Ordun varsa, yurdun var!

 

 

Xətai rayonunda şəhid Əbülhəsən Eyvazovun doğum günündə onun xatirəsinə ucaldılan abidə kompleksinin açılış mərasimi keçirildi

 

Noyabrın 1-də bu münasibətlə rayonun Babək prospekti 64 ünvanındakı  abidənin qarşısında keçirilən mərasimdə Milli Məclisin sədrinin müavini Adil Əliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

 

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhidlərin ruhuna dualar oxundu.

 

 

 

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək söylədi ki, bu gün Vətən müharibəsi şəhidi Əbülhəsən Eyvazovun xatirəsini ehtiramla yad edirik: “Bu qəhrəmanımız İkinci Qarabağ müharibəsində mənfur ermənilərə qarşı şücaətlə vuruşaraq şəhid olub. Bu abidə kompleksinin yaradılması şəhidimizin əziz xatirəsinin daim anılması və xüsusən də gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi məqsədini daşıyır. Hər birimiz şəhidlərimizin həyat yolunu özümüzə örnək bilməli, onların həyat və döyüş yolunu öyrənməliyik.”

 

R.Quluyev qeyd etdi ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq uğurlu əks-hücum əməliyyatı həyata keçirərək Vətən müharibəsinin ilk günündən torpaqlarımızın yağı düşməndən təmizlənməsinə başladı: “Qısa zaman kəsiyində - 44 gün ərzində işğalçı Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Ordusunun peşəkarlığı sayəsində Vətən müharibəsi zamanı hər gün qələbələr qazandıq. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədə bütün xalqımızın xidməti olub. Hazırda düşmən işğalından azad olunmuş ərazilərimizdə böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Bu ərazilər qısa zamanda ən müasir görkəm alacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

 

 

 

Milli Məclisin sədrinin müavini Adil Əliyev mərasimdəki çıxışında Xətai rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, artıq Vətən müharibəsində şanlı Qələbəmizin ildönümü ərəfəsindəyik: “Qarşıdan Zəfər Günü gəlir. Qələbənin ildönümü ilə əlaqədar olaraq Prezident İlham Əliyevin 61 bənddən ibarət tapşırığı var. Bu 61 bəndin 8-i Milli Məclisə həvalə olunub. Bununla bağlı Milli Məclisdə qərargah yaradılıb. Milli Məclisin aparatı və bütün deputatları 27 sentyabr – 8  noyabr tarixləri arasında bütün şəhidlərimizin anım günlərində iştirak edirlər. Bu, Milli Məclisə bir tapşırıqdır.”

 

 A.Əliyev qeyd etdi ki, Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxladı: “Müzəffər Ali Baş Komandan İlham Əliyev istəyirdi ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılsın. Lakin işğalçı Ermənistan bütün beynəlxalq konvensiyaları və qanunları pozaraq torpaqlarımızı işğal altında saxlayırdı. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, yağı düşmən torpaqlarımızı geri qaytarmaq istəmir. Bu döyüşlərdə qüdrətli Azərbaycan Ordusu ləyaqətlə Ermənistanın təxribatının qarşısını aldı, düşməni yerinə oturtdu. Lakin düşmən bundan dərs almır, yenə də sülh danışıqlarından boyun qaçırırdı. 2018-ci ilin may ayı ərzində Günnüt hadisələri baş verdi. Yenidən Azərbaycan ərazisində - Naxçıvan Muxtar Respublikasında təxribat törədən düşmən məğlubiyyətə uğradıldı. Beləliklə, Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Daha sonra 2020-ci ilin iyul ayında Tovuz hadisələri baş verdi. Bu döyüşlərdə də Ermənistanın təxribatlarının qarşısı uğurla alındı, düşmənin silahlı qüvvələri məhv edildi, biz də şəhidlər verdik. Lakin dümən bundan da nəticə çıxarmadı.”

 

A.Əliyev qeyd etdi ki, daha sonra Ermənistanın yüksək çinli məmurları müxtəlif sərsəm bəyanatlar səsləndirirdilər: “Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa gələrək “Qarabağ Ermənistandır” deməklə bütün danışıqlar prosesini məhv etdi. O, danışıqlar prosesinin bundan sonra heç bir nəticə verməyəcəyini dilə gətirdi. Artıq Azərbaycan xalqının səbri tükənmişdi. Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatı həyata keçirərək Vətən müharibəsinin ilk günündən torpaqlarımızın yağı düşməndən təmizlənməsinə başladı. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu və xalqımızın həmrəyliyi ilə torpaqlarımız işğaldan azad edildi. Müharibənin ilk günündən etibarən Azərbaycanın əsgər və zabitləri böyük qəhrəmanlıq göstərdilər. Bu gün biz şəhid Əbülhəsən Eyvazov kimi qardaşlarımızın sayəsində Vətən müharibəsi haqqında qürurla, fəxrlə danışırıq. Bu Qələbəni Azərbaycanın igid, qəhrəman oğullarının sayəsində qazandıq. “Sapı özümüzdən olan baltalar”, xain düşmənlər Vətən müharibəsində qazandığımız Qələbəyə kölgə salmaq istəyirdilər. Lakin Azərbaycan xalqının birliyi, gücü öz sözünü dedi, düşmənləri yerində oturtdu. Bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəman və qorxmaz xalqdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlik ən böyük zirvədir. Onların valideynlərinə, yaxınlarına Allahdan səbir diləyirəm. Eyni zamanda, şəhidlərin valideynlərinin qarşısında baş əyirəm. Bugünkü tədbirimiz ondan ötrüdür ki, uşaqlarımız milli ruhda, şüurda, təfəkkürdə vətənpərvər böyüsünlər. Azərbaycanın gələcəyi bu uşaqlardan asılıdır. Onların milli ruhda böyüməsi üçün çalışmalıyıq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram.”    

 

 

 

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə mərasimdə çıxış edərək bildirdi ki, bu gün növbəti qəhrəmanımızın – Əbülhəsən qardaşımızın vaxtilə yaşadığı ərazidə onun xatirəsini ehtiramla anırıq: “Məndən əvvəl çıxış edən natiqlər şəhid Əbülhəsən Eyvazovun həyat və döyüş yoluna nəzər saldılar. Şəhidlər Azərbaycan tarixində əbədi yaşayacaq qəhrəmanlarımızdır. Bundan əvvəl Xətai rayonundakı 165 nömrəli tam orta məktəbin həyətində Əbülhəsən qardaşımızın barelyefinin açılışında iştirak etmişik. 2 gün öncə isə onun məzarını ziyarət etmişik. Bu gün doğrudan da bu insanların həyatı hər bir vətəndaş, Azərbaycanı sevən insanlar üçün örnəkdir. Onlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Ali Baş Komandan İlham Əliyevin ətrafında xalqla birlikdə dəmir yumruq kimi birləşərək Azərbaycanın 30 illik nisgilinə son qoydular, xalqımızı müqəddəs torpaqlarına qovuşdurdular. Xalq, dövlət, Vətən yolunda canını fəda edən insan ölməzdir. Onu xalq, dövlət həmişə yaşadır. Əbülhəsən qardaşımızın timsalında bütün şəhidlərimiz hər bir Azərbaycan vətəndaşı üçün əzizdirlər, ölməzdirlər. Onlar həmişə bizim qəlbimizdə yaşayacaqlar. Onların Vətən sevgisi bizim üçün müqəddəsdir. Bu sevgi hər bir gəncin həyatı üçün bir örnəkdir. ”

 

V.Rəhimzadə qeyd etdi ki, Vətən, xalq, dövlət yolunda canını fəda edən insanlar insanların yaddaşında əbədi olaraq yaşayırlar: “Şəhidlərimiz müqəddəs amallar uğrunda öz canlarını fəda ediblər. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Həmçinin onları böyüdən valideynlərin qarşısında baş əyirəm. Qazilərimizə Allahdan cansağlığı diləyirəm, onların qarşısında baş əyirəm. Onlar çətin anlarda – Vətən uğrunda döyüşlərdə ölümün bir addımlığında olublar. Bu insanlar Vətənə, xalqa, dövlətə olan böyük sevgiləri ilə bu döyüşlərə yollanıblar. Burada yaşayan, buradan keçən hər bir insan bu abidə kompleksinin qarşısından keçərkən Əbülhəsən qardaşımızın timsalında bütün şəhidlərimizin qəhrəmanlığını yada salacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun və xalqımızın dəmir yumruq kimi birliyi nəticəsində Azərbaycan bütün dünyada öz sözünü dedi, ərazi bütövlüyünü bərpa etdi.”

 

V.Rəhimzadə vurğuladı ki, Azərbaycan Ordusu, xalqı müqəddəs amallar uğrunda öz missiyasını uğurla reallaşdırdı: “Mən bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar çox müqəddəs bir yol qət ediblər. Bu insanların döyüş yollarından bəhs edən əsərlər yazılacaq, filmlər çəkiləcək. Onlar Azərbaycan tarixində əbədi qalacaqlar. Mən, eyni zamanda, şəhidləri böyüdən qəhrəman valideynlərin qarşısında baş əyirəm, onlara cansağlığı arzu edirəm. Onlar fəxr edə bilərlər ki, belə qəhrəman, xalqına, dövlətinə bağlı olan, torpaq üçün canlarını fəda edən övladlar böyüdüblər. Həmçinin şəhidlərimizə dərs demiş müəllimlərin qarşısında baş əyirəm. Allahdan şəhidlərmizin valideynlərinə, yaxınlarına səbir diləyirəm.”    

 

 

 

Mərasimdə Xalq artistləri Azad Şükürov, Əli Nur çıxış edərək Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, şəhidlərin döyüş yolundan, Xətai rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, ermənilərin vaxtilə işğal altında olan ərazilərimizdə törətdikləri vəhşiliklərdən danışdılar, Vətən haqqında şeirlər səsləndirdilər.

 

 

 

Mərasimdə şəhid Əbülhəsən Eyvazovun atası Balaş Eyvazov, bacısı Leyla Eyvazova çıxış edərək respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Əbülhəsən kimi qəhrəmanların həyat yolunun gənc nəslə örnək olduğunu vurğuladılar. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. Həmçinin abidə kompleksinin yaradılmasına görə Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür etdilər.

 

 

 

Mərasimdə şagirdlər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndirdilər. Sonda mərasim iştirakçıları hərbi orkestrin marş sədaları altında xatirə lövhəsinin qarşısına əklillər qoydular, tər gül-çiçək dəstələri düzdülər.

 

Qeyd edək ki, Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əbülhəsən Eyvazov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Cavid Əkbərov

 

İki sahil.- 2021.- 2 noyabr.- S.7.