Qiymətli təbii sərvətimiz

 

 

 

Naxçıvan Muxtar Respublikasında qum-çınqıl yataqları və tikinti qumu.

 

 

Müasir dövrdə də qum-çınqıl qarışıqları yol tikinti işlərində və beton istehsalında aparıcı xammal növlərindən biri hesab olunur. Çınqıl və qumun əsas istehlakçısı sənaye, mülki və yol tikintisi müəssisələridir. Qum-çınqıl qarışığının içərisində rast gəlinən iri daşlar xırdalayıcı-çeşidləyici zavodlarda xırdalanır və alınmış çınqıl dəmir yollarının tikintisində ballast kimi, müxtəlif markalı adi və xüsusi betonların istehsalında, dəmirbeton və yol tikintisi işlərində istifadə olunur.

 

İndi artıq demək olar ki, hər gün “Xəbərlər” proqramında Qarabağın işğaldan azad olunmuş bölgələrində həyata keçirilən möhtəşəm quruculuq işləri ilə bağlı verilişlərdə də bunu görürük.

 

Çınqıl və qumlar dağ çaylarının aşağı axınlarında daha geniş yayılmışdır. Qeyd olunan çöküntülər tikinti işlərində, dəmir yollarında ballast material kimi və avtomobil yollarının tikintisi məqsədilə istismar olunur.

 

Naxçıvan MR-də onların sənaye əhəmiyyətli yığımları Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilənçay, Ordubadçay, Gənzəçay və s. çaylarda aşkar edilmişdir. Bunların böyük əksəriyyəti müasir çöküntülərə aiddir.

 

Əksər çayların qum-çınqıl çöküntüləri 70% iri daşlardan    çınqıldan  təşkil olunmuşdur. Çınqılla birlikdə ümumu kütlənin tərkibində 15%-dən 35%-dək qum müşahidə olunur. Qum-çınqıl qarışığı adətən birlikdə istismar edilir. Çınqılın tərkibi onların daşındığı dağ sistemlərinin təşkil olunduğu süxurların tərkibindən asılıdır. Çınqıllar adətən möhkəm dağ süxurlarının  – andezit, qranit, diabaz, kvarsit, sərt mineralların – kvars və s., bəzən isə daha zəif süxurların – əhəngdaşı, qumdaşı və s. hissəciklərindən ibarət olur. Qum-çınqıl çöküntülərinin çatışmayan cəhəti onlarda çoxlu miqdarda iri daşlar və yüksək miqdarda gil və lil hissəciklərinin iştirak etməsidir. Bu isə müvafiq zənginləşmə tələb edir.

 

Hazırda Naxçıvan MR-də ümumi ehtiyatları 77387 min kub metr təşkil edən 7 qum-çınqıl qarışığı yatağı kəşf olunmuşdur. Onlar respublika ərazisində  aparılan mülki və sənaye tikintilərini tam təmin etməyə qadirdirlər. Bundan əlavə bənd tikintisi işləri üçün ümumi ehtiyatları 14375 min kub metr olan 2 yatağın və ehtiyatı 12366 min kub metr olan  1 qum yatağının kəşfiyyatı aparılmışdır.

 

Qumlar tikinti işlərində betonun hazırlanmasında doldurucu kimi, şose yollarının tikintisində və təmirində, bəndlərin bərkidilməsində, silikat kərpiclərin və əhəngli-qumlu divar bloklarının istehsalında əsas xammal kimi geniş istifadə olunur.

 

Ən iri qum-çınqıl qarışığı yatağı Naxçıvançay hesab olunur və muxtar respublikada tikintiyə lazım olan qum-çınqıl materialının əsas kütləsi həmin yataqdan daxil olur.

 

Qumlar irilik ölçüsü üzrə iridənəli ( >2,5 mm), ortadənəli   (2,5–2,0 mm), xırdadənəli (2,0–1,5 mm) və çox kiçik dənəli (1,5 – 1,0 mm ) növlərə bölünür. Eynicinsli və ya yaxın tərkibli müxtəlif hissəcikli qumlar müxtəlifdənəli adlanır.

 

Ordubad yatağı Ordubad dəmiryol stansiyasından 0,4 km şimal-qərbdə, Ordubad şəhərindən 0,3 – 0,4 km cənubda, Ordubad və Kotam çaylarının mənsəbində yerləşir. Yatağın geoloji quruluşunda iri daşların, çınqıl və qum-gil qarışığı ilə təmsil olunmuş çöküntülər iştirak edir. Faydalı qazıntının kəşf olunmuş qalınlığı 5,25 – 5,95 m, örtük süxurların qalınlığı isə 0,1 – 0,2 m təşkil edir. Süxurların petroqrafik tərkibinə görə maqmatik süxurlar (87 – 94%) üstünlük təşkil edir. Çökmə süxurların miqdarı 1 – 4%-dir.

 

5 mm-dən böyük hissəciklərin orta miqdarı yataq üzrə 65%, o cümlədən 40 mm-dən böyük hissəciklər 43%, 200 mm-dən böyük qaymalar 15% təşkil edir. Qumlar çox xırda və incədənəli olub, yüksək miqdarda – 4%-dən 26%-dək, orta hesabla 15% lilli-gilli hissəciklər saxlayır. Texnoloji tədqiqatların nəticələrinə görə çınqıl “200” markalı beton istehsalına yararlıdır.

 

Çınqıl-daş qarışığı çeşidlənmiş xammal kimi dəmir yollarında ballast örtüyünə yararlıdır. İri daşlar isə xırdalandıqdan sonra dəmir yolları üçün ballast kimi  istifadə olunan çınqıl istehsalında istifadə oluna bilər.

 

Yataq hazırda istismar olunur. Yataqda qalıq ehtiyatları 2921 min kub metr  təşkil edir.

 

Gənzəçay yatağı Ordubad şəhərindən 0,5 km  şərq-cənub-şərqdə, Gənzəçayın quru çaybasar hissəsində yerləşir. Yataq 1,2 kvadrat km sahəni əhatə edir və Gənzəçayın Araz çayına qovuşduğu yerdən başlayaraq şimala doğru 50 – 80 m-dən 400 – 600 m-dək enində 4 km məsafədə uzanır. Faydalı qat qalınlığı 1,1 – 5,0 m-ə çatan qayma, ayrı-ayrı iri qırıntılar və çınqıl-qum qarışığından ibarətdir. Süxurun 80%-dən çoxunu 70 – 20 mm-lik fraksiya təşkil edir. Gilli, lilli və tozvarı hissəciklərin miqdarı 0,5 – 0,9%, su udma qabiliyyəti isə 0,15%-dir.

 

Betonla aparılan tədqiqatlar göstərir ki, hazırlanmış çınqıllar “300” markadan aşağı olmayan tikinti betonu istehsalı üçün yararlıdır.

 

Qumlar ağır təbii qumlar qrupuna aid olub, irilik miqdarına görə orta irilikli, yəni 2,0 – 2,5-ə uyğundur. Gilli, lilli və tozvarı hissəciklərin miqdarı 14 – 16% təşkil edir. 0,14 mm-dən kiçik hissəcikləri yumaqla irilik modulu 2,5 mm-dən böyük və bütün növ tikinti işləri üçün yararlı zənginləşdirilmiş iri qum almaq olar.

 

Yatağın ehtiyatları 5400 min kub metr təşkil edir.

 

Əylis yatağı Ordubad rayonu ərazisində Ordubad şəhərindən 1,0 – 2,0 km qərbdə yerləşir. Yataqdan  1,0 km cənub-şərqdə Ordubad dəmiryol stansiyası keçir. Yataq Araz çayının sol sahilində, Ordubad və Əylis çaylarının mənsəbləri arasında yerləşərək, 46,3 ha sahəni əhatə edir.

 

Yataq bölünməyən Müasir və Üst Dördüncü dövr yaşlı kompleks süxurlardan təşkil olunaraq, az və ya çox dərəcədə bərabər paylanmış qayma və çınqıllardan və qum hissəcikləri ilə birlikdə qeyri-bərabər paylanmış lil və gil hissəciklərindən təşkil olunmuş daş-çınqıl-qum qarışığından ibarətdir. Bu qarışıqlar Araz çayı hövzəsinin sol sahilində geniş ərazini əhatə edərək 10 km uzunluğunda sahə əmələ gətirir. Bu sahədə Gənzəçay, Ordubad və Əylis yataqları yerləşir.

 

Yatağın üst hissəsi 3 – 4 m qalınlığında əsasən böyük miqdarda iri (0,5 m-dən böyük) daşlardan təşkil olunmuşdur. Bu çöküntüləri təcrübi olaraq  bir-birindən ayırmaq mümkün olmadığına görə qrunt sularının səviyyəsinə qədər (10 – 20 m) kəşf olunmuş bütün qalınlıq Dördüncü dövr sisteminin bölünməyən Üst və Müasir şöbələrinə aid edilmişdir.

 

Faydalı qatın qalınlığı kəsilişlər üzrə 6 m-dən 20 m-dək dəyişərək orta hesabla 14,69 m təşkil edir. Faydalı qat bütövlükdə Dövlət Standartının tələblərinə cavab verir və tikinti işləri üçün çay daşlarından çınqıl və qum istehsalı üçün yararlıdır. İstismar zamanı çıxarılmış qumun bir hissəsi (46%) yol tikintisi işlərində istifadə oluna bilər.

 

Bütün qumlu çöküntülər və ələnmiş qum dəmir və avtomobil yollarının tikintisində drenləşmə qruntu kimi istifadə oluna bilər.  Yatağın hidrogeoloji şəraiti əlverişlidir. Faydalı qazıntının karxana daxilində ehtiyatları 6586 min kub metr təşkil edir.

 

Azaçay yatağının qum-çınqıl çöküntülərinin geoloji quruluşu çox sadədir. Stratiqrafik cəhətdən burada Üst Dördüncü və Müasir dövr yaşlı çöküntülər iştirak edir. Azaçayın çöküntüləri makroskopik cəhətdən çox möhkəm, iri və müxtəlif ölçülü süxurlardan ibarətdir. Onların ölçüləri bir neçə millimetrdən 1,0 m-dək dəyişir. Yataqda 10%-dən  çox olmamaqla əhəng daşlarından və kvarslı qumlardan təşkil olunmuşdur. Yastı və hamar formalara demək olar ki, rast gəlinmir.

 

Təbii nəmlik 6,1%-dən 6,9-dək, orta hesabla 6,6% təşkil edir. Qum-çınqıl qarışığının sıxlığı 2,62 – 2,70 qram kub santimetr olub, yataq üzrə orta göstərici 2,65 qram kub santimetrdir.

 

Yatağın  ehtiyatları 4374 min kub metr təşkil edir.

 

Əlincəçay yatağı Culfa rayonu ərazisində Əlincəçay hövzəsində yerləşərək, 26,5 km uzunluğunda 250 – 300 m enində ərazini əhatə edir. Yataq 7 m-dən 12 m-dək olub  süxurlardan təşkil olunmuşdur.

 

Əlincəçay yatağının çınqılları yuyulduqdan sonra bütün növ tikinti işlərində və avtomobil yollarının tikintisində istifadə oluna bilər.

 

Yataq üzrə qumun orta miqdarı bütün kütlənin 42,7%-ni təşkil edir. Qumun tökmə həcm kütləsi 1440 –1590 kiloqraq kub metrq, məsaməlilik 42 – 44%-dir. İstifadədən əvvəl qumların yuyulması tələb olunur.

 

Yatağın ehtiyatlı 1845,0 min kub metr təşkil edir.

 

Naxçıvan I yatağı  Babək rayonu ərazisində Naxçıvan şəhərindən 1,5 – 2,0 km cənubda, Naxçıvançay hövzəsində yerləşir. Yatağın geoloji quruluşunda Naxçıvançayın çınqıl və lilli  çöküntülərlə təmsil olunan Müasir dövr çöküntüləri iştirak edir. Yatağın kəşf olunan  dərinliyi 15 m-ə qədərdir. Dənəvərlik tərkibinə görə çınqıllar iriqırıntılı tipə aid olub, 20 mm-dən böyük ölçülü hissəciklərin miqdarı ümumi süxur kütləsinin 70 – 90%-ni, o cümlədən 40 – 60 mm hissəciklər 54%-ni, iri daşlar isə 13,8%-ni təşkil edir. Yastı və iynəvarı hissəciklərin miqdarı 12,0 – 35,0% arasında dəyişir. Tozvarı hissəciklərin miqdarı 1 – 2% arasında dəyişir.

 

Qum-çınqıl qarışığında qumun miqdarı 26%-dir. Yüngül fraksiya əsasən karbonatlardan, kvars və xloriddən ibarətdir. Yuyulduqdan sonra çınqıl və qumdan “300” markalı beton istehsalında istifadə etmək olar.

 

Ehtiyatları 285,7 min kub metr təşkil edir.

 

Naxçıvan II yatağı Babək rayonu ərazisində Naxçıvan şəhərindən 10,0 – 12,0 km şimal-şərqdə yerləşir. Yatağın kəşf olunmuş hissəsinin  uzunluğu 6,3 km, eni isə 150 m-dir. Faydalı qatın kəşf olunmuş qalınlığı  6,0 m-ə çatır.

 

Geofiziki və hidrogeoloji məlumatlara görə Dördüncü dövr çöküntülərinin qalınlığı 50 m-dən çoxdur. Yataq ərazisində Dördüncü dövr çöküntüləri geniş inkişaf taparaq iki şöbə ilə – Üst və Müasir şöbələrlə təmsil olunur. Dənəvərlik tərkibinə görə çınqıl xırdaqırıntılı olub, 5 – 20 mm-lik hissəciklərin ümumi çınqıl kütləsinin 60%-dən çoxunu, 5 – 40 mm-lik hissəciklər isə 88 – 95,5%-ni təşkil dir.

 

Naxçıvan II yatağının çınqıllarından adi, ağır və hidrotexniki betonların istehsalında istifadə etmək tövsiyə olunur. Tədqiq olunan qumlar iridənəli qrupa aid edilir. Yatağın qumları yuyulduqdan sonra xırda doldurucu kimi “250” markalı adi və hidrotexniki beton istehsalında istifadə oluna bilər. Üzvi qalıqların yalnız izlərinə rast gəlinir. Yatağın 3,0 – 3,5 m dərinliyində sulara rast gəlinir, sulu horizontun orta qalınlığı 15 m-dir. Su axını karxanada ciddi mürəkkəbləşməyə səbəb olmayacaqdır.

 

Qum-çınqıl qarışığının ehtiyatları 11103 min kub metrdir.

 

Cəhriçay yatağı bilavasitə Cəhri və Payız kəndlərinin yaxınlığında, Cəhriçay hövzəsində yerləşir. Yataq müasir dövr çöküntüləri ilə mürəkkəbləşərək müxtəlif çökmə (karbonat) və vulkanogen süxurlardan təşkil olunmuş iri daşlar,  çınqıl və qumdan ibarətdir. Yataq əsasən əhəngdaşlarından, mergellərdən təşkil olunmuşdur. Həcm kütləsi orta hesabla 1,88 ton kub metr, xüsusi çəkisi 2,58 ton kub metr, boşluqlar 37,35%, təbii nəmlik 6,43%, optimal nəmlik 1,22% təşkil edir. Üzvi qalıqların yalnız izlərinə rast gəlinir.

 

Gilli, lilli və tozvari hissəciklərin ümumi miqdarı 5,7%-dən 7,3%-dək dəyişərək orta hesabla 5,55% təşkil edir.     Çınqılda yastı və iynəvarı hissəciklərin miqdarı 29,9 – 32,0%, zəif süxur dənələrinin miqdarı isə 29,9 – 32,0% -dir.

 

Cəhriçay yatağının qumları iridənəli qumlara aid olub, irilik ölçüsü 2,55  2,87 arasında  dəyişir. Adi və texnoloji sınaqlarda aparılmış tədqiqatların nəticələri göstərir ki, Cəhriçay yatağının  çınqıl və qum qarışığı  əsas parametrlər üzrə bənd tikintisi üçün nəzərdə tutulan tələbatlara cavab verir. Yataq sənaye istismarına hazırlanmışdır.

 

Yatağın ehtiyatları 10 min kub metr təşkil edir.

 

Arpaçay yatağı Şərur rayonunun Dizə kəndimdən 400 – 500 m cənubda, Şərqi Arpaçayın hövzəsində yerləşir. Yatağın geoloji quruluşunda Müasir və Dördüncü dövr çöküntüləri iştirak edir və iri daş-çınqıl və qumlarla təmsil olunmuşdur. Faydalı qat 5 m dərinliyədək öyrənilmişdir. Tərkibində dolomitləşmiş, kristallaşmış əhəngdaşları və əsas tərkibli digər süxurlar təşkil edir.

 

Arpaçay yatağının çınqılları yuyulduqdan sonra “400” markalı sementdən istifadə etməklə, “225” və “300” markalı beton istehsalında istifadə oluna bilər. Qumun həcm kütləsi 1400 – 1600 kiloqram kub mer, irilik ölçüsü 1,17  2,74, gilli, lilli və tozvari hissəciklərin miqdarı 2,5 – 10% təşkil edir. Çınqıl və qum yuyulduqdan sonra hidrotexniki beton istehsalına yararlıdır.

 

Yatağın ehtiyatları 10409 min kub metr təşkil edir.

 

Pircüvardüzü qum yatağı  Babək rayonu ərazisində Naxçıvan şəhərindən 7 km cənub-şərqdə yerləşir. Faydalı qat Orta və Üst Dördüncü dövr yaşlı, əsasən xırda və orta dənəli qumlardan təşkil olunmuşdur. Yatağın cənub-şərq və şərq hissələrində müxtəlif formalı təpələr uzanır və onun quruluşunda orta Dördüncü dövr yaşlı yaşılımtıl-boz rəngli incə   xırdadənəli qumdaşları iştirak edir. Faydalı qat morfoloji cəhətdən dəyişkən quruluş və keyfiyyətə  malik layşəkilli formada olub, qranulometrik tərkibinə görə 2 qata bölünür.

 

Pircüvardüzü yatağının qumları aşağıdakı fiziki-mexaniki xüsusiyyətlərə malikdir: 1).Tökmə həcm kütləsi – 1,56 – 1,62 ton kub metrdir, 2). Sıxlığı 2,57 – 2,62 qram kub santimetrdir, 3)  İrilik modulu 1,94 – 2,40. 4) Gil, lil və tozvarı hissəciklərin miqdarı 35 – 10,8%. 5) 5 mm-dən böyük dənələrin miqdarı 0,1 – 15,4%. 6) Boşluqlar 30 – 43%. 7) Üzvi qalıqlar və kükürdlü birləşmələrə rast gəlinmir.

 

Bəzi sınaqlar üzrə 5 mm-dən yuxarı dənələrin miqdarının yüksək olduğunu və tək-tək sınaqlarda isə 10 – 15 mm-lik çınqıllara rast gəlindiyini nəzərə alaraq istifadədən əvvəl qumların yuyulması vacibdir.

 

Pircüvardüzü yatağının qumlarından ilkin yuyulmadan sonra “200” markadan aşağı olmayan beton istehsalında istifadə etmək olar. 10 – 20 mm-lik çınqıl fraksiyasından istifadə olunarsa, daha yüksək markalı beton almaq mümkündür.

 

Kimyəvi analizlərin nəticəsində müəyyən olunmuşdur ki, SiO2-nin miqdarı 5,0– 62,5%, Al2O3 14,00 – 16,25%, Fe2O3 6,14 – 7,76%, CaO 5,18 – 8,92%, MgO 1,37 – 4,75%. Nəticələrdən görünür ki, Pircüvardüzü yatağının qumları kimyəvi tərkibinə görə adi və ağır beton istehsalına yararlıdır. Yataq susuzdur və istismar zamanı hidrogeoloji cəhətdən heç bir mürəkkəbləşmə gözlənilmir. Qumlar radiasiya təhlükəsizliyi normalarına tamamilə cavab verir və heç bir məhdudiyyət qoyulmadan bütün növ tikinti işlərində istifadə edilə bilər.

 

Beləliklə, yuxarıda verilən məlumatlardan da bir daha aydın olur ki, Azərbaycanımızın qədim diyarlarından  olan Naxçıvan MP digər təbii sərvətlərlə yanaşı çox mühüm tikinti materialı olan qum-çınqıl yataqları ilə də zəngindir. Bu yataqların ehtiyatı kifayət qədər böyükdür və muxtar respublikanın qum və çınqıla olan tələbatını bundan sonra da uzun illər boyu ödəməyə yetərlidir. Muxtar respublikamızda müstəqilik dövründə ən son texnologiyalar əsasında sement zavodunun da inşası tikinti işləri və beton istehsalı qarşısında geniş imkanlar açır.

 

 

 

Tofiq Əliyev,

AMEA NB Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor

 

Bayram Rzayev,

AMEA NB Təbii Ehtiyatlar İnstitutunun Elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru

 

 İki sahil.- 2021.-  19 may.- S.11.