Aleksey Naumov: Həqiqəti
göstərmək, obyektiv
informasiyanı çatdırmaq
istəyən jurnalistlərin
həlak olması dəhşətdir
Cənubi Qafqazda
baş verən son hadisələr dünya ictimaiyyətinin bu regiona daha
çox diqqət ayırmasının zəruriliyini
aktuallaşdırdı. Elə
düşünmək lazım
deyil ki, Azərbaycan öz torpaqlarını geri almaqla münaqişənin
tarixi bitdi. Görünür, bir çox dövlətlərin,
dövlətlərarası təşkilatların, o cümlədən
Minsk qrupunun diplomatik səyləri tələb olunur. Minsk qrupu ilə
fəaliyyətə başlamaq
yaxşı olardı.
Bu barədə “Kommersant” qəzetinin şərhçisi Aleksey
Naumov bildirib.
A.Naumov Azərbaycanın
Kəlbəcər rayonunda
həlak olan jurnalistlərin ailələrinə
başsağlığı verərək deyib: “Həqiqəti göstərmək,
obyektiv informasiyanı
çatdırmaq istəyən
jurnalistlərin həlak
olması həmişə
dəhşətdir. Onlar
münaqişə tərəflərindən
birinin öz vəzifələrini yerinə
yetirməməsi səbəbindən
əziyyət çəkməyə
məcburdurlar. Ermənistan
ya minalanmış ərazilərin xəritələrinin
olmadığını etiraf
etməli, ya da bu vəziyyətin
düzəlməsi üzrə
konstruktiv işə başlamalıdır. Cəmiyyətin,
dövlətlərin və
dövlətlərarası təşkilatların diqqətini
bu məsələyə
çəkmək lazımdır.
İmkan verilməməlidir
ki, dünya xəritəsində Cənubi
Qafqazın yaralarının
hələ də qanaması yaddan çıxarılsın”.
Jurnalist ümidvar olduğunu
bildirib ki, illər sonra bu region yenidən inkişaf edəcək. O deyib: “Qarabağın müharibə, dağıntılar,
problemlər diyarına
deyil, yenidən bülbüllər diyarına
çevrilməsini istərdim”.
Cənubi Qafqazda qarşılıqlı
iqtisadi fəaliyyət
mövzusuna toxunan A.Naumov vurğulayıb
ki, siyasi nizamlama həmişə iqtisadi əməkdaşlıqla
sıx bağlıdır. O deyib: “İqtisadiyyat Qafqazda sülhü bərpa edə biləcək əsas amildir. Qarşılıqlı
iqtisadi fəaliyyəti
təşviq etmək
lazımdır. Bəzən,
tərəflərin hər
hansı birindən olan siyasətçilər
bunu əngəl yaratdıqları halda, xarici aktorlar, məsələn, Rusiya öz tərəfdaşlarına
təsir göstərə
bilər. Çünki
iqtisadi kooperasiya hamıya sərfəlidir.
Cənubi Qafqazda iqtisadi əlaqələrin
bərpası Ermənistana
da, Azərbaycana da, Rusiyaya
da, bütün xarici aktorlara da sərfəlidir.
Sülhə qarşı
ən qorxulu sabotaj, - hansı ki, bunu indi
yaratmaq olar, - məhz iqtisadi inteqrasiyanın sabotajıdır.
Çünki o, həmişə
xalqları və ölkələri sülhə
məcbur edir. Cənubi Qafqazda sülhün yaranması iqtisadiyyata əsaslanır
ki, bu da çox cəhətdən
Rusiyaya da sərfəlidir”.
İki sahil.-2021.-9 iyun.-S.24.