culfa şivələrində
ögey bacı/öyəy bacı/övəy bacı,
bacılıx kimi işlədilir.
Culfa şivələrində ögey qız
övladı termini öyəy qız/övəy qız,
qızlıx, qızdıx kimi də işlənir.
Culfa şivələrində nəslin yeddinci şəcərəsindən
törəyən övlad mənasında yeddi arxa dönən
termini işlədilir ki, bu terminə Meğri şivələrində
də rast gəlmək mümkündür.
Culfa şivələrində nikah qohumluğundan yaranaraq
dünyaya gələn övladlar mənasında nəvə,
nəticə, kötücə, yadıca terminləri də
işlədilir ki, bu sözlərə Təbriz dialektində
və Meğri şivələrində də rast gəlirik.
Qeyd etdiyimiz kimi, ögeylik bildirən qohumluq terminləri Culfa şivələrində əsasən -lix', -lıx, -dıx fonetik variantları ilə morfoloji yolla düzəlir. Lakin qeyd etmək lazımdır ki, qohumluq bildirən bu sözlərə şəkilçiləri artırmaqla sözün mənası dəyişə bilir və fərqli leksik vahidlər ortaya çıxır. Məsələn, bacı sözünə -lıq sonluğu artırmaqla “bacılıq” termini ögey bacı mənasından başqa “rəfiqə” mənasını da verir, yaxud -lıq şəkilçisi qəbul etmiş qardaş sözünü ögey qardaş mənasından əlavə “qardaşlıq” şəklində “dost, rəfiq” mənasını ifadə etmək üçün də işlədilir.
Culfa şivələrində rast gəldiyimiz maraqlı sözlərdən biri də “uzaq qohum” mənasında işlədilən “simsar” kəliməsidir. Məsələn, Həsəngilin bizə simsarrığı var. Bu terminə demək olar ki, Naxçıvan qrupu dialekt və şivələrinin hamısında rast gəlinir. Digər bir termin, əbəjdad kəliməsi də diqqəti cəlb edir ki, ulu əcdad mənasında, ümumiyyətlə, Naxçıvan dialekt və şivələrində, xüsusilə Culfa şivələrində səciyyəvi sözlərdəndir.
Qohumluq bildirən sözlərin etimoloji analizindən məlum olur ki, bu terminlərin demək olar ki, hamısı türk mənşəli sözlərdir. Qohumluq terminlərinin işlənmə tarixinə və aralına nəzər saldıqda onların qədim yazılı mənbələrdə və eləcə də türkdilli xalqların istər ədəbi dilində, istərsə də dialekt və şivələrində rast gəlinməsi həmin sözlərin tarixinin qədimliyini və türk dünyasına məxsusluğunu sübut edir.
Leyla Səfərova
İki sahil.- 2021.- 17 iyul.- S.15.