Tarix ulu öndər Heydər Əliyev
siyasətinin nə qədər doğru olduğunu sübut
etdi
- Səməd müəllim, Azərbaycan-Ermənistan
sərhədində baş verən erməni təxribatlarını
necə dəyərləndirirsiniz?
- Bu, o qədər
də asan bir sual deyil. Təəssüflər
olsun ki, Ermənistanın daxilində olan bəzi qüvvələr
44 günlük Vətən müharibəsində məğlub
olmalarını nə dərk, nə də qəbul etmək
istəyirlər. Biz
torpaqlarımızı işğaldan azad edərək qalib gəlmiş
dövlətik, qalib xalqıq, özümüzü də
qalib xalq kimi aparırıq. Cənab
Prezidentin çıxışlarında səsləndirdiyi
fikirlər, dünya ictimaiyyətinə müraciəti qalib
xalqın və dövlətin liderinin mövqeyidir.
Amma məğlub tərəf öz məğlubiyyətini
dərk etmədiyinə, etmək istəmədiyinə görə,
belə provokasiyalara əl atır və yəqin ki, bunun
çox şahidi olacağıq. Bu, məsələnin
görünən, yəni, üst tərəfidir. Ermənistanda
parlament seçkiləri ərəfəsində mövcud olan
vəziyyət, sərhəddə törədilən təxribatlar,
Azərbaycanı hansısa oyunlara cəlb etmək məsələsinin
altında dərin qatlar var. Ermənistan tarix boyu böyük
dövlətlər üçün bir alət rolunu oynayıb. Azərbaycanın apardığı siyasət, Vətən
müharibəsində qazandığı Qələbə nəticəsində
yeni reallıq yaranıb və bu reallıq həmin aləti
yoxa çıxardıb. Bu alət özü
mövcuddur, ancaq ondan
istifadə edərək hansısa bir nəticə əldə
etmək artıq mümkün deyil. Bəzi
güclər hər zaman Ermənistandan istifadə edərək
bulanıq suda balıq tuturdular. Ermənistandan Azərbaycana,
Türkiyəyə qarşı alət kimi istifadə ediblər.
Ermənistanın ən böyük faciəsi
ondan ibarətdir ki, heç vaxt dövlət olmayıb, həmişə
alət kimi istifadə olunub. İndi məğlubiyyətə
uğrayaraq demək olar ki, həm dövlət kimi yoxdurlar, həm
də alət kimi istifadə oluna bilmirlər.
Ona
görə də müxtəlif təxribatların,
provokasiyaların, bizi qıcıqlandırmaq cəhdlərinin
şahidi ola bilərik. Bir məsələni
qeyd edim. Fransa Prezidenti Azərbaycana
Respublika Günü ilə bağlı təbrik məktubu
göndərdi. Fransa Minsk qrupunun həmsədrlərindən
biridir. Diplomatiyada hər saatın, hər
günün önəmi var. Böyük dövlətlər
Respublika Günü münasibəti ilə Azərbaycanı təbrik
etdilər. Digər həmsədrlər
olan Amerika Birləşmiş Ştatları və Rusiya
Federasiyasından da təbrik gəldi. Amma
Fransa bizi Respublika Günündə təbrik etmədi, həmin
gündən bir müddət sonra təbrik məktubu göndərdi.
Yəni, bu o deməkdir ki, məcburiyyət
qarşısında öz statusunu saxlamaq niyyəti ilə
edib. Fransa faktiki olaraq regiondan kənarda
qalıb. Regiona qayıtmaq niyyətində
olduğu üçün bir tərəfdən Paşinyana
hansısa vədlər verir, digər tərəfdən
Respublika Günü ilə bağlı gecikmiş təbrik məktubu
göndərir. Deməli,
reallığı inkar edə bilmir. Bu, gedən
prosesi anlamaq üçün çox incə bir detaldır.
Regiona təsiri olan qüvvələr artıq dəyişib.
Burada təsiri olan əsas dövlətlər
Türkiyə, Rusiya və Azərbaycandır. Ermənistanın taleyi Azərbaycanla
bağlıdır. Ona görə də səbirli,
ağıllı siyasət həyata keçirərək
vaxtı, zamanı düzgün seçməliyik. Cənab Prezident tərəfindən bu siyasət
uğurla həyata keçirildiyi üçün Azərbaycan
qalib dövlətdir.
- Ermənistan
tərəfi bu günlərdə elan etdi ki, baş nazirlərin
müavinlərindən ibarət olan üçtərəfli
komissiya işini dayandırıb. Bu nəyə
hesablanmış addımdır? Seçkiqabağı vəziyyətlə
bağlı ola bilərmi?
- Azərbaycan,
Rusiya və Ermənistan baş nazirlərinin müavinlərindən
təşkil olunan komissiya nəqliyyat kommunikasiya əlaqələrinin
bərpası ilə bağlı bir neçə iclas
keçirib. İndi erməni tərəfdən təmsilçi
olan Mqer Qriqoryan dedi ki, komissiya fəaliyyətini artıq
dayandırıb. Onlar demək olar ki, hər
gün bir bəyanat verirlər. Həmin bəyanatdan
sonra Moskvada yenə də üçtərəfli
görüş keçirildi. Paşinyan
özü də bu məsələlərlə bağlı
biri-birinə uyğun olmayan bəyanatlar verir. Təbii ki, bəzi
addımlar seçki ilə bağlıdır. Amma
əsasən seçkiqabağı vəziyyətlə
bağlı deyil. Onların dövlətçiliyi
tamamilə iflasa uğrayıb, pərakəndəlik, xaos
hökm sürür.
Mən ixtisasca psixoloqam. Ermənilərin
düşdüyü bu vəziyyət psixologiyada çox
ciddi tədqiq olunub. Ermənistan cəmiyyəti
nevrotik vəziyyətə düşmüş cəmiyyətdir.
Bunun müalicəsi varmı? Çox çətindir. Nəyə
görə bu vəziyyətə düşməyin səbəbini
dərk etmək, etiraf etmək lazımdır. Cənab Prezident də qeyd etdi ki, səbəb
işğal siyasətidir. Ermənilər
30 ilə yaxın zamanda həyata keçirdikləri
işğal siyasətinin səhv olduğunu dərk etməli,
bunu etiraf etməlidirlər. Onlar etiraf etməlidirlər
ki, gələcəkləri
Azərbaycanla bağlıdır. Hələ ki,
etiraf etməkdə çətinlik çəkirlər.
İnkar prosesindən sonra dərin depressiv vəziyyətə
düşəcəklər. Mənim proqnozum belədir
ki, bu depressiv vəziyyətdə erməni cəmiyyətində
parlament seçkilərindən sonra müxtəlif
çaxnaşmalar olacaq. Vətəndaş
müharibəsi təhlükəsi də var. Ən sonda iki
seçim qarşısında qalacaqlar. Ya
müstəqillikdən məhrum olmuş, ərazi
anlayışına çevrilmiş və idarə edilən
bir quruma çevriləcəklər, ya da etiraf edib
yavaş-yavaş dövlət olmağa başlayacaqlar.
- Ermənistan
təxribatlar törətdiyi, üçtərəfli Bəyanatın
icrasında problemlər yaratdığı, Paşinyanın
Avropada səfərdə olduğu vaxt Azərbaycan və
Çin liderləri arasında telefon
danışığı oldu. Bu telefon
danışığını Çinin Azərbaycana,
ölkəmizin həyata keçirdiyi siyasətə, “Zəngəzur
dəhlizi”nə dəstəyi kimi dəyərləndirə
bilərikmi?
- Bəli,
bu, Çin kimi super dövlətin Azərbaycana dəstəyidir.
Azərbaycan dünyanın aparıcı ölkələrinin
diqqət mərkəzindədir. Əsas
olan ölkənin miqyası yox, onu idarə edən liderin
düşüncəsinin miqyasıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasət nəticəsində Azərbaycan dünyada
nüfuzlu, qlobal layihələr həyata keçirən,
qlobal həmrəyliyə töhfə verən dövlətdir.
Çin dünyanı idarə edən ölkələrdən
biridir. Azərbaycan əhalisinin sayı
Çinin bir şəhərində yaşayan əhali
sayından azdır. Ancaq Azərbaycan
öz strateji mövqeyinə, həyata keçirdiyi siyasətə
görə dünya dövlətləri ilə yüksək səviyyəli
münasibətlər yarada bilib. Prezident
İlham Əliyevin siyasətində çox vacib bir məsələ
var – həyata keçirilən siyasət, layihələr
heç kimə qarşı olmur, beynəlxalq əməkdaşlığa
xidmət edir. Vaxtilə
Bakı-Tibilisi-Ceyhan kəməri müzakirə olunarkən
ilk günlərdə layihə Rusiya tərəfindən
etirazla qarşılanırdı. Amma ulu öndər Heydər
Əliyevin böyüklüyü, dahiliyi və uzaqgörənliyi
nəticəsində bu layihəyə Rusiya da daxil oldu və nəticədə
“Əsrin kontraktı”, 1995-ci ildə isə İstanbulda
Bakı- Tbilisi-Ceyhan boru kəməri ilə bağlı
protokollar imzalandı.
Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi
dünya diplomatiyası üçün bir nümunədir. Rusiya
“Şimal axını -2” layihəsini indiyədək həyata
keçirə bilməyib. Ancaq Cənub Qaz
Dəhlizi birmənalı şəkildə bütün iştirakçı
dövlətlər tərəfindən qəbul olundu. Azərbaycanın Türkmənistanla “Dostluq”
yatağı ilə bağlı imzaladığı tarixi bir
saziş həm Qərb tərəfindən, həm Çin, həm
də Rusiya tərəfindən dəstəklənir.
“Zəngəzur dəhlizi” də elə bir layihədir
ki, bunu ABŞ da, Rusiya da, Çin də, Türkiyə də
dəstəkləyir. Ermənistan da dəstəkləməlidir.
Çünki yeni çıxış əldə
edəcək. Cənab Prezidentin həyata keçirdiyi siyasət
böyük dövlətləri bir-birinə qarşı
qoymur, əksinə, onları əməkdaşlıq
formatında birləşdirir. Azərbaycan
birləşdirici funksiya yerinə yetirir.
-
Ağdamın işğaldan azad edilməsindən sonra bərpasının
ilk təməl daşı qoyuldu. Artıq
bölgədə böyük layihələrin icrasına, bərpa-quruculuq
işlərinə start verilib. Bununla
bağlı fikirlərinizi bilmək istərdik?
-
Ağdamın yenidən dirçəldilməsi,
Ağdamın yenidən qurulması Azərbaycanın həyata
keçirdiyi siyasətlə birbaşa bağlıdır. Bu, dünyaya mesajdır ki, Azərbaycanın
apardığı siyasət heç vaxt dünya
üçün təhlükə yaratmayacaq. Bu, yalnız bir şəhərin dirçəlməsi
deyil. Özü-özlüyündə
bizim üçün müqəddəs bir hadisədir. Ona görə ki, “Qafqazın Xirosiması”
adlandırılan Ağdam yaxın illərdə müasir
şəhərə çevriləcək. Söhbət yalnız şəhərin gözəl
olmasından getmir. Burada əsas məsələlərdən
biri də həm də odur ki, xalqın psixologiyası
dünyaya təqdim olunur. Bu xalq, dövlət
dağıdılmış, sökülmüş, yerlə-yeksan
edilmiş ərazini cənnətə çevirir. Bu, xalqın potensialını, dövlətin
gücünü göstərir.
- Bir
neçə gündən sonra Milli Qurtuluş
Gününü qeyd edəcəyik. İlk dəfə
bu günü ərazi bütövlüyünü bərpa
etmiş, qalib dövlət kimi qeyd edəcəyik. Bununla
bağlı fikirlərinizi bilmək istərdik.
- Həmin tarixi dövrlə
bağlı cənab Prezidentin dəqiq dəyərləndirmələri
var. 1991-92-ci illərdə AXC-Müsavat cütlüyü sanki
hakimiyyət uğrunda yox, xalqı, dövləti məhv etmək
uğrunda, xalqın özünəinamını
öldürməklə məşğul idilər.
Satqınlar, öz maraqlarını güdənlər,
xalqın maraqlarını kənara qoyub, öz şəxsi
maraqları naminə insanları bir-birinə
qırdırırdılar. Ən dəhşətlisi isə o
idi ki, hakimiyyəti əldə etmək üçün
torpaqlarımızı satırdılar. Vətəndaş
müharibəsi təhlükəsi yaranmışdı. Onlar
xalqın inamını qırdılar. Ölkəni bu təhlükədən
qurtaran, xalqın inamını bərpa edən ulu öndər
Heydər Əliyev oldu. Xalqın inam yeri təkcə Heydər
Əliyev idi. Heydər Əliyev xalqın təkidli tələbi
ilə hakimiyyətə gələrək dövləti yox
olmaqdan xilas etdi. Heydər Əliyevin 1993-cü ildə Ali Sovetə
rəhbər seçilməsi bizim xalq, dövlət olaraq yox olmaqdan, təhlükələrdən
qurtuluşumuz oldu. Qurtuluş Azərbaycan xalqının
müasir dünyada özünə yer tutmasının
bayramıdır. Heydər Əliyev olmasaydı, müstəqil
Azərbaycan da olmayacaqdı. Heydər Əliyev müstəqil
Azərbaycanın bünövrəsini, əsasını
yaratdı. Tarix ulu öndər Heydər Əliyev siyasətinin
nə qədər doğru olduğunu sübut etdi. Həmin
siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin
liderliyi ilə Azərbaycan ərazi
bütövlüyünü bərpa etdi.
İki sahil.- 2021.- 9 iyun.- S.9.