El gözündə Nizami ucalıbdır...

 

Dahi şairin məqbərəsindən reportaj

 

Qonaqlarını dahi şairin bütün dünyanı heyrətə gətirən “Xəmsə”sinin simvolları – daş kitablarıyla qarşılayır qoca Gəncə, ulu Nizami yurdu. Hər iki kənardakı yaşıllıqlar içində “Sirlər xəzinəsi”nin sirlərinə baş vurub, “Xosrov və Şirin”in, “Leyli və Məcnun”un ilahi məhəbbətindən bihal olub, “Yeddi gözəl”ə heyran-heyran baxıb, “İsgəndərnamə” fəlsəfəsiylə müdrikləşəndə qədim şəhərə çatdığını anlayırsan. Bax həmin yerdən Şeyx Nizaminin hüzuruna bir yol ayrılır – dünyanın gəlmiş-keçmiş ən BÖYÜK mütəfəkkirlərindən olan poeziya Günəşinin məqbərəsinə aparan yol.  

Getməyə, ziyarət etməyə hamımızın borclu olduğumuz tariximizin bir parçası, müqəddəs məkan!

Müqəddəs demişkən, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami məqbərəsi filialının müdiri Gülnarə İsmayılovanın dediyinə görə, XIII əsrin əvvəlində Gəncənin Şıx düzündə bünövrəsi qoyulmuş məqbərə 1606-cı ildə Şah Abbasın, 1752-ci ildə Hacı Çələbinin bu yerlərdə apardıqları döyüşlər nəticəsində zədələnir, 1826-cı il Gəncə üsyanı zamanı dağıntılara məruz qalır. 1922-ci ildə abidənin təmiri məqsədilə yaradılmış “Nizami” komissiyası məqbərəni başqa yerə köçürtməyi planlaşdırır. Lakin komissiyanın sədri gözlənilmədən rəhmətə gedir və komissiya üzvləri qərara alırlar ki, Nizamini öz dədə-baba yurdundan ayırmaq olmaz. Bəlkə də Şıx düzünün kəraməti öz şıx övladının başqa yerə köçürülməsinə imkan verməyib!

G.İsmayılova onu da bildirdi ki, 2011-ci ildə dahi şairin 870 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən, məqbərədə son təmir-düzəliş işləri aparılıb və ətrafında geniş park salınıb. 2018-ci ildən məqbərə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tabeliyinə verilib və qoruğun Nizami məqbərəsi filialı kimi fəaliyyət göstərir.

Hazırda  kompleksdə məqbərədən başqa Nizami Gəncəvinin xatirə ev muzeyi, “Xəmsə” kompozisiyası, amfiteatr, Göygölün və Kəpəz dağının süni maketləri, beş buta və şairin valideynlərinin məzarları yerləşir.

Qonaq-qarası əskik olmur buranın. Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bugünlərdə də Gəncəyə ilk dəfə gələn yerli turistlər, xarici qonaqlar ziyarət edir dahi şairin məzarını. İlin ilk yarısında 1523 yerli, 53 xarici vətəndaş, 4501 tələbə və şagird, 200-ə yaxın hərbçi Nizami məqbərəsinin qonağı olub.

...İyulun nəfəsdarıxdıran istisinə baxmayaraq, yenə gələnlər var. Raisə Həbibova Bakıdan qonaq getdiyi Mingəçevir şəhərindən bacısı İradə İbrahimli və digər ailə üzvləri, nəvələriylə birlikdə məhz Nizami məqbərəsini ziyarət etmək üçün gəlib. Deyir, özüm əvvəllər olmuşam, indi də balacaları gətirmişik: “Nizami Gəncəvi bütün dünyada tanınan, Azərbaycanı bütün dünyaya tanıdan dahi şairimiz, mütəfəkkirimizdir. Nəvələrimizi gətirmişik ki, onlar da görsünlər, tanısınlar, ziyarət eləsinlər”. R.Həbibova yaradılmış şəraitdən də razılıq edir, deyir, əvvəl belə deyildi, indi çox gözəlləşdiriblər buranı. Üzlərindən sevinc yağan balaca Fatimənurla Miray da razı görünürlər onlar üçün təşkil edilmiş gəzintidən.

Növbəti qonaqlar isə Naxçıvandan Bakıya, oradan da Gəncəyə gəliblər. Azər Həsənov deyir əvvəl bir neçə dəfə olub burada, indi həmyerlilərini gətirib ziyarətə: “Burdan əvvəl Gəncə İmamzadə türbəsi kompleksində olduq, ziyarət edib bura gəlmişik. Gəlməyi də, uşaqları, gəncləri gətirməyi də özümüzə borc bilirik”.

...Biz də özümüzə borc bildik. Borc bildik düzlükdən ilhamına, qəlbinə gün salan, el gözündə ucalan dahi Nizaminin hüzurunda səcdəyə dayanmağı. Ruhu dincəldən ziyarətin iştirakçısı olmağı. Allah ziyarətimizi qəbul etsin!

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2021.- 28 iyul.- S.21.