Azərbaycanda
geofiziki məlumatların emalı və interpretasiyası məktəbinin
yaradıcılarından biri
100-dən
artıq neftli-qazlı obyektin aşkarlanmasında iştirak
etmiş, bu gün də tədqiqatlarını davam etdirən geologiya-minerologiya
elmləri doktoru Namaz Yusubovun 73 yaşı tamam olur
Neftçilər
Azərbaycan iqtisadiyyatının strateji sahəsini təmsil
edirlər. Neft sənayesinin ölkə
iqtisadiyyatının aparıcı
sahə olması neftçi peşəsinin hörmətini
artırıb. İkinci Dünya müharibəsindəki qələbədə
Azərbaycan neftinin həlledici rolunu qəhrəman
neftçilərimiz olmadan təsəvvür etmək
mümkün deyil. Məhz Azərbaycan neftçiləri cəbhə
bölgələrini və xalq təsərrüfatı sahələrini
neft və neft məhsulları ilə fasiləsiz təmin etməklə
yüzminlərlə mühərriki havada, yerdə, dənizdə
hərəkətə gətirirdi. Həmçinin Azərbaycan neftçilərinin də
əməyi sayəsində
ölkəmiz dövlət müstəqilliyinin ilk illərində
düçar olduğu ağır iqtisadi böhrandan
çıxmağa müvəffəq olub. Bu gün də neft
sənayesinin ölkə iqtisadiyyatındakı aparıcı
rolunu davam etdirməsi neftçilərin üzərlərinə
düşən çətin vəzifələrin öhdəsindən
layiqincə gəlmələrindən xəbər verir.
Prezident
İlham Əliyev çıxışlarında neftçilərin
əməyinin ölkəmizin uğurlu inkişafında əvəzolunmaz
rolu olduğunu, onların Azərbaycanın qüdrətini,
inkişafını təmin etdiklərini vurğulayıb.
“Neftçi peşəsi Azərbaycanda həmişə
çox hörmətli peşə olub. Bu gün də belədir,
sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin
iqtisadi qüdrətinin artırılması istiqamətində
çox böyük işlər görüblər,
böyük töhfələr veriblər”- Prezident İlham
Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və
Neftçilər Günü münasibətilə
keçirilmiş mərasimdəki nitqində bildirib. Bundan
başqa, ötən il Neftçilər Günündə
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində
edilən paylaşımda deyilir: "Neftçi peşəsi
hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir,
onların əməyi əsl qəhrəmanlıqdır.
Ölkəmizin uğurlu inkişafında neftçilərin
çox böyük rolu vardır".
Belə
neftçilərdən biri də Namaz Yusubovdur. O 1948-ci ilin may
ayının 12-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə
kəndində anadan olub. 1965-ci ildə onbirillik məktəbi
Çəmbərəkənd rayonunun Ardanış kəndində
tamamlamış və elə həmin ilin payızında Azərbaycan
Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsinə
qəbul olub. 1970-ci ildə dağ mühəndisi, geofizik
ixtisasına yiyələnib.
Əmək
fəaliyyətinə 1970-ci ilin payızında “Azneftgeofizika”
trestində çöl işləri aparan seysmik partiyada
texnik-operator kimi başlamış N.Yusubov bu müəssisədə
mühəndis-proqramçı, emal və interpretasiya işləri
üzrə mühəndis, hesablama mərkəzinin baş
geofiziki, trestin baş geofiziki, Əlcəzair Respublikasında
ekspert-geofizik, “Kəşfiyyatgeofizika” trestinin (indiki
SOCAR-ın Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika”
İstehsalat Bölümü) müdiri kimi vəzifələrdə
çalışıb.
Qəhrəmanımızın
sözlərinə görə, ötən əsrin 60-70-ci illərindən
başlayaraq bütün dünyada geofiziki məlumatların rəqəmsal
qeydiyyatı və emalı proseslərinə keçid
dövrü hesab edilirdi. Lakin o dövrdə keçmiş
Sovet İttifaqında, o cümlədən Azərbaycanda bu proses
başlanğıc mərhələdə idi və bu sahə
üzrə mütəxəssis demək olar ki, yox idi. Məhz
bu dövrdə əmək fəaliyyətinə
başlamış N.Yusubov azərbaycanlı mütəxəssislərin
iştirak etmədiyi bir işlə -
proqramlaşdırma ilə məşğul olmağa
başlayıb.
Azərbaycanlı
gənc qısa zamanda əməyinin bəhrəsini görə
bilib. Belə ki, çox keçmədən o, nəinki Azərbaycanın,
keçmiş Sovet İttifaqı ölkələrinin, o
cümlədən Moskvada yerləşən Mərkəzi
Geofizika Ekspedisiyasının mütəxəssisləri
sırasında layiqli yerini tutub və söz sahibinə
çevrilib.
1970-ci
illərin əvvəllərində Azərbaycanda
yaradılmış hesablama mərkəzinin inkişafında
və Sovet İttifaqı çərçivəsində
tanınmasında N. Yusubovun xidmətləri
xüsusi qeyd edilməlidir. Bu amil gənc mütəxəssisi
Azərbaycanda geofiziki məlumatların emalı və
interpretasiyası məktəbinin yaradıcılarından biri
kimi tanıdıb.
N.Yusubov
24 yaşından başlayaraq Azərbaycanda
aparılmış 2D/3D geofiziki kəşfiyyat işlərinin
layihələrinin tərtibi, geofiziki-geoloji məlumatların
emalı və interpretasiyası üzrə tədqiqatların
bilavasitə iştirakçısı və
icraçısı kimi fəaliyyət göstərib, 100-dən
artıq neftli-qazlı obyektin aşkarlanmasında iştirak
edib. Gənc mütəxəssisin layihələri əsasında
yaradılmış, müasir innovasiya texnologiyalarını
özündə cəmləşdirən hesablama mərkəzi neft və qaz
yataqlarının axtarışı və kəşfiyyatı
sahəsindəki fəaliyyətini müvəffəqiyyətlə
davam etdirir. O, geofiziki məlumatların emalı üzrə 3
proqram kompleksinin (ÊÖ ÎÃÒ-1, ÑÖ ÎÃÒ-2 və ÑÖÑ-3) həmmüəllifi
olub. Seysmik yazıların süzgəclənməsi və
spektral analizi, seysmik dalğa sahəsinin dinamik və kinematik
parametrlərinin təhlili əsasında seysmostratiqrafik
analizi, geoloji kəsilişin maddi tərkibinin
proqnozlaşdırılması, seysmogeoloji və petrofiziki
modelləşdirmə və s. kimi məsələlərlə
bağlı apardığı tədqiqatlar əsasında bir
sıra elmi-təcrübi nəticələr əldə edib,
onların istehsalatda tətbiqinə nail olub. Palçıq
vulkanizminin yaranma mexanizminin öyrənilməsi və onun
neft-qaz yataqlarının yaranması ilə əlaqəliliyinin
və az dərinliklərdə yaranan zəlzələ
ocaqlarının tədqiqi üzrə bir sıra əhəmiyyətli
elmi nəticələr əldə edib.
N.
Yusubov fəaliyyətini təkcə istehsalatla məhdudlaşdırmayıb. O, istehsalatdan ayrılmadan məzunu
olduğu ali təhsil müəssisəsinin aspirantura
şöbəsinə daxil olub, 1986-ci ildə “Mürəkkəb seysmogeoloji şəraitlərdə
qeyd olunan seysmik yazıların emalı və
interpretasiyası üsullarının işlənib
hazırlanması və səmərələşdirilməsi”
mövzusunda namizədlik, 2006-cı ildə "Azərbaycanın
mürəkkəb geoloji quruluşlu neftli-qazlı
rayonlarında seysmik kəşfiyyatın səmərəliliyinin
seysmogeoloji modelləşdirmə əsasında yüksəldilməsi"
mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, bir
elmi monoqrafiya, 2 kitab, 90 elmi məqalə müəllifidir,
seysmik kəşfiyyat üzrə 3 cildlik dərsliyin həmmüəllifidir.
Həmçinin 30-dan çox səmərələşdirici
təklif, 30-dan çox alqoritm və proqram müəllifidir.
Qəhrəmanımız,
bu arada pedaqoji fəaliyyətlə məşğul olmağa
da vaxt tapıb. Belə ki, o, əldə etdiyi nailiyyətləri
hər birində iki il müddətində olmaqla Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət
Universitetinin tələbələri ilə bölüşməyə
nail olub.
N.
Yusubov 43 illik istehsalat fəaliyyəti dövründə Azərbaycanda
seysmik məlumatların qeydiyyatının analoq şəklindən
rəqəmsala keçid dövrünün mükəmməl
təməl üzərində qurulmasını və
inkişaf etdirilməsini təmin edən mütəxəssislər
sırasıda aparıcı mövqedə dayanıb.
Müsahibimiz bildirir ki, hazırda innovativ texnologiyalara əsaslanan
bu sahə SOCAR-ın Geofizika və
Geologiya İdarəsinin qarşısında qoyulan
axtarış kəşfiyyat işləri üzrə tədqiqatların
müasir standartlar səviyyəsində yerinə yetirilməsini
təmin edir.
Müsahibimiz
deyir ki, Sovetlər dönəmində "Səmərələşdiricilər
və ixtiracılar əlaçısı” döş
nişanı, (1975-ci il) "Gənc mütəxəssislər
sovetində" müvəffəqiyyətli fəaliyyətinə
görə SSRİ Neft Sənayesi Nazirliyinin qiymətli hədiyyəsi
(1977-ci il) ilə mükafatlandırılıb.
N.
Yusubovun fəaliyyəti müstəqillik illərində də
qiymətləndirilib. Belə ki, o, SOCAR-nın Fəxri fərmanı
(2006-cı il) ilə təltif edilib, həmçinin neft sənayesi
sahəsində xidmətlərinə görə 2009-cu ildə
"Azərbaycan Respublikasının əməkdar mühəndisi"
adına layiq görülüb və 2015-ci ildən Prezident təqaüdçüsüdür.
O,
eyni zamanda, Beynəlxalq Geofizika Cəmiyyətinin (SEG) fəal
üzvü, “Azərbaycan Milli Geofizika Komitəsi” İctimai
Birliyinin sədr müavini, "Azərbaycanda geofizika yenilikləri"
jurnalının redaksiya heyətinin üzvüdür.
N.Yusubov
deyir ki, əmək fəaliyyətini 2014-cü ildən indiyədək Milli Elmlər Akademiyasının
Neft və Qaz İnstitutunda “Neft və Qaz geofizikası”
şöbəsinin rəhbəri kimi davam etdirir. Həyatının
74-cü baharına qədəm qoymağa hazırlaşan
müsahibimiz hazırda Azərbaycan ərazisinin geoloji kəsilişinin
böyük dərinliklərində karbohidrogenlərin əmələgəlmə
potensialının, rezervuarların yaranması və
saxlanması şəraitlərinin qiymətləndirilməsi
istiqamətində tədqiqatlarla məşğuldur.
Sağlam
həyat tərzi keçirən qəhrəmanımız
boş zamanlarında ov etməyi, balıq tutmağı və
aşıq musiqisinin sədaları altında dincəlməyi
də unutmur.
İnanırıq
ki, istər Azərbaycan, istərsə də dünya neft-qaz sənayesi
hələ Namaz müəllimdən çox yararlanacaq. Bu
şərəfli işdə ona uğurlar, möhkəm
cansağlığı arzulayırıq!
Ceyhun Piriyev
İki sahil.- 2021.- 6 may. S. 14.