Bakı Ali Neft Məktəbi ilə Pakistan universitetləri arasında
əməkdaşlıq məsələləri
müzakirə olunub
Bakı Ali
Neft Məktəbinin
(BANM) rektoru Elmar Qasımov Pakistan İslam Respublikasının
Azərbaycandakı səfiri
Bilal Haye ilə görüşüb.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Görüş zamanı Elmar
Qasımov Azərbaycanın
haqlı mövqeyinin hər zaman Pakistan tərəfindən dəstəkləndiyini,
Vətən müharibəsində
Pakistanın Azərbaycanın
yanında olduğunu vurğulayıb.
Rektor ölkələrimiz
arasında mədəni,
iqtisadi, təhsil sahələrində əlaqələrin
genişləndirilməsi üçün
böyük potensial olduğunu diqqətə çatdırıb və
bu istiqamətdə görülən işlərdən
söz açıb. İki ölkə
arasında mövcud əlaqələrdən bəhs
edən Elmar Qasımov təhsil sahəsində əməkdaşlığın
vacibliyini xüsusi olaraq qeyd edib.
Rektor iki pakistanlı gəncə
BANM-in təqaüdünün verilməsini təklif edərək, növbəti
tədris ilindən etibarən həmin tələbələrin bu
ali məktəbdə
təhsil ala biləcəklərini bildirib.
Görüş zamanı Pakistanın ölkəmizdəki səfiri
Bilal Haye səmimi qəbula görə rektora təşəkkürünü
bildirib. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində
qazanılmış şanlı
zəfər ərəfəsində
Azərbaycanda səfir
kimi fəaliyyət göstərməyə başlamasından
məmnunluğunu ifadə
edib.
“Azərbaycanın çətin
günlərində Pakistan əsl dost və qardaş ölkə olduğunu bir daha təsdiqlədi və biz bununla qürur duyuruq. İki ölkə arasında münasibətlər gündən-günə
inkişaf edir və biz təhsil sahəsində də əməkdaşlığın daha da genişləndirilməsinin
tərəfdarıyıq. Tədrisin keyfiyyətinə, nüfuzuna
və reytinq göstəricilərinə, üstəlik
yüksək ballı,
rəqabətə davamlı
tələbələrin sayına
görə öndə
olan Bakı Ali Neft Məktəbi ilə birgə mütəxəssis hazırlığına
məmnun olarıq.
Pakistanda 30-dan çox
mühəndislik üzrə
ali təhsil
müəssisəsi fəaliyyət
göstərir. Sizin ali məktəbdəki
maddi-texniki təminat,
tədris mühiti, əməkdaşların peşəkarlığı
məni heyran etdi. BANM-in qısa
müddətdə əldə
etdiyi uğurları yüksək qiymətləndirirəm”,
– deyə səfir qeyd edib.
Səfir iki ölkə arasında təhsil əlaqələrinin genişləndirilməsi
istiqamətində səylə
çalışdıqlarını bildirərək təqaüd
təklifinin dəyərləndiriləcəyini
qeyd edib.
Görüşdə Bakı Ali Neft Məktəbi ilə Pakistan universitetləri arasında
təcrübə mübadiləsi,
tədqiqat işləri
üzrə əməkdaşlıq,
birgə təlimlərin
təşkili, Pakistan
Mühəndislik Şurasına
akkreditasiya məsələləri
də müzakirə olunub.
İki sahil.- 2021.-12
mart.- S.11.