“Vətən mənə ana, mən əsgərəm
ona”
Bu
sözlər qızılı rəngli həriflərlə
şəhid Niyaməddin
Sultanzadənin
gül-çiçəyə qərq olmuş sinə
daşına həkk olunub. Məzarının ətrafında
böyük ürəyi xatırladan əklillər dövlət
qurumlarının və ictimaiyyət təmsilçilərinin
şəhidin xatirəsinə ehtiramları ilə
yanaşı, həm də 22 il
ömür yaşayan bir gəncin
qısa həyatına sığdırdığı
misilsiz şücaət və qəhrəmanlıqdan soraq
verir. Vətən üçün yaşayan, torpaq uğrunda
canından keçən Niyaməddin Sultanzadə yeni nəsillər
üçün əsl vətənpərvərlik nümunəsidir.
Ona görə ki, Vətən torpağını əyninə
geyinən Niyəmmədin kimi oğullar Vətənin
ömrünə öz ömürlərini calayıblar.
Onların hər birinin işıqlı xatirəsi əsrdən-əsrə,
nəsildən-nəslə ötürülərək daim
ürəklərdə yaşayacaq.
Etiraf
edək ki, xalqımıza QƏLƏBƏ sevinci yaşadan hər
bir şəhidin ÖMRÜ həm də onun doğulub
boya-başa çatdığı elin-obanın, ata-baba
ocağının yeni adı, yeni ünvanıdır. Şəhidlik
hünər zirvəsinin əbədiyyət
simfoniyasıdır. Taleyinə bu müqəddəs məqama
qovuşmaq nəsib olan şəhid ömrünün əbədiliyini
istedadlı qələm dostum Balayar Sadiq belə dilə gətirir:
Boy
verir ürəkdə hünər nəğməsi,
Nəsillər
dinləyir bu məğrur səsi.
Şəhidlər
- Vətənin qələbə rəmzi,
Şəhid
oğulları Vətən yaşadır!
Qubadlı
dağlarında erməni qəsbkarlarına qarşı
döyüşərək cəsarəti, mərdliyi ilə
Azərbaycanın ən yeni tarixini qanı ilə yazan Niyaməddin
Sultanzadə Vətən müharibəsinə könüllü qatılmışdı...
Qısa
tanıtım: Niyaməddin Hüsaməddin oğlu Sultanzadə
10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan
olub. 2005-2016 - cı illərdə R. Əlihəsənov
adına Masallı şəhər 1 saylı tam orta məktəbdə
təhsil alıb. Ali məktəbə qəbul imtahanında
ilk cəhdi alınmasa da ruhdan düşməyib. 2016-2017-ci
illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N”
saylı hissəsində həqiqi hərbi xidmətini başa
vurandan sonra Azərbaycan Memarlıq və İnşaat
Universitetinin nəzdində İnşaat Kollecinə qəbul
olunub. Lakin kollec təhsili ilə kifayətlənməyib. Gəncə
şəhərində Azərbaycan Dövlət Aqrar
Universitetinin aqronomluq fakültəsinə qəbul olunmaq cəhdi
növbəti dəfə uğurlu alınıb. Ali təhsilini qiyabi yolla davam etdirərək
10 oktyabr 2018-ci ildən “Azərsu” ASC-nin 3 saylı Regional Su
Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator
su təmizləyici qurğularının operator peşəsi
üzrə əmək fəaliyyətinə başlayıb.
27
sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda
başlayan Vətən müharibəsində
könüllü olaraq qoşulub, Cəbrayıl və
Füzuli rayonlarının erməni
işğalçılarından təmizlənməsində
şücaət göstərib. 6 noyabr 2020-ci ildə
Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə
qəhrəmancasına şəhid olub. 22 noyabr 2020-ci ildə
Masallı şəhər Dadva qəbiristanlığında
izdihamla dəfn olunub.
Azərbaycan
Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə
Niyaməddin Sultanzadə ölümündən sonra "Vətən
uğrunda", “Cəbrayılın azad olunmasına görə”
və “Qubadlının azad olunmasına görə”
medalları ilə təltif edilib.
“Vətəni
qorumaq yaşa baxmır”
Bu
ifadə də Niyaməddinə məxsusdur. Orta məktəbdə
təhsil aldığı vaxtlarda Dədə Qorqud
öyüdlərinə bələd olan hər bir azərbaycanlı gənc kimi, Niyaməddin də
yaxşı bilirdi ki, Vətən anlayışı bir ovuc
torpaqdan başlanır. “Torpaq - Vətəndir, Vətən -
anadır, ana - millətdir, millət - dövlətdir..."
Sinif
müəllimi Nərgiz Muxtarova deyir ki, uşaqlıqdan onda rəqabət
hissi, qalib gəlmək istəyi
güclü olub. “Çox ağıllı və təmkinli
bir uşaq idi. Məktəbdə keçirilən
bütün tədbirlərimizdə,
yığıncaqlarımızda o, hamıdan çox
çalışardı ki, tədbirimiz yaxşı və keyfiyyətli
alınsın. İctimaiyyətçi kimi çox fəal
idi, həm bizə, həm də sinif yoldaşlarına kömək
edərdi. Niyaməddinin üzündən heç vaxt sevinc
hissi, təbəssüm əskik olmazdı... Hərbi xidmətdən
gələndən sonra da məktəbə gəldi, yenə də
həmin sevinc hissi, həmin təbbəssüm Niyaməddinin
üzündə idi... Yəqin ki, Vətən uğrunda şəhid
olduğu anda da onun üzü gülüb...”
Şagirdinin
səmimiliyindən, zəhmətsevərliyindən və əzmkarlığından
geniş söhbət açan fransız dili müəllimi Fərqanə
Mənsurova deyir: “Niyaməddin çox saf, təmiz uşaq
idi. Mən onun daxili aləminə yaxşı bələd
idim. Məktəbdən sonra, həm işləyirdi, həm də
oxuyurdu. Deyirdi ki, müəllim, ali məktəbə qəbul
olunsam, sizə tort gətirəcəyəm... Mən də
deyirdim Niyaməddin, sənin ali məktəb tələbəsi
olmağın mənim üçün elə hər
şeydir. Müharibə başlamamışdan bir neçə
gün əvvəl əlində tort sinifə daxil oldu. Dedi
müəllim, sözümə əməl etdim. Həmin tortu
şagirdlərimlə paylaşdıq. İndi hər dəfə
televizorda “Vətən yaxşıdır” mahnısını
ifa edən şəhid Xudayarı göstərəndə
Niyaməddinin siması gəlib
durur gözümün qabağında. Axı o da Xudayar kimi gülərüz,
mehriban, qəlbi həyat sevgisi ilə dolu gənc idi...”
Dövrümüzün
Burla xatunu
“Kitabi-Dədə
Qorqud” dastanında Burla xatun oğlu Uruzun yağılar tərəfindən
öldürülməsinə razı olur ki, təki Qazan
xanın, Oğuz elinin namusu tapdalanmasın... Niyaməddinin yeniyetmə
çağlarından KİŞİLİK xarakterinə malik
oduğunu söyləyən anası Mehriban xanım da müəllimədir. Hazırda
oğlunun orta təhsil aldığı məktəbdə
direktor müavini vəzifəsində çalışır.
Mehriban xanım həm
də başında OĞUL TABUTU aparan nadir analardan biridir.
Ürəyinin odu ilə, gözünün nuru ilə
böyütdüyü oğlunun Vətənin üçrəngli
bayrağa bürünmüş tabutunu məğrurcasına
son mənzilə yola salan Azərbaycan anası da öz mətanəti
ilə dastan yazdı. Mənim fikrincə, Niyaməddin Sultanzadə kimi
sinəsini Vətənə
sipər etmiş oğulların özü və
onları dünyaya gətirən Mehriban kimi anaların qəhrəmanlığı
orta məktəb şagidlərinə
ayrıca fənn kimi tədris
olunmalıdır.
Xalq
şairi Ramiz Rövşənin şəhid analarına həsr
etdiyi şeirin bu misralarında da
Mehriban xanımın mərd ana obarazı
görünür:
Dünən
hələ yox idi,
Saçlarının
ağları.
Toy
üçün böyüdürdü
Analar
uşaqları.
Bu gün
öz balasını
Vətənə
qurban deyir...
“Azərsu”
ASC-nin qurğu rəisi Mətləb Əliyevin Niyaməddin
haqqında çəkilmiş filmdə dediyi kimi, Vətən
uğrunda canını fəda edən oğulların nəinki
özləri, ailə üzvləri də qəhrəmandırlar:
“Əlbəttə ki, belə qəhrəman övladları
olan Vətən heç vaxt basılmaz. Niyamədddin çox
zəhmətkeş gənc idi. İşini çox sevirdi. Bir
dəfə mənə döyüş bölgəsindən zəng
edib dedi ki, Şuşaya Qələbə bayrağını
sancıb sağ-salamat gələcəyəm...”
Yaşasaydı, Niyaməddin
çox yaxşı mütəxəssis kimi tanına bilərdi.
Çalışdığı kollektivdə şəhidin
xatirəsi hörmətlə yad olunur. Niyaməddin “Azərsu"
ASC-nin Vətən müharibəsində qəhrəmancasına
şəhid olan 3 əməkdaşından biridir...
“Ya şəhid olmaq gərək, ya
intiqam almaq gərək...”
Taqım
komandiri Sadiq Məcidli Niyaməddin komandir heyətinə necə
canla-başla kömək etdiyini və onunla ilk gündən
dostlaşdığını bildirir.
“Çalışırdı ki, əsgərlərin komplekləşdirilmə
işi tez yerinə yetirilsin, döyüşə gedək.
Döyüş tapşırığımız Cəbrayılda
strateji yüksəkliklərdən birini ələ keçirmək
idi. Uğurlu əməliyat oldu, həmin mövqedə
möhkəmləndik... Niyaməddin çətinliklərə
çox dözümlü əsgər idi. Suyunu, çörəyini
belə əsgər yoldaşına verib, özü ac, susuz
qalardı...”
...Qubadlıda
başqa dəstənin tərkibində növbəti yüksəkliyi
ələ keçirəndən sonra Niyaməddin son dəfə taqım komandiri ilə
görüşüb. Oktyabrın 30-da səhər
saatlarında atası ilə telefonla danışıb: “Vəziyyət
yaxşıdır” deyib. Sonra uzun müddət Niyaməddindən
soraq gəlməyib. “Niko” ləqəbli Niyaməddin Sultanzadənin döyüşlərin son iki
günündə könüllü olaraq xüsusi təyinatların
dəstəsində
vuruşduğu bildirilir.
Dayısı Ziyafət Ələkbərov onun əsgər
yoldaşlarının dediklərinə istinadən bildirir ki,
Niyaməddin silahdaşlarını düşmənin
yaylım atəşindən qorumaq üçün başqa
istiqamətdən döyüş meydanına atılıb.
Ucadan “Allahu Əkbər” deyərək güləllərini
düşmən əsgərlərinin üzərinə
boşaldıb. Elə bu zaman düşmən gülləsi
onun arzularla dolu qəlbini susdurub. Vətənin cəsur
övladı əbədiyyətə qovuşandan sonra da erməni
faşistləri onun nəşini gülləbaran edərək
tanınmaz hala salıblar...
Şəhidin
əmisi Şəfahət Sultanov müharibənin ilk
günündən başlayaraq 47 gün döyüş
bölgəsindən yaralı əsgərlərimizi idarə
etdiyi təcili yardım maşını ilə hospitallara
çatdırıb. Niyaməddinin tanınmaz hala
düşmüş nəşi Füzuliyə gətiriləndə
əmisi çox bərk sarsılıb. İstər onun, istər
Niyaməddinin böyük qardaşı Tacəddinin kövrək
xatirələrini qələmə almaq çox çətindir.
Atası
Hüsaməddin isə niyyət etmişdi ki, oğlu
müharibədən sağ-salamat qayıdıb gəlsə,
onu özü ilə Kərbəla şəhərində Həzərət
İmam Hüseynin (ə) hərəminin ziyarətinə aparacaq. Bu gün Niyaməddinin, eləcə
də Vətən müharibəsində şəhid olan
yüzlərlə Azərbaycan oğullarının şəkilləri
müqəddəs şəhərdə - şəhidlər sərvərinin
hərəmini “Ya şəhid olmaq gərək, ya intiqam almaq
gərək” deyən Azərbaycan-türk şeirinin
tacidarı Şeyx Məhəmməd Füzulinin məhşur qəzəlinin bu
ölməz misraları ilə
birgə bəzəyirlər:
Pənbeyi-daği-cünun
içrə nihandır bədənim,
Diri
olduqca libasım budur, ölsəm, kəfənim.
Canı
canan diləmiş, verməmək olmaz, ey dil!
Nə
niza eyləyəlim, ol nə sənindir, nə mənim.
Edəməm
tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir,
vətənimdir, vətənimdir, vətənim!
İstedadlı
kino-operator Elsevər Əliyevin Vətən aşiqi Niyaməddin
Sultanzadə haqqında çəkdiyi “Zirvənin sakini” sənədli
filmində şəhidin atası Hüsaməddin kövrələrək
deyir: “Niyaməddin bu dünyaya gələndə də
ildırım çaxırdı, yağış yağırdı, dünyadan gedəndə
də...”
Oğul
itkisinin ağırlığını bütün
varlığıyla hiss edən Məhəmməd Səfərov
adlı izləyici həmin filmə
baxandan sonra Niyaməddinin ruhuna
xitabən yazır:
“ Azad bir
quşdun,
Yuvandan
uçdun.
Cənnətə
düşdün
Bu gənc
yaşında...
Niyaməddin
Sultanzadə! Sən bizim qürur yerimizsən. Ruhun
qarşısında baş əyirik... Tanrım qoynunda
uyuduğun məkanı daima rəhmət nuruna qərq eləsin!”
Nurəddin
Ədiloğlu
İki sahil.- 2021.- 20 may.- S.19.