Ağdamın işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının qiymətləndirilməsi ilə əlaqədar iclas keçirilib

 

Ərazilərin işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb

 

Ağdam, 23 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

 

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın üzvləri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində Ağdam şəhərinin təməlinin qoyulduğu ərazidə komissiyanın növbəti iclası keçirilib. İclasda dövlət başçısının 2021-ci il 19 aprel tarixli Sərəncamına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər və qarşıda duran vəzifələr diqqətdə saxlanılıb. O cümlədən su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xaçınçay və Qarqarçay üzərində avtomat hidroloji stansiyaların quraşdırılması, Ağdam şəhərinin içməli su təchizatı baxımından əhəmiyyəti nəzərə alınaraq “Azərsu” ASC tərəfindən Qarqarçay hövzəsində müşahidə quyularının qazılması və Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təchizatını həyata keçirmək üçün “Azmelsutəsərrüfat” ASC tərəfindən Xaçınçay su anbarının və ondan ayrılan suvarma kanalının təmir-bərpası, habelə işğaldan azad edilmiş digər ərazilərdəki su ehtiyatları hesabına Ağdam rayonunun içməli və suvarma suyu ilə təchizatı üçün alternativ variantlar və planlaşdırılan layihələr ətraflı müzakirə olunub.

 

İşğaldan azad edilmiş ərazilərin su ehtiyatları barədə danışan Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev bildirib ki, ötən il Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması nəhayət uzun fasilədən sonra Qarabağın su ehtiyatlarından istifadə məsələlərinin yenidən qiymətləndirilməsini diqqət mərkəzinə gətirib. Bu ərazilərdən başlayan, əsasən yağış və qar suları ilə, habelə yeraltı sulardan qidalanan 13 iri çay birbaşa və ya sonradan Kür və Araz çaylarına tökülür. Bu sırada tam öz ərazimizdə formalaşan Tərtərçay və onun qolları Tutqunçay, Levçay, Torağayçay, eyni zamanda, Həkəriçay, Qarqarçay, Quruçay, Xaçınçay və Köndələnçayı xüsusi qeyd etmək olar. Bu baxımdan su ehtiyatlarının müəyyən hissəsi ölkə xaricində formalaşan Bərgüşadçay, Oxçuçay, Bəsitçay və Zabuxçayın da adını qeyd etmək lazımdır. Ötən il Araz çayının ölkə ərazisindən keçən hissəsinə də tam nəzarət bərpa olunub.

 

Baş nazirin müavini vurğulayıb ki, su ehtiyatlarının formalaşdırılması məqsədilə çayların üzərində 9 su anbarı mövcuddur. Araz çayının üzərində Xudafərin və Qız qalası su anbarları, Tərtərçayın üzərində Sərsəng və Suqovuşan su anbarları, Xaçınçayın üzərində Xaçınçay su anbarı, Qarqarçayın üzərində Ağdamkənd su anbarı və Köndələnçayın üzərində “Köndələnçay-1”, “Köndələnçay-2” və Aşağı Köndələnçay su anbarları var. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Böyük Alagöl, Kiçik Alagöl kimi təbii formalaşmış sututarlar mövcuddur. Təxmini hesablamalara görə ərazilərin və su qovşaqlarının işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Cari ilin su təsərrüfatı balansı layihəsinə işğaldan azad olunmuş ərazilər üzrə su və su təsərrüfatı obyektləri də daxil edilib. Komissiyanın fəaliyyəti çərçivəsində müxtəlif tarixlərdə işğaldan azad olunmuş ərazilərə səfərlər edilərək kritik əhəmiyyət kəsb edən su və su təsərrüfatı obyektlərinə baxış keçirilib, çay və göl hövzələrinə ekspedisiyalar təşkil olunub, dron çəkilişləri həyata keçirilib, vəziyyət yerində qiymətləndirilib.

 

Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə işğaldan azad olunmuş ərazilərdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması imkanları, su ehtiyatlarından səmərəli istifadə məqsədilə su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər müzakirə edilib.

 

Qeyd olunub ki, işğal dövründə digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da hər şey, o cümlədən su təsərrüfatı infrastrukturu tam dağıdılıb və bunlar müasir tələblərə uyğun yenidən qurulmalıdır. Eyni zamanda, hansı su mənbələrinin içməli su təchizatı üçün, hansılarının suvarma üçün daha məqsədəuyğun olması araşdırılır. Dövlət başçısının Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olarkən bəyan etdiyi kimi, azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Ümumilikdə, müşahidə quyuları qazılmaqla yeraltı su ehtiyatlarının və avtomat hidroloji stansiyalar vasitəsilə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi həyata keçiriləcək.

 

Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş ərazilərdə su anbarlarının təmir-bərpası ilə yanaşı, onların optimal rejimdə idarə olunması, magistral suvarma kanallarının yenidən qurulması məsələlərinə də baxılır. Hazırda Suqovuşan su anbarı vasitəsilə əkin sahələrinin suvarılması üçün qrafik üzrə saniyədə təqribən 20 kubmetr olmaqla Tərtərçaya su buraxılır. Suqovuşan su anbarından suyun Tərtərçay sol sahil kanalına və SES-ə verilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri həyata keçirilir.

 

Eyni zamanda, Tərtərçay sol sahil kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanır. 20 kilometr uzunluğunda olan bu kanal bərpa edilməklə 26,6 min hektar, o cümlədən Tərtər rayonu üzrə 14,8 min hektar Goranboy rayonu üzrə 6,9 min hektar və Yevlax rayonu üzrə 4,9 min hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq.

 

Qız qalası su anbarından yeni magistral suvarma kanalının tikintisi məsələsinə də baxılır. Baş Mil kanalına birləşəcək yeni kanalı inşa etdikdən sonra Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunan 13 min hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin etməklə yanaşı, 252 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması imkanı yaranacaq.

 

İclasda vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə sahəsində tədbirlərin icrası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən yaradılmış Qərargahla əlaqələndirilir.

 

Ağdam şəhəri daxil olmaqla, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov iclasda çıxış edərək, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın iclasının işğaldan azad olunmuş ərazidə keçirilməsini əlamətdar hadisə kimi qeyd edib. O, Ağdam şəhərində yenidənqurma və bərpa-quruculuq işləri barədə ümumi məlumat verərək, bu işlərin tərkib hissəsi kimi su və meliorasiya tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin sədr müavini Nüsrət Süleymanov Qərargahın indiyədək həyata keçirdiyi işlər, İdarələrarası Mərkəzdə fəaliyyət göstərən işçi qrupları haqqında məlumat verib.

 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov çıxışlarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

 

Səfər zamanı Komissiya üzvləri Ağdam rayonu ərazisində xüsusi əhəmiyyət kəsb edən su və su təsərrüfatı obyektlərinə baxış keçiriblər.İ

 

İki sahil.-2021.-24 iyun.-S.5.