Zabit anası da müharibəyə getmək
istəyirdi
"Əsgər
atası" filmini bizim yaşlı nəslin çoxu
xatırlayır. İkinci Dünya
müharibəsindən bəhs edən bu filmi 1965 -ci ildən üzü bəri
ekranlarda nə qədər
göstəriblərsə, bir o qədər də maraqla izlənilib.
Oğlunun dalınca ölümü gözə alaraq, uzaq yol
qət eləyib cəbhəyə yollanan Georgi Maxaraşvilinin
saflığı, məsumluğu ilə yanaşı, qəlbindəki
övlad sevgisi tamaşaçını həm heyrətə,
həm də riqqətə gətirir. Filmin sonunda
döyüş yoldaşları ilə birlikdə Berlinə qədər
gedib çıxan “Əsgər atası” qollarının üstündə
can verən oğluna çarəsizcə deyir:
"İndi anana nə cavab verəcəm?" Bu epizoda
baxanlar yəqin elə mənim kimi kövrəliblər, hətta
göz yaşlarını saxlaya bilməyiblər.
...Xalqımızın
yaddaşından, hərb tariximizdən silinməyəcək
27 sentyabr 2020 - ci ildə faşist Ermənistanın növbəti
silahlı təxribatına qarşı başlayan Vətən
müharibəsində xalqımız, dövlətimiz, ordumuz
bir andaca səfərbər və tək yumruq oldu. İllərdir Qarabağa,
işğal olunmuş torpaqları azad etmək eşqi, həvəsi ilə 44
günlük Vətən müharibəsinə
könüllü qatılan azərbaycanlı leytenant Vüsal
Məhərrəmovun anası Elmira xanım da əlinə
silah alıb cəbhəyə getmək istəyirdi. Niyə?
Bu sualın cavabını sizə şəhid zabitimizin
ömür yolu haqqında təqdim etdiyimiz yazıda tapacaqsınız.
Qısa tanıtım: Məhərrəmov
Vüsal Aslan oğlu 10 dekabr 1979-cu ildə Masallı rayonunun
Hişkədərə kəndində anadan olub. 1986-cı
Hişkədərə kənd orta məktəbinin birinci
sinfinə qəbul olub, 1997-ci ildə ildə Birinci Qarabağ
müharibəsində göstərdiyi
şücaətə görə "Azərbaycan Bayrağı"
ordeni ilə təltif edilən şəhid Elşad
Ağayevin adını daşıyan həmin məktəbi əla
qiymətlərlə bitirib.
1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı
Akademiyasında təhsil alıb. Akademiyanın hərbi
kafedrasından məzun olduğu üçün leytenant
rütbəsi alıb. 2003-2004-cü
illərdə ehtiyatda olan zabit kimi hərbi xidmətə
çağırılıb. Naxçıvan Muxtar
Respublikasındakı hərbi hissədə bölük komandiri
vəzifəsində xidmət edib. Hərbçi sənətinə,
tibbi peşəsinə böyük maraq göstərib.
2008-ci ildə Gəncə şəhərində
iki ay hərbi təlimlərdə
iştirak edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Ermənistanın
işğalı altında olan ərazilərin azad edilməsi
üçün başlanan Vətən müharibəsinə könüllü qatılıb.
Noyabrın 4-də Şuşa istiqamətində gedən
şiddətli döyüşlər zamanı Daşaltıda
yaralanan əsgərlərinin həyatını xilas edərkən
qəhrəmancasına şəhid olub.
7 noyabr 2020-ci ildə
nəşi Masallıya gətirilb. Rayonun və Hişkədərə
kənd ictimaiyyətinin
izdihamlı yürüşü ilə son mənzilə
yola salınıb. Ailəli idi. İki oğul övladı - 14
yaşlı Nicat və 12 yaşlı Nihad Vətənə əmanət
qalıb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə leytenant Vüsal Aslan oğlu Məhərrəmov
ölümündən sonra “Vətən uğrunda”
medalına layiq
görülüb.
“Ən böyük arzum Şuşanın azad
görməkdir”
Azərbaycan Ordusunun leytenantı
Vüsal Məhərrəmovun boya -başa
çatdığı ailənin uşaqları (3 qardaş, 2
bacı) hamısı ali təhsil alıblar. Üstəlik tibb sahəsinə aid olan ən
vacib bilgiləri mənimsəyiblər. Şəhid zabitimizin
heyrətamiz hadisələrlə dolu həyat kitabını vərəqləmək
üçün baharın güllü-çiçəkli vədəsində
Hişkədərə kəndində yollandıq. Əvvəlcə
kənd qəbiristanlığında şəhid məzarlarını
ziyarət etdik. Sonra Vüsalın atası Aslan
müəllimlə, anası Elmira xanımla
görüşüb söhbətləşdik.
İxtisasca kimya müəllimləri
olan, hazırda təqaüdə çıxmış bu
insanlarla yaxından tanış
olduqca onlara təsəlli verməyə, səbr və
dözüm arzulamağa söz “tapmadıq.” Əmin olduq ki,
bu təcrübəli, ziyalı ata-ana
canlarının bir parçasını itirsələr də
müqəddəs Vətən uğrunda övlad qurban verməyi
özlərinə valideynlik borcu bilir və
başlarını uca tutaraq Vüsalın yolunda çəkdikləri
əziyyətin hədər getmədiyinə daxilən məğrurluq
hissi keçirirlər.
İndi Vüsal təkcə Məhərrəmovlar
ailəsinin deyil, Azərbaycan xalqının qəhrəman
övladı idi.
Ailənin hər bir üzvü vətənpərvərlik
ruhunda böyüyüb, ürəyində tükənməyən Vətən,
torpaq sevgisi qərar tutub. Vüsalın ardınca qardaşları
Rəşad və Mahir də Vətən müharibəsinə
könüllü yollanmaq istəyiblər: “Vüsal bizi müharibədə
görsə, daha ürəklə döyüşər...”
Elmira xanım əvvəlcə
dönüb boy-boya dayanmış 12 nəvəsinə
baxıb, sonra üzünü
oğlanlarına tutub təmkinlə və ciddi tərzdə
deyib: “Mən də əlimə silah götürüb sizinlə
müharibəyə gedəcəyəm…”
Şəhid zabitimizin ata-anasının söhbətlərindən
aydın olur ki, mərdlik, cəsurluq,
kişilik, vətənpərvərlik hələ tələbəlik
illərindən Vüsala xas xarakterik cəhətlərdən
olub. Bacısı
Gülşad xanım kövrək notlar üzərində
qələmə aldığı xatirəsində yazır
ki, Gəncədə Kənd Təsərrüfatı
Akademiyasında təhsil alan zaman Vüsal Murovdağ istiqamətinə
baxaraq tələbə yoldaşlarına zaman gələcək
biz Kəlbəcərə qayıdacağıq
deyirmiş...
Vətən müharibəsinə
könüllü yola düşəndə isə həyat yoldaşı Mətanət
xanıma təsəlli vermək üçün belə
deyib: “Əgər bu gün
torpaqlarımızı azad edib müharibəyə son qoymasaq,
gələcəkdə övladlarımız müharibə etməli olacaqlar...
Mənə heç nə olmaz. Atamın duaları məni
düşmən gülləsindən qoruyacaq.”
39 gün müharibədə Füzuli, Cəbrayıl,
Hadrut istiqamətində onlarca yaşayış məntəqəsini
düşməndən azad edən taqım komandiri deyərmiş: “Ən
böyük arzum Şuşanın azad görməkdir.”
Əsgərləri
Vüsala “Ağsaqqal” deyirdilər
Adətən, hərbi xidmətdə və ya
müharibədə hər kəsi soyadı, ya da rütbəsinə
görə çağırırlar. Vüsal Məhərrəmova
tabeliyində olan əsgərlər “ağsaqqal” deyə
müraciət edirdilər. O, əsgərləri ilə
komandir kimi yox, dost-doğmaları kimi rəftar edirdi.
Yaralıları döyüş meydanından
çıxarıb, yaralarını özü
sarıyırdı. Aqronom-torpaqşünas ixtisasına yiyələnsə
də həkimliyi də bacarırdı. Bir dəfə 3
yaralı əsgəri döyüş meydanından təkbaşına
çıxardıb, onlardan birinə öz göynəyini
geyindiri. Hardan biləydi ki, özü şəhid olandan sonra həmin əsgər onun verdiyi köynəyi gətirib
atası Aslan müəllimə verəcək...
Fədakar taqım komandiri kəşfiyyata
özü gedər, döyüş kordinatlarını müəyyən edəndən
sonra əsgərlərinə mühüm
tapşırıqlar verərdi. Əhmədbəyli kəndini
düşməndən azad edəndə Vüsal
ayağından yaralanır. “Ağsaqqal, gəl səni
döyüş meydanından çıxaraq” deyən əsgərlərinə
Vüsal: “Siz mənim qardaşlarımsız,
son nəfəsimə kimi sizinlə birlikdə
döyşüşəcəyik” deyir və
ayağındakı güllə yarasını özü
sarıyıb yenidən öndə gedərək
döyüş meydanına atılır. Ürəyində
böyük Vətən sevgisi, Qarabağ eşqi, Şuşa
sevdası yaşayan Vüsal Məhərrəmovu Zəfər günündən cəmi 3 gün ayırırdı.
Fəqət növbəti dəfə yaralı əsgərinin
həyatını xilas edərkən qəhrəmancasına həlak
olur.
...Bir gün sonra
cənazəsinə
bükülmüş
üçrəngli Azərbaycan bayrağı o məzarının
önündə keçirilən mərasimdə oğlu
Nicata təqdim olunacaqdı, nəşi doğma Hişkədərə
torpağına tapşırılandan sonra ruhu işğaldan azad olmuş
Şuşa şəhərinin səmasında dolaşacaqdı...
“Elə bilirəm oğlum uzaq səfərə gedib”
...Məzarının ziyarətinə
Azərbaycanın hər bir guşəsindən əsgərləri
gəlirlər. 40 mərasimindən sonra Şamaxıdan bir əsgəri gəlib,
ixtisasca diş həkimi
olan həmin ziyarətçinin Aslan müəllim
adını unutsa da onun Vüsal haqqında dediklərini
yaxşı xatırlayır: “Vüsal mənim
yaralarımı sarıyandan sonra
hardansa tapıb gətirdiyi ağrıkəsici
'Diklofenak' iynəsi də vurdu. Ağrım o qədər
şiddətli idi ki, dedim, o iynədən birini də vursun.
İzah etdi ki, ikinci iynəni yarım saatdan tez vurmaq olmaz.
Soruşdum ki, sən bunları hardan bilirsən? Dedi ki, ilk
arzum həkimlik olub, ancaq alınmadı... Yarım saat
keçəndən sonra mənə ikinci ağrıkəsici ampulanı da vurub arxaya göndərdi.
Onun neçə igid, cəsur, qorxmaz hərbçi
olduğunu mən yaxşı bilirəm.”
Aslan müəllim deyir ki, indi kiçik
oğlum Mahir Vüsalın azad görmək istədiyi
Şuşaya çəkilən “Zəfər yolu”nun tikintisində iştirak edir...
Bu yol şəhid
zabit və əsgərlərimizin qanı ilə
yazdığı şanlı tarixin şahididir. Müzəffər ordumuz bu yolla
Şuşa şəhərinə daxil olduğundan “Zəfər yolu”nun həm rəmzi məna,
həm də mənəvi önəm kəsb edir.
Aslan müəllim isə bizimlə xüdafizləşəndə
son sözü bu oldu: “Mən Vüsalın ölümünə inanmıram. Elə bilirəm ki, o uzaq
səfərə gedib.
Bir gün getdiyi
yolla evimizə geri dönəcək..”
Nurəddin Muğanlı
İki sahil.-
2021.- 9 iyun.- S.23.