Milli baş örtüyümüz kələğayı
Xalqımız
təkrarolunmaz və zəngin bir mədəniyyətə,
çoxsaylı milli dəyərlərə malikdir. Bu dəyərlərdən
biri də milli baş örtüklərimizdir. Bir
müsəlman qadınının
baş örtüyü
onun gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi hesab edilir. Azərbaycan ərazisində ən geniş yayılmış
baş örtüyü
olan kəlağayı
dördkünc formada hazırlanır. Bu baş örtüyünü
hazırlamaq üçün
xüsusi yerlərdə,
özəl bəslənmiş
barama qurdlarından əldə olunmuş ipək saplardan toxunmuş parçalar istifadə olunur.
Azərbaycanda kələğayının istehsal
tarixi kifayət qədər qədimdir. Təbriz, Gəncə, Şamaxı,
Şəki, Naxçıvan
şəhərlərində, İsmayıllı rayonunun
Basqal qəsəbəsində
yüksək səviyyəli
kəlağayılar hazırlanırdı.
Eləcə də Naxçıvan Muxtar Respublikasının Ordubad
şəhərində ipək
fabrikində incə ipək saplardan hazırlanan parçalar nəfis tərtibatdan sonra göz oxşayan baş örtüklərinə çevrilirdi.
Qeyd edək ki, Ordubad ərazisində
bu baş örtüyü “çərqət”
(və ya çarqat), “örpək”
də adlandırılırdı.
Onu da vurğulamaq
yerinə düşər
ki, kələğayı
istifadəsi heç də dinlə əlaqəli olmayıb. Bu baş örtüyü
birbaşa milli geyim nümunələrimizi
tamamlayan bir elementdir.
Ağ ipək
sapdan toxunan kələğayının boyanması
üçün müxtəlif
bitkilərin qabığından,
kökündən, meyvəsindən,
çiçəyindən istifadə edilirdi. Boyanmış parça qurudulduqdan sonra xüsusi qəliblərdən
istifadə edilərək
bəzədilirdi. Qeyd edək
ki, qəliblər davamlılığına görə
xüsusi ağaclardan hazırlanırdı
(xüsusən də meşə armudunun oduncağından) və üzərində Azərbaycan
xalqının milli ornamentləri, həndəsi
və nəbati elementlər təsvir edilir, məhz bu iş üçün
nəzərdə tutulurdu.
Milli ornametlərimizdən
olan “buta” kələğayıların bəzədilməsində
sıxlıqla istifadə
olunan elementlərdən
biridir. Demək olar ki, hər
bölgədə müəyyən
ornamentlər o bölgənin
ustaları tərəfindən özünəməxsus
tərzdə bəzədilir
və bəzən də elə həmin bölgənin adı ilə də adlandırılırdı:
“Muğan-buta”, “Bakı-buta”, “Xilə-buta”,
“Şirvan-buta”, “Naxçıvan
buta” və s. Əgər diqqət etsək tərtibatına görə sadəcə buta ornamentinin onlarla növünü görmüş olarıq.
“Şah buta”, “saya buta”, “əyri
buta”, “dilikli (və ya dişli)
buta”, “qıvrım buta”, “qarmaqlı buta”, “şabalıd buta”, “badamı buta”, “dik (və ya iti uclu) buta”, “qoşa buta”, “qotazlı buta”, “çiçəkli
buta” və s. kimi növləri var bu ornamentin.
Kompozisiyada istifadəsinə
görə “ailə buta”, “dost buta”,
“küsülü buta”,
“sevgili buta” və s. kimi adlandırılır. Bununla yanaşı,
dağı ifadə edən, suyu rəmzləndirən, günəşə,
Yer kürəsinə
və həyata işarə olan digər elementlər, yerlə göy arasında əlaqəni ifadə edən quş motivləri və eləcə də nəbati ornamentlər kələğayıların
tərtibatında əsrlərdir
ki, istifadə olunan milli
ornamentlərimizdir. Qəliblər
üzərindəki ornamentlər
oyma üsulu ilə hazırlanırdı
və müxtəlif rənglərə batırılaraq
basma üsulu ilə bəzədilirdi.
Bu gözəl
baş örtüyü
həm də sülh elçisi olub zamanında. Münaqişə böyüməsin deyə ağbirçək
analarımız başlarındakı
örpəklərini ayaq
altına atar-atmaz tərəflər hörmət
və ehtiram əlaməti olaraq sakitləşər və
barış bağlamaq
üçün ya görüşüb qucaqlaşar,
ya da sakitcə
oradan uzaqlaşardılar.
Beləcə, kələğayı
daha bir missiyanı daşımış
olurdu.
Elə bu gün də kələğayı
Azərbaycanın qədim
tarixini, mədəniyyətini,
adət-ən-ənənələrini özündə ehtiva edir. Əsrlər keçsə də belə kələğayı
xalqımızın həyatında
hər zaman önəmli rol oynamışdır.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin
2014-cü il noyabrın
26-da keçirilən iclasında
Azərbaycan kəlağayı
sənəti “Kəlağayı
simvolizmi və ənənəvi sənəti”
adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib! Bununla da Heydər
Əliyev Fondu, Mədəniyyət Nazirliyi,
ölkəmizin UNESCO yanında
daimi nümayəndəliyi,
UNESCO üzrə Azərbaycan
Respublikasının Milli
Komissiyasının birgə
həyata keçirdikləri
çoxşaxəli fəaliyyət
nəticəsində komitə
kəlağayı sənətinin
Azərbaycan xalqının
milli-mənəvi
dəyərlər sistemində
və adət-ənənələrimizdə
ən mühüm mədəniyyət nümunəsi
olduğunu beynəlxalq
səviyyədə təsdiq
etmiş oldu.
Onun
istehsalı və təbliği sahəsində
ard-arda işlər aparıldı. Bu gün yenə də kələğayı
anaların gəlinləri
üçün sevə-sevə
aldığı ilk baş örtüyünə
çevrilib. O baş
örtüyünə ki,
nəsildən-nəsilə ötürüləcək. Və elə
bu gün yenə də hər zaman olduğu kimi, Qərb mədəniyyətinin
qadın nümayəndələrinin
maraq dairəsindədir
kələğayı. Özünün
təbii qumaşı,
nəfis və anlamlı tərtibatı ilə. Hər zaman olduğu kimi, yenə də dillər əzbəri, şeirlər bəzəyidir
kələğayı.
Gecənin sarvanı o ulduz,
o ay,
Anamın örtdüyü sarı kəlağay.
Sözümdə qalmışdır ömrüm
uzunu,
Bəlkə də şairin
taleyidir bu...
(Səməd Vurğun)
Sevinc Səbzəliyeva,
Naxçıvan Dövlət
Xalça Muzeyinin əməkdaşı
İki sahil.- 2021.- 9 iyun.- S.29.