Prezidentlərin
dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan
qardaşlığının simvoluna çevrilib
Milli
Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət
Babaoğlu www.yap.org.az saytına müsahibə verib:
-
Hikmət müəllim, Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Azərbaycana son səfəri tarixi
hadisələrlə yadda qaldı. Bu baxımdan, Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan tərəfindən imzalanmış
Şuşa Bəyannaməsinin əhəmiyyəti haqqında
nə deyə bilərsiniz?
-
Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik
münasibətləri haqqında Şuşa Bəyannaməsi,
əslində, “Bir millət, iki dövlət” fəlsəfəsinin
hüquqi müstəviyə köçürülməsi
hadisəsi idi. Bu isə mühüm tarixi hadisədir.
Çünki iki dövlət arasında strateji müttəfiqlik
münasibətlərinə təhlükəsizlik və
işbirliyi kontekstində yeni keyfiyyət qazandırır. Beləliklə,
bir dövlətin təhlükəsizliyinin, ərazi
bütövlüyünün təhdid edilməsi digəri
üçün də təhdid kimi qəbul edilir və
lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini
yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin
Şuşa Bəyannaməsi imzalanarkən tarixi Qars Müqaviləsinə
istinad etməsi də bununla əlaqədar idi. Çünki
Qars Müqaviləsinə əsasən, onun təhlükəsizliyinin
təminatçısı həm də Türkiyə
Cümhuriyyəti hesab edilir.
İkinci
mühüm bir məsələ odur ki, Şuşa Bəyannaməsinin
təhlükəsizliklə bağlı olan hissəsi BMT
Nizamnaməsinə istinad edilərək hazırlanıb, bu
müqavilənin hüquqi əsasları beynəlxalq
hüquqa söykənir və beynəlxalq hüquq tərəfindən
dəstəklənir. Yəni Azərbaycanla Türkiyə
strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən
bunu üçüncü tərəfə qarşı deyil,
sadəcə öz təhlükəsizlikləri
baxımından zəruri hesab edərək qərarlaşdırırlar.
-
Sənəddə hərbi və təhlükəsizlik sahələrində
birgə əməkdaşlıq məsələləri
böyük önəm kəsb edir...
-
Bəli, iki qardaş ölkə müqavilədən irəli
gələn öhdəçiliyi və öz təhlükəsizliklərini
təmin etmək üçün hərbi institusional
qurumların mövcud olması reallığından və zərurətindən
çıxış edərək bu istiqamətdə də
müştərək addımlar atmaqla bağlı qərar qəbul
edirlər. Yəni Şuşa Bəyannaməsində
Silahlı Qüvvələrimizin yeni
çağırışlara uyğun olaraq yenidən
formalaşdırılması, modernləşdirilməsi,
müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin
möhkəmləndirilməsinə yönələn tədbirlərin
həyata keçirilməsi, iki qardaş ölkənin
silahlı qüvvələrinin fəaliyyət qabiliyyətlərinin
birlikdə artırılması, müasir texnologiyalara əsaslanan
silah və sursatların idarə olunması istiqamətində
sıx əməkdaşlığı da nəzərdə
tutulur. Eyni zamanda, bu məqsədlə səlahiyyətli
struktur və qurumların qarşılıqlı əlaqəli
fəaliyyətinin təmin edilməsi də vurğulanır.
Bu isə əslində, müdafiə güclərimizə
birgə sinxron hərəkət qabiliyyəti tanıyır.
Vətən
müharibəsindən sonra Azərbaycan Prezidenti Milli Ordumuz
haqqında danışarkən Azərbaycanda Türkiyə
Ordusunun kiçik modelini yaratmaq barədə Öz fikirlərini
səsləndirmişdi. Türkiyə Ordusu isə
dünyanın ən döyüş qabiliyyətli və
modern ordularından biridir. İmzalanan Şuşa Bəyannaməsi
həm də bu istiqamətdə real addımların
atılmasını təmin edəcək.
Başqa
bir mühüm məqam isə regional inteqrasiya ilə
bağlıdır. Bu, Cənubi Zəngəzur dəhlizinin
açılması ilə əlaqədar olaraq müvafiq tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur.
Bütün bunlarla yanaşı media, diaspor, xarici siyasətdə
birgə hərəkətetmə, təhsil, iqtisadiyyat,
müasir texnologiyalar, birgə investisiya planları və s. sahələrdə
də əməkdaşlığın daha da dərinləşdirilməsini
nəzərdə tutur ki, bu da iki qardaş ölkə
arasında tərəfdaşlığın inkişafı
üçün yeni üfüqlər açmaqla həm də
regional əməkdaşlığı və
qarşılıqlı inteqrasiyanı təşviq edir.
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan
parlamentində çıxışı haqqında da
düşüncələrinizi bölüşməyinizi istərdik...
-
Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğanın Azərbaycan parlamentində
çıxışı tarixi bir çıxış idi. Hər
şeydən öncə, bu, iki qardaş ölkənin
münasibətlərinin bundan sonrakı inkişafı
kontekstində mühüm əhəmiyyət kəsb edirdi.
İkincisi, xalqlarımızın keçmişindən, ortaq
mədəniyyətindən, etnik-dini köklərindən gələn
birlik və həmrəyliyinin bundan sonrakı münasibətlərimiz
üçün də əsaslar yaratdığına söykənən
bir çıxış dinlədik.
Qardaş
ölkənin Prezidenti Azərbaycanın Dövlət Himninin
müəllifi Əhməd Cavadın Osmanlı əsgərləri
ilə bərabər Balkanlarda savaşdığını
qeyd etdi, Çanaqqala savaşında Azərbaycandan gedən
döyüşçülərin ortaq Vətən, ortaq dəyərlər,
ortaq mədəniyyət üçün savaşaraq öz
canlarını qurban verdiklərini söylədi. Həmçinin
Nuru Paşanın Qafqaza gəlişi ilə Bakının
işğaldan azad olunduğunu xatırlatdı. Bütün
bunlar, əslində, Türkiyə-Azərbaycan münasibətlərinin
bugünkü səviyyəsini, bugünkü keyfiyyətini təyin
edən hadisələrdir. Bunların hamısı “Bir millət,
iki dövlət” fəlsəfəsi kontekstində baş verən
hadisələrdir. Amma cənab Rəcəb Tayyib
Ərdoğan bununla bərabər, mənəvi, ideoloji
kontekstdə də münasibətlərimizə toxundu və
qeyd etdi ki, Əhməd bəy Ağaoğlunun
düşüncələri, fikirləri, Türk
dünyasının gələcəyi ilə bağlı səsləndirdiyi
ideoloji tezislər təkcə Azərbaycan üçün
deyil, bütün Türk dünyası üçün bu
gün də aktualdır.
Digər
tərəfdən, Türkiyə Prezidenti
çıxışında ortaq kimliyimizi, ortaq mədəniyyətimizi
formalaşdıran poeziya nümunələrinə də
toxundu. Şuşa mədəni və ədəbi mühitinin
yetişdirdiyi Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın
və digər fikir, düşüncə adamlarının
adlarını çəkdi. Eləcə də qeyd etdi ki, təkcə
Şuşa və ya Qarabağ deyil, Azərbaycanın və
Türk dünyasının hər yeri böyük şairlər
yetişdirib və buna nümunə olaraq Nizami Gəncəvinin
adını çəkdi. Həmçinin Nizami Gəncəviyə
ithafən Osmanlı sultanı Fateh Sultan Mehmet xanın
şeirini səsləndirdi. Bütün bunlar onun göstəricisidir
ki, Türkiyə-Azərbaycan münasibətləri
xalqlarımızın tarixdən gələn ənənələri
üzərində bərqərar olub və bu, birliyimizi,
qardaşlığımızı gələcəyə
daşımağa imkan yaradan birlikdir. Ən əsası odur
ki, iki qardaş ölkənin prezidentlərinin dostluğu və
qardaşlığı Türkiyə-Azərbaycan
qardaşlığının, mədəni, mənəvi
birliyinin simvoluna çevrilib. Bu amil, əslində, Türkiyə
Prezidentinin aşağıdakı fikirləri ilə
tamamlandı. Cənab Rəcəb Tayyib Ərdoğan qeyd etdi
ki, “müqəddəs Vətən müharibəsi
dövründə Türkiyə həm dövlət, həm də
millət olaraq bütün qəlbi ilə Azərbaycanın
yanında yer almışdır. Bu gün də bütün
imkanlarımızla Azərbaycanın yanındayıq,
bütün dünya bilsin ki, İnşallah, sabah da yanında
olacağıq”. Düşünürəm ki, bu, bütün
dünyaya verilən mesaj idi.
Cənab
Rəcəb Tayyib Ərdoğan onu da dedi ki, “Azərbaycanın
aydınlığı aydınlığımız, sevinci
sevincimiz, azadlığı azadlığımız, taleyi
taleyimiz, kədəri kədərimizdir”. Hesab edirəm ki,
Türkiyə Prezidentinin bu fikirləri, əslində, iki
qardaş ölkənin münasibətlərinin hazırkı
yüksək səviyyəsinin təntənəsinin ifadəsidir.
Beləliklə, bu gün Azərbaycan-Türkiyə münasibətləri
ən yüksək zirvədədir.
İki sahil.-2021.-18 iyun.-S.12.