Müstəqilliyimiz: Varlığımızın əbədiyyət rəmzi

 

 

1993-cü ilin 4 iyun tarixində baş verən Gəncə hadisələri zamanı xalqı arxasınca aparan ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını Prezident İlham Əliyev uğurla davam etdirir

 

Dövlətçiliyimizə ciddi təhlükə olan vətəndaş müharibəsi xofu yaradan, AXC-Müsavat iqtidarının səbatsızlığı üzündən 1993-cü ilin 4 iyununda Gəncədə baş verən qiyam müstəqillik tariximizdə qara ləkə kimi xatırlanır. Hadisələr çözələndikcə yeni məqamlar aşkarlanır. O çətin dövrdə Azərbaycan xalqını narahat edən, düşündürən yeganə məsələ müstəqilliyimizin qorunması, torpaqlarımızı işğal edən Ermənistanın təcavüzünün qarşısının alınması idi. «Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı, korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi…AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı.» Müstəqilliyimizə real təhlükə olan, ölkədə vətəndaş müharibəsi xofu yaradan Gəncə hadisələrini bu sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev respublikanı dağılmaq təhlükəsi ilə üz-üzə qoyan Gəncə hadisələrinin yaranmasında günahkar olan AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyətini xalqa xəyanət adlandırır. Respublikadakı hakimiyyətsizlik, mürəkkəb siyasi vəziyyət dözülməz idi. Xalqı birləşdirmək, Ermənistanın təcavüzünə qarşı birgə mübarizə aparmaq əvəzinə ölkə daxilində qarşıdurma yaradan, hətta xarici dairələrlə əməkdaşlıq edən ayrı-ayrı qüvvələr ölkədəki xaosu daha da gərginləşdirirdilər. Yaranan bu şəraitdən bəhrələnmək istəyən, «ümumi qazandan» pay uman, AXC-Müsavat iqtidarına etirazını keçmiş SSRİ-nin Gəncədəki 130, 709 saylı hərbi hissələrində qiyam yaratmaqla bildirən korpus komandiri Sürət Hüseynovun «dar ağacı» xəbərdarlığından qorxan səriştəsizlər xalqı başsız qoydular. Paytaxtda isə vəziyyət gündən –günə çətinləşirdi.

 

Nikolay Zenkoviçin « Heydər Əliyev . Tale yolları» kitabında o dövr - 4 iyun 1993-cü il Cəncə qiyamı ilə bağlı mənzərə belə təsvir edilir.

 «Bakı küçələrində avtomatla silahlanmış kamfilyaj geyimli yekəpər saqqallılardan ibarət dəstələr gəzirdi. Yuxarıda –Elçibəyin komandasında hər dəstənin öz himayədarı vardı. Onlar nüfuz dairələri üstündə biri-biri ilə rəqabət aparırdılar. Buna görə də tez-tez toqquşmalar, atışmalar olurdu...1993-cü ilin yazında ölkənin parçalanmasına real təhlükə yarandı... Bu isə Elçibəy və onun komandasının yol verdiyi kobud səhvlərin nəticəsi idi. Onlar milləti birləşdirməyi, ayrı-ayrı siyasi qüvvələr arasındakı qarşıdurmanı dayandırmağı, bəzi cinayətkar qruplaşmaların, separatçı qüvvələrin hərəkətlərinin qarşısını almağı bacarmamışdılar.»

 

1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövrü biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü adlandıran Prezident İlham Əliyev «Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi, hansı ki, söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər tula kimi orada-burada sülənir. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ondan sonra nələr baş verdi? Ondan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər» sözləri ilə AXC-Müsavat cütlüyünün xəyanətlərini ifşa edir.

 

AXC-Müsavat iqtidarının xəyanəti üzündən ölkədə sözün əsl mənasında siyasi, iqtisadi, mənəvi böhranın gərginləşməsi, Konstitusiyaya zidd hadisələrin, hüquqi mahiyyət daşımayan qurumların yaranması, səriştəsiz, dövlətçilik təcrübəsi olmayan naşıların vəzifəyə gətirilməsi fonunda baş verən Gəncə hadisələri ölkəni iflic vəziyyətinə salmış, hərc-mərclik yaratmışdı. Mövcud iqtidarın ictimai-siyasi vəziyyətə nəzarət edə bilməməsi, cəmiyyətin obyektiv qanunauyğunluqlardan daha çox, subyektiv mülahizələr əsasında idarə olunması, küçə və meydanlarda demokratiyadan danışsalar da, demokratiyanı anarxiyaya çevirənlərin öz mənafelərini dövlətçilik maraqlarından üstün tutmalar Azərbaycanı uçuruma aparırdı. Ölkədə yaranan vətəndaş qarşıdurmasının öhdəsindən gələ bilməyən spiker İsa Qəmbər, baş nazir Pənah Hüseynov artıq istefa vermiş, xalqı başsız qoymuşdular. Ölkəyə rəhbərliyi irəli sürülərkən «çəpik çala-çala prezidentliyə namizəd irəli sürdüyünüz şəxsi bir ildən sonra fit çala-çala qovacaqsınız» söyləyən Prezident Əbülfəz Elçibəy bildirirdi ki, «tankların qabağında dayansalar da, pulun qabağında dayana bilməyən bəylərin» törətdikləri iğtişaşların qarşısını yalnız bir nəfər ala bilər: Xalqın inamını doğruldan Heydər Əliyev.

 

Belə də oldu. Gəncə hadisəsində 35 nəfərin, o cümlədən 1 uşağın qətlə yetirilməsi, 56 dinc sakinin müxtəlif dərəcəli bədən xəsarəti alması, o dövrün məzənnəsi ilə dövlətə 50 milyard rubl həcmində ziyan vurulması, küllü miqdarda dağıntının olması kimi dəhşətli hallara insanlar biganə qala bilmirdilər.

 

1993-cü ilin iyun ayında Cəncədə baş verən hadisələr o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevi də ciddi narahat edirdi. Naxçıvan MR Ali Məclisinin sessiyasında məsələ ilə bağlı çıxış edən deputatların ümumi rəyinə münasibətini « Hələlik bizə heç nə aydın olmadığından qəti fikir deyə bilmərik. Deyilənlərə görə milli qvardiyanın rəhbəri vurulub. Ona görə də mən konkret bir fikir demək üçün bütün məsuliyyəti öz üzərimə götürə bilmərəm. Günahkar şəxslər və bu məsələni törədənlər məsuliyyətə cəlb olunmalıdırlar» sözləri ilə bildirən ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin Rəyasət Heyətlərinin birgə Bəyanatının qəbulunun düzgün ,obyektiv yanaşma olduğunu «Bizim bəyanatımız siyasi əhəmiyyət daşımalıdır. Biz bu bəyanatda hadisələrə siyasi qiymət verməliyik. Xalq faciə- vətəndaş müharibəsi qarşısındadır. Buna heç cür yol vermək olmaz. Araşdırıldıqdan sonra biz həmin məsələni geniş müzakirə edib, öz qəti fikrimizi deməliyik» sözləri ilə təsdiqlədi. Bütün Azərbaycan xalqını milli birliyə səsləyən Bəyanatda qeyd olunurdu ki, Azərbaycanın indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə Gəncədə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qırğını tökülməsini pisləyirik: « Əminik ki, Cəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcəkdir.»

 

Ermənistanın Naxçıvanı işğal etməsinə imkan verməyən dahi şəxsiyyət Heydər Əliyevə fiziki təsir göstərmək, hakimiyyətdən uzaqlaşdırmaq istəyən AXC-Müsavat iqtidarının formalaşdırdığı hərbi desant qrupunun təxribatlarının qarşısını alan naxçıvanlılar Ulu Öndərlə həmrəyliklərini silahlılara müqavimətləri ilə bildirdilər. «Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırlar. Bunlar Xalq Cəbhəsi-Müsavat xəyanətkarlarının əməlləridir. Ancaq qorxdular, heç burunlarını soxa bilmədilər. Çünki xalq qalxdı, dedilər ki, gələn kimi sizi burada məhv edəcəyik. Vətəndaş müharibəsinə start verdilər, Gəncəni bombaladılar, Azərbaycan əsgərlərini əsir götürdülər, torpaqlar işğal altına düşə-düşə. Bu, xəyanət deyil, bəs nədir?!» söyləyən Prezident İlham Əliyev «Onların mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil» sözləri ilə xəyanətlərini davam etdirən tör-töküntüləri satqınlar adlandırır.

AXC- Müsavat iqtidarının ölkədə yaratdığı siyasi vakuumdan narahat olan «91-lər»in Naxçıvan MR Ali Məclsinin Sədri Heydər Əliyevə müraciəti, Yeni Azərbaycan Partiyasının yaranması, müasir düşüncəyə malik insanların bir təşkilat ətrafında birləşmək istəyi xalqı oyatdı. Respublikada yaranan siyasi gərginlikdən çıxış yolu axtaran xalqa gələcəyini müəyyənləşdirmək imkanı qazandırdı.

 

Vətənini, torpağını canından artıq sevdiyini Azərbaycana tarixi xidmətləri ilə bildirən müdrik dövlət xadimi Heydər Əliyevi Bakıya dəvət edən xalq Azərbaycanın əbədiliyi, gələcəyi üçün düzgün seçim etdi. Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev Azərbaycanı qorumaq kimi məsuliyyətli vəzifəni üzərinə götürməkdən qorxmadı. Xalqın tələbi ilə Bakıya gələn, Gəncədə baş verənləri yerindəcə öyrənən, Milli Məclisin fövqəladə sessiyasında çıxış edən ulu öndər Heydər Əliyev respublikanı ağır, mürəkkəb vəziyyətdən çıxarmaq üçün əlindən gələni edəcəyini vəd etdi: « Bu sahədə mən nə lazımsa edəcəyəm və heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini, harada olursa olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm.»   

 

Bakıya qayıdan ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra xoşagəlməz hallara son qoyuldu, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, ölkədə sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı.

 

«Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil» söyləyən, işğalçı Ermənistan üzərində Zəfərimizin müjdəsini Ümummilli Liderə «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə bildirən Prezident, Ali Baş Komandan İlham Əliyev 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etməklə Ulu Öndərin arzusunu yerinə yetirdi, bu gün də xəyanətlərini davam etdirən xainlərə tarixi dərs verdi, onların mənfur niyyətlərini ifşa etdi. «Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik» söyləyən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirərək Azərbaycanı dünyada qüdrətli ölkə kimi tanıdır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2021.- 4 iyun.- S.11.