Muxtar respublikanın brendi - Naxçıvan duzu
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Azərbaycanın
təbii sərvətləri təkcə neft və qazdan ibarət
deyildir. Biz bir çox başqa yeraltı sərvətlərə
də malikik... Bu sərvətlərdən də səmərəli
istifadə etməliyik”. Bəli,
təbiət Azərbaycana bir-birindən qiymətli, əvəzsiz
nemətlər bəxş edib. Bu nemətlərdən biri də
muxtar respublikanın brendinə çevrilmiş
Naxçıvan duzudur. Naxçıvan şəhəri ətrafında
bol sulu çayların, təbii nemət kimi Duzdağın
mövcudluğu Naxçıvanın dünyanın qədim
məskənlərindən biri olduğunu və həyatın buradan
başlandığını sübut edir. Ümumiyyətlə,
Naxçıvanın tarixi Naxçıvan duzunun
çıxarılma tarixi ilə bağlıdır. Çünki Naxçıvanın
şəhər kimi formalaşmasında Naxçıvan
duzunun, Duzdağın böyük əhəmiyyəti
olmuşdur. Cənubi Qafqaz və Yaxın Şərq ölkələrində
duzun mədən üsulu ilə çıxarılması təcrübəsi
Naxçıvandan götürülüb. 1917-ci ildə
Duzdağda əsaslı istismar işlərinə, 1927-ci ildə isə
ilk dəfə sənaye üsulu ilə duz
çıxarılmasına başlanılıb. Lakin ötən
əsrin 90-cı illərinin əvvəllərində məlum
hadisələr bu sahəni iflic vəziyyətinə saldı.
İş o yerə çatdı ki, duz mədənləri ilə
zəngin olan Naxçıvan əhalisi xaricdən gətirilən
və mənşəyi bəlli
olmayan duzdan istifadə etməyə başladı. Buna görə
muxtar respublika sakinləri mətbuata məktublar yazır,
etirazlarını dilə gətirirdilər. Naxçıvan
Muxtar Respublikasında dərc olunan “Şərq qapısı”
qəzetinin 19 avqust 1992-ci il tarixli sayına nəzər yetirsək,
bu vəziyyətin nə qədər acınacaqlı
olduğunu görərik. Qəzetin həmin sayında qeyd
olunur ki, Naxçıvan duzu muxtar respublika mərkəzinin cəmi
8 kilometrliyindədir. İraq olsun, bəlkə, o şöhrətli
duzun ehtiyatı tükənib? Yox, bu da deyil. Bircə həqiqət
budur ki, tükənməz duz ehtiyatına malik olan
Naxçıvanın əhalisi duz sarıdan korluq çəkir.
Nəzərə alsaq ki, duz ən çox işlənən ərzaq
sayılır, onda qarşıya çıxan çətinliyi
tam aydınlığı ilə başa düşərik. Bu
gün hansı mağazaya baş vurub “duz varmı?” deyə
soruşsan, “tapılmaz” cavabını eşidərsən.
Bilirəm, bu yazını oxuyanlar bir andaca gileylənəcək:
rəhmətliyin qızı, tək duz dərdi olsaydı, nə
bəxtəvər idik. Elə piyada mədənə gedib sal
duz gətirib evdə özümüz döyərdik...
Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonra
bütün sahələrlə yanaşı, bu sahədə
də vəziyyət dəyişdi. Muxtar respublikanın təbii
resurslarından, eləcə də duz mədənlərindən
səmərəli istifadə olunmağa başlandı. Duz
istehsalına yenidən başlanıldı. Bununla
yanaşı Duzdağın və duzun
çıxarılmasının tarixinin öyrənilməsi
istiqamətində elmi araşdırmalara da start verildi. Təkcə
bir faktı qeyd edək ki, 2012-ci ildə Naxçıvan şəhərindəki
Heydər Əliyev Sarayında “Naxçıvan: ilkin şəhər
və Duzdağ” mövzusunda keçirilmiş Beynəlxalq
simpoziumun nəticələri sübut etmişdir ki, bu ərazidə
yaşamış ulu əcdadlarımız duzun üstün
keyfiyyətlərini bildiklərindən Eneolit dövründən
başlayaraq Naxçıvanda duz mədənçiliyinin əsasını
qoymuşlar. Bir sözlə, Naxçıvan duzunun tarixi
şöhrəti özünə qaytarıldı.
Bütün bu tədbirlər muxtar respublikamızın tarixinə,
müasir dövrünə və gələcəyinə
vermiş olduğu mühüm dəyərin ifadəsi kimi
qiymətləndirilir. Naxçıvanda bu sahədə həyata
keçirilən tədbirlər bu gün də davam
etdirilir. Həmin tədbirlərin davamı kimi
2021-ci il 9 iyunda, Milli Qurtuluş Günü ərəfəsində
Duzdağda yeni şaxtanın istifadəyə verilməsi nəinki
Naxçıvan, bütün ölkəmiz üçün ən
əlamətdar hadisəyə çevrildi. Həmin gün
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov idarəetmə qurğusunu işə
salmış, şaxtada ilk partlayış olmuş və duzun
çıxarılmasına başlanılmışdır.
Ali Məclisin Sədri Naxçıvanda duzun çıxarılmasının tarixinə nəzər salaraq
demişdir: “Duzdağ mədənçiliyinin qədim tarixi
vardır. Hələ Eneolit dövründən başlayaraq əcdadlarımız
Naxçıvanda duz çıxarılması ilə məşğul
olmuş, eradan əvvəl IV minillikdə bu proses daha da
genişlənmiş, duzdan tədavül vasitəsi kimi istifadə
olunmuşdur. Bəzi mənbələrdə isə bu ərazidə
duz çıxarılması Nuh Peyğəmbərlə əlaqələndirilir.
Duz mədənçiliyinin inkişafı Duzdağ ətrafında
məskunlaşmaya, icmalararası və şəhərlərarası
əlaqələrin qurulmasına təkan vermiş, ticarət
və sənətkarlıq inkişaf etmiş,
Naxçıvanda şəhər mədəniyyəti
formalaşmışdır. Dünya səyyah və
coğrafiyaşünaslarının əsərlərində
də Naxçıvanda duz çıxarılmasından
geniş bəhs olunmuşdur. Tarixçi və
coğrafiyaşünas Zəkəriyyə əl-Qəzvininin
“Ölkələrin abidələri və məbudların xəbərləri”
əsərində XII yüzillikdə Naxçıvanda duz
çıxarılması barədə məlumat verilir.
1833-cü ildə rus tədqiqatçısı Qriqoryev tərəfindən
tərtib edilmiş “Naxçıvan əyalətinin statistik təsviri”
kitabında isə Naxçıvan duzu barədə
yazılır: “Bu duz keyfiyyətinə görə
bütün Zaqafqaziyada məşhurdur. Qarabağdan,
Yelizavetpol dairəsindən, Şərurdan və
Naxçıvanın bütün kəndlərindən bura karvanlar gəlir.
Aprel ayından oktyabr ayınadək duz istehsalının əhatə
dairəsi daha da genişlənir”. Digər bir tarixi sənəddə
- Qafqaz Dağ İdarəsinin 1889-1907-ci illər üzrə
hesabatında isə Naxçıvan mədənində ildə
3 min tona yaxın duz çıxarıldığı qeyd
olunur”. Qeyd olunmuşdur ki, muxtar
respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. Yeni
şaxta və istehsal kompleksi fəaliyyətə
başladıqdan sonra isə birnövbəli iş rejimində
müəssisənin illik istehsal gücü 15 min ton
olacaqdır.
Artıq bir
neçə gündür, istifadəyə verilən yeni
şaxta mədən işçilərinin əməyini xeyli
yüngülləşdirib. Texniki təhlükəsizlik
qaydalarına tam cavab verən yeni şaxtaya ağır
texnikalar daxil olaraq istənilən qədər xammalı
daşıya bilir. Şaxtaçılar
çalışırlar ki, mövcud duz ehtiyatından səmərəli
istifadə edilsin. Mədən
işlərində və istehsal prosesində itkinin minimum həddə
saxlanılmasına ciddi önəm verilir. Şaxtada iş
prosesi belədir: Əvvəlcə yataqlarda qazma işləri
görülür. Daha sonra mədəndə partlayış işləri
aparılır. Partlayışdan əmələ gələn
duz parçaları çeşidlənərək istehsal sahəsinə
verilir. Üyüdüldükdən sonra müxtəlif
ölçülərdə nəfis paketlərdə
satılır.
Duzu
çıxarmaq da, onu emal etmək də məsuliyyətli və
ağır işdir. 20-30 ildir, mədəndə
çalışan Nurəddin Məmmədov, Müseyib
Babayev, Ceyhun Hüseynov yeni şaxtanın istifadəyə
verilməsini böyük sevinclə
qarşılayıblar. Onlar
yaradılan gözəl şəraitə görə dövlətimizə
minnətdar olduqlarını bildirdilər. “Naxçıvan
Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin
baş mühəndisi Knyaz Tağıyev 1986-cı ildən
duz mədənlərində çalışır. Qeyd edir
ki, Naxçıvanın bu brend məhsulu orqanizm üçün
faydalı və ekoloji baxımdan təmizdir. Yeni şaxtadan
götürülmüş daşduzun analizi nəticəsində
natrium-xloridin miqdarının 97 faiz təşkil etdiyi müəyyən
olunmuşdur. Əlavə edir ki, əsl Naxçıvan duzunun
tərkibində ağır minerallar yoxdur və bir çox xəstəliklərin
dərmanıdır. Ümumiyyətlə, mütəxəssislər
bu fikirdədirlər
ki, istifadə edilən duzların tərkibi eyni
deyil. Dadına və kimyəvi tərkibinə görə
Naxçıvan duzu yalnız ölkəmizdə deyil,
dünyada ən yaxşı duz hesab edilir.
Məlumat
üçün qeyd edək ki, duzun istehsal və satış
həcmini artırmaq məqsədilə yeni müəssisə
də qurulur. Hazırda tikinti-quraşdırma işləri
yekunlaşmaq üzrədir. Naxçıvan duzunun ölkəmizin
digər regionlarında da satışını təmin etmək
üçün Bərdə şəhərində baza
yaradılıb. Yeni müəssisə istifadəyə
verildikdən sonra Naxçıvan duzu ən müasir vasitələrlə
daha keyfiyyətlə istehsal olunaraq nəfis paketlərlə
dünya mətbəxinə çıxarılacaq.
Prezident cənab
İlham Əliyev demişdir: “Naxçıvanın rəmzlərindən
biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən
Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və
təmiz duzu ilə deyil, həm də şəfaverici
xüsusiyyətlərinə görə
tanınmışdır”. Göründüyü kimi, bu gün
Naxçıvanda həyata keçirilən tədbirlər Azərbaycan
Duzdağının tarixi-mədəni
dəyərini və iqtisadi əhəmiyyətini
artırır. Bu gün Azərbaycan qazandığı zəfər
ilə dünyaya səs salıb. Bundan sonra dünya Azərbaycanın
qiymətli yeraltı və yerüstü sərvətlərinin, duz kimi qiymətli nemətinin
nəyə qadir olduğunu bir daha görəcəkdir. Və görəcəklər ki, Azərbaycanın
torpaqları qızıldan da dəyərlidir. Bunu heç bir cah-cəlal əvəz
edə bilməz. Ona görə də Vətənimizin hər
qarışı bizim üçün əzizdir, müqəddəsdir. Naxçıvanın Duzdağı
isə bu müqəddəsliyin ən böyük
ünvanlarından biridir...
Sara Əzimova
Jurnalist
İki sahil.-2021.-24 iyun.-S.11.