Şuşa qalasında
yaranan xalq rəqsləri
Toy,
el məclisləri, mərasimlərin bəzəyi olan rəqslər
zamanı adlayaraq bugünə qədər gəlib
çataraq onu yaradanların təfəkkür, müşahidə,
həyat tərzi və duyğularını yaşadır. Hər bir rəqsi
melodiyasının yaranması
müəyyən şərait
və ya ifaçı ilə bağlıdır. Xalqımızın
milli rəqslərinin
bir neçəsi Azərbaycan mədəniyyətinin
paytaxtı Şuşada
yaranıb.
AZƏRTAC xəbər
verir ki, Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə
20-dən çox kitabın
müəllifi, “Şuşa”
qəzetinin redaktoru Vasif Quliyev dediyinə
görə, gözəl
dağ quşuna həsr olunan “Turacı” rəqs melodiyası da belə rəqslərdən
biridir: “Həzin,
qəlboxşayan lirik
və incə melodiyalı bu rəqsin yaranma tarixi haqqında belə bir rəvayət
var: Qarabağ hakimi İbrahimxəlil
xanın sarayında çox gözəl bir rəqqasə varmış. Bir dəfə xanın böyük oğlu Məhəmmədhəsən ağanın
toyunda həmin rəqqasə gözəl
bir rəqs nümayiş etdirir. İbrahimxəlil xan bu rəqsin ifasına heyranlığını
gizlədə bilmir, ona ucadan
deyir: “Sən lap turac kimi
oynayırsan!” O vaxtdan
rəqqasənin ifa etdiyi melodiya “Turacı” adlanır. Qadınların ifa etdiyi rəqs zamanı sifətin, əl, qol və
bədənin plastik hərəkətləri ilə
turac quşunun uçması, onun yerə düşməsi və yenidən uçub gəlməsi təsvir edilir.
Şuşada yaranmış “Tərəkəmə”
rəqsinin mənşəyi
çoxdan Azərbaycanda
məskən salmış
tayfanın adı ilə bağlıdır.
Rəqsi Qarabağda yaşayan tərəkəmə
camaatı yaradıb. Tərəkəmənin iki
variantı var və bunlar lirik, gümrah melodiyaya malikdir. Birinci variant tərəkəmələrin özlərinin
yaratdığı aram
və vüqarlı rəqsdir. Bu, əsasən Qarabağda geniş yayılmışdır
və onu yalnız qadınlar oynayırlar. İkinci variant daha çevik,
oynaq, qarın səsli, geniş hərəkətli rəqsdir
və bunu həm qadınlar, həm də kişilər ifa edirlər. Gəzişmə, süzmə, fırlanma
rəqsin əsas hərəkətləridir. Üzeyir
Hacıbəyli “Arşın
mal alan”, Renold Qliyer “Təntənəli uvertüra”,
Əfrasiyab Bədəlbəyli
“Qız qalası” əsərlərində “Tərəkəmə”nin
melodiyasından istifadə
ediblər.
Xalqımızın ən qədim və sevimli rəqslərindən olan
“Vağzalı” XIX əsrdə
Şuşada yaranıb.
Rəqsin əsasını
təşkil edən və əvvəllər “Qarabağın ağırı”
adlanan bu qədim melodiya sonralar iki hissəyə
şaxələnib, “Asta
Qarabağı” və
“Vağzalı” rəqslərinə
bölünüb. Son
dərəcə zərif,
ürəyəyatımlı melodiya, incə, yumşaq hərəkətlər
bu rəqsi ənənəvi toy rəqsinə çevirib.
Adətən gəlin
apararkən çalınır.
“Vağzalı” melodiyası
gəlin adamlarını
müşayiət edir,
toyun bu məqamındakı şadlıq
təntənəsinin bir
növ rəmzi kimi səslənir, xoş mərasimi daha da ruhlandırır.
Olduqca cazibəli, qəşəng, son dərəcə lirik olan bu rəqs
incəliklə, bir növ axıcı hərəkətlərlə ifa
edilir”.
Tədqiqatçı-jurnalist
deyib: “Uzundərə”
rəqsi haqqında müxtəlif rəvayətlər
var. Ağdamla Göytəpə kəndi
arasında “Uzundərə”
adlanan bir yer var. Rəvayətə
görə, qədimdə
ya dağlıq, ya da aran
Qarabağa gəlin aparanda həmin dərədən keçər
və burda bir qədər dincələrmişlər. Kişilər,
qadınlar, gəlinlər
vaxtlarını boş
keçirməmək üçün
musiqinin müşayiəti
ilə oynayarmışlar.
Həmin rəqslərdən
birinin - ən məşhurunu həmin yeri adı ilə
“Uzundərə” adlandırıblar.
Ənənəvi toy rəqsi olan “Uzundərə”, adətən
qızlar, gəlinlər,
bəzən isə qocalar tərəfindən
icra edilir. Bu rəqs olduqca
cazibəli, aram, incə və lirik melodiyadır. Zərif və emosional kompozisiyalı “Uzundərə” üçün
adi gəziş, yana gəziş, süzmə və s. xarakterikdir. Bu rəqs qadın ifası üçün daha səciyyəvi, daha uyğun və münasib olduğu üçün
əsasən, gəlin
gətirilən vaxt qadınlar ifa edirdilər. Bəzi yerlərdə bu rəqsi kişilər, bəzən də qadınla kişi oynayır. Dahi Üzeyir Hacıbəyli
“O olmasın, bu olsun” operettasında bu xalq rəqsinin
melodiyasından istifadə
etmişdir.
Təxminən XIX əsrin ikinci
yarısında Şuşada
neyçalan Mirzə adlı bir ifaçı
tərəfindən yaradılan
“Mirzəyi” bütün
rəqqasların repertuarına
daxil olan bu rəqs nömrəsini
həm kişilər,
həm də qadınlar ifa edir. Gözəl, nəcib və qəlboxşayan melodiyanın
müşayiəti ilə
əli dəsmallı
kişilər təmkinlə,
ağır templə qadınlar ifa edir. “Mirzəyi”nin “Vağzalı-Mirzəyi” variantı
daha geniş yayılıb”.
“Şuşada yaranan rəqs melodiyalarından biri də gümrah və yumoristik xarakter daşıyan “Darçını”dır. Mübaliğəli,
aram templə səslənir, qüvvətli
hissəsində zərbələrin
və vurğuların
səsi aydın eşidilir. “O olmasın, bu olsun”da bu melodiyadan
da istifadə olunub. “Qaytağı”, “Ceyranı”,
“Asta Qarabağı”,
“Gəlin atlandı”,
“Ay bəri bax”, “Muleyli”, “Heyratı”, “Xalabacı”, “On dörd nömrə” və onlarca digər rəqs melodiyaları Şuşa qalasında yaranıb”,- deyə V. Quliyev fikrinə yekun vurub.
İki sahil.- 2021.- 19 mart.- S.24