Ömür son nəfəslə tamamlanmır...

 

Şəhid ata, şəhid oğul və 27 yaşdan sonra başlanan ömür

 

Ölümdən sonra başlayan ömürlər tarixin yaşdaşı olur. Vətən üçün yaşanılmış bütün ömürlər belə ömürdür.

Min illərdi Qazan xan deyirik, Beyrək deyirik, Qaraca Çoban deyirik, ... On illərdi Əlif Hacıyev deyirik, Tofiq Hüseynov, Vəzir Orucov, Yusif Mirzəyev, İsgəndər Aznaurov, Əliyar Əliyev, ... deyirik, illərdi Mübariz İbrahimov, Çingiz Qurbanov, ... deyirik. Onların hər birinin hər döyüşü xalqımızın taleyindən süzülüb gələn döyüş əzmiydi, qələbə ruhuydu. Bu əzmin, bu ruhun harayına, çağırışına qənşər gedənlər də qəhrəmanlıqla döyüşdü. Döyüşənlərdən neçəsi şəhid oldu; Vətən müharibəsində bütün şəhidlərimiz ruhən döyüşlərdəydi...

Azərbaycan Ordusu Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi, torpaqlarımız işğaldan azad edildi. İllər çəkən qondarma münaqişəni Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu qətiyyətlə həll etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Vətən müharibəsinin mahiyyəti haqqında dedi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”. Belə bir ölkə qalib dövlətin dinc yanaşı yaşama şərtlərini qeyd-şərtsiz qəbul etməlidir. Bunu hərbi qüdrət də tələb edir, dünyəvi siyasətin mahiyyəti də. Həm də, müharibə başa çatlb, üçtərəfli bəyanat imzalanıb. Ermənistan bu bəyanatın tələblərinə əməl etmir. Silahlıları bu və ya digər ərazidə Azərbaycan ordusunun hissələrinə müxtəlif səviyyəli həmlələr etməyə cəhd göstərir, mövqelərimizi atəşə tutur. Ordu hisssələrimiz düşmənin istənilən tərpənişinə ciddi cavab verir. Ancaq... Ancaq düşmənin snayperləri hələ də marıqdadı, hərbçilərimizi nişangahda saxlayır, məqam düşəndə atəş açır...

Telman Yaqubov Beyləqanda yaşayırdı. Birinci Qarabağ müharibəsində Füzulidə döyüşmüşdü. 1994-cü ildə Füzuli ətrafında gedən döyüşlərdə şəhid olmuşdu. Beyləqan rayonunun Birinci Şahsevən kəndində dəfn edilib. Onda Fərmanın 1 yaşı vardı. Atasını xatırlaya bilməsə də sonralar Vətən sevgisi, döyüşlərdə iştirakı, döyüşləri, cəsarəti haqqında qohumlarından, atasının döyüşçü yoldaşlarından çox eşitmişdi. Eşitdikləri qəlbinə sevgi kimi axmışdı, Ona da “Vətəni sev” deməmişdilər, dərk etmişdi, özü sevmişdi. Çağırışçı yaşına çatmışdı, hərbi xidmətə gedəcəyi gün atasının ruhuna xitabən “Əsgər gedirəm, ata” demişdi. Onun süvincini hamı duymuşdu, ancaq dediklərini heç kim eşitməmişdi...

Fərman öz ömrünü yaşaya-yaşaya atasının ömrünün davamını da yaşayırdı. Böyüdükcə bir ömürdə iki ömür yaşamağın fəzilətlərini də dərk edirdi, məsuliyyətini də. Orta məktəbdə oxuyanda digər həmyaşıdları kimi ondan da soruşardılar ki, “Böyüyəndə kimə oxşamaq istərdin?” Fərmanın “Atama” cavabını verdiyinə zərrəcə şübhəm yoxdu. Zəmanətim atanın Birinci Qarabağ müharibəsində, oğulun İkici Qarabağ müharibəsində döyüşməsidi. Zəmanətim həm də Birinci Qarabağ müharibəsində atanın, İkinci Qarabağ müahribəsində oğulun döyüş yoludu. Ata da, oğul da qələbənin əsgəri olmaq istəyib. Ata şəhid olub. Oğul Zəfərəcən döyüşüb, Zəfəri qaliblər sırasında yaşayıb...

Fərman Yaqublu gizir idi. Vətən müharibəsində o da döyüşmüşdü. Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Xidmətini dislokasiya yeri Kəlbəcər olan hərbi hissədə davam etdirirdi.

İyulun 24-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindən Kəlbəcər istiqamətindəki mövqelərindən snayperlə Azərbaycan Ordusunun giziri Fərman Yaqublunu qətlə yetirdi...

Şəhid Telman Yaqubovun oğlu gizir Fərman Yaqublu şəhid oldu.

Şəhid olanda Telman Yaqubovun 27 yaşı vardı. Şəhid atanın oğlu da 27 yaşındaydı.

 

Telmanın da, Fərmanın da ömrü 27 yaşda bitmədi; şəhid ömürlərə nəhayət olmur. Belə ömürlər zamanı tarixləşdirir, anlara tarix qüdrəti verir.

Telmanın da, Fərmanın da 27 yaşdan sonrakı ömrü əbədiliyin cığırdaşıdı; şəhidlərimizin ömürləri əbədiyyən yaşayacaq – yaşayan azərbaycanlıların, ruhən azərbaycanlılarla olanların ömründə yaşayacaq!..

 

Rəşid Faxralı

 

İki sahil.- 2021.- 27 iyul.- S.21.