Dəniz üzərində şəhər salan insan

 

 

 

“Möcüzələr adası” deyəndə göz önündə təkcə boy-boya verən neft buruqları deyil, həm də polad estakadalar üzərində inşa edilən dəniz şəhəri canlanır. Mavi Xəzərin cövlan edən dalğaları qoynunda  bu xarüqəni yaradanlardan biri də Sabir Musayevdir. Qocaman inşaat mühəndisi gördüyü işlər barədə danışmağı xoşlamasa da ad günü ərəfəsində onun  Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərini xatırlamağı özümüzə borc bilirik. Yazımızın qəhrəmanı ilə  bu günlərdə Qala kəndində görüşdük. Salam-kəlamdan sonra ilk sualı Sabir müəllim bizə verdi: “Nə əcəb məni yada salmısınız?”

 

-  9 may sizin doğum gününüzdür, bu münasibətlə sizi unutmayan həmkarlarınız adından təbrik etməyə gəldik.

 

86 yaşlı həmsöhbətimizin dodağına xəfif təbəssüm qondu.  Bir anlıq susub xəyalən keçmiş günlərə, doğulub  boya-başa çatdığı Şəkiyə döndü. Bəlkə də  mənalı ömrünün səhifələrini vərəqləyə-vərəqləyə anadan olduğu ata-baba ocağını, üç tərəfi dağlarla əhatə olunmuş, təmiz havası, mineral suyu və gözəl təbiət güşələri ilə tanınan  doğma Cunud kəndini xatırladı. Sonra üzündən əskik olmayan xoş təbəssümlə dedi ki, o vaxt rayonumuzda qeydiyyat işi aparan Fidovs adlı bir qadın yaşımı doğum şəhadətnaməsinə yazanda anamdan nə vaxt dünyaya gəldiyimi soruşub. Anam da cavab  verib ki, armud ağacı  çiçəkləyəndə. Beləcə, 9 may  doğum günüm  kimi  qeydə alınıb...

 

Xatirəsinin körpü olub uşaqlıq dünyasına qovuşdurduğu bu məqamı fürsət bilib Sabir müəllimdən soruşduq:

 

- Bəs uşaqlıq çağlarından yadınızda maraqlı nələr qalıb?

 

- 6 yaşımda  məktəbə getmişəm. Birdə elə anamın dediyi  o armud ağacından bir neçə dəfə  yıxılmağım yadıma gəlir. Novruz bayramı günlərində tay-tuşlarımızla qapı-qapı gəzib "Qodu-qodu" oyunu çıxarmışıq...

 

İnsan həyatı da su kimi axarını dəyişir. Sabir müəllimin ömür kitabının səhifələrini bir-bir vərəqlədikcə dəniz dalğalanır, ləpələr bir-birini qovur.  Söhbətimizə dəniz ətri  hopur.

 

Tufanlar qoynunda həyat

 

- Bakıya ilk dəfə gələndə, dənizi yaxından görəndə nə düşünürdünüz?

 

- Sabir müəllim gülümsünüb, qarşımızdakı jurnal masasının üzərindəki qalın cildli bir kitabı göstərib deyir: “Hər şey bu kitada yazılıb...”

 

Akademik Xoşbəxt Yusifzadənin məsləhəti ilə 2007-ci ildə Təhsil nəşriyyatında nəşr olunmuş “Neft daşları - Tufanlar qoynunda həyat” kitabında əfsanəvi Neft Daşlarında  dünyada ilk dəfə  dəniz dibindən neft çıxaran və  dəniz üzərində  şəhər salan respublikamızın neft sənayesinin inkişafında  misilsiz xidmətlər  göstərən onlarca insanın maraqlı taleyinə işıq salınmışdır. Onlardan da biri  Sabir Musayevdir.

 

Qısa tanıtım: Sabir Məmməd oğlu Musayev 1935 –ci ildə  Şəki  rayonunun Cunud kəndində anadan olub. 1953-cü ildə  kənd orta məktəbini bitirib, həmin ili Azərbaycan Politexnik  İnstitutunun İnşaat fakültəsinə daxil olub, 1958 –ci ildə ali təhsilini başa vurb. “Artyomneft”  NQÇİ (indiki “Abşeronneft”) göndərişlə əmək fəaliyyətinə başlamışdır. Usta, iş icraçısı kimi yaşayış binalarının inşasında çalışmışdır. 1961-1975 –ci illərdə “Azərdənizneftinşaat” Trestinin Neft Daşlarında yerləşən 6 saylı tikinti-quraşdırma idarəsində iş icraçısı, sahə rəsi, idarənin baş mühəndisi vəzifələrində çalışmışdı. 1975-ci ilin aprel ayından “Azərdənizneftinşaat” trestinin 4 saylı  tikinti quraşdırma idarəsində müdir, 1976-cı ilin iyun ayından müdir müavini vəzifələrində işləmişdir. 1985-ci ildən “Xəzərdənizneftqaztikinti” Trestinin tikinti-quraşdırma idarəsində rəis,  trestin baş texnoloqu, texniki-istehsalat şöbəsinin rəisi, 1999-cu ildən etibarən 14 il ərzində  trestin baş mühəndisi vəzifəsində  çalışmışdır. Həmin dövrdə “Günəşli” yatağında Dərin Dəniz Özüllərində neft və qaz qurğularının 100  kilometrlərlə sualtı neft-qaz kəmərlərinin tikintisi, “Günəşli” yatağındakı obyektləri elektrik enerjisi ilə  təmin etmək üçün xətlərin çəkilməsi və “Xəzərdənizneft” İstehsalat Birliyinin başqa yataqlarında  neft hasilatının sabitləşdirilməsi üçün tikilən obyektlərin  inşasında iştirakçısı olmuş və rəhbərlik etmişdir.

 

Neft Daşlarında işlədiyi müddət ərzində  SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı, “Şərəf nişanı” ordeni ilə, “Əmək veteranı” və  başqa medal və Fəxri fərmanlarla təltif olunmuşdur. Birləşmiş Ərəb Əmirliyində, Finladiyada, Türkiyədə və digər ölkələrdə  beynəlxalq konfranslarda Azərbaycanı təmsil edib.

 

Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə görə  19 sentyabr 2006-cı ildə  Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür. 3 övladı, 6 nəvəsi, 2 nəticəsi var.

 

Neftçilər sulaləsinin başçısı

 

...Sabir müəllimin əmək yolu  məşhur “Artyomneft” trestinin  mədənlərindən başlayanda dəniz  gözlərinin önündə  yerlə göyü birləşdirən nəhəng su aləmi  kimi canlanmışdı. Ucu-bucağı görünməyən Xəzərin suları bəzən küləyin səmtində ləpələnərək təlatümlü dalğalara çevrilirdi. Bəzən də həzin mehin sığalından sakitlik, dinclik  tapan şıltaq, dəlisov dəniz  gənc ustanın ruhuna  kövrək duyğular bəxş edirdi.

 

 “Rəhmətlik  neftçi Qurbanla birlikdə çox işləmişəm” deyə Sabir müəllim yenə dərin düşüncələrə dalır. Adətən, yaşlı nəsil neftçi Qurbandan söz açanda ötən əsrin 50-ci illərində Azərbaycanın böyük sənətkarı Bülbülün ifa etdiyi "Neftçi Qurban" mahnısını xatırlayırlar: 

 

Neftçi Qurban bir oğlandır şirindil,

 

Gülər üzlü, saf ürəkli qəhrəman...

 

86 yaşlı qocaman neftçi Xəzərlə ülfət bağlayan neft korifeylərinin bir-bir adlarını sadalayır. Akademik Azad Mirzəcanzadə, Sabit Orucov, Bəxtiyar Məmmədov, Xanoğlan Bayramov, Mirnağı Kamilov, Mübarək Məmmədov, Ələkbər Süleymanov, Fuad Səmədov, Bayram Bayramov, Arif  Abbasov, Rəhman Qurbanov, Nazim Qaçayev,  Neft Daşlarında işləyən ilk azərbaycanlı qadın  Minarə Məmmədbəyli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin keçmiş  prezidenti Natiq Əliyev, 1994–1997- ci illərdə  Dövlət Neft Şirkətinin I vitse-prezidenti olmuş  Səyyad İbrahimov, Dövlət Neft Şirkətinin əsaslı tikinti üzrə vitse-prezidenti Əhməd Zeynalov... Amma Sabir müəllimin birlikdə çalışdığı  adlı-sanlı  neftçilərin hamısının adını, soyadını sadalamaqla siyahı bitən deyil.

 

Sabir müəllim təkcə 70-ci illərdə  40 min kvadratmetr yaşayış binalarının, məktəb, uşaq bağçalarının və ictimai  binaların tikilib istifadəyə  verilməsinə, eləcə də  estakada və meydançalarda böyük həcmdə təmir-bərpa işlərinin aparılmasına rəhbərlik etmişdir.

 

- Deyilənlərə görə, Neft Daşlarında ilk beşmərtəbəli yataqxana binasını siz inşa etmisiniz.

 

- Beşmərtəbəli və bir doqquzmərtəbəli binanın tikilib istismara verilməsi işləri mənə həvalə olunmuşdu. 70-ci illərdə ümumiyyətlə,Neft Daşlarında inşaat işləri geniş vüsət almışdı. Gecəyə-gündüzə, yağışa-küləyə baxmadan iş davam edirdi. Dənizdə qurub-yaratmaq  qurudakından çox-çox  fərqlənir. Dənizdə polad estakadaların üstündə işləyirsən! Üstəlik  küləkli hava, fıtınalı dəniz... Dəniz qasırğalı olanda estakada üzərində nəinki işləmək, hətta  hərəkət etmək çətinləşir. Deyir ki, insan hər bir çətinliyin öhdəsindən gələ bilir. Bəzən insan iradəsi,   yüksək peşəkarlıq çətin dəniz şəraitində güclü amilə çevrilir.  İşin ağırlığına baxmayaraq çalışırsan, mübarizə aparırsan. Cox əziyyət  çəkmişəm, bəhrəsini də görmüşəm.

 

- Bəs indi  xəyalən həmin günlərə qayıdanda ən çox yadınıza hansı çətin məqam düşür?

 

- Bir dəfə sahə rəisi olanda polad estakadalar üzərində sağa-sola şaxələnən yolda maşınla gedirdim. Birdən "Xəzərdənizneftqaz" Sənaye Birliyinin Baş  mühəndisi Akif Cəfərovun maşını ilə üz-üzə gəldik. Vaxtında əyləci basmasaydım maşınlar toqquşa bilərdi. Akif Cəfərov o dövrün yüksək mükafatına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Üstəlik  məndən də 10-15 yaş böyük idi.  Düzü, cox həyəcan keçirdim, bir maşınlıq yolda  əgər qəza baş versəydi  iki maşından biri mütləq dənizə düşə bilərdi. Amma Allaha şükür xətadan-bəladan qurtardıq... O gündən sonra bir daha sükan arxasına oturmadım...

 

Sabir müəllim deyir ki, Neft Daşlarında çoxlu gənc kadrlarla da  birlikdə işləmişəm. Onlardan biri də Rövnəq Abdullayev idi. O, 1997–2003-cü illərdə "Xəzərdənizneftqazinşaat" Trestinin müdiri vəzifəsində çalışanda  mən həmin trestin baş mühəndisi idim.

 

- Bəs ailənizdə sizin yolunuzun davamçıları varmı?

 

- Qızım Təranə neft sənayesində çalışıb, hazırda o da mənim kimi təqaüdə çıxıb, oğlum Mehman da 1995-ci ildən bizim sahədə çalışıb, hazırda  AZFEN İstehsalat Birliyində sex rəisi vəzifəsində çalışır. Nəvəm Rəşad isə “Neftqaztikinti” Testinin mühəndisidir.

 

Sabir Musayev Allahın verdiyi nemətlərə şükr edən insandır. Dəfələrlə ağır imtahanlardan çıxmışdır. Bu gün Neft Daşları onun kimi zəhmət adamlarının sayəsində işləyən, yaşayan, qurub-yaradan bir şəhərə bənzəyir. Adı dünya neft sənayesinin tarixinə qızıl hərflərlə yazılmış  Neft Daşları texniki intellektin və titanik əməyin vəhdətidir.

 

Sabir Musayev vurğulayır ki, Neft Daşlarını XX əsrdən XXI əsrə atılmış körpü adlandıran Ulu öndər Heydər Əliyev burda çalışan insanların əməyini həmişə yüksək qiymətləndirirdi: "Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz." Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə neft strategiyası uğurla  davam edir.

 

- Sabir müəllim, belə bir deyim var ki, neftə nəzarət etsən millətləri, ərzağa nəzarət etsən insanları idarə etmək olar. Bu gün neft sahəsində çalışan gənc kadrlara nə arzu edərdiniz?

 

- Hər şeydən əvvəl zəhmət, zəhmət, yenə zəhmət. Zəhməti såvəni hamı såvər. Bir də unutmasınlar ki, onların neft sənayesində əldə etdiyi uğurlar Azərbaycanın dünyada söz sahibinə çevrilməsində əhəmiyyətli rol oynayır...

 

Sonda Sabir müəllimə, bizimlə həmsöhbət olduğuna görə minnətdarılq etdik, onu doğum günü münasibətilə bir daha təbrik edib, özünə və ailə üzvlərinə cansağlığı arzuladıq.

 

Sabir Musayev də “İki sahil” qəzetini qarşıdan gələn 30 illik yubileyi münasibəti ilə təbrik etdi, redaksiyamızın əməkdaşlarına uğurlar dilədi. 

 

Nurəddin Muğanlı

 

 

İki sahil.- 2021.- 7 may .- S.7.