Şəhid Emil Sadıqzadə anılıb

 

Qəhrəmanın adına tikilmiş “Şəhid Emil bulağı” xatirə kompleksinin açılışı olub

 

Vətənin “Oğuldediyi, “Mamır olub qayasında bitməsə” də borcunu sevə-sevə canıyla, qanıyla qaytaran, torpaq uğrunda torpağa qarışmağı, şəhadətə ucalmağı bacaranları unutmadıq, unutmayacağıq! Bizə yağı işğalındakı yurdumuzu, qırılmış qürurumuzu qaytaran Qəhrəmanlara, o cəngavərləri dünyaya gətirən ata-analara biz borclanmışıq indibir ömür diqqət, qayğı borcumuz var onlara. “Qürürlü dayan, şəhid atası”, “Başını dik tut, şəhid anası”deməyə nə var ki... Daşıması asan olmayan yük, çəkilməz dərddir oğul itirmək! Yenə mərd dayanırlar mərd oğulları dünyaya gətirənlər, təki Vətən sağ olsun!

Samux rayonunun Qovlarsarı kəndində Əziz və Şəlalə Sadıqzadələr də mərd dayanmışdılar nur üzlü qəhrəman şəhidimiz Emilin cənnətdəki ilk doğum gününü anmağa gələn qonaq-qara qarşısında. 22 iyul 2021-ci il.

Xüsusi Təyinatlı Qüvvələrin baş istehkamçısı, kəşfiyyatçı Sadıqzadə Emil Əziz oğlunun 21-ci ad gününə şəhidin döyüş yoldaşları, Vətən müharibəsi qazilərimiz, başqa bölgələrimizdən şəhid anaları, rayon ictimaiyyətinin nümayəndələri və təbii ki, ağsaqqalından tutmuş balaca uşaqlarına qədər bütün kənd toplaşmışdı.

E.Sadıqzadənin məzarı ziyarət edilib, ruhuna dualar oxunduqdan sonra kəndin mərkəzində tikilmiş “Şəhid Emil bulağı” xatirə kompleksinin açılışı oldu. Torpaqlarımızın azadlığı uğrunda çanlarından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Emil Sadıqzadənin həyatından və döyüş yolundan danışıldı. Qeyd olundu ki, hələ məktəb illərindən həm müəllimlərinin, həm də uşaqlı-böyüklü bütün kənd camaatının hörmətini qazanmış Emil musiqi istedadı ilə seçilibsevilib. 2019-cu ildə həqiqi hərbi xidmətə yollandıqdan sonra fiziki keyfiyyətlərinə, təlimlərdəki bacarığına və xüsusilə də vətənpərvərliyinə görə diqqət çəkib, ona xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirmək təklif olunub. Burada hərbi biliklərini və hazırlığını daha da artıraraq peşəkar hərbçi – Xüsusi Təyinatlı Qüvvələrin baş istehkamçısı, kəşfiyyatçı kimi xidmətini davam etdirib. Həqiqi hərbi xidmətini bitirməyə iki ay qalmış Vətən müharibəsinin başlaması ilə ön cəbhədə şiddətli döyüşlərin iştirakçısı olub. Döyüş yoluna Murovdağda başlayan E.Sadıqzadə daha sonra  Xocavənd, Cəbrayıl və Füzulinin düşmən tapdağından azad edilməsi uğrunda sücaətlə vuruşub, şəxsi qəhrəmanlıq nümunəsi göstərib. Yoldaşlarının bildirdiyinə görə, Emil dəfələrlə yaralı əsgərlərimizi döyüş bölgəsindən çıxarıb, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. 15 oktyabr 2020-ci ildə Füzuli şəhərinin alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Sadıqzadə Emil Əziz oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Kəlbəcərin, Cəbrayılın və Füzulinin alınması uğrunda medalları ilə təltif olunub.

Çıxışlardan sonra Qovlarsarı kənd tam orta məktəbinin şagirdləri Emilinbütün şəhidlərimizin xatirəsinə ithaf edilmiş şeirlər səsləndirdilər.

Tədbirin sonunda iştirakçılar ehsan bulağından su içdilər, kompleksin önündə xatirə şəkilləri çəkildi.

...Ölumunlə ölümsüzlüyə ucalan Şəhidim, cənnətdəki ilk doğum günün mübarək!

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2021.- 23 iyul.- S.25.