Şuşa: Qarabağın “İçəri
şəhəri”...
Bakı
Azərbaycanın pasportu sayıldığı kimi,
Şuşa da Qarabağımızın pasportudur, desək yəqin
yanlış olmaz. İçərişəhər
Azərbaycanın qədimliyini və özünəməxsus
milli koloritini necə əks etdirirsə, Şuşa da
“külli-Qarabağın abi həyatı”nı eləcə əks
etdirir. Fərəhlə qeyd etməliyik ki, ölkəmizdə
elə şəhər və yaşayış məntəqələri
var ki, onlar Azərbaycanın varlığını, tarixini və
rəmzlərini özündə yaşadır və əks
etdirir. Belə şəhərlərdən biri olan
Şuşa öz mədəniyyətinə və gözəlliyinə
görə şöhrət qazanıb. Tariximizdə
Qarabağın paytaxtı olduğu illərdə bu şəhər
qeyrət və alınmazlıq simvoluna çevrilib.
Şuşanın yaradılmasının
maraqlı tarixi var. Bu tarix Qarabağ xanlığının
yaradıcısı və ona hakimlik edən Pənahəli
xanın adı ilə bağlıdır. Nadir şah Pənahəli bəyin
böyük qardaşı Fəzləli ağaya bəylik
verib onu əvvəlcə öz naibi, sonra isə
eşikağası təyin etdi. Fəzləli bəy sarayda
müəmmalı şəkildə vəfat etdikdən sonra
yerinə Pənahəli bəy təyin olundu. Məlumata
görə, Fəzləli bəyin Nadir şahın
tapşırığı ilə öldürülməsini
hiss edən Pənahəli bəy acı aqibətin onu da
gözlədiyini düşünərək saraydan
uzaqlaşmağa qərar verdi. Günlərin birində o, bir
neçə yaxın adamı ilə Naxçıvana, dostu
Qara Murtuza bəyin yanına gəldi. Sonra Pənahəli bəy
tərəfdarları ilə Gəncəyə, Şəkiyə,
Kür qırağına və daha sonra Qarabağa
yürüşlər etdi. Salnaməçi Əhməd bəy
Cavanşir bu barədə yazır ki, Pənahəli bəy
onu tutmağa gələn şahın silahlı dəstələrinə
ciddi müqavimət göstərirdi, onu məğlub edə
bilmirdilər. O, müstəqil dövlət yaratmaq barədə
düşünür, gücünü sürətlə
artırırdı. Xalqa zülm edənlərə
qarşı amansız olması onu xalqa sevdirir və onun rəğbətini
qazandırırdı.
1747-ci il iyulun 20-nə keçən gecə Nadir
şah sui-qəsd nəticəsində
öldürüldü. Mərkəzi hakimiyyətin zəifləməsi
nəticəsində Azərbaycanda 20 müstəqil xanlıq
yaradıldı. Belə əlverişli şəraitdə Pənahəli
bəy Qarabağda xanlıq təşkil etdi. O, vaxtilə Xorasana və Gilana sürgün
edilmiş Kəbirli, Cavanşir, Otuzikilər və başqa
böyük tayfaları Qarabağa qaytardı. Köçən
ailələrə yaşamaq üçün hər cür
şərait yaradıldı. 1747-ci ilin sonunda Pənahəli bəy
özünü Qarabağın hakimi elan etdi. Ancaq bəy
başa düşürdü ki, gələcəkdə
hücumlardan qorunmaq üçün möhkəm qala
lazımdır. O, 1748-ci ildə Ağcabədi
yaxınlığında Bayat qalasını inşa etdirdi.
Bir müddətdən sonra Pənahəli bəy anladı ki,
düzən yerdə tikilmiş bu qalada uzunmüddətli
müdafiə mümkün deyil. Bundan bir qədər sonra xan
Xocalı kəndinin beş kilometrliyində Əsgəran, daha
sonra Şahbulaq qalalarını tikdirdi. Ancaq
oralarda da möhkəmlənə bilmədi, bəyi yalnız
alınmaz qala düşündürürdü. Nəhayət,
çox axtarışlardan sonra Şüşə kəndinin
yaxınlığında əlçatmaz yer tapıldı və
burada Pənahəli bəyin arzuladığı qalanın
inşasına başlandı və möhtəşəm, yenilməz
bir qala quruldu. O vaxtdan belə bir fikir yarandı ki,
Şuşa kimindirsə, Qarabağ onundur.
... Görənlər heyrət edirdilər ki,
bu məkan sanki təbiətin bir möcüzəsidir.
Sıldırım qayalarla əhatələnmiş və sərt
yamacların üzərində bərqərar olmuşdur.
Əvvəllər qalaya yalnız bir neçə dar
cığırla çıxmaq mümkün idi. Bu
cığırlarda duran on beş, iyirmi nəfər bir
alayın qarşısını kəsə bilərdi, yəni
qüdrətdən səngərli-qalalı idi. Başı
daim dumanlı-çiskinli dağları ağuşuna alan
sıx yaşıl meşələr, igidlərin yarış
meydanı Cıdır düzü, həsrət rəmzi
sayılan Gəlin qayası, əlçatmaz yalçın
qayalar, Turşsu, İsa bulağı, saf havası
Şuşaya özəl gözəlliklər verirdi.
Dünyada nadir sayılan Xarıbülbül çiçəyi
də Şuşanı tanıdan simvollardan biri kimi sevilirdi.
Qarabağ
xanlığının paytaxtı olduğu illərdə
tariximizdə alınmazlıq simvoluna çevrilmiş bu şəhər-qala
həm də ədəbiyyatımıza, musiqimizə,
folklorumuza, incəsənətimizə istedadlı sənətkarlar
bəxş etməsi ilə də qürur
ünvanımıza dönüb. Şuşalılar
tanınmadıqları yerdə tanışlıq verəndə
fəxrlə “Qalalıyam” deyirdilər. Məşhur
müğənnimiz Rəşid Behbudov bir çox
mahnılarında “Qalalıyam ey, Qalalı” ifadəsini şəstlə
işlədirdi.
Qeyd etməliyik ki, şəhərin
bönövrəsi təxminən 1751-1752-ci illərdə
qouyulub və ilk çağlarda şəhər Şuşa
adı ilə yanaşı, xanın şərəfinə Pənahabad
da adlandırılıb. Bəzi məlumatlara görə,
Şuşa qalasının tikintisinə xanın vəziri
Molla Pənah Vaqif rəhbərlik edib. Şuşada
karvansaralar, bazarlar və 17 məhəllə vardı: Seyidli,
Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar,
Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar,
Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər,
Hamamqabağı, Merdinli və Təzə məhəllə.
Hər məhəllədə hamam, məscid və bulaq.
XVIII əsrdə Şuşa şəhəri
Azərbaycanın ən qaynar şəhərlərindən
birinə çevrildi. Onun dövrəsində
böyük və güclü müdafiə səddi çəkilmiş,
çoxsaylı sənətkar məhəllələri
salınmışdı. Şuşalı tacirlər İran
şəhərləri və Moskva ilə ticarət əlaqələri
saxlayırdılar, burada Pənahabadi adlanan gümüş
sikkə kəsilirdi.
XX əsrin əvvəllərində
Şuşa Qafqazın musiqi mərkəzinə
çevrilmişdi. Şuşanı "Kiçik Paris",
"Qafqazın sənət məbədi", "Azərbaycan
musiqisinin beşiyi" və "Zaqafqaziyanın
konservatoriyası" adlandırırdılar. XX
əsrin əvvəllərinədək Azərbaycanda, o
cümlədən Şuşada musiqi sənəti, ilk növbədə
xanəndə və sazəndələr ustad-şəyird zəminində
inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq
peşəkar musiqi təhsili
sistemləşdirilməyə və kütləviləşməyə
doğru istiqamət aldı.
İllər keçdikcə sürətlə
inkişaf edən Şuşadan pərvəriş
tapmış bir çox görkəmli dövlət xadimləri
və elm adamları, maarifçilər, pedaqoqlar yetişdi. O
zaman bu şəhərin yaşı çox olmasa da, burada bir
çox istedadlı dövlət xadimləri yetişmişdi.
Dövrünün görkəmli dövlət
xadimi və şairi olan Molla Pənah Vaqif şuşalı
olmasa da, diplomatik fəaliyyətinin hamısı, bədii
yaradıcılığının isə böyük bir hissəsi
məhz Şuşa ilə sıx bağlıdır. Molla Pənah Vaqif o şairlərdəndir ki, öz
ana dilimizdə-Azərbaycan dilində yazıb-yaradırdı.
Xatırladaq ki, o dövrdə bütün şairlər
öz əsərlərini fars dilində yazırdılar.
Çünki dövlət dili fars dili hesab olunurdu və bu
dildə yazmaq tələb olunurdu. Ölməz şairimiz Səməd
Vurğun Şah Qacarın dili ilə “Vaqif” pyesində “Gərək
fars dilində yazsın sənətkar” deyərkən buna
işarə etmişdi. Bununla bərabər, Qarabağ
xanının vəziri olan Molla Pənah xarici dövlətlərlə,
xüsusilə də Rusiya, İran və Gürcüstanla
danışıqlar aparmış, mühüm diplomatik fəaliyyət
göstərmişdir.
Qarabağ hakimi İbrahimxəlil xanın
qızı Ağabəyim Ağa Şuşanın ilk
qadın şairi olub. Onun şair kimi yetişməsində
müəllimi Molla Pənah Vaqifin böyük rolu vardı.
Ağabəyim ağa mükəmməl təhsil
aldığı üçün bir neçə dildə sərbəst
danışmağı bacarırdı. O, siyasi motivlərlə
əlaqədar İran şahına ərə verildiyi
üçün Tehranda yaşamalı olsa da, daim döğma
Qarabağın həsrətini çəkirdi. Yurd nisgili, Vətən
həsrəti onun bir çox şeirlərinin leytmotivi olub.
Şeirlərinin birində “Aləm cənnətə dönsə,
yaddan çıxmaz Qarabağ” deyib. O zamandan indiyədək
dillər əzbəri olan bu misraları bilməyən azərbaycanlı
çətin tapılar.
Vətən bağı al-əlvandır,
Yox üstündə xarı bülbül,
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül!
Aşağıdakı bir bənd isə
Ağabəyim ağanın doğma yurda nə qədər sıx
bağlı olduğunu təcəssüm etdirir.
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Qeyd etməliyik ki, dini mövzuda olsa da, Azərbaycanda
ilk tamaşa Şuşada göstərilmişdir. Bu
tamaşanın müəllifləri və aktyorları şəhərin
ziyalıları və sadə şuşalılar idi.
Əsasən XVIII əsrdən başlayaraq
Şuşada anadan olan şair və
yazıçılarımızın əksəriyyəti Azərbaycan
dilində yazmaqla, şifahi və yazılı ədəbiyyatımızı,
folklorumuzu zənginləşdirdilər. Qasım
bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan,
Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov
və bir çox başqaları öz
yaradıcılıqları ilə ədəbi xəzinəmizə
qiymətli incilər bəxş etmişlər.
Görünür havasının, suyunun, torpağının
təsirindəndir ki, Qarabağda, xüsusilə də
Şuşada istedadlı xanəndələr, musiqi xadimləri,
incəsənət ustaları yetişib. Onlar təkcə Azərbaycan
səhnəsinin, Qafqaz regionunun deyil, bütün
dünyanın mötəbər məclislərinin
yaraşığı olublar. Yaşadıqları
dövrün korifeyləri olan Cabbar Qaryağdıoğlu,
Keçəçioğlu Məhəmməd, Rəşid
Behbudov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski,
Hacı Hüsü, Xarrat Qulu, Əbülfət Əliyev və
başqaları öz gözəl səsləri və təkrarsız
ifaları ilə könülləri fəth etmişlər.
Onlar öz yüksək sənətkarlıqları ilə
Şuşanı ”Qafqazın konservatoriyası”na
çevirmişlər. Qarabağ xanəndələrinin səsi
Yaxın və Orta Şərq ölkələrindən,
şahların saraylarından gəlirdi.
Təəssüf ki, Şuşamız 1992-ci
ildə xəyanət nəticəsində erməni
işğalçıları tərəfindən ələ
keçirildi. Vandal ermənilər şəhərdəki
məscidləri, evləri, müzeyləri və digər mədəniyyət
abidələrimizi dağıdıb yerlə-yeksan etdilər.
Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu
Natəvanın güllələnmiş büstləri bu
gün də erməni vəhşiliyinin izlərini
özlərində saxlamaqdadır.
Nəhayət,
iyirmi səkkiz illik həsrətdən sonra Şuşanın
azad edilməsi bütün dünya azərbaycanlılarının ümumxalq bayramı kimi
qarşılandı. Bu bayramı bizə möhtərəm
Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və
müzəffər Azərbaycan Ordusu yaşatdı. Rəhbərimiz və qəhrəman
döyüşçülərimiz ermənilərin 28 ildən
artıq müddətdə işğal altında işğal saxladıqları şəhəri
və digər torpaqlarımızı cəmi 44 günlük
ildırımsürətli döyüş əməliyyatları
ilə azad etdilər. Prezidentimiz “Əziz Şuşa, sən
azadsan, biz səni dirçəldəcəyik” dedi. Dövlət
başçımızın tapşırığı ilə
Şuşa dağıntı olmamaq şərtilə
xüsusi tapşırıqla- bir top mərmisi atılmadan azad
edilib.
Prezident İlham Əliyevin Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə yanvar
ayında birlikdə azad edilmiş Şuşada olmaları,
dağıdılmış dini və mədəniyyət
ocaqlarını ziyarət etmələri orada böyük
işlər görüləcəyinə stimul yaradıb.
Tezliklə xan qızı Natəvanın,
Üzeyir Hacıbəylinin, Bülbülün, Mir
Möhsün Nəvvabın, Xan Şuşinskinin, Süleyman
Ələsgərovun ev-muzeyləri, Vaqifin məqbərəsi
yenidən qurulub abadlaşdırılacaq və əvvəlkindən
də baxımlı vəziyyətə salınacaqdır.
Əvvəllər həmişə
Şuşada Vaqif poeziya günləri, muğam
yarışları, “Xarıbülbül” festivalları
keçirilərdi. İyirmi səkkiz illik fasilədən sonra yasa
bürünmüş Şuşa dağlarında,
Cıdır düzündə bu festivallar yenidən
keçirilməyə başladı, gözəl ənənəmiz
bərpa olundu. Ellərin
yığışıb böyük təm-təraqla
keçirdikləri möhtəşəm Xarıbülbül festivalı əsarətdən
təzəcə qurtulan doğma Vətən
torpağımızı və onun əsrarəngiz gözəlliklərini
qədərincə vəsf etdi. Bundan sonra
Xarıbülbülümüz daha boynubükük olmayacaq, Qələbəmizin
rəmzi kimi təqdim ediləcək. Şuşalı
Xarıbülbülümüz hər yerdə
dostlarımızı sevindirəcək, düşmənlərimizi
isə xar edəcəkdir.
Vəli İlyasov
İki sahil.- 2021.- 31
iyul.- S.13.