“Bir əsgərin
həyat yolu”
AMEA Fəlsəfə və Sosiologiya
İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi
və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə
elmləri doktoru Afaq Rüstəmovanın bu adda kitabı 44
günlük Vətən müharibəsində qazanılan
şanlı Qələbəmizə ithaf olunur
Hər
yeni nəşr bir mənbə, təbliğat vasitəsidir.
Əbəs yerə deyilmir ki, kitab insanların ən yaxın
dostudur. Özümüzü dərk edəndən kitablarla həmsöhbət
olur, yeni qəhrəmanları öyrənir, bir sözlə,
daim axtarışda oluruq. Bu gün haqqında bəhs edəcəyimiz,
44 günlük Vətən müharibəsində
şanlı Qələbəmizə ithaf olunan, xatirələrlə
zəngin 120 səhifəlik «Bir əsgərin həyat yolu»
kitabının ruhu tamamilə fərqlidir. Müəllif, AMEA
Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya
cəmiyyətinin fəlsəfəsi və sosiologiyası”
şöbəsinin müdiri, fəlsəfə elmləri
doktoru Afaq Rüstəmovanın yeni nəşrin «Ön
söz»ündə qeyd etdiyi kimi, kitabın ərsəyə gəlməsində
atası, Naxçıvan MR Culfa rayonunun Qazançı kəndində
anadan olmuş, Böyük Vətən müharibəsində
(1941-1945) Qafqazdan Berlinə qədər qəhrəmanlıqlarla
dolu döyüş yolu keçmiş mexanikləşdirilmiş
qvardiya korpusunun cəsur, qorxmaz kəşfiyyatçısı,
müharibədən sonra da əmək cəbhəsində Azərbaycanın
inkişafı naminə var qüvvəsini əsirgəmədən
çalışmış tanınmış ictimai xadim
Rüstəmov Baloğlan Əmrah oğlunun vəsiyyəti əsas
amil olub. Belə ki, bütün ailə üzvləri adətə
uyğun olaraq bayram günlərində bir yerə
yığılaraq sanki övladlar valideynləri
qarşısında gördükləri işlərin
hesabatını verdikləri zamanların birində Baloğlan
müəllim qızı Afaq xanıma
tapşırığını verir: «Qızım, arxivimi sənə
verəcəyəm, biz həyatda olmayanda bunları qələmə
alarsan…»
Afaq
xanım “Ön söz”də bildirir ki,
valideynləri dünyasını dəyişəndən sonra
atasının qoyub getdiyi yazılara heç cür
yaxınlaşa bilməyib. Yəni onların yoxluğu ilə
barışmayıb. Elə düşünürmüş
ki, o kağızlara toxunsa, artıq valideynlərini gerçəkdən
itirəcək. Bu səbəbdən atasının
tapşırığı uzun müddət yerinə yetirilməyib.
Nəhayət, illər keçib, tariximizə Zəfərimizi
yazan 2020-ci il Baloğlan müəllimin bu arzusunun gerçəkləşməsinə
yol açıb. Afaq Rüstəmova bu məqamı da önə
çəkir ki, Zəfər sevincimiz, eyni zamanda,
dünyanı cənginə alan koronavirus infeksiyasından
kiçik bacısı Şəhla xanımın xəstəlikdən
dünyasını dəyişməsi onu sanki silkələyir.
Beləcə, müəyyən araşdırmalardan sonra
atasının vəsiyyətinə uyğun olaraq “Bir əsgərin
həyat yolu” bu il işıq üzü görür.
Kitabın
adına gəldikdə isə Afaq Rüstəmova qeyd edir ki,
bu barədə çox düşünüb. Sonda belə qərara
gəlib ki, atası həm müharibədə, həm də
müharibədən qayıtdıqdan sonra bütün həyatını
yorulmaz, fədakar, cəsur bir əsgər kimi yaşayıb.
Bu baxımdan kitabın adının «Bir əsgərin həyat
yolu» adlandırılması daha məqsədəuyğun olub.
Kitabda
Baloğlan Rüstəmovun həyat yoldaşı, 45 il
ömrünü müəllimlik sənətinə həsr edən,
Azərbaycan dilinin incəliklərini öyrədən
Əzra xanımın xatirələri yer alıb. Baloğlan
müəllimin həyat yolunun qısa xronologiyasını
xatirələrində qeyd edən Əzra xanımın “Mən
xatirələrimə hələlik nöqtə qoyuram. Burada
yazılanlar birgə həyatımızın cüzi bir hissəsidir.
Geniş yazmalı olsam, yoldaşımın həyatı
dastanlara sığmaz. Mən yalnız qəlbimə yaxın
olan hadisələri qələmə aldım” fikirləri ilə
“Bir əsgərin həyat yolu”nun nə qədər
keşməkeşli, zəngin, xoş anlarla dolu, bir kitaba
sığmayan dastan olduğunun aydın ifadəsidir. Məhz
bu sevginin böyüklüyü Baloğlan müəllimin və
Əzra xanımın həyatla vidalaşmalarının eyni
vaxtlara təsadüf etməsində də özünü
göstərir. 2007-ci ilin oktyabr ayında on günün ərzində
dünyasını dəyişdiklərini qeyd edən Afaq
Rüstəmova bildirir ki, onlar birlikdə uzun bir ömür
sürmüşdülər və görünür, elə
ona görə atam dünyasını dəyişdikdən
sonra anam da onsuz yaşaya bilmədi.
Xatirələri
özündə toplayan “Bir əsgərin həyat yolu”nda Baloğlan müəllimin həyatı
haqqında özünün xatirələri, döyüş
yolu və dinc quruculuq illərində gördüyü işlər
barədə yazılmış çoxsaylı kitablar,
saysız-hesabsız məqalələr, həmçinin
Böyük Vətən müharibəsi dövründə və
müharibədən sonrakı illərdə təltif
olunduğu orden, medal və mükafatlar haqqında məlumatlar
yer alıb.
Afaq
Rüstəmova “Bir əsgərin həyat yolu”nu bu sözlərlə
tamamlayır: “Atam tez-tez bu ifadəni dilə gətirərdi:
“Yaxşı komandirin pis əsgəri ola bilməz”. Bu fikir ailəmizin
timsalında da özünü doğruldur. Valideynlərimiz bu
gün həyatda olmasalar da, onların bizə qoyub getdikləri
ölçüyəgəlməz mənəvi-əxlaqi sərvət
bizimlə yaşayır və yəqin ki, bizlərə
doğru yol göstərmək üçün bundan sonra da
yaşayacaq.”
Baloğlan
Rüstəmovun döyüş rəşadəti gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında
parlaq nümunə təşkil edir. Bu baxımdan geniş
oxucu kütləsi üçün nəzərdə tutulan
“Bir əsgərin həyat yolu”nu vərəqləməklə
mənəvi dünyamıza yeni əlavələr edək.
Yeganə
Əliyeva
İki sahil.-2021.-24 iyun.-S.14.