Şəhid jurnalistlər
Məhərrəm İbrahimov
və Sirac Abışovun adları AzTV-nin həyətindəki
abidə kompleksinə
yazılıb
Azərbaycan
Televiziyasının həyətində bütöv
ağ mərmər lövhədəki qara mərmər zolaq üzərində Fəxrəddin
Şahbazov, Alı Mustafayev, Arif Hüseynzadə, Çingiz
Mustafayev, Fuad Mirzəyev və Pərviz Balayevin adları yazılmışdı.
Birinci Qarabağ müharibəsi dövründə
öz peşə fəaliyyətini yerinə yetirərkən şəhid olan jurnalist həmkarlarımızın
sırasına 28 il sonra daha iki
ad əlavə olundu: AZƏRTAC-ın müxbiri Məhərrəm
İbrahimov və Azərbaycan Televiziyasının
operatoru Sirac Abışov...
AZƏRTAC xəbər
verir ki, iyunun 9-da bununla bağlı Azərbaycan Televiziyasının həyətində
mərasim keçirilib.
Şəhid həmkarlarımızın
ailə üzvlərinin
və yaxın qohumlarının, iş yoldaşlarının, dostlarının,
eləcə də ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi mərasimdə “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rövşən Məmmədov
çıxış edib.
“Bu məkan
bizim hər birimiz üçün müqəddəsdir. Hər
dəfə bu abidə kompleksinin qarşısından keçərkən
şəhid həmkarlarımızı
xatırlayır, onlarla
çiyin-çiyinə çalışdığımıza
görə qürur hissi keçiririk. Onların hər biri bizim qəlbimizdə
yaşayır. Bu fədakar həmkarlarımızın
ruhu qarşısında,
valideynləri qarşısında
baş əyirik. Biz onları heç vaxt unutmayacağıq”, - deyə
Rövşən Məmmədov
bildirib.
Azərbaycan Televiziyası ilə
AZƏRTAC-ın qardaş,
həmrəy olduqlarını,
daim bir yerdə çalışdıqlarını
vurğulayan sədr qeyd edib ki,
Kəlbəcər rayonunun
Susuzluq kəndində
minaya düşən
həmkarlarımız Azərbaycan
jurnalistlərinin birliyini,
möhtəşəmliyini, Vətən uğrunda mübarizliyini bir daha nümayiş
etdirdilər. Bu faciə bizim birliyimizi daha da möhkəmləndirdi,
bizi daha da yaxınlaşdırdı.
Buna görə Sirac Abışovla Məhərrəm İbrahimova
minnətdarıq.
Şəhid operatorun atası Abış Abışov oğlunun xatirəsinə
göstərilən ehtiram
üçün təşəkkürünü
bildirib, bu ağır günlərdə
xalqımızın nümayiş
etdirdiyi birlikdən qürur duyduğunu dilə gətirib.
Məhərrəm İbrahimovun qardaşı
Əsgər İbrahimov
göstərilən diqqət
və ehtirama görə təşəkkür
edərək deyib: “Vaxtilə mən də AZƏRTAC-da işləmişəm. Məhərrəmlə mənim həyatımda
AZTV ilə AZƏRTAC qoşa
qanaddır. İyirmi il əvvəl buradan keçəndə qardaşımın adının
bu xatirə lövhəsinə yazılacağını
ağlıma gətirməzdim.
İnsan ömrü
70-80, bəlkə də
bir az artıq
ola bilər. Şəhid ömrü isə əbədidir. Biz bu dünyada olmayanda onların adı yaşayacaq, xatırlanacaq, göstərdikləri
nümunə sonrakı
nəsillərə örnək
olacaq. Qardaşım əbədiyaşarlıq qazandığına
görə iftixar hissi keçirirəm”.
Şəhid anası Azadə Abışova deyib: “Mən bu gün
oğlumun itkisinə görə nə qədər üzgün olsam da, şəhid
anası kimi bir o qədər də qürurluyam”.
Anım mərasimində
Məhərrəmin bacıları
Sevda və İradə həm kədər, həm də qürur hissləri keçirdiklərini
deyiblər: “Onlar elə bir ali
məqama yüksəliblər
ki, bu, heç
də hamıya nəsib olmur. Təki Vətən sağ olsun! Arzu edirik ki,
iki qardaşımızın
faciəli taleyi bundan sonra heç
kəsə nəsib olmasın. Bacılar, qardaşlar belə ağır hisslər keçirməsin, belə
sınaqla üzləşməsinlər.
Bu gün hər iki qardaşımız
üçün göz
yaşı tökməklə,
sızlamaqla yanaşı
qürur duyuruq ki, bizim Azərbaycan
kimi şanlı Vətənimiz, güclü
dövlətimiz, İlham
Əliyev kimi Prezidentimiz, Ali Baş Komandanımız var”.
Şəhid jurnalistlərin digər ailə üzvləri, qohumları, həmkarları
da Məhərrəm İbrahimovun və Sirac Abısovun adlarının əbədiləşdirildiyinə
və əziz xatirələrinə göstərilən
yüksək ehtirama görə minnətdarlıqlarını
bildiriblər.
Tədbirin sonunda mərhum jurnalistlərin ruhuna dualar oxunub.
İki sahil.-
2021.- 10 iyun.- S.10.