Tanrının min ildə bir dəfə
yaratdığı tarixi şəxsiyyət
Tarixi qələbəmizdən,
torpaqlarımızın azadlığından sonra artıq həyatımızdakı
bir çox anlar bizim üçün iki qismə
ayrılır: Qələbədən əvvəl və Qələbədən
sonra. Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin Qələbəmizdən sonrakı ilk doğum
günü olacaq. Bu böyük şəxsiyyətin, dövlət
adamının dünyaya gəlişi ilə milli dövlətçilik
tariximizdə özünə əlamətdar yer tutan 10 may
günü yaddaşımıza bahar çiçəklərinin
ətri ilə hopub.
Bu il isə Heydər Əliyevin doğum
günündə açan çiçəklərin ətrinə
azad yurdlarımızdakı gül-çiçəyin,
Şuşamızın nadir incisi Xarıbülbülün də
ətri qarışacaq. Bu cənnət rayihəsi Ulu Öndərimizin
səmadan Azərbaycanın bu xoşbəxt günlərinə
baxan məmnun ruhunu şad edəcək.
Böyük Tanrının yaratdığı
vəhdət üzərində qərar tutan dünyamızda
vaxt, zaman insana qarşı dayanır. Bütün
ömrümüz bu “mücərrəd rəqib”lə
mübarizədə keçir, ya biz vaxtı yenirik, ya da o
bizi. Anın gözlənilməz zərbələrindən
çox arzularımız əlçatmazlığa çəkilir,
çox istəklərimizə doğru sona qədər irəliləyə
bilmirik. Vaxt qarşısında acizlik həqiqəti bizimlə
əbədi yol yoldaşı olur.
Amma doğrudanmı vaxt üzərində zəfərimiz
mümkün deyil?! Bəs zəka və cəsarətlərinin
qüdrəti ilə zamanı öz istəklərinə
uyğun ram edərək vaxtı tarixə çevirmiş
şəxsiyyətlər?!
Və elə
bu anda istisnalar başlayır...
...Əbədiyyətə qovuşmuş böyük
dühalar barədə söhbət açarkən adətən
onların bu fani dünyamızda yalnız cismən bizdən
ayrı olduqlarını yazırlar. Əslində isə
onlar elə cismən də bizimlə birgədirlər. O
insanlar fərd olaraq hər birimizin davranış mədəniyyətimizdə,
qabiliyyətlərimizdə, adət-ənənələrimizdə
yaşayırlar. Çünki biz bu dəyərləri,
qabiliyyətləri bacardığımız qədər
onlardan, məhz onlardan əxz etmişik. Göz
önündəki ən xoş reallıqlarda onların ürəyi
döyünür. Çünki bu reallıqlar həmin şəxsiyyətlərin
zəkasından, qurucu əməllərindən doğulub. Maddi aləmdə ən gözəl olan nə varsa,
o, həmin dühaların cisminin bir parçasıdır.
Bizi əhatə etmiş zamanda yaşayan Heydər Əliyev
kimi tarixi şəxsiyyəti zamanın müəllifi
adlandırsaq, bu, fəlsəfi qanunauyğunluqlara zidd
olmayacaq...
44
günlük Vətən müharibəsindəki Zəfərdən,
düşmənin törətdiyi beynəlxalq cinayətin
cavabını layiqincə aldığı qələbəmizdən
sonra Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin əziz Şuşaya səfəri ilə
bağlı videogörüntülərini izləyəndə
inanıram ki, Heydər Əliyevi Prezidentimizlə
yanaşı, xəyali olaraq bütün Azərbaycan
gördü.
Hər
birimizə elə gəldi ki, bu qələbənin təməlində
zəkası, dühası, hünəri ilə xarüqələr
yaradan Heydər Əliyev 44 gün sərasər müzəffər
Ordumuzu, onun bütün həmlələrini, Ali Baş
Komandanımızın dünyanı mat qoyan hərbi qüdrətini
izləmək üçün zamanın özünə qalib
gələrək, mümkün olmayan sərhədləri
keçib müasir dünyamıza qovuşmuş, sonra isə
azad Şuşamızda arzusuna yetən müqəddəs ruhu
ilə möhtəşəm əbədi heykələ
çevrilmişdi.
Tarixi hadisələrin ciddi təhlili zamanı
görürük ki, ən mümkünsüz ideyalar məhz
şəxsiyyətlərdə təcəssüm olur. Bəzi
hallarda isə şəxsiyyətlər ideyaların rəmzinə
- nişanına çevrilir. Heydər
Əliyev adında təcəssüm olunan ideyalar isə
müstəqil demokratik Azərbaycan dövləti və
inkişafa doğru hər gün bir qədəm də irəliləyən
sivil bir xalqdır. O, bütün ömrünü bu
ideyaların gerçəkləşməsinə həsr
etmişdi...
Filosof Heraklit deyirdi ki, eyni çaya iki dəfə
düşmək mümkün deyil. Bu, əslində tarix
və şəxsiyyət münasibətlərində də
belədir. Heydər Əliyevi tarix
yetişdirmişdir. Bu böyük
insanı yetişdirən tarix bir daha təkrarlanmayacaq. Zamanın şərtləri isə çox dəyişkəndir.
Kim isə Heydər Əliyev şəxsiyyətinə
bənzəmək iddiasına düşə bilər. Amma vaxt yolun başındaca bu iddialar üzərindən
bir xətt çəkir. Heydər
Əliyev ilə eyni dövrdə yaşayanlara, onu öz
gözləri ilə görənlərə, ondan nələrisə
öyrənənlərə Tanrı tərəfindən bu
imkanla birgə fəxarət payı da verilib. Yaşımızın ixtiyar çağlarında
övladlarımız məhz Heydər Əliyevlə eyni illəri
yaşadığımız, eyni anları
bölüşdüyümüz üçün bizə qibtə
edəcəklər.
Dünya şöhrətli rəssam Salvador Dalinin vaxtilə
böyük rus çarı I Pyotr haqqında səsləndirdiyi
fikirlər bu gün Heydər Əliyevin şəxsiyyəti
barədə düşüncələrdə tam yerinə
düşür. Azərbaycanın Ümummilli Lideri Heydər
Əliyev bəşər sivilizasiyasının indiyə qədər
tanıdığı ən böyük rəssamlardan biri və
bəlkə də birincisi idi. Heydər Əliyev öz
arzularında, təxəyyülündə qurub
yaratdığı Azərbaycanı olduğu kimi, Vətənimiz
boyda füsunkar bir tablo tək, əlvan boyalarla bu müqəddəs
torpaq üzərinə köçürməyi
bacarmışdır: Əl-ayağa dolaşanların
cılız maneələrinə, bütün şər-şəbədələrə,
çəkişmələrə baxmayaraq...
Müstəqil Azərbaycan dövləti, möhkəm
özülə söykənən dövlətçiliyimiz,
dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə
doğru aparan aydın, nurlu yol - bizə bax bunlar qalır. Bu reallıqların hər
birində Ulu Öndər Heydər Əliyevin imzası var. Və
bu reallıqlar Heydər Əliyevin ruhunu xalqın ruhuna
qovuşdurub - o, xalq üçün yaratdığı dəyərlərdə,
ondan həyat dərsi, millətə, dövlətə sevgi
nümunəsi, siyasi mədəniyyət, ədəb
qaydaları əxz etmiş milyonların xatirəsində
yaşayır və yaşayacaqdır... Bizlər
hər addımda bu fenomen şəxsiyyətin nəcib əməllərinin
gerçək nəticələri ilə
qarşılaşır və Heydər Əliyevin öz
xalqına, dövlətinə böyük sevgisinin şahidi
oluruq.
Hələ sağlığında Heydər Əliyevin
siyasi təcrübəsini mənimsəməyə və ondan
istifadə etməyə maraq böyük idi. Bu da təsadüfi
deyildi. Siyasətçilər bilirlər
ki, dahilərin rəhbərliyi ilə millətlər tarixin təkərini
döndərirlər. Bütün dünya
gördü ki, ən problemli Azərbaycan ən qısa vaxtda
etibarlı siyasi sabitliyə və görünməmiş
iqtisadi tərəqqiyə nail oldu. Bunun səbəbi Heydər
Əliyevin uzaqgörən, zamanın özünü ram edən
şəxsiyyətində idi. Onun bütün
ömrü millətin gələcəyini qurmağa yönəlmişdi.
Heydər
Əliyev bir zirvədir - ona doğru yalnız can atmaq olar. Əgər cəhdlərində davamlı olsan, bu
zirvəyə doğru gedən yolda ən böyük nailiyyətlərin
sahibinə çevrilə bilərsən. Heydər
Əliyevi öyrəndikcə onun şəxsiyyətinin qərar
tutduğu mənəvi zirvə göz önündə daha da
ucalır. Heydər Əliyev adının əhatə
etdiyi mənəvi areal hüdudsuzdur. Bu
adın ifadə etdiyi şəxsiyyət amilinin nəhəngliyini,
miqyasını müəyyənləşdirmək
üçün zaman lazımdır. İllər
ötdükcə bu miqyas böyüyür və
hüdudları genişləndirir.
Ölkəyə
rəhbərlik missiyasını üzərinə
götürdüyü ilk günlərdən Azərbaycan
elminin, təhsilinin, mədəniyyətinin, iqtisadiyyatının, səhiyyəsinin
inkişafı üçün Heydər Əliyev misilsiz fəaliyyəti
ilə son dərəcə əhəmiyyətli nəticələri
ortaya qoydu. Bu işləri onaqədərki
heç bir rəhbərlə müqayisə edilməsi
mümkün olmayan bir enerji, yüksək peşəkarlıq
və uzaqgörənliklə həyata keçirdi.
Heydər Əliyev adı məğlubiyyət
sözünü tarixin heç bir əyyamında yaxına
buraxmayıb.
Ona qarşı antitəbliğat kampaniyaları
təşkil ediblər, fürsət düşdükcə, dəstə-dəstə,
qrup-qrup üzərinə hücum çəkiblər, məqamdan
yararlanıb hüquqlarını pozmağa, ona ləkə
vurmağa çalışıblar. Amma Heydər
Əliyevi məğlub edə bilməyiblər, bunu tarixin
heç bir dönəmində, heç kim
bacarmayıb. Böyük Tanrı kiməsə
Heydər Əliyevi məğlub qiyafədə görmək
fürsəti verməyib. Heydər Əliyev məğlubedilməz
şəxsiyyət idi! O, dünyaya sanki qələbələr
üçün gəlmişdi.
...Heydər
Əliyev şəxsiyyətindən söhbət gedərkən
bura Azərbaycanı da əlavə etmək lazım gəlir.
Çünki Heydər Əliyev şəxsiyyəti
çoxdan Azərbaycanla bütövləşmiş, Heydər
Əliyevin ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər
Əliyevə keçmişdir.
“Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır”
- deyirdi Ümummilli Liderimiz! Və bu deyim
yalnız onun dilində reallıqla tam üst-üstə
düşürdü. Yalnız onun belə
deməyə haqqı çatırdı. Çünki
Azərbaycan həqiqətən də Heydər Əliyevin
ürəyi, nəfəsi, həyatı idi...
Onun Azərbaycanın milli-mənəvi dəyərlərinə
bu qədər vurğunluğunu, mübhəmliklərini də
görünür, elə bu bağlılıqda axtarmaq
lazımdır. Qloballaşan dünyada gündən-günə
güclənən sivilizasiyalararası müharibələr
milli-mənəvi dəyərlər məsələsini
çağdaş zamanın ən aktual məsələlərindən
birinə çevirməkdədir. Problemi
aktuallaşdıran başlıca amil budur ki, total əxlaqın
və çoxtərəfli inteqrasiyanın diktələri bir
çox hallarda əsrlərin mirasına - milli-mənəvi dəyərlərə
qarşı yönəlir və belə bir təhlükə
Azərbaycanın da başı üzərində dolaşa
bilərdi. Lakin Heydər Əliyevin öz
Vətəninə, xalqına bağlılığı bu təhlükə
önündə də əzəmətli sipərə
çevrilmiş oldu. Ümummilli Liderin
milli-mənəvi dəyərlər probleminə dair
baxışları onun siyasi portretinin əsas cizgilərindəndir.
Çağdaş nəzəriyyələr bu cür
meyilləri adətən mühafizəkarlıq nümunəsi
kimi nəzərdən keçirir. Amma Heydər
Əliyevin böyüklüyü ondadır ki, milli ənənələrimizə
bu qədər sadiqlik onun timsalında konservatizm meyili kimi
görünmür. Çünki milli dəyərlərə
sadiqlik Heydər Əliyevin demokratizminin inkarına yönəlməyib.
O, öz düşüncələrində çox
böyük ustalıqla milli və liberal dəyərlərin
dialoqunu qura bilib.
Öz müsahibələrinin birində Heydər
Əliyevin hələ keçmiş SSRİ rəhbərliyində
təmsil olunarkən onun taleyindəki müsbət rolundan
söhbət açan məşhur rus dissident
yazıçısı, Nobel mükafatı laureatı
Aleksandr Soljenitsının məlum etirafını
xatırlayıram. Bu, ümumilikdə Heydər Əliyev
demokratizminin etirafıdır. Bəli, Heydər
Əliyev zəmanəsinin ən böyük demokratı idi.
O, demokratiya anlayışının özünə də bir
millilik gətirmişdi. Heydər Əliyevin demokratiya barədə
aşağıda təqdim olunan fikirləri dünyanın ən
dahi filosoflarının demokratiyaya dair baxışlar sisteminə
aid edilə bilər: “Demokratiyanın hüdudları
genişdir. O, hər bir xalqın milli-mənəvi dəyərlərinə,
mentalitetinə, hər bir cəmiyyətin, hər bir
dövrün tələblərinə uyğun olaraq inkişaf
edir”.
Bu, son qərinələrin
“isti”, “soyuq” müharibələrində əsl məzmununu
itirərək dünya nəhənglərinin əlində
gizli müstəmləkəçilik siyasəti alətinə
çevrilmiş demokratiyanın öz məzmununa
qaytarılması üçün bütün dünyaya
ünvanlanmış bir çağırışdır. Bu,
gizli işğal siyasətini indi demokratiya niqabı
arxasında həyata keçirməyə başlayanlara
ünvanlanmış bir tənədir...
Kənar mədəniyyətlərlə təmas
anlarında yabançı həyat tərzlərindən məhz
nələri əxz etməli, nələri götürüb,
nələri kənara qoymalı? Dünyanın ən
böyük ideoloqları əsrlərlə bu suala cavab
axtarmışlar, amma birmənalı cavab yenə də ortada
deyil. Heydər Əliyev isə qüdrətli
bir strateq kimi bu sualı real addımlarla cavablandırmış
oldu. Azərbaycanın qapıları ən ali bəşəri dəyərlərin
üzünə məhz onun əlləri ilə
açıldı. Lakin bu qapıdan həyatımıza daxil
olan yeniliklər min illərcə tariximizlə yol gələn,
bizi etnoslar içərisində tanıdan dəyərlərlə
mübarizəyə girişə bilmədi və yad mədəniyyət
elementləri neçə illər sonra da milli ənənələr
üzərində hakim mövqeyə sahib ola
bilməyəcək. Çünki seçim əvvəldən
dürüst aparılıb...
Heydər Əliyevin bu sahədə müəyyən
etdiyi prinsiplərə hansı səmtdən yanaşırsan
yanaş, fərq etməz, bu prinsiplərdə bütün cəhətlər
üzrə dəqiq uzlaşmalar görəcəksən. Heydər
Əliyevin irəli sürdüyü prinsiplər mahiyyət
etibarilə Azərbaycan millətinin mənafelərini əsas
götürür. Fəqət, eyni zamanda
bu prinsiplər hansısa millətin mənafelərinə
qarşı da yönəlməyib.
Ulu Öndərin irəli sürdüyü prinsiplər
dünya xalqları sırasında azərbaycanlıların
layiqli yerini müəyyənləşdirir. Lakin məlum
prinsiplər bu sırada qeyri millətlərin yerini də inkar
etmir. Təsadüfi deyil ki, Azərbaycanda
qonaq olan əcnəbilər bu Şərq ölkəsində
müxtəlif dünyagörüşlərin, dini
inancların, siyası əqidələrin, fərqli mədəniyyətlərin
bu dərəcədə normal, sivil dialoquna
heyranlıqlarını gizlədə bilmirlər. Bu dialoq, ilk növbədə, böyük öndərimizin
düşüncələrində qurulmuşdur. Keçmişin qiymətli əmanətlərini
çağdaş təsəvvürlərin
işığında təqdim etməyə, yaxud
çağdaş təsəvvür və
dünyagörüşlərini tarixin ərmağanları
fonunda nəzərdən keçirməyə istiqamətlənmiş
Heydər Əliyev ideyaları bu gün onun ləyaqətli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir.
Heydər Əliyev bütün şərəfli və zəngin
ömrü boyu Azərbaycanın milli-mənəvi dəyərlərinin
böyük himayədarı oldu. Nə xoş ki
Ümummilli Liderimizin bu sahədə qoyduğu ənənələr
müqəddəs bir miras kimi yenə də
yaşadılır, qorunur. Azərbaycan
Prezidenti İlham Əliyev dövlətimizə rəhbərliyinin
ilk günündən bəyan etdi ki, Heydər Əliyev yoluna
sadiq qalacaq, bu yolu layiqincə davam etdirəcək. Azərbaycan Prezidentinin fəaliyyəti bu bəyanata
sadiqliyin bariz ifadəsidir və bu, milli-mənəvi dəyərlərə
münasibətdə daha aydın cizgilərlə
görünür. Prezident İlham
Əliyev Azərbaycan ədəbiyyatına, elminə, təhsilinə
göstərdiyi diqqət və qayğı ilə əyani
şəkildə sübuta yetirdi ki, o, bu sahədə də
Heydər Əliyev məktəbinin prinsiplərinə sadiqdir.
Özümüzdən
də xəbərsiz yaradılışımızdan bizimlə
birgə ali bir duyğu doğulub,
köksümüzün altında göyərib boy göstərir.
Həyatın əlavələrinə həmahəng olan,
gün keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən,
hiss və düşüncələrimizə hakim kəsilən
o duyğu ən dar məqamlarda da ən yaxın köməkçimizə
çevrilir. Həyatdan əlimizi üzəndə
o duyğu əlimizdən tutur, inamımızı,
istinadgahımızı itirəndə o duyğu bizim
üçün inama, istinadgaha çevrilir. Və nə vaxtsa o duyğunu Sevgi
adlandırırıq. Mental yaddaşımız Leyli və
Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa,
Tahir və Zöhrə, İlham və Fərizə
misalında ilahi sevginin mükəmməl nümunələrini
xatırlayır. Heydər Əliyev öz ömür-gün
yoldaşı, mərhum akademik Zərifə xanıma olan
sonsuz sevgisi və bu sevginin etirafı ilə mənəviyyat
tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir məhəbbət rəvayəti
də yaratdı.
Bu gün Prezident İlham Əliyevi Azərbaycanın
milli-mənəvi dəyərlərinin ən qüdrətli
mühafizəçisi kimi görürük. Ölkə rəhbəri
bu dəyərləri göz bəbəyi kimi
qoruyacağına, itkisiz şəkildə gələcək nəsillərimizə
ötürəcəyinə bütün azərbaycanlılar
qarşısında, ən böyük Azərbaycanlı Heydər
Əliyevin ruhu qarşısında and içib. Azərbaycan Prezidenti öz andına sadiqdir. Necə ki bütün ömrünü öz
xalqına qurban edən Ümummilli Liderimiz bu andına sona qədər
sadiq qaldı. Bu andın fövqündə 30 ildən bəri
yaraları qövr edən bir xalqın ülvi arzusu -
Qarabağı işğaldan azad etmək, doğma
torpaqlarına dönmək, o torpaqlarda uyuyan doğmaların
ruhunu şad etmək kimi qarşısıalınmaz bir istəyə
qovuşmaqda möhtəşəm bir dönməzlik var idi. Vaxtilə əlçatmaz, müqəddəs bir arzu
dövlətimizin israrla həyata keçirdiyi müdrik siyasətin
şərəfli nəticəsinə, böyük zəfərə,
qələbəyə çevrildi. Bu nəticə
igid oğullarımızın şücaəti, rəşadəti,
canlarından keçdikləri Vətən torpağına,
qanları ilə suladıqları Qarabağa sönməz məhəbbətin
təzahürü idi. Bu məhəbbət igid övladlarımızın
beşikləri başında fədakar Azərbaycan
analarının illərlə dediyi laylalardan, Azərbaycan məktəbinin
vətənpərvərlik tərbiyəsindən
qidalanmışdı. Ulu Öndər “Azərbaycanın
milli-mənəvi dəyərləri ona görə qüdrətlidir
ki, o, torpaq uğrunda canlarından keçən gənclər
ordusu yetişdirmişdir” deyirdi.
Öz torpaqlarına qovuşandan sonra dünya düzənində
böyük hörmətə yetişən Azərbaycan
möhtəşəm qələbə ilə beynəlxalq
birliyə daha sürətlə inteqrasiya istiqamətində
böyük imkanlar qazanır. Müstəqil dövlətimiz
bu gün bütün dünyada aparılan mədəniyyətlərarası
dialoqların təşkilaçısıdır. Azərbaycan malik olduğumuz zəngin mədəniyyətlə
bu dialoq prosesinin əsas iştirakçılarından birinə
çevrilmək imkanına malikdir. Heydər Əliyevin
milli-mənəvi dəyərlər sistemində diqqəti cəlb
edən ən böyük töhfəsi nadir tərbiyəsi və
təcrübəsi ilə ərsəyə gələn, fəaliyyətləri
ilə millətin ürəyindən tikan çıxardan, ləyaqətləri,
nurlu əməlləri, siyasətləri ilə
dünyanın diqqətini çəkən, hərtərəfli
yetkinlik və mütərəqqi meyilləri ilə
düşmənin gözünə ox olub batan, dühası,
bacarığı ilə çox mətləblərə
uğur qazandıran, dövlətə hərtərəfli xidmət missiyası göstərən
İnsanların, - İlham Əliyevin, Mehriban xanım
Əliyevanın, onların nəcib, vətənpərvər,
istedadlı övladlarının varlığı və nurlu
əməlləri xalqımıza Heydər Əliyevdən
miras qalmış mənəvi
xəzinədir. Bu insanların əməllərinin
adı bəşəriyyətə, insanlığa xidmətdir.
Sinəsində
fərəhlə ən dəyərli və ali
Vətən mükafatı “Heydər Əliyev” ordeni gəzdirən
xanım Mehriban Əliyeva böyük xalq məhəbbətinin,
beynəlxalq rəğbətin layiqli
daşıyıcısıdır.
...Ola bilər
ki, zaman hansısa şəxsə nə vaxtsa ona edilmiş
yaxşılığı unutdursun. Ola bilər
ki, şəxs ona edilmiş yaxşılığı layiqincə
qiymətləndirmək imkanlarından uzaq olsun. Lakin xalqın və tarixin yaddaşı çox
möhkəmdir. Hər hansı
sapıntı onu öz qənaətindən döndərə
bilməz.
Heydər
Əliyevin Azərbaycan üçün gördüyü
işlərin miqyası o qədər böyükdür ki,
bunu sözlə yalnız belə ifadə etmək olar:
bütöv xalqa və tarixə yaxşılıq. İnsan
üçün bu yaxşılığın müqabilində
yaddaşlarda daimi minnətdarlıq duyğuları ilə
yaşamaqdan gözəl nə ola bilər?!
Nurlana
ƏLİYEVA,
Bakı Slavyan Universitetinin rektoru,
professor, YAP Veteranlar Şurasının üzvü
İki sahil.-
2021.- 8 may.- S.9.