Azərbaycan ailə modeli və onun ətrafında yaranan problemlər
“Bütün xoşbəxt ailələr
bir-birinə bənzəyir, bədbəxt ailələrin isə
hərəsi bir cür bədbəxtdir”
Lev Tolstoy
“Müasir ailə modelini necə təqdim
edərdiniz? Milli-mənəvi dəyərlərimiz
bugünkü ailə modellərində özünü
hansı səviyyədə qoruyur? Gənc ailələrə
hansı çağırışlar edərdiniz? Ailənin
möhkəm təməlini şərtləndirən amillər
hansılardır?” kimi suallara cavab tapmaq istədik.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Ailə problemləri şöbəsinin
böyük məsləhətçisi Səmra Əliyeva
bildirdi ki, Azərbaycan ailə modeli uzun illərdən bəri
qorunub saxlanılaraq, fundamental dəyərlərini itirmədən
günümüzə gəlib çatıb. S. Əliyeva onu
da qeyd etdi ki, buna baxmayaraq,
qloballaşma Azərbaycan ailəsinə də öz təsirini
göstərir və nuklear ailələrin sayı artır:
“Əgər, əvvəllər Azərbaycanda geniş ailələr
daha çox idisə, bu gün tendensiyaya uyğun olaraq ata-ana,
1 yaxud 2 uşaqdan ibarət ailələr daha çoxluq təşkil
edir. Qərb dövlətlərində isə nuklear ailələrlə
yanaşı yarımçıq ailələrin (bir valideynli
və s.) sayı artmaqdadır.
Ailə
bütün cəmiyyət üçün əhəmiyyəti
daima artmaqda olan ümumbəşəri dəyər hesab
olunur. Ailəni qiymətli edən mövcud olan milli-mənəvi
dəyərlər, ənənələr, adətlərdir. Azərbaycan
xalqının sədaqət, qarşılıqlı məhəbbət,
dürüstlük, valideynə, böyüyə hörmət,
tolerantlıq kimi zəngin və çoxşaxəli
xüsusiyyətlərə malik, ailə modelimizi bütün
dünyaya örnək edən çox gözəl və zəngin
ailə ənənələri var. Azərbaycan ailəsi məhz
milli dəyərlərimizin sayəsində həmişə
uzun ömürlülüyü və möhkəmliyi ilə
seçilib”.
Uğurlu ailənin
əsasını həm də, ailə üzvləri
arasında gözəl ünsiyyət təşkil edir:
“Düzdür, müasir dövrdə internet resurslarından,
texnologiyalardan istifadə ailə üzvləri
arasındakı ünsiyyətin azalmasına gətirib
çıxarsa belə, yenə də bir çox ailələrdə
ənənəvi axşam söhbətləri, asudə
vaxtın birgə təşkili, eyni zamanda, birlikdə
mütaliə və s. kimi nüanslar öz aktivliyini
qorumaqdadır. Aparılan araşdırmalarda bu cür ailələrin
uğurlu ailə modeli sırasına daxil olduğu göstərilir”.
Həmsöhbətimiz vurğuladı ki, xüsusilə
son ilyarımda bütün dünyada baş
qaldırmış pandemiya şəraiti ailələrimizin
möhkəmliyini sınaqdan keçirir: “Azərbaycan ailəsi
bu sınaqdan demək olar ki, uğurla çıxır. Gənc
ailələrə bu zamanda ən əsası səbr,
dözümlülük və möhkəm iradə
çağırışları etmək tam yerinə
düşərdi. Ailə qurmaq bir seçimdir. Bu seçimi
etmək üzərimizə məsuliyyətli öhdəlik
götürmək deməkdir. Ailənin təməli
sağlam qoyularsa, ailədə hörmət, sevgi, məhəbbət
daimi olar və ailə sağlam formalaşar. Sağlam ailə
isə sağlam gələcək deməkdir”.
Eros Psixologiya Mərkəzinin
psixoloqu Aygün Cəfərova isə bildirdi ki, hər bir
insan öz dünya görüşü, həyat tərzinə
uyğun olaraq uğurlu ailə modeli canlandırır: “Mənim
baxış bucağıma görə uğurlu ailə
modelində tərəflər ilk öncə bir-birlərinə
şəxsiyyət olaraq yanaşmalıdırlar. Bildiyimiz
kimi, hər bir insan fərd olaraq doğulur şəxsiyyət
olaraq formalaşır. Bu formalaşma müddətində hər
bir insanın dəyərlər sistemi yaranır. Bu dəyərlər
sistemində həmin insana görə doğru və
yanlışlar olur. Yəni bir kəsin dəyərlər
sistemi onun şəxsiyyətinə özəl olaraq
formalaşır. Ailə qurarkən tərəflər bir-birlərinin
məhz mövcud dəyərlər sisteminə hörmətlə
yanaşmalıdır. Belə olduğu halda cütlük
arasında harmonik münasibət yarana bilir. Harmoniyalı ailədə
isə uğurlu gələcək əldə etmək daha
realdır”.
Psixoloq qeyd etdi
ki, bir-birini dinləməyən ailə üzvləri
arasında problemlər daha çox olur: “Cütlüklər
ünsiyyətdə olarkən dinləmək qabiliyyətini
qoruması uğurlu ailə modelinin açarıdır. Bunun
təməli isə uşaqlıqdan, ailədən gəlir.
Əgər evdə ata anada bir-birini dinləmək qabiliyyəti
yüksək səviyyədədirsə, belə ailədə
formalaşan uşaqlar da bu bacarıq formalaşır və cəmiyyətdə
ünsiyyət zamanı da özünü müsbət tərəfdən
göstərir”.
A.Cəfərova
vurğuladı ki, bu gün gənc
ailələr arasında yaranan başlıca problem kənardan
mənfi müdaxilələrin edilməsidir: “Təəssüflər
olsun ki, gənc ailələrin bir çoxu bu problemlərlə
mübarizə aparmağı bacarmır. Bunun səbəbi ailə
qurarkən “ailə nədir?” sualının dərk edilməməsidir.
Ailənin nə olduğunu dərk edən cütlüklər
kənar müdaxilələri ailələrinə və
aralarındakı münasibətə zərər gəlmədən
dəf edə bilirlər. Təbii ki, belə ailələr
daha uğurlu olur, bütün çətinliklərə sinə
gəlir.
Daha bir problem gənc
ailələr arasında gözləntilərin çox
olmasıdır. Bu gözləntilər
qarşılanmadıqda cütlüklər arasında problemlər
artır. Belə hallarla rastlaşmamaq üçün gənclər
ailə qurmazdan əvvəl bir-birlərinin düşüncələrində
formalaşan ailə modeli ilə tanış
olmalıdırlar. Hər iki tərəfin dəyərlərindən
ortaq bir ailə modeli çıxardaraq bu yöndən yola
başlasalar gələcəkdəki uğurlu ailənin
başlanğıcını qoymuş olarlar. Xoşbəxt
ailə üçün əsas olan bir-birinə sevgi və
hörmətlə yanaşmaq, biri-birinə inanmaq və
güvənmək, biri-birinə verdikləri sözü
unutmamaqdır”.
Nigar Orucova
İki sahil.-2021.-22 iyun.-S.17.