Fransa televiziyasında Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdi. Səfər çərçivəsində Şuşa Bəyannaməsi kimi tarixi saziş imzalandı.

 

Türkiyə və Azərbaycan liderləri Ermənistanı münasibətləri normallaşdırmağa çağırdılar. Cənubi Qafqazda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı ilə altıtərəfli əməkdaşlıq formatının yaradılması təklif olundu. Şuşa Bəyannaməsi bütün region dövlətləri, eləcə də regional sabitliyin qorunub saxlanılması baxımından çox vacib sənəddir. Bu Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin, uzaqgörən strateji baxışlarının məntiqi nəticəsidir.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “ERE TV” kanalında müsahibəsi zamanı səsləndirib.

 

Aparıcıların suallarını cavablandıran səfir Qarabağ müharibəsinin tarixi, 30 illik işğal dövrü, Azərbaycanın bu müddət ərzində tolerantlıq göstərməsi və sonda Minsk qrupunun fəaliyyətsizliyi qarşısında BMT Təhlükəsizlik Şurasının qətnamələrini özünün yerinə yetirməsindən, 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad etməsindən danışıb. Dünya ölkələrinin Azərbaycanın bu qərarını dəstəklədiklərini diqqətə çatdırıb.

 

İyunun əvvəlində Kəlbəcər rayonunun Susuzluq kəndində iki azərbaycanlı jurnalistin minaya düşərək həlak olmasından bəhs edən diplomat peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərin ölümü səbrin sonu oldu. Bu günə qədər 20-si mülki şəxs olmaqla, 100-dən çox azərbaycanlının erməni minalarının qurbanı olduğu diqqətə çatdırılıb.

 

Səfir vurğulayıb ki, bölgədə sülhün bərqərar olması üçün qarşıdakı əsas çağırışlar azad edilmiş ərazilərin minalardan təmizlənməsi, dağıdılmış şəhərlərin yenidən qurulması, Qarabağdakı ermənilərin cəmiyyətimizə inteqrasiyası, Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasıdır.

 

Dünyada bir çox ölkələr arasında müharibə olub və bəziləri bu gün də davam edir. Müharibə qurtarandan sonra ölkələr beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, mina xəritələrini qarşı tərəfə veriblər. Ancaq Ermənistan yeganə ölkədir ki, mina xəritələrini təqdim etməyib. Müharibə başa çatandan sonra minalar səbəbindən həyatını itirmiş mülki şəxslər və əsgərlər haqqında ətraflı məlumat verən səfir bildirib ki, bir neçə gün əvvəl erməni əsgərlərinin azad edilməsi Azərbaycanın humanist dəyərlərini və siyasətini, eləcə də Azərbaycan Prezidentinin və ölkəmizin sülhə, barışığa önəm verdiyini göstərir. Nəhayət Azərbaycanın humanist addımları qarşısında Ermənistan tərəfi də ilk və yeganə müsbət addımını ataraq Ağdam rayonunun mina xəritəsini verib.

 

Səfir ermənilərin yerlə-yeksan etdiyi və xarici jurnalistlər tərəfindən Qafqazın Xirosiması adlandırılan Ağdam şəhərinin şəkillərini tamaşaçılara nümayiş etdirib. Bildirib ki, Ağdam və digər şəhərlərdə, kəndlərdə daş üstündə daş qalmayıb, yaşayış məskənləri tamamilə yerlə-yeksan edilib. Bu gün bölgədə yenidənqurma işləri başlayıb. Erməni mənşəli vətəndaşların cəmiyyətə sosial, hüquqi və siyasi inteqrasiyası, hər iki icmanın üzvləri arasında etimadın yaradılması, iki ölkə arasında daimi sülh müqaviləsinin bağlanması və diplomatik münasibətlərin yaradılması, iki icma məsələləri də əsas çağırışlardandır. Fransa Ermənistanla yaxın əlaqələrindən istifadə edərək, bu sahələrdə yardım göstərə və yenidənqurma işlərində iştirak edə bilər.

 

Aparıcının müharibəyə dini don geyindirilməsi ilə bağlı sualına cavab verən səfir bildirib ki, münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb və bu məsələdə heç bir dini əlamət yoxdur. Azərbaycan tolerantlığı, çoxmədəniyyətli və çoxkonfessiyalı, mədəniyyətlər və dinlər arasında dialoq platforması kimi bütün dünyada tanınır. Qarabağda erməni işğalından əvvəl 48 etnik qrupun nümayəndələri yaşayıb. Ancaq ermənilər Qarabağı monoetnik bölgəyə çeviriblər. Azərbaycanda bütün etnik və dini nümayəndələr eyni hüquqlara malikdirlər. Hələ XX əsrin əvvəllərindən Azərbaycanda tolerantlıq mövcud olub və bu ənənə bu gün də yaşayır. Ancaq Ermənistan nifrət yaymaqda davam edir.

 

Fransa mətbuatının tərəfkeş, qərəzli olduğu, bəzi ermənipərəst deputat və jurnalistlərin Qarabağla bağlı saxta, reallığı əks etdirməyən məlumatlar yaydığını diqqətə çatdıran diplomat bu ölkənin aparıcı media orqanlarının Azərbaycan tərəfinin cavab hüququnu tapdaladığı və onun cavab məktublarını dərc etmədiklərini vurğulayıb. Buna baxmayaraq, bəzi mətbuat orqanları, eləcə də sosial şəbəkələrdə açıq məktublar vasitəsilə Azərbaycan reallıqları Fransa ictimaiyyətinə çatdırılıb.

 

Azərbaycan-Fransa münasibətlərinə toxunan səfir bildirib ki, respublika dəyərlərinə sadiq olan, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə riayət edən Fransa Azərbaycana münasibətdə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə də riayət etməlidir.

 

İki sahil.-2021.-18 iyun.-S.11.