Ulu Öndərin xilaskarlıq
missiyasının başlanğıc tarixi
22 iyul 1990-cı il:
Həmin gün Naxçıvana
qayıdan ulu öndər Heydər
Əliyev xalqa müstəqillik
yolunda bələdçilik etdi
Zəmanəsinin
korifeylərindən olan müdrik siyasətçi Heydər Əliyevi
başqalarından fərqləndirən onun siyasi hazırlığı,
uzaqgörənliyi, xalqına olan tükənməz məhəbbəti,
qətiyyətidir. Tarixdə
adları ilə yaşayan
dövlət xadimlərinin hamısına olmasa da, bəzilərinə
nəsib olan bu xoşbəxtlik onları
xalqına lider kimi sevdirmiş, əsrlərlə
yaşatmışdır. Zəmanəsini çox-çox
qabaqlayan görkəmli mütəfəkkirlərə nəsib
olan bu xoşbəxtlık ulu
öndər Heydər Əliyevin taleyinə yazılan Tanrı qisməti olmaqla
bütün xalqın yoluna işıq saldı. Liderlik
üçün təşəbbüs
vərdişini, fərqli düşüncə tərzini
şəxsiyyətində birləşdirən, dahiliyin intellektual keyfiyyətlərinə
sahib olan Ulu Öndər
ağıl, zəka, təfəkkür, hikmət kimi mənəvi sərvətlərdən
zamanında, düşünülümüş şəkildə istifadə etmişdir.
Bu keyfiyyətləri dövlətçilik təcrübəsində yaşadan, təkmilləşdirən ulu öndər Heydər Əliyev dəfələrlə Azərbaycanı gözləyən təhlükələrdən xilas etməklə, xalqı arxasınca apara bilmək qabiliyyəti ilə xiaskarlıq missiyasını yerinə yetirmiş, əsl lider olduğunu çoxillik dövlətçilik təcrübəsi ilə möhürləmişdir. Hakimiyyətinin birinci mərhələsində SSRİ-də ən geridə qalmış respublika olan Azərbaycanı Keçici Qırmızı Bayraqlar diyarına çevirən Ulu Öndər Kremldə işlədiyi müddətdə zəkası ilə ətrafında olanları heyrətləndirdiyi, qıcıqlandırdığı kimi, İttifaq səviyyəli, çətin problemlərin düzgün, operativ həllində göstərdiyi qətiyyəti ilə də təkrarolunmazlığını təsdiqləmiş şəxsiyyət idi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyən Heydər Əliyevin fenomen istedadı, qabiliyyəti, hadisələri düzgün qiymətləndirmək bacarığı ilə müqayisədə özünün bivecliyinin aşkarlanmasından ehtiyatlanan SSRİ-nin ilk prezidenti M. Qorbaçov Ulu Öndəri əsas rəqibi hesab edirdi.
21 oktyabr 1987-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən azad edilməsi barədəki qərarı özünə qarşı ədalətsizlik adlandıran Ulu Öndər «Vaşinqton post» qəzetinin Moskva müxbiri Devid Remnikin sualına belə cavab verir : « Əsl səbəb təkcə səhhətimlə bağlı deyildir. Hərçənd əlbəttə, mən həqiqətən xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv hisslərinin əsiri oldu, vəssəlam.»
Moskvada yüksək vəzifədə işlədiyi müddətdə belə xalqının taleyi üçün narahat olan, heç bir təhdid və təzyiqdən qorxmadığını Azərbaycanın inkişafı üçün yaranan fürsətlərdən bacarıqla istifadə etməklə bildirən, 20 yanvar 1990-cı ildə Sovet tanklarının Bakıya girməsini siyasi təcavüz adlandıran Ulu Öndər etirazını Moskvadakı Azərbaycan nümayəndəliyindəki tarixi çıxışı ilə bildirdi. «O vaxt çox nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun- sovet diplomat kadrları yetişdirən mərkəzin müəllimi olan oğlu İlham da atasının yanında idi. Bu , görünməmiş bir cəsarət idi və İlham bu addımı atdı. O, özünün vətəndaşlıq borcunu yerinə yetirdi və hər şeyi- işini, cəmiyyətdəki mövqeyini, sosial statusunu itirdi.» ( «Heydər Əliyev. Tale yollar» kitabından.)
«Heydər Əliyev təkbaşına, özü də Sovet İttifaqının mərkəzində öz haqq səsini ucaltmış, xalqla həmrəyliyini göstərmiş və bu faciəni bütün dünyaya çatdırmışdır» söyləyən Prezident İlham Əliyev o ağır günlərdə xalqla bir olan Ulu Öndərin qətiyyətini qürurla xatırladır. Xalqını sevən müdrik siyasətçi Heydər Əliyevin bu hərəkəti böyük sensasiyaya çevrildi, nitqi videokameralara çəkildi, sürətlə yayıldı. Kremldə də başa düşürdülər ki, nümayəndəlikdəki bu tarixi çıxış böyük şəxsiyyətin siyasətə qayıdışının başlanğıcı ola bilər. Buna görə də Ulu Öndər başqa yerə getmək imkanından məhrum edildi.
Ulu öndər Heydər Əliyevin yanvarın 19-da, Bakıdakı faciədən bir gün əvvəl Qorbaçovun birdən-birə ona zəng etməsi ilə bağlı ifadəsindən bəzi məqamlar: « 1987-ci ildən sonra ilk dəfə olaraq Qorbaçov mənə zəng etdi. Bizim çox kəskin danışığımız oldu… Qorbaçov dedi ki, Azərbaycanda vəziyyət qarışıqdır və bu qarışıqlıqda sən günahkarsan. Orada sovet hakimiyyətinin yıxılmasında guya mən günahkaram, buna görə də bu hərəkatın qarşısının alınması üçün məhz mən təcili tədbir görməliyəm. O, məni hədələdi ki, əgər mən bunu etməsəm, onlar bilirlər mənimlə nə edəcəklər, onlar onsuz da Azərbaycanda qayda-qanun yaradacaqlar, lakin günahkar mən olacağam. Mən ona çox kəskin cavablar verdim və bildirdim ki, bunlar hamısı iftiradır;»
«İstefasından» sonra baş verənləri ulu öndər Heydər Əliyev belə xatırladır : « Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında «Dağlıq Qarabağ Ermənistana verilməlidir» demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Deməli bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm.»
20 iyul 1990-cı ildə Azərbaycana gələn Ulu Öndər Vətənində «sürprizlərlə» qarşılaşır. Kremlin hər bir əmrinə itaət etməklə milli- mənəvi dəyərlərini itirən Azərbaycanın o dövrdəki kommunist ideologiyasının quluna çevrilmiş rəhbərliyi ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlişindən təlaşlandı. Bütün Azərbaycan xalqının sevib, hörmət etdiyi bu müdrik dahini qorxutmaq, Azərbaycandan çıxarmaq üçün onun əlaqə saxladığı dövlət adamlarına qarşı təxribatlar hazırlandı. Bu, o zaman idi ki, səbatsız, dövləti idarəetmə təcrübəsi olmayan «rəhbərlərin» düşünülməmiş , ələbaxım siyasəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən işğal olunur, ölkə əhalisi iqtisadi böhrandan əziyyət çəkir, xaos içərisində qalan insanların sabaha ümidi tükənirdi. Ən əsası isə Azərbaycanın varlığı sual altında idi. Belə bir qarışıq, gərgin zamanda hamını bir sual düşündürürdü: Hər an gözlənilən faciələrin qarşısını almaq olarmı? Məhz o zaman insanlar çıxış yolunu müəyyənləşdirdilər : Olar. Əgər hakimiyyət xalqa dəyər verən, Vətənini canından artıq sevən müdrik rəhbərin əlində olsaydı bu cür xaos yaranmazdı. O zəka sahibi isə el ağsaqqalı Heydər Əliyev idi. Xalqın bu seçimini özlərinin məhvi kimi dəyərləndirən «kommunist üsul-idarəsinin» başbilənləri Ulu Öndəri Azərbaycandan uzaqlaşdırmaq üçün hər cür çirkin əməllərə əl atdılar. Lakin uzaqgörən siyasətçi Heydər Əliyev fenomeni, zəkası, düşüncəsi elə parlaq bir varlığa sahib idi ki, ona heç bir ləkə yapışmazdı. Beləcə iki gün Bakıda qalan, iyul ayının 22-də Naxçıvana gələn Ulu Öndəri 100 mindən artıq həmyerlisi xilaskar kimi qarşıladı. Görüşdə həmyerlilərinə müraciət edən Ulu Öndərin nitqi tarixi dönüşün zəfər çağırışı idi: « Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm» söyləyən, Vətənini canından artıq sevən ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasına xalqının xeyir-duası ilə başladı.
Doğma yurdunda el ağsaqqalı, sonra deputat, nəhayət Naxçıvan MR Ali Məclisinin Sədri kimi ən vacib problemlərin əsl mahiyyətini müdrikcəsinə dərk edib, çıxış yollarını müəyyənləşdirib, alternativ yollar axtaran Ulu Öndərin həyata keçirdiyi islahatların hər biri özlüyündə Azərbaycanın gələcək inkişafı üçün təməl idi.
17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisin sessiyasına deputat kimi sədrlik edən Heydər Əliyev bir müddət sonra söylədiyi «Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» sözlərinin real həyatda həlli üçün imkan yaradan məsələlər barədə düşüncələrini gerçəkləşdirdi. Həmin sessiyada «Naxçıvan MSSR»nin adından «sovet, sosialist»» sözlərinin çıxarılması, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının, himn və gerbinin bərpası barədə qərarın qəbul olunması müdriklik, cəsarət tələb edirdi.
O illərdə görülən işləri inkişafımızın təməli adlandıran Prezident İlham Əliyevin sözləri daha xarakterikdir: « Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.»
Ulu öndər Naxçıvanda olarkən 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu ilə diaspor təşkilatının təməlini qoydu. SSRİ-nin cənub sərhədlərini qoruyan sovet ordusunun hərbi arsenalı, silah-sursatı muxtar respublikada qalmaqla bütün ordu hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. İlk Sərhəd Dəstəsini yaratdı. O dövrdə Ulu Öndərin tarixi xidmətlərindən biri də respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, İran və Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi oldu. Hər iki qonşu dövlətdən Naxçıvana ərzaq , sənaye malları, ən başlıcası isə enerji verildi. «Ümid körpüsü» salındı. Naxçıvan hava limanı, Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı. Bazar iqtisadiyyatının başlıca tələblərindən olan özəlləşdirmə siyasətini həyata keçirdi.
Muxtar Respublikanın Ali Məclisinin Sədri kimi 1992-ci ildə antimilli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn ulu öndər Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını 1993-cü ildə yerinə yetirdi. Həmin il, iyunun 9-da parçalanmaqda olan ölkəni daxili qarşıdurma və xarici dövlətlərin məkrli müdaxilələrindən qorumaq üçün xalqın tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi naminə daha mühüm xidmətlər göstərdi. Bu gün Azərbaycanın dünyada qüdrətli dövlət kimi tanınması Ulu Öndərin ideyalarının reallaşması deməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya , böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasının başlanğıcı oldu.
Xuraman
İsmayılqızı
İki sahil.- 2021.- 18 iyul.- S.8.