Zəngəzur dəhlizi yeni geosiyasi inkişaf layihəsidir
Beynəlxalq aləm
Ermənistanı bu dəhlizin açılmasına məcbur
edəcək
İşğalçı
Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə
uğrayaraq 2020-ci ilin noyabrın 10 –da kapitulyasiya sənədini
imzaladı. Bu sənəddə çox önəmli məsələ
kimi Zəngəzur dəhlizinin açılması da
mövcuddur. Təbii ki, bu dəhlizin reallaşması ilə
Azərbaycanın öz doğma torpağı olan
Naxçıvanla, daha sonra qardaş Türkiyə ilə quru
yollarının açılması regionun iqtisadi
inkişafına yeni təkan verəcək.
Düzdür, Ermənistan cəmiyyəti bu prosesdən narazıdır. Onlar iddia edirlər ki, guya bu, Azərbaycanın gələcəkdə Ermənistanı işğal etməsi planıdır. Lakin onlar anlamırlar ki, Zəngəzur dəhlizinin açılması işğal planı deyil, bölgənin yeni inkişaf strategiyasıdır. Hətta Azərbaycan Prezidenti dəfələrlə elan edibdir ki, ölkəmiz Ermənistanın ərazi bütövlüyünü tanıyır və sülh müqaviləsinin imzalanmasına hazırdır.
Qeyd edək ki, beynəlxalq ekspertlər də Zəngəzur dəhlizinin açılmasını nəinki region üçün, hətta beynəlxalq aləm üçün önəmli hesab edirlər. Belə ki, Böyük Britaniyanın «Emerging Europe» adlı analitik mərkəzinin hazırladığı hesabatda qeyd edilib ki, Türkiyə və İran da Qarabağ münaqişəsinin nizamlanmasından sonra Cənubi Qafqazın geosiyasi xəritəsinin yenilənməsində, əlaqələrin qurulmasında maraqlıdırlar.
Hesabatda qeyd olunur ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın üç ölkəsini - Ermənistanı, Azərbaycanı və Gürcüstanı, habelə üç qonşusunu - Türkiyəni, Rusiyanı və İranı əhatə edən «3 + 3» geosiyasi tərəfdaşlığının formatına uyğundur. Azərbaycanla Naxçıvan arasındakı Zəngəzur dəhlizi daha qısa bir marşrut olduğu üçün bölgədəki digər layihələrə nisbətən daha ucuz və səmərəlidir. Məsələn, uzun illərdir nə beynəlxalq maliyyə qurumları, nə xarici hökumətlər, nə də Ermənistan İranla Ermənistan arasında 3,5 milyard dollar dəyərində olan yeni bir dəmir yolunun tikintisini maliyyələşdirə bilmədilər.
Bu gün Asiyanın Avropaya ən səmərəli tranzit yolu Azərbacandan keçir. Lakin Zəngəzur dəhlizi reallaşsa buradakı səmərəlilik daha bir neçə dəfə yüksələcəkdir. Bu da diqqətçəkən faktdır ki, dünyanın ən böyük dövlətlərindən biri olan Çin Xalq Respublikası da avropalılar kimi, Zəngəzur dəhlizinə maraq göstərir.
Təbii ki, Azərbaycanla birgə Ermənistanın da Zəngəzur dəhlizindən qazanmaq imkanları olacaq. Regionda Azərbaycan vasitəsilə yeni kommunikasiyaların açılması imkanlarından istifadə etməklə region ölkələri Fars körfəzinə və Rusiyaya gedib çıxa biləcəklər. Bu dəhlizin reallaşması ona hesablanıbdır ki, ticarət əlaqələrini genişləndirmək müharibə aparmaqdan qat-qat sərfəlidir.
Avropa İttifaqı (Aİ) da Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəf kimi çıxış edir. Ona görə də bu qurum «Avropa və Asiyanı birləşdir» strategiyası çərçivəsində konkret təşəbbüslərin işlənməsini nəzərdə tutan tezislər təklif edib. Bunlar Avropa və Asiya arasında bağlılığı yaxşılaşdıra, o cümlədən nəqliyyat əlaqələri, enerji və rəqəmsal şəbəkəni gücləndirə bilər.
Beləliklə, bu gün Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş anlamda beynəlxalq aləm üçün- xüsusən də türkdilli ölkələrin də strateji əhəmiyyətə malik bir layihəsinə çevriləcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: «Əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün».
Burada söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionları birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının daha geniş mərkəzinə çevirəcək. Xatırladaq ki, bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, həm birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir, həm də maliyyə dəstəyi nümayiş etdirir.
Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Bir sözlə, Zəngəzur dəhlizi yeni geosiyasi inkişaf layihəsidir və məhz buna görə də beynəlxalq aləm Ermənistanı bu dəhlizin açılmasına məcbur edəcəkdir.
Elçin Zaman
İki sahil.- 2021.- 26 may.- S.13.