Azərbaycanın səsi indi bütün dünyada eşidilir

 

 

 

“Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda aparılan müzakirələri burada iştirak edən ölkələrin coğrafi əhatə dairəsi baxımından tarixi bir dialoq kimi dəyərləndirən Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa bunu daha çox dövlətimizin başçısı İlham Əliyevin informasiyanın zənginliyi ilə seçilən cavabları ilə əsaslandırmışdır

 

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə yeni əlavələr etməklə yanaşı, 30 ilə yaxın dövrün reallıqlarına, ölkələr arasında münasibətlərə bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi «Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq», eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı videoformatda keçirilən müzakirələrdə çıxışı zamanı «Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur» fikirləri Azərbaycanın dəyişməz mövqeyini, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurduğunu və inkişaf etdirdiyini bir daha nümayiş etdirir. «Biz indi gələcəyə baxmalıyıq» söyləyən cənab İlham Əliyev bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bu inam ifadə edilir ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.

 

Günümüzün reallığı budur ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Hazırda bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan istər 30 ilə yaxın dövrdə, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə faktlara əsaslanan təbliğatı ilə dünyaya bu reallığı çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Azərbaycan 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyü qazanaraq ermənilərin və onlara havadarlıq edən bəzi aparıcı dövlətlərin və beynəlxalq təşkilatların illərdir yalan üzərində qurulan təbliğatlarını alt-üst etdi. Ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər. Belə ki, ölkə Prezidenti dünyanın nüfuzlu mətbu orqanlarına soxsaylı müsahibələrində, həmçinin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında, bir müddət öncə ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda sualları cavablandırarkən hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verərək, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırdı, Azərbaycan Ordusunun uğurları barədə danışaraq ölkəmizin ərazi bütövlüyünün bərpasının prioritetliyini açıqlayaraq Azərbaycanın apardığı mübarizənin haqq mübarizəsi olduğunu bildirdi. Cənab İlham Əliyev hər bir debatda ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir, qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir. ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransın ardınca Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı videoformatda baş tutan müzakirələrdə ünvanlanan suallarda bu ümumiləşdirmə öz əksini tapmışdır ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanıb. Azərbaycan müharibənin hərbi fazasını Şuşadakı Qələbəsindən sonra dayandırmaqla strateji baxış nümayiş etdirib. Müharibə zamanı vurğulanan hədəflər illər boyu aparılmış danışıqların əsas mahiyyətini özündə ehtiva etmişdir. Reallıq budur ki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu. Dövlətimizin başçısı İlham Əliyev qeyd edilən müzakirələrdə bir daha bu məqamı xüsusi qeyd etmişdir ki, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox insan öz evlərindən məcburi şəkildə didərgin salınıb. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var. Ölkə Prezidenti onu da vurğulamışdır ki, münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb.

 

Azərbaycan münaqişə səhifəsini bağlanmış hesab edir, regionda daimi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyev aydın şəkildə bəyan edir ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayıb və olmayacaqdı. Bununla yanaşı, dövlətimizin başçısı gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsi üçün körpülərin qurulması istiqamətində zəruri addımların atılmasının vacibliyini bildirir. Cənab İlham Əliyev qeyd olunan videoformat şəklində müzakirələrdə bu reallığa da diqqəti çəkmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra gələcəyi planlaşdırmaq daha asan olacaq. Çünki bu münaqişə Azərbaycanın çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyi, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyi bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi. Münaqişənin həlli tamamilə yeni mühit yaradır. Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Müstəqilliklərinin əvvəlindən bütün rəhbərlər ölkələrini fəlakətə sürükləyirdilər.

 

Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarına, müzakirələrdə iştirakına dünya mediasında, siyasi dairələrdə maraq onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir. Ölkə Prezidenti heç bir sualdan yayınmır, bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirir, onlara sistemli yanaşma nümayiş etdirir, məntiqlə və əhatəli şəkildə təhlil edir. Cənab İlham Əliyev sualları cavablandırarkən bir daha bu reallığı diqqətə çatdırmışdır ki, müharibə vaxtı baş verənlər ədalətin, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi. Ortaya çıxan «Onlar ilk növbədə, nə etməlidir» sualına cavab Azərbaycanı iblisləşdirməyə son qoymalıdırlar: «İkincisi, onlar qisas almaq üçün hətta sözdə olsa belə, hər hansı cəhddən tamamilə çəkinməlidirlər. Əfsuslar olsun ki, Ermənistan siyasi dairələrində bu revanşist hisslər geniş yayılıb. Hazırda onlar parlament seçkiləri ərəfəsindədirlər. Biz gərginliyin yüksəldiyini görürük və bir-birini aradan qaldırmağa hazır olan bütün siyasi qüvvələri birləşdirən yeganə amil azərbaycanofobiyadır. Onlar tamamilə əks təsir göstərən, Ermənistanın həqiqətən də müstəqil olmasına imkan verməyən bu siyasəti davam etdirirlər.»

 

Bütün bu reallıqlar dünyanın gözü qarşısında cərəyan etdiyi halda Ermənistan bu gün də Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparır, uydurmalar yayır, Azərbaycanın sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatını aparır, ona dəstək verən, daim ermənipərəst mövqeyi ilə diqqət mərkəzində olan Fransa «ürəkağrısı» ilə ona kömək edəcəyini, qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanımaqla tarixi də siləcəyinə özündə bir əminlik yaratmağa çalışır. Görünür, Fransa maraqlarına o qədər aludə olub ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın dünyaya keçdiyi tarix, hüquq və milli qürur dərslərini unudub. Ermənilər illərdir torpaqlarımızı nə qədər erməniləşdirməyə çalışsalar da, bunun mümkünsüzlüyünün 44 gündə aldıqları dərs əsasında bir daha şahidi oldular. Sübut olundu ki, erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var. Onlar dəmir pərdə arxasında yaşayır və zəhərli ideyaların təsiri altındadırlar. Azərbaycan bu işdə onlara kömək etməyə hazırdır.

 

Prezident İlham Əliyev beynəlxalq auditoriyada, mediada Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, müzakirələrdə faktlar əsasında tarixi gerçəklik barədə qısa, lakin müfəssəl məlumat verərək hazırkı postmüharibə dövründə əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyur. Əvvəldə də qeyd etdiyimiz kimi, beynəlxalq auditoriya dövlətimizin başçısı İlham Əliyevin müsahibələrinin, çıxışlarının fonunda təcrübəli, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli, dünya səviyyəli Lideri görür. Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə dünyanın 30-a yaxın aparıcı mediasına müsahibələri və çıxışları, bəyanatları, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, dünyanın aparıcı “beyin mərkəzləri”nin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, o, təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.

 

Cənab İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda aparılan müzakirələr dövlətimizin başçısının yeni informasiya strategiyasının təqdimatıdır. Cənab İlham Əliyev hər zaman hücum diplomatiyasının davam etdirilməsini qarşıya əsas hədəf kimi qoyur. Dünyada ermənilərin, ermənipərəst qüvvələrin, ölkəmizin uğurlarını həzm etməyən antiAzərbaycan dairələrin dezinformasiyalarına, əsassız iddialarına qarşı həqiqətlərimizi qoymalı, faktlara əsaslanan təbliğatımızla bu cəhdlərn qarşısını almalıyıq. Azərbaycan bunun üçün bütün imkanlardan maksimum istifadə edir. Birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də postkonflikt mərhələsində cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır.

 

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Prezident İlham Əliyev arasında dialoqda iştirak etməkdən böyük iftixar hissi duyduğunu önə çəkərək dövlətimizin başçısının dünyanın bu çətin durumunda Azərbaycanın mövqeyi, ölkənin gələcəyinə dair planları və onların dünya gündəliyinə necə uyğunlaşması ilə əlaqədar mülahizələrini səbirsizliklə gözlədiyini, şərhlərini eşitməyi səmimiyyətlə arzuladığını bildirməklə bir daha Prezidentimizin qazandığı inam və etimadı dünya nümayiş etdirmişdir. Vayra Vike-Freyberqanın müzakirələrdən sonra cənab İlham Əliyevin verilən suallarla dolğun cavabları fonunda söylədiyi fikirlər də qürurvericidir: «Təşəkkür edirəm cənab Prezident. Bu, çox heyrətamiz dialoq idi. Mən hətta deyə bilərəm ki, burada iştirak edən ölkələrin coğrafi əhatə dairəsi baxımdan tarixi bir dialoq idi. Yaxın keçmişdə onların tutduğu yüksək səviyyəli vəzifələri nəzərə alaraq bunu söyləmək olar. Ən çox da açıq-aydınlığı, bizim üçün faydalı ola biləcək informasiyanın zənginliyi ilə seçilən cavablarınız cəhətdən bunu görmək olar. Tədbirdə çıxışçıların sayından əlavə iştirakçı sayının da çoxluğunun şahid oluruq. Bu, belə bir tarixi tədbiri təşkil etmək üçün ciddi hazırlıqların aparılmasından xəbər verir… Bu, ən başlıcası Sizin arzunuz idi və bu arzuya qoşularaq bir dialoq məkanı yaratmaqda biz əlimizdən gələni etmişik. Zənnimcə, bugünki tədbir Sizin və Mərkəzə qoşulmuş üzvlərin arzularına nə dərəcədə nail olunduğunu dəqiqliklə özündə əks etdirdi… Ümid edirəm, həmkarlarım inciməzlər, çünki biz sabiq məmurlarıq, bizim vəzifədə vaxtımız bitib. Lakin Siz vəzifədə olan Prezidentsiniz, həm protokollar, həm təhlükəsizlik, həm ehtiyat tədbirləri cəhətdən, bu tədbirin təşkilinə görə Sizə, Sizin heyətinizə təşəkkür edirəm… Cənab Prezident, icazənizlə, yekunlaşdıraraq, Sizə cansağlığı, tükənməz enerji arzu edirəm. Azərbaycanın Birinci vitse-prezidenti, xanım Əliyevaya bizim salamlarımızı çatdırmağı Sizdən xahiş edirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və ölkələrimizdə tutduğumuz vəzifələr çərçivəsində onunla birgə təmasları olan hamımız onu çox sevirik. Bu çox əlamətdar tədbir oldu və tarixdə qalacaq.»

 

 

Yeganə Əliyeva

 

          İki sahil.- 2021.- 22 may.- S.15.