Qars müqaviləsi
və 100 il sonra imzalanan Şuşa Bəyannaməsi...
15
iyun tarixi Azərbaycan xalqı tərəfindən Qurtuluş
bayramı kimi qeyd edilir. Kiminsə bəyənib-bəyənməməsindən
asılı olmayaraq, Azərbaycan xalqı 1993-cü ildə həyatımızı
cəhənnəmə çevirmiş erməni millətçilərindən
də çox erməni olan, nasistlərdən də artıq
faşist olan AXC-Müsavat hakimiyyətindən qurtuldu,
azadlığa çıxdı. Bir çoxlarını
incitsə də, elə Azərbaycan xalqı və dövləti
müstəqilliyini məhz həmin tarixdə bəyan etdi. Həmin
dövrdən 28 il keçsə də, bu gün hələ də
xalqımızda AXC-Müsavat hakimiyyətinin insanları ac
saxlamaq, “Aclıq oyunlarında” olduğu kimi çörək
uğrunda döyüşməyə məcbur etmək,
bir-birinə güllə atmaq kimi sövqetmə əməllərinin
mənəvi-psixoloji sarsıntı izləri qalmaqdadır. Ona
görə də, insanlar Qurtuluş gününü
xüsusi bayram kimi qeyd edir, müstəqilliyinə, təhlükəsizliyinə,
rifahına, azadlığına görə sevinir.
Bu
il Qurtuluş bayramı xalqımız üçün daha da
sevincli və qürurlu olmasını da qeyd etmək yerinə
düşər. Çünki xalqımız bu ilin
Qurtuluş gününü həm də 28-29 il öncə
AXC-Müsavat hakimiyyətinin satdığı torpaqların
işğaldan azad olunmuş şəkildə qeyd edir. Eyni
zamanda, bu ilin 15 iyun Qurtuluş günü qardaş ölkələr
olan Azərbaycan–Türkiyə arasında Şuşa bəyannaməsinin
imzalanması ilə də yaddaşlarda qaldı. Görünən
odur ki, 15 iyun xalqımıza sevinc və qürur yaşadan, gələcəyə
nikbin baxmağa əsas yaradan tarixə çevrilməkdədir.
Bu
gün Azərbaycan dövlətinin və xalqının
uğurlarından qovrulan erməni kimi “5-ci kolon”un
nümayəndələri də artıq şər-böhtan
kampaniyasına start veriblər. Biri xalqı təhqir edir “dəli”
deyir, o biri şəhidlərimizi təhqir edir
“xarı-bülbülləyin” yazır, başqa biri “PKK” deyib
erməni simasını nümayiş etdirir. Radikal müxalifəti
təmsil edənlər ötən 28 il ərzində bir dəfə
də olsun bu xalqın və dövlətin uğurlarına
sevinmədi, əksinə, inildədi, sızıldadı,
zarıdı, qarğış tökdü, amma sevinmədi.
Neftin qiymətinin düşməsinə sevinib, təbrik qəbul
edənlər indi Şuşa bəyannaməsinin hər bəndinin
cümlələrinə görə göz yaşları
axıdırlar. Bütün bunlar niyə baş verir,
bilirsinizmi? Səbəb Şuşa bəyannaməsinin 15 iyun
tarixində, işğaldan azad olunan, bərpa edilən
Şuşada imzalanması, sənəddə mühüm maddələrin
öz əksini tapması, Cıdır düzündə iki
qardaşın sevinc paylaşmasıdır...
Şuşa
bəyannaməsinin geosiyasi və iqtisadi mahiyyəti o qədər
böyükdür ki, qısa bir yazıya onu
sığdırmaq da çətindir. Amma hər kəs bilməlidir
ki, Şuşa bəyannaməsi 1921-ci ildə
bağlanmış “Qars” müqaviləsinə əsaslanmaqla,
sadiqlik bildirilməklə imzalanıb. Düşmənlərimizi
incidən birinci məqam məhz bəyannamənin
adının Şuşa olması oldu.
Çünki
270 ildən sonra Şuşada ilk siyasi tədbir və
hüquqi sənəd imzalandı. Bu, uzun illər tarixdə
yaşayacaq hadisəyə çevrildi. İkinci məqam isə
“Bir millət, iki dövlət” mənəvi qardaşlıq
münasibətlərinin hüquqi müstəviyə
daşınması oldu. Artıq Şuşa bəyannaməsi
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik
münasibətlərinin siyasi-hüquqi mexanizmlərini müəyyənləşdirəcək.
Həmçinin, Azərbaycan və Türkiyə bir-birinə
müdafiə sahəsində BMT Nizamnaməsinə uyğun zəruri
yardım göstərəcək, iki qardaş ölkə Cənub
Qaz Dəhlizindən səmərəli istifadəni əlaqələndirilmiş
şəkildə davam etdirəcək, regional və beynəlxalq
sülhə və rifaha töhfə verəcək, Azərbaycan
və türk diasporları birlikdə və daha sistemli
addımlar atacaq, həmrəylik göstərəcək, Media
Platforması çərçivəsində informasiya, ictimai
diplomatiya sahələrində əməkdaşlıq daha da
gücləndiriləcək, Türk mədəni irsinin beynəlxalq
səviyyədə təbliği sahəsində birgə əməkdaşlıq
genişləndiriləcək. Görünən odur ki, illərdir
Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq istəyənlər,
qardaşları təkləyib məhv etmək niyyətində
olanlar, iki ölkənin ərazisinə göz dikənlər
planlarının heç zaman reallaşmayacağı
reallığı ilə qarşılaşmaqdadırlar. Bəlkə
də, kimlərsə bu günə qədər
düşünürdü ki, sülhməramlıları və
Köçaryanı ilə Azərbaycana təzyiq edəcək,
daim müharibə hədəsi ilə təzyiq etmək istəyəcək,
hətta, Türkiyə NATO ölkəsidir Azərbaycana hərbi
edə bilməyəcək deyənlər artıq fikirlərindən
daşınmalı olacaqlar. Tarixi Qars müqaviləsinin
hüquqi varisi kimi 100 il sonra imzalanan Şuşa bəyannaməsi
nəinki Azərbaycan-Türkiyə
qardaşlığını daha da möhkəmləndirəcək,
hətta iki ölkənin birgə müdafiə
olunmasını, bir-birini qorumasını, dəstəkləməsini
təmin edəcək.
Yaddan
çıxmamış bir məqamı da deyək ki,
Şuşa bəyannaməsinə kölgə salmağa
çalışanlar indidən bilməlidirlər ki, Azərbaycan
və Türkiyə arasında inkişaf etdirilən hərbi-siyasi
əməkdaşlıq üçüncü dövlətlərə
qarşı yönəlməyib. Bu, yalnız
özünümüdafiə, təkmilləşdirmə,
inkişaf etdirmədir. Bu, kimisə narahat edirsə, artıq
özünün problemidir. 1945-ci, 2016-cı illərdə
müddətsiz mzalanmış Qars müqaviləsinin qüvvədən
düşməsinə çalışanlar əlbəttə
ki, Şuşa bəyannaməsinə də qarşı
çıxacaqlar. Lakin əminik ki, hər iki cəhddə məyus
olmuş anti-Azərbaycan, anti-türk cəhbəsi bu dəfə
də fiaskoya uğrayacaq...
Ramil Vəlibəyov
İki sahil.-2021.-17 iyun.-S.22.