O, sanki səslə rəsm çəkirdi
Görkəmli
diktor, mərhum Xalq artisti Yusif Muxtarovun 80 yaşı tamam olur
Tərcümeyi-halından
çıxarış
Yusif Mehdi oğlu Muxtarov 1941-ci il iyulun 22-də Sabirabad rayonunun Kür kəndində anadan olub. Orta məktəbi uğurla başa vurduqdan sonra Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını, habelə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Yusif Muxtarov əmək fəaliyyətinə 1964-cü ildə indiki Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona Əməkdar artist fəxri adı verilib. O, 1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub, bu sənət ocağının yaranmasında, fəaliyyətində və yetkinləşməsində əlindən gələni əsirgəməyib.
Görkəmli diktor həm də bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Onlardan Nazim Hikmətin “Qəribə adam”, M.Y. Lermontovun “İki qardaş”, Səməd Vurğunun “Vaqif”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Nazim Hikmətin “Bayramın ilk günü”, Mar Bayciyevin “Duel”, Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İlyas Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx”, televiziya tamaşalarında və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasında çəkilən “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” və bir sıra digər filmlərində böyük ustalıqla yaratdığı obrazları tamaşaçıların yaddaşına əbədi həkk olunub. Azərbaycan Radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə saysız-hesabsız filmlər dublyaj olunub. Həmçinin UNESCO-nun iki qızıl diskində onun səsi yazılıb qorunmaqdadır.
Artıq qeyd olunduğu kimi, Yusif Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və bu sənət ocağının xarici ölkələrdə Azərbaycanın teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olmuşdur. Teatrın Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Y.Muxtarov Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Yusif Muxtarov 1999-cu ildə Türkiyənin İstanbul Hərbi-Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq teatr festivalının qızıl medalı ilə təltif edilib. 2002-ci ilin noyabr ayının 7-də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar ulu öndər Heydər Əliyevin Fərmanı ilə ona “Xalq artisti” fəxri adı verilib.
Yusif Mehdi oğlu Muxtarov 26 aprel 2010-cu ildə ürək çatışmazlığından vəfat etmişdir. O, Xalq artisti Amaliya Pənahovanın həyat yoldaşı idi. Görkəmli sənətkarın qızı Aynur Muxtarova hal-hazırda vaxtilə ata və anasının birgə yaradıb çalışdıqları Bakı Bələdiyyə Teatrının direktorudur. Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. O, uzun illər dünyanın müxtəlif ölkələrində Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.
Əlbəttə, bütün bunlar Azərbaycan Respublikasının Xalq artisti Yusif Muxtarovun yalnız, necə deyərlər, “rəsmi” bioqrafiyasından götürülmüş sərirlərdir. Əslində isə Yusif müəllimin həyatının “rəsmiyyətə” sığmayan anları, günləri, illəri kifayət qədərdir.
Yusif Muxtarov ictimai mühitdə bir aktyor, teatr təşkilatçısı kimi də kifayət qədər tanınmışdır. Amma etiraf etmək lazımdır ki, geniş tamaşaçı və dinləyici auditoriyası onu daha çox bir diktor, bir aparıcı kimi tanıyır. 23 yaşında ikən Azərbaycan Radiosunda diktor kimi əmək fəaliyyətinə başlayan gənc Yusifin səsi tezliklə şəhər-şəhər, kənd-kənd, ev-ev-ev yayılmağa başladı. Necə deyərlər, Yusif Muxtarovun səsi ailələrin daim gözlənilən sevimli “qonağına” çevrilmişdi.
Dinləyiciləri Yusifin səsindəki hansı cəhət, hansı keyfiyyət sevdirirdi? Məsələ burasında idi ki, gənc diktor həm ictimai-siyasi, həm ədəbi-bədii mətnləri eyni şövq və həfəslə ifa edirdi. Amma efirdə gedən bu verilişlərin heç biri digərini təkrar etmirdi. Yusif Muxtarov öz səsinin imkanlarından bacarıqla istifadə edir, hər bir mətnin öz “aurasına” daxil olur, hər cümlə, hər söz üzərində əsir, bir aparıcı məharəti ilə dinləyici qəlbinə yol tapmağı bacarırdı.
Yusifin səsindəki ənginlik, genişlik, sərbəstlik sanki onun doğulduğu Muğanın ab-havası üstə köklənmişdi. Onun səsi də həmin uczuz-bucaqsız çöllər kimi sirli və sehrli idi. O səsin ləngərində, ahəngində bir azadlıq hissi də vardı. Bu, həm də o səs sahibinin öz xarakterindən, özünə daxili inamından irəli gəlirdi.
Yusif haqqında söhbət açanlar daim onun xeyirxahlığından, diqqətcilliyindən, həssaslığından danışırlar. O, bir çox gənclərin diktorluğa həvəs göstərməsində həm də bir müəllim və “təbliğatçı” rolunda çıxış etmışdir.
Xatırlayıram, Azərbaycan Respublikasının Xalq artisti, mərhum Qara Tağızadə ölkə radiosunda diktor kimi fəaliyyətə başlamasında Yusif Muxtarovun müstəsna rolunu daim minnətdarlıqla xatırlayırdı.
Yusif öz məsuliyyətli peşəsinin sirrini yaşlı nəslin nümayəndələrindən diqqətlə öyrənir və öz öyrəndiklərini də eyni həvəslə gənclərə öyrədirdi. O, təkcə geniş səs diapozonuna malik bir sənətkar deyildi. Onu fərqləndirən cəhətlərdən biri də öz sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələri, bir sözlə, geniş erudisiyası idi. Düzdür, dediyimiz kimi, Yusif Muxtarov ömrünün müəyyən bir mərhələsində aktyor kimi çıxış etsə də, bu, onun diktorluq fəaliyyəti qədər əhatəli və miqyaslı olmayıb. Amma tamaşaçılar Yusifi bir sıra rolların aparıcısı kimi indi də yaxşı xatırlayırlar. Onun xüsusilə məşhur dramaturq Mar Bayciyevin “Duel” əsərində öz həyat yoldaşı Amaliya Pənahova ilə eyni səhnəni bölüşməsi bu gün də bir çox teatrsevərlərin yadındadır.
Harada çalışmasından asılı olmayaraq Yusif Muxtarov “efir adamı” idi. O, mikrofon önündə sanki öz səsi ilə portret yaradır, şəkil çəkirdi. Milyonlarla dinləyici onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını bəyənir və təqdir edirdi. Yusif səsə adi “radio aləti” kimi deyil, ürəkləri fəth edən bir ecazkar sehri kimi yanaşırdı.
Yusif
Muxtarov təbiətən sakit, mülayim bir adam idi. Heç kəsin
qəlbinə toxunmaz, hamıya ehtiramla yanaşardı.
Əhatəsində olan adamlar da onun xətrini istəyər,
hörmətini saxlayardı. Mənim də Yusif müəllimlə
uzun illər tanışlığım, ünsiyyətim olub.
Dramaturgiya ilə məşğul olduğumu bilirdi. Hətta,
bir dəfə hansısa bir tədbirdə rastlaşarkən
görüşəndən sonra ərkyana qaydada dedi ki,
oxuyuram, eşidirəm, müxtəlif teatrlarda pyeslərin
oynanılır. Hələ orasını da yaxşı bilirəm
ki, daha çox Hüseynağa Atakişiyevın teatrı ilə
(Dövlət Gənclər Teatrı-F.M.) əməkdaşlıq
edirsən. İstəsən bizim teatra da əsər təqdim
edə bilərsən...
Aradan bir
müddət keçəndən sonra yolumu “Şəhriyar”
sarayı tərəfdən saldım. Amaliya xanımla Yusif
müəllim iş yerində idilər. Nəhəng kabinetə
daxil olub yeni nəşr edilmiş pyeslər kitabını
teatr rəhbərlərinə təqdim etdim. Növbəti
görüşlərimizdən birində Yusif Muxtarov gülə-gülə
dedi:
- Mən
artıq sənin verdiyin kitabı başa çatdırmaq
üzrəyəm... Düzü, xoşuma gələn pyeslərin
çox oldu. İndi bildim ki, Hüseynağa doğrudan da
öz seçimində səhv etmirmiş...
Mən də
həmin zarafat tonunda dedim:
-
Yusif müəllim, təşəkkür
edirəm. Zəhmət çəkib oxumusuz. Verdiyiniz qiymətə
görə də sağ olun... Yaxşı, bəs o əsərlərin
sizin teatrın səhnəsində oynanılma ehtimalı
hansı vəziyyətdədir?
Yusif Muxtarov
bir qədər fikrə gedib dedi:
- Yəqin
ki, sizin üzünüzə yollar daim açıq olar...
Az sonra
Yusif Muxtarov dünyasını dəyişdi...
...Xatırlayıram,
bir dəfə keşmiş “Dzerjinski” klubunun
qarşısında rastlaşdıq. Ordan-burdan
danışdıq. Dedim ki, dinləyicilər uzun illər sizin
səsinizi eşidiblər. Yəqin ki, hərdən ürəyinizdən
də yenə bir “Danışır Bakı” kəlməsini
demək keçir.
O,
qayğılı bir görkəm alaraq dedi ki, əlbəttə,
bunsuz mümkün deyil. Və bir qədər duruxub dilləndi:
- Əlbəttə,
efir mənim taleyim olub. Bunu inkar edə bilmərəm.Təzədən
radio diktoru kimi fəaliyyətə başlamaq bəlkə də
bir qədər inanılmaz olardı...Amma mən daha çox
o mikrofon qarşısında bir mühüm xəbəri ilk dəfə
dinləyicilərə çatdırsaydım çox xoşbəxt
olardım. Yəqin özünüz bildiniz o hansı xəbərdir?
- Əlbəttə,
bildim. Qarabağın azad olması müjdəsini...
- Elədir.
Özü də bu xəbəri məhz Şuşadan elan etsəydim,
inanın ki, ta bu dünyada mənə zaval olmazdı... Mən
o günə inanıram....
...2010-cu
ilin 26 aprel tarixində illər uzunu
çalışdığı radio dalğaları onun
çoxsaylı dinləyici və tamaşaçı
auditoriyasını kədərləndirən
acı bir xəbəri ev-ev, kənd-kənd, şəhər-şəhər yaydı: Respublikanın Xalq artisti
Yusif Muxtarov vəfat etmişdir. Əgər bu gün o
yaşasaydı yaxınları və doğmaları ilə
birlikdə özünün 80 illiyini qeyd edəcəkdi.
Allah rəhmət
eləsin.
Firuz Mustafa,
Əməkdar incəsənət
xadimi
İki sahil.- 2021.- 18 iyul.- S.21.