“Salam olsun” kitabına -  Salam

 

Böyük ədəbiyyatı yaradanların hər birinin, hissləri həssas, duyğuları həlim, məfkurəsi ülvi, əqidəsi düz, idrakı dərin, zəkası nurlu, təfəkkürü geniş, təxəyyülü qaynar, ağlı kəsərli, ilhamı yüksək, eşqi tükənməz, məhəbbəti səmimi, insanlığı mükəmməl, vicdanı saf və təmizdir. Çünki onların hər birinin ruhu Tanrı hökmü ilə əfsunlanmış, Tanrının hökmü ilə “yaradıcılar şəcərəsi”nə mənsubluq haqqı verilmiş  şəxsiyyətlərdir. Məhz bu haqqa görə də onların, hansı millətə mənsubluğundan və ya hansı inancı əxs etmələrindən, eləcə də harada yaşamalarından asılı olmayaraq, hər birinin, bir-biri ilə təhtələn yaradanlar yaxınlığı, bağlılığı və ya qohumluğu, simsarlığı vardır. Yəni bütün yaradıcı insanların Tanrıdan gələn yüksək, əlahiddə qabiliyyətləri onları bir vəhdətdə birləşdirir və məslək qohumuna çevirir. (Heç şübhəsiz ki, onların arasında əfsunu pozulanlar və dəngəsini itirənlər də mövcuddur!). Odur ki, böyük ədəbiyyatı yaradanların hər biri əlçatmaz üfüqlərin sakinləridirlər. Bu üfüqlərdə bərqərar olmaq üçün xüsusi canfəşanlığa heç bir lüzum yoxdur. Hər bir yaradıcının yaradıcılığının cövhəri, onun yaradıcılıq xəzinəsi onu həmin zirvəyə sövq-təbii yüksəldir. Bir şərtlə ki, əgər o xəzinə zəngindirsə.

 

Azərbaycan ədəbiyyatının ölməz nümayəndələrinin yaradıcılıq xəritəsi şifahi xalq ədəbiyyatından, daha sonra isə ulu Dədə Qorquddan üzü bəri sonuncu ədəbiyyat yaradan nümayəndəsinə qədər uzun bir yolun işığında bizi aydınladır. Bu aydınlıqda hər kəsin boyu, görkəmi, fəlsəfi qüdrəti, poetik gücü xəritə boyu öz yerini müəyyənləşdirir. Bu günlərdə hədiyyə aldığım “Salam olsun” adlı bir şeir kitabı, tarixin qədim səhifələrindən bu günə qədər uzanıb gələn ədəbi xəritəmizin silinməz səhifələdrindən birində özünə yer tuta biləcək bir ilhamla məni salamladı, kitabxanama daxil oldu və kitabxanamı zənginləşdirdi. Odur ki, mən də həmin salama, “Əleykümsalam...!” - deməyi, özümə borc bildim. Ən əsası isə ondan ibarətdir ki, kitabdakı şerilərin hər biri məni “əleykümsalam”-  deməyə vadar etdi. Şeirlərin bədii keyfiyyəti, poetik səviyyəsi və vətənpərvərliklə cilalanmış məzmunu, həmin şerilərə biganə qalmağa imkan vermədi. Bu qədər vətənpərvər bir şairin, bu qədər vətən sevgisi ilə ürəyinin şamını əridən bir ananın şerilərini su içimi kimi içməmək olmadığı üçün kitabı birnəfəsə oxudum. Oxuduqca, şairin tükənməz ilhamla qələmə aldığı şeirlərin hər biri vətənpərvər ruhuma yeni ruh qatırdı. Şair qəlbinin ana ürəyi ilə çırpınan vətəndaşlıq mövqeyinin zirvələrə yüksələn böyük təbi və qaynar ilhamı hər şeiri ilə ürəyimdə coşqu yaradırdı. Vətəni bu qədər böyük məhəbbətlə sevən Azərbaycan şairinə eşq olsun! – bu alqış, könlümdən qopan səmimi duyğudur. Kitabı oxuyub bitirdikdən sonra, müəlliflə ilk görüşümüzü xatırladım. “Nəsimi ili” çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində hazırladığım, müəllifi olduğum “Haqq mənəm” əsərinin tamaşasında İmadəddin Nəsiminin işığına toplaşmışdıq. Tamaşadan sonra əsər haqqında və ümumən Nəsimi yaradıcılığı ilə bağlı tamaşadan aldıqları təəssüratları bölüşən mütəxəssislər sırasında onun da dəyərli, səmimi fikirlərini dinləmişdim və xoş təsir bağışlamışdı.

 

“Salam olsun” kitabı, Azərbaycan ədəbiyyatında mühüm yer tutan qadın şairlərimizdən birinə, Mahirə xanım Nağıqızına mənsub şeirlər toplusudur. Bu toplu özünün bədii keyfiyyəti, poeziya qüdrəti ilə yanaşı, həm də, məzmun mahiyyəti ilə həddindən artıq diqaqətçəkəndir. Kitabda sanballı bir şairin həssas hissləri, həlim duyğuları ilə yanaşı, onun ülvi məfkurəsi, düz əqidəsi, dərin idrakı, nurlu zəkası, geniş təfəkkürü, qaynar təxəyyülü, bütün bunlarla yanaşı saf vicdanı, böyük vətənpərvərlik ruhu ilə tükənməz VƏTƏN eşqi, bir də, Tanrıdan gələn poetik əfsunu öz heyranediciliyi ilə oxucuya şeirlərini birnəfəsə oxumağa sövq etdirir.

 

Müəllif, kitaba məxsusi olaraq, əsasən, VƏTƏN eşqli şeir nümunələrini, vətənpərvərlik ruhunu yüksəldən poetik tablolarını daxil etmişdir. Bütün ruhu və könlü ilə Azərbaycan sevdalısı olduğunu ifadə edən bu poeziya nümunələri ilə, bir kitabda, Mahirə xanım bütün Türk aləminə, öz soydaşlarına SALAM OLSUN!- deyə, səslənir. Həm də elə bir zamanda ki, millətimiizi dünyanın dörd tərəfindən məngənə arasında sıxmaqdan əl çəkməyən böyük güclərə qalib gəldiyimiz bir zamanda. Otuz ilə yaxın bir müddət ərzinə xalqımızı və millətimizi məcburən məğlub kökünə salan haqsızlsara qarşı Ali Baş Komandanımızın rəhbərliyi altında haqq mücadiləsinə qalxdığımız və zəfər bayrağını mənfur düşmən üzərində dalğalandırdığımız bir vaxtda. Belə anlarda yaradıcı insanlar hisslərini öz bədii qüdrətləri ilə ifadə etməklə, vətəndaş  mövdelərini göstərir, övladlıq, vətəndaşlıq borclarını yerinə yetirir, həqiqətin tablosunu poetik dillə təcəssüm etdirməyə çalışırlar. Məhz “Salam Olsun” kitabının müəllifinin də şair ürəyi öz tükənməz ilhamı ilə qaynayır, hüdudlara sığmayan VƏTƏN eşqi coşur və onu Tanrı qədər uca tutacaq bir məhəbbətlə sevdiyini bəyan edir:

 

Azərbaycan –

Baş əydiyim Tanrı.

Sənə kömək olsun,

Anamın duaları.

 

Vətəni bu qədər müqəddəs zirvəyə ucaldan, onu Tanrı qədər ali dəyərlərə malik fenomen kimi tərənnüm edən müəllif, bununla da, öz idrak fəlsəfəsinin hikmətini ifadə edir. Müəllifin vətənə olan belə dərin məhəbbətini gördükdən sonra, hesab edirəm ki, minillik dərdləri bütün ruhu ilə yaşayan və dərmanını bulmaq üçün heç vaxt pəs etməyən bir millətin bütün övladları, öz ruh yüksəkliyi ilə məhz hər zaman yaşamaq eşqini özündə qoruyub saxlamalı və böyük anlamda VƏTƏN sevdasından bir an belə, ayrılmamalıdırlar. Bu sevdanın fəlsəfi dırinliyini dərk etməyə çalışmalı, onu əbədi məhəbbətlə sevməlidirlər. Böyük bir millətin ürəyinin səsini susmadan hayqıran Mahirə xanımın misralarında olduğu kimi:

 

Azərbaycan –

Göyərən ümidlərim.

Dərmanı, davasısan,

Min illik dərdlərimin.

 

Müəllifin “Salam olsun” kitabında cəmlənən şeirləri təpədən dırnağa qədər oxucunu Vətən eşqi ilə ruhlanmağa, Vətən uğrunda döyüşməyə, Vətən, torpaq fəlsəfi hikmətinin mahiyyətini dərk etməyə və onu candan əziz tutmağa, Vətənin əvəzsiz olduğunu əxs etməyə və təlqin etdirməyə çağırır. Mahirə xanım həm bir ana olaraq, həm də bir şair kimi Azərbaycan övladlarını torpaqlarımızın azadlığı uğrunda zəfər cənginə qalxmağa, şanlı yürüşə səsləyir:

 

Komandanın özü verib dəyər sənə,

O güvəndi, arxalandı, ey ər, sənə.

Milyonlarını gözü baxır, əsgər, sənə,

Bu məqamdır, zəfərini çalmağa get.

 

Mahirə xanımın bu kitabda yer tutan bütün şeirləri ANA qəlbinin, ANA ürəyinin məlhəmi ilə yoğrulur, o qaynar ürəyin istisinə isinir və oxucusunun ruhuna qida verir. Ümumiyyətlə, ANA ürəyi hər zaman Mahirə Nağıqızının şeirlərində sövq-təbii olaraq ön plana qədər yüksəlir, oxucuya məlhəm olmağa çalışır.

 

Baxın, Vətən uğrunda şəhid olan övladlarımızın qəhrəmanlığını bir Azərbaycanlı şair – ananın şah damarında axan qanı hansı cöşqu ilə nəzmə çəkir və necə oxşayır:

 

Analar ər doğar, oğul böyüdər,

Hər oğul dünyası – nağıl, böyüdər.

Torpağı sevərlər  analar qədər,

Düşmənin qəddini bükər şəhidlər...

 

və ya,

 

Özü qocalmaz ki,  əsri qocaldar,

Gələcək, gedəcək nəsli qocaldar.

Qəlblərdə vətənə heykəl ucaldar,

Azadlıq ağacı əkər şəhidlər.

 

Mahirə xanım üçün ŞƏHİD anlayışı təkcə vətən uğrunda candan keçməkdən ibarət deyildir, əsaən, vətənə böyük sevgi ilə bağlılıqdan keçən bir məhəbbətin, sönməz eşqin qüdrəti ilə heç “of” demədən canını vətənin yaşaması uğrunda cəsarətlə qurban verməkdən keçən bir qalibiyyət vəzifəsidir. Ümumiyyətlə, Mahirə xanımın şeirləri göstərir ki, onun ruhu daim cöşub-daşan mübarizə əzmindədir. Bir şair üçün isə, belə ruh, əvəzsiz bir sərvətdir. Ona görə də, şair – ana Vətən sevgisi ilə yaşayan, Vətən üçün cəsarətlə canından keçən qəhəman igidlərimizi ağlamamğı, sızlamamağı, əksinə, onların ruhlarının şad olması üçün qürurla dayanmağı, mübariz olmağı tövsiyyə edir:

 

Vətən, qurbanınam – üzdə demədi,

Əməldə göstərdi, sözdə demədi.

Mahirə, ağlamaq, sızlamaq nədi,

Sənin göz yaşəndan küsər şəhidlər.

 

Ana ürəyinin simfoniyası övlad, bala nəğməsi ilə havalanar. Çünki, ananın bətnindən doğulan varlıq, onun simfoniyasıdır. Bu hikməti, bu fəlsəfəni daim uca tutan ana qəlbi şəhidlik zirvəsinə yüksələn övladalrı bir nəğmə kimi yad edər, şəhidlik zirvəsinin üfüqlərindən boylanan gözəgörünməz baxışlarına ehtiram olaraq həmin nəğməni öz ürəyinə daima səslənər. Mahirə xanımın səsləndiyi kimi. Çünki onların məzarı vətənin istehkamıdır:

 

Yerə qan tökdülər, ruh göyərtdilər,

Tarixi yazdılar Vətən daşına.

Minillik xalqlara dərs öyrətdilər,

Bu ərən oğullar cavan yaşında.

 

və ya,

 

Boy vermiş məzarın qəbir daşları,

Bir ömrün daşlaşan arzu – kamıdır.

Onların sağlığı döyüşən əsgər,

Məzarı – Vətənin istehkamıdır.

 

Nağıqızının Qarabağ haqqında yazdığı “Salam” şeirindəki misralarda şair ürəyinin, ana qəlbinin can yanğısı oxucunun içini göyüm-göyüm göynədir. Otuz il bundan əvvəl tapdağa düşmüş Qarabağ bir andaca gözlər önünə gəlir. Biz o zamanlar Qarabağa yalnız uzaqdan boylanardıq. İçimizdə kükrəyən hiddət içimizi təlatümə gətirərdi. Uzaqdan göndərilən salamın göynərtisinə dözmək mümkün deyildi. Lakin indi biz Qarabağa salamı, onun qoynuna vararaq söyləyə bilirik. Ona görə də şeiri oxuduqca həsrətli günlərin göynərtisi yada düşür və qaysaq bağlamış yaralar sızlayır, hazırkı sevinc hisslərinə qovuşaraq çılğın bir həyəcan yaradır :

 

Dönüb başına dolannam,

Salam, Qarabağım, salam.

Qadan allam, balan allam,

Salam, Qarabağım, salam.

 

yaxud,

 

Mahirə sevincdən ağlar,

Sinəsində ümman çağlar.

Dinər saza həsrət dağlar,

Salam, Qarabağım, salam.

 

Bir başqa şeirində isə müəllif, Qarabağa olan sevgisini ən gözəl və ən duyğusal hisslərlə belə şəkilləndirmişdir:

 

Mahirədir mənim adım,

Dedim Qarabağ! – ağladım,

Qəlbim ilə qucaqladım,

Diləyi əllərdi yazan...

 

Ümumiyyətlə müəllif, kitabda , Vətən kontekstində Qarabağ mövzusuna geniş yer ayırmışdır. “Salam olsun” seirinin biri Qarabağdakı döyüşlərin azman qələbəsindən ruhlanaraq qələmə alınmıdır. Haqq işimizə dəstək göstərən Türkiyə Cümhuriyyətinin, onun liderinin və türk qardaşlarımızın həmrəyliyini vəsf edən bu şeirdə Nağıqızının şair duyğuları daha da cövlana gəlir və ikinci Qarabağ savaşında, bütün dünyanı önünə alaraq bizə böyük dəstək göstərən Türkiyə dövlətinin əzmini, təəssübkeşliyini və qardaşlığını, həmrəyliyini tərənnüm edir: 

 

Nağıqızı, az de, deyin,

Qardaş verər dərdə çiyin.

Kəlbəcərdə mehmetciyin,

Salamına salam olsun.

 

Əziz oxucu, razılaşmalıyıq ki, “Salam” məvhumu müqəddəs varlığın adı ilə bağlı olduğu üçün, o məvhumda bir doğmalıq, qovuşma, birləşmə, həmrəylik, birlik və bütövlük, eyni zamanda məfkurəni zəfərə yüksəldən bir hikmət var. Ona görə də məhz Mahirə xanım “Salam” fəlsəfəsi ilə yola çıxaraq, kitabın məzmununa xeyli zənginlik gətirmişdir. Kitabda bənzər mövzuları fərqli deyimlərlə tərənnüm edən şair, üç şeiri “Salam olsun” adlandırmışdır. Bundan başqa, ayrıca, “Salam” adlandırdığı şeirində də müəllif bizi məhz eyni ovqatla birliyə, bütövlüyə qovuşmağa səsləyir.

 

“Salam olsun” məfkurəsi ilə yola çıxan Mahirə Nağıqızının qəlbindəki Vətənə olan sevgisi, eşqi parlaq şəkildə göstərir ki, bu sevda ovuc boyda bir ürəyin sərhədləri çərçivəsində məhdudlaşmır. Geniş arealda qanad açıb, məsafələr qət edir. Böyük Azərbaycan arzusu ilə çırpınan ürəyinin durmadan döyündüyünü göstərir. Vətən haqqında yazdığı bütün şeirlərində onun Vətənə olan sevgisinin təkcə bir vətəndaş, insan, ana sevgisi ilə hüdudlanmadığını görürük. Yüksək amallarla yaşayan, böyük Vətən sevdası ilə ürəyi durmadan döyünən Mahirə xanımın düşüncəsindəki VƏTƏN anlayışı, onun həyat və əqidə məsələsidir:

 

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəmisən, üzürsən eşq dənizində,

Sənə məhəbbətim, Vətən, bitmədi.

 

Bir başqa şerində:

 

Dizinə döymə, dözmərəm,

Qaralar geymə, dözmərəm.

Yurdumda oğlun var, Vətən,

Qəddini əymə, dözmərəm. – deyə, fəğan qoparır.

 

Mahirə xanımın kitaba daxil etdiyi, yanğı ilə dolu Vətən sevdalı bayatıları da orijinaldır:

 

Sinəmdə oxum Vətən,

Gecələr yuxum Vətən.

Mənsiz də otun bitər,

Mən sənsiz yoxam, Vətən.

 

Dediyimiz kimi, “Salam olsun” kitabının məfkurəsi, bir şair qəlbinin Vətən sevgisini, yüksək poetik duyğularını təcəssüm etdirən bədii topludur. Bu topluda şair – ananın Vətənə olan məhəbbəti müxtəlif rakurslardan boy verir, qanad açır, geniş fəzada göz işlədikcə uçur. Milli ruhu, milli məfkurəni, milli-mənəvi dəyərləri heç bir fenomenə dəyişməyən Mahirə Nağıqızı üçün, Vətən qədər, Ana Dili də keçilməsi mümkün olmayan sevgiyə layiq bir fenomendir. Ana dili məhz elə, Ana Vətən deməkdir! Ona görə də şair – ana “Ana dilim” şeirində soyumuzu, kökümüzü məhz Ana Dilinə əmanət edir:

 

Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var,

Dağı qədər, daşı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim.

 

“Tapşırar” şeirində isə soya, kökə bağlılığın hikmətini, nəsillərin davam etdirilmə fəlsəfəsini bir başqa cəhətdən nəzm edir:

 

İnsan gedər diləyiylə,

Halal duzu, çörəyiylə.

Oğul olan əməliylə,

Adını ada tapşırar.

 

“Göyərər” şeirində də məhz, milli bütövlüyün, milli gerçəkliyin həqiqətləri, doğma vətənin əbədilik kriteriyası şair qələmindən ehtirasla süzülür:

 

Süzülməsə zirvəsindən bir dağın,

Quruyacaq suyu olmaz irmağın.

Ər qanından su içməyən torpağın,

Nə o başı, nə bu başı göyərər.

 

“Salam olsun” məcmuəsində gözdən qaçmayan bir səmimiyyət öz poetik təcəssümü ilə diqqət çəkir. Vətən ehtirası ilə döyünən ürəyin şah damarında qaynayan, milli ruhla pərvazlanan, gen-geniş fəzanın sonsuzluğuna qədər uçmağa cəhd edən Ana – şair duyğuları, Vətəninə, millətinə olan öz sevgisini bir də, “Dua” şeirində, könlündən qopan alxışları, duaları ilə qanadlandırır:

 

Xoş əməldə bitəninə,

Hay-haraya yetəninə,

Sağ canını vətəninə

Qıyanına kömək olsun!

 

və,

 

Mahirə bir şər vədəsi

Səslənər, titrəyər səsi.

Kimdisə qərib yiyəsi,

Həyanına kömək olsun!

 

Bütün ruhu və canı ilə doğma vətəninə bağlı olan və onunla nəfəs alan Mahirə Nağıqızının tək bir amalı vardır – milli dəyərlərlə, vətənə sevgi və məhəbbətlə, dövlətə və dövlətçiliyə sədaqətlə, milli atributlara dərin sayğı ilə yaşamaq, yaratmaq! Həqiqətlərimizin qorunması, haqqa söykənən əməllərimizin ləyaqətlə yaşaması, bayrağımızın daim  zəfərlə dalğalanması Mahirə xanımın ən müqəddəs arzularındandır. “Bayrağımız” şeiri qeyd olunanları daha məzmunlu şəkildə ifadə edir:

 

Çöhrəsidir arzuların,

Bizi aparan yolların.

Haqq səsidi milyonların,

Haqdan doğan bayrağımız.

 

Bütün ürəyinin çırpıntıları, hisslərinin, duyğularının həssasiyyəti ilə yazdığı “Salam olsun” kitab toplusuna daxil etdiyi şeirlərində öz vətəndaşlıq mövqeyinin hüsnünün poetik tablosunu yaradan Mahirə xanım Nağıqızı Qarabağın zəfər cəngisinə rəvac verən ölkə rəhbərimizin müqəddəs mətləbini müxtəlif şeirləri ilə son dərəcə böyük rəğbətlə tərənnüm etmişdir. Heç kəsə qaranlıq deyil ki, biz otuz il ağır təzyiqlər altında yaşamışıq. Öz haqqımızı sübut etmək üçün nə qədər mücadilə etsək də, həmişə nahaqq duruma salınmışıq. Hətta qırx dörd günlük savaş zamanı belə, dünyanın ən qüdrətli dövlətləri Azərbacanımızı təkləməyə qalxdılar. Mənfur düşməni doğma torpaqlarımızdan qovmağımıza maneçilik törətməyə çalışdılar. Düşmənin silahlanması üçün saysız-hesabsız maşın karvanları ilə silahlar göndərdilər . Hər tərəfdən, hər cür hücuma keçdilər. Lakin bu gərgin savaşda təmkinlə qərarlar qəbul edən, dünya qarşısında istər siyasi-ideoloji baxımdan, istərsə də hərbi-taktiki cəhətdən bütün üstünlükləri ilə diqqət çəkən Ali baş komandanımızın cəsarəti və ytüksək sərkərdəlik qüdrəti hər bir həmləni anındaca dəf etdi. Hücuma qalxan hər kəsi mat vəziyyətinə saldı. Nəhayətdə doğma torpaqlarımızı, gözəl Qarabağımızı yağı düşmənin əlindən zorla qopararaq özümüzə qaytardı. Bu uğurları diqqətlə müşahidə edən və biganə qalmayan Mahirə xanımın, ulu öndər Heydər Əliyev ideyalarını qəhrəmancasına yaşadan Ali baş komandanımıza olan rəğbəti və Heydər Əliyev fenomeninə olan sonsuz məhəbbəti “Salam olsun” şeir kitabında, bir neçə şeirdə poetik qüdrətlə, qabarıq şəkildə təcəssüm olunur. Coşqun şair ürəyinin dövlət rəhbərinə olan sonsuz rəğbətini tərənnüm edən həmin mənzərə poeziyanın kəhkəşanına “Görünür” şeiri ilə belə həkk olunmuşdur:

 

İlham yazdı yeni dövrü, zamanı,

Odur xalqın ümid yeri, gümanı.

 

Bu millətin tarixinin hər anı,

Heydər baba dastanından görünür.

 

Əziz oxucu, diqqətinizə təqdim etmək istəyirəm ki, haqqında daha geniş danımaq imkanı verən, lakin qısaca olaraq söz açdığım “Salam olsun” kitabının ön söz müəllifi, istedadlı qələm sahibi, əziz qələmdaşım və qardaşım Firuz Kazımoğlu kitaba daxil edilmiş bütün şeirləri geniş şəkildə təhlil etmiş, hər bir şeirin məziyyətini, bədii keyfiyyətini, poetik qüdrətini ədəbiyyatşünas nəzərləri ilə süzgəcdən keçirmiş, onun, ədəbi mühitdə yerini müəttənləşdirmişdir. Ön sözünün yekunuda yazdığı bu fikirlə mən də tam razıyam ki, “...əminik ki, kitabı oxuyan hər kəs bu kitabdakı şeirləri Vətənin bütövlüyü uğrunda qanlı döyüşlərə girərək ya şəhid, ya da qazilik ucalığına qalxmış insanlarımız üçün əbədiyyət nəğmələri kimi qəbul edəcəklər”...  Və Mahirə Nağıqızının şeirlərinin Azərbaycan ədəbiyyatında qadın şairləri sırasındakı mötəbər yerini görəcəklər.

 

“Salam olsun” kitabına, Salam, deməklə, bu kitabdakı ruhuma pərvaz verən şeirlər üçün Sizə minnətdarlığımı bildirir və davamlı olmasını arzu edirəm, əziz Mahirə xanım.

 

 

 

İftixar Piriyev

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

İki sahil.-2021.-18 iyun.-S.21.