Qatarlar depoya niyə
gedir?
Bakı Metropoliteninin elektrik deposunda
bir gün
Gündəlik həyatımızda mənzil
başına tez çatmaq, tıxaclardan xilas olmaq
üçün hər birimiz sərnişin sayına və
sürət imkanlarına görə metronu seçirik. Bu baxımdan da uzun illərdir ki, metro əziz
bakılıların və şəhərimizin
qonaqlarının ən arzuolunan və sevimli ictimai nəqliyyat
seçimidir.
Metrodan istifadə edən sərnişinlərin hər
biri yəqin ki, “qatar “Bakmil” stansiyasına gedir”, “Qatar depoya
gedir” kimi cümlələri eşidib. Bu sözləri
eşidən kimi isə sərnişinlər tələşlanaraq
vaqonları tərk etmək üçün tələsirlər.
Maraqlıdır
ki, qatar depoya nə üçün gedir? Depo necə yerdir? Niyə hər kəsdən
depoya gedən qatarları tərk etmələri xahiş olunur?
Sözügedən
mövzu ilə bağlı bu və digər suallara cavab tapmaq
üçün “Bakmil” stansiyasının
yaxınlığında yerləşən “Nərimanov” elektrik
deposunda
vaqonların əsaslı təmir sexinə üz
tutduq. Aşağıda
oxucularımızı depoların fəaliyyəti ilə tanış edirik:
Əvvəlcədən onu qeyd edək ki, texniki təlimata
əsasən xətdə istifadədə olan qatarlar müəyyən
məsafə qət etdikdən sonra mütləq baxış
üçün depoya getməlidir. “Bakı Metropoliteni”
Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin
rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə
bağlı bizi daha ətraflı bilgiləndirdi: “Metropoliten
sistemində belə bir qayda var ki, xətdə olan qatarlar 2
xüsusi halda elektrik deposuna getməlidir. Bunlardan
biri qatarların texniki baxış xidməti üçün
mütləq şəkildə gün ərzində elektrik
deposuna daxil olmasıdır. Yəni avtomobildən və
digər nəqliyyat vasitələrindən fərqli olaraq
metro qatarları normativlərə uyğun olaraq qət etdiyi məsafəyə
görə xətdə qalma müddəti var. Həmin məsafəni
qət edən qatar hökmən xətti tərk
edərək elektrik deposuna texniki baxış
üçün daxil olmalıdır. İkinci
hal isə ondan ibarətdir ki, qatarlarda nasazlıq yarana bilər.
Nasazlıq ehtimalı olduqda da və ya maşinistin tələbinə
uyğun olaraq, yaxud hər hansı depo şəraitində
baxış tələb edən hal yarandıqda mütləq qatar müvafiq yoxlama və təmir işlərinin
görülməsi üçün elektrik deposuna verilir.
Gün ərzində
qatar neçə dəfə depoya gedir?
Metropoliten
sözçüsü qeyd etdi ki, qatarların hər gün səhər
xəttə başlama qrafiki var: “Belə ki, həmin qrafikə
uyğun olaraq qatarlar xəttə çıxır. Gündə
40-46 qatar xətdə olur. Ümumilikdə
isə hazırda metropolitenin sərnişinə xidmət
göstərən 56 qatarı var. Bu qatarlar məhz həmin
qrafikə uyğun olaraq xətdə
çıxdığı üçün və qət etdiyi məsafədən
asılı olaraq gün ərzində onların əvvəlcədən
planlaşdırılmış qaydada depoya qayıdış
cədvəli olur. Qeyd etdiyim kimi, nasazlıq
halları üçün də metropolitendə hökmən
ehtiyat qatarlar nəzərdə tutulur. Həmin
qatar xətdən çıxarsa, eyni zamanda, ehtiyat qatar xəttə
daxil olur.”
Depoya gedəcək
qatar niyə “Bakmil” stansiyasından
keçməlidir?
B.Məmmədov
vurğuladı ki, Bakı Metropoliteninin bir xüsusiyyəti də
ondan ibarətdir ki, metro xəttinin deposu ortada yerləşir:
“Adətən metropoliten prinsiplərində depolar xəttin
sonuncu dayanacağından sonra olurlar. Burada isə
gələcəkdə yaşıl xəttimiz dairəvi olacaq
və onun öz deposu fəaliyyət göstərəcək.
Hazırda iki xəttimiz “28 May” stansiyasında
birləşir və kəsişir. Üzü
Həzi Aslanov istiqamətinə doğru artıq birxətli hərəkət
edir. Bu səbəbdən hazırda bir
depomuz var və o da xəttin ortasında yerləşir. “Nərimanov” stansiyasında sərnişinlərimiz
gün ərzində bir neçə dəfə eşidirlər
ki, “Bakmil” stansiyasına doğru gedən qatarlar mütləq
şəkildə elektrik deposuna daxil olurlar. Ümumiyyətlə, yerüstü “Bakmil”
stansiyasının yaranma tarixçəsində də məhz
bu amilin özünəməxsus rolu olub. Elektrik
deposuna gələn qatarlarla bağlı isə sərnişinlərimizdə
hər hansı təlaş yaranmasına ehtiyac yoxdur. Çünki qeyd etdiyim kimi, onlar mütləq qrafik
üzrə depoya baxış üçün getməlidirlər.
Yəni sürdüyümüz avtomobildən fərqli
olaraq qatarlar texniki normativlərdə göstərilən
qaydaya uyğun olaraq baxışa cəlb olunmalıdır.
Eyni zamanda, qatarlar müəyyən məsafə
qət etdikdən sonra da texniki xidmətə cəlb olunur.
Əlavə olaraq cari təmirin müxtəlif növləri
var və onların hər biri də yürüş məsafəsindən
asılı olduğu üçün qatarlar hökmən
cari təmirə dayandırılırlar. Yəni
daha çox məsafə qət etmiş qatarlarımız
üçün orta və əsaslı təmir
adlandırdığımız təmir növləri də
var. Bütün bunlar hamısı Bakı Metropoliteninin texniki
normativ sənədlərində istismar qaydalarında göstərilib.
Bu qaydalara əməl etmək çox vacibdir və
məcburidir. Çünki digər nəqliyyat vasitələrində
az sərnişin daşına bilər. Bakı Metropoliteninin bir qatarın tərkibində
olan vaqonda 300-dən artıq sərnişin daşınır.
Bu isə o deməkdir ki, bir qatarda 1500-dən
1600-ə qədər sərnişin daşınır. Onların hər birinin təhlükəsizliyi
Bakı Metropoliteninin bir nömrəli vəzifəsidir.”
Bəs
depodakı qatar üzərində hansı
zəruri işlər görülür? Qatar hansı proseslərdən
sonra xəttə buraxılmaq üçün hazır olur?
Depolar
üzrə iş departamentinin təmir üzrə rəis
müavini Aydın Bəkirov
“İki sahil”ə açıqlamasında bildirdi ki, qatarlar təmir növündən
asılı olaraq bölmələrə ayrılıb:
“Qatarlar 12-20 saatdan bir texniki baxış üçün
depoya daxil olurlar və orada kiçik həcmli nasazlıqlar
aradan qaldırılır. Bir saat və ya saat yarım ərzində
proses yerinə yetirildikdən sonra qatar yenidən xəttə
buraxılır. Bundan sonra isə təmirin
növündən asılı olaraq 2 saylı texniki xidmət
həyata keçirilir. 3750 km-dən bir isə
3 saylı texniki xidmətimiz vardır. 7500 km-də cari təmirlərimiz
var ki, “Cari təmir-1” 60 min km-də, “Cari təmir-2” 240 min km-dən,
“Cari təmir-3” var ki, 480 min km-dən sonra həyata
keçirilir. Ondan sonrakı proseslər isə əsaslı
və orta təmirlərdir ki, onların da özünə
uyğun yürüşü var. Əvvəllər bizdə əsaslı
təmir bazası yox idi. Sonradan bizdə də
bu əsaslı təmir bazası yarandıqdan sonra
qatarların dediyimiz təmir prosesi həyata keçirilə
bilir.”
Mütəxəssis
xatırlatdı ki, “Cari təmir-3”də 480 min km-dən bir
qatarlar dayandırılır və təmir prosesi həyata
keçirilir: “Bu təmirdə demək olar ki, bütün
qovşaqlar tamamilə vaqonun altından
çıxarılır, sökülür və təftiş
edilir. Sonra isə yararlı hissələr yenidən
quraşdırılır. Eyni zamanda,
lazım gələn detallar yenisi ilə əvəz olunur və
yenidən vaqonun altına yığım prosesi yerinə
yetirilir. Əlavə edə
bilərəm ki, qovşaqlardan başqa təkər cütləridir,
dartı mühərrikləridir hansı ki, bizdə də
dartı mühərrikləri sahəsi var. Dartı mühərrikləri
göndərilir ora və həmin o sahədə dartı
mühərrikləri təmirin növünə uyğun
olaraq proses yerinə yetirildikdən sonra qaytarılır bizə
və biz də həmin o dartı mühərriklərini, təkər
cütlərini, ardınca mexaniki və digər elektrik
avadanlıqlarını quraşdırırıq. Daha sonra qatar sazlanma prosesinə hazırlanır. Sazlanma və sınaq işləri yerinə
yetirildikdən sonra isə qatar xəttə-sərnişinlərin
ixtiyarına buraxılır.”
Depoda 1
gündə neçə qatar təmir
olunur?
A.Bəkirovun
sözlərinə görə, “Texniki baxış 1”dən
gün ərzindən 25-30 arası qatar
keçirilir. Amma gündəlik olaraq dediyimiz 2 saylı texniki
xidmət, 3 saylı texniki xidmət və nisbətən irihəcmli
təmirlərdən isə gündə 4 qatar
keçirilir. Qatarlar səhər saatlarında
daxil olur və axşam radələrində xəttə
buraxılır.
“Qatarlarda
ən çox hansı nasazlıqlar olur” sualına isə
müsahibimizin cavabı belə oldu: “Müqayisə etsək
cüzi fərqlə nasazlıq daha çox gərginlik altında işləyən
elektrik avadanlığında olur. ”
Müsahibimiz
qeyd etdi ki, plana uyğun olaraq kiçik həcmli təmirlər
həddindən artıq çoxdur: “Əsaslı, orta və cari kimi
böyük həcmli təmir növləri var. Hazırda
pandemiya dövrünün tələblərinə uyğun
olaraq qatarların fəaliyyətində müəyyən məhdudiyyətlər
olur. Bütün bunları nəzərə alsaq 2
qatarımız “Cari təmir 3”dən çıxıb və istismara verilib.
Üçüncü və dördüncü qatarlarda da həm sazlanma,
həm də rənglənmə işləri yerinə
yetirilir. 2 qatar da əsaslı
təmirə verilib. Onlardan ikisi xətdədir.
Birində də rənglənmə və
qovşaqların yenilənməsi, həmçinin modernizasiya
işləri həyata keçirilir.”
Vaqonların
əsaslı təmiri xidmətinin rəisi Kamran
İsmayılov isə qəzetimizə
açıqlamasında bildirdi ki, 2017-ci ilin noyabrından bu
günə qədər biz 15 qatarı
müxtəlif təmirdən keçirmişik: “Bizim əsas
vəzifəmiz orta və əsaslı təmirdən keçən
vaqonlarda modernizasiya aparmaqdır. Biz geniş
modernizasiya aparırıq. Hazırda o modernizasiya ilə əlaqədar
olaraq bizdə 5 qatar istismarda fəaliyyət
göstərir. 6-cı qatarımız
hazırda sazlamaya dayanıb. Bu da bizim 7-ci
qatarımızdır ki, üzərində geniş
modernizasiya aparırıq.”
Həmsöhbətimizin
sözlərinə görə, müxtəlif vaxtlardan- 8,12,14 saatdan sonra qatarlar baxışa, depoya daxil
olunur, orada baxılır. Maşinistin qeyd etdiyi
nazaslıqlar əsasında onlar aradan qaldırılır və
müxtəlif yürüşdən sonra 3750 km-dən
başlayaraq bütün qatarlar hamısı baxışa
yollanır. Baxışlar üst-üstə
gəldikcə onlar böyüdükcə cari təmirə
yaxınlaşır. Biz gündəlik təmir işi görmürük. Qatarı təmirə götürəndə
özünüz də görürsünüz ki qatar tam
sökülür, altı yuyulur, rənglənir, sonra aparatlar
hamısı təftiş olunur.Təftiş olunduqdan sonra
bütün aparatlar yenidən yerinə qoyulur
yoxlanılır, ondan sonra 5 vaqon da hamısı hazır
olandan sonra onları biz bir-birinə qoşub depoda onu “zapiska” eləməyə
aparırıq.
K.İsmayılov xatırlatdı ki, qatarların müxtəlif yürüş göstəriciləri var. Hər milyon km-dən sonra qatarlar orta, 3 milyon km-dən sonra əsaslı təmirə dayanır. Hazırda biz ancaq orta təmirlə məşğuluq. 2017-ci ildən bu günə qədər biz yürüşə uyğun olaraq 3 qatarı əsaslı təmir etmişik. Biz modernizasiya edən zaman müxtəlif aparatları ixtisara salırıq: “Modernizasiya prosesi təkmilləşdirilmə deməkdir. Məsələn, kabinədə maşinistə idarəetmə sistemi üçün yeni aparat qoyuruq. Maşinist qatarı idarə edərkən hər hansı nasazlıq ortaya çıxırsa maşinist onu dərhal monitorun üzərində görür. Depoya qayıdanda təmirçi nəyəsə baxmaq istəsə həmin o monitorun vasitəsilə müxtəlif əməliyyat etdikdən sonra bütün nasazlıqlar-hansı vaqonda nə işləyir, ya da işləmir- bunların hamısını görmək olur. Bu zaman isə mövcud problemləri aradan qaldırmaq daha asan və əlverişli olur. Beləliklə də müasir qatarlarda hansısa nasazlığı axtarmağa ehtiyac qalmır. Belə ki, monitorun vasitəsilə biz hər şeyi görə bilirik.”
Yaqut
Ağaşahqızı
İki sahil.- 2021.- 28 iyul.- S.14.