Vətən müharibəsi şəhidi
Şirxan Xaməmmədovun əziz xatirəsinə
İnsan oğlu dünyaya göz
açdığı gündən yollardadır. Elə hey tələsə-tələsə
harasa gedir, haradansa gəlir. Ona çox vaxt
ömür yolu da deyirlər. İnsan
oğlu doğulandan ölənə qədər bu yolu gedir.
Amma bir yol var ki, o yolu keçmək hər kəsə
müyəssər olmur. Yalnız Vətənin
azadlığı yoluna çıxanlar o yolun yolçusu
olur, o yolda canından keçir. 2020-ci il
sentyabrın 27-də minlərlə vətən oğlu da o
yola - Vətən yoluna, onun bütövlüyü,
tamlığı, azadlığı yoluna çıxdı. Geri qayıdanlar da oldu, Vətən səmasına
çəkilib əbədiyaşarlıq qazananlar da. 44 günlük Vətən müharibəsi 2907 Vətən
oğluna əbədiyaşarlıq bəxş etdi. Onların çıxdığı yol bir tarix oldu,
oxunan, oxunulacaq, yazılan və yazılacaq tarix. Belə oğullarımızdan biri də 22
yaşında şəhadətə ucalan Şirxan Xaməmməd
oğlu Xaməmmədovdur.
Şirxan
Xaməmmədov 1998-ci il fevralın 9-da
Şamaxı rayonunun Məlikçobanlı kəndində
anadan olub. 2004-2015-ci illərdə G.Ağayev adına
Məlikçobanlı kənd tam orta məktəbində təhsil
alıb. Şirxan Xaməmmədov 2016-cı ildə
müddətli həqiqi hərbi xidmətə
çağırılıb. 2016-2017-ci illərdə
Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən
“N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci
ildən Azərbaycan Silahlı Qüvvələrinin
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ( MAHHXHQ) kimi xidmətə başlayıb. Azərbaycan
Silahlı Qüvvələrinin əsgəri olan Şirxan Xaməmmədov
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistanın işğalı
altında olan ərazilərimizin azad edilməsi
üçün başlanan Vətən müharibəsi zamanı
Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın
azadlığı uğrunda gedən döyüşlərdə
kəşfiyyatçı-snayper kimi iştirak edib. Şirxan
Xaməmmədov noyabrın 1-də Şuşa
uğrunda gedən döyüşlər zamanı şəhid
olub. Noyabrın 4-də Şamaxı rayonunun Məlikçobanlı
kəndində torpağa tapşırılıb. Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş əməliyyatlarına qatılan və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
Şirxan Xaməmmədov ölkə
başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra “Vətən
uğrunda", “Hərbi xidmətə görə” və
"Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edilib.
Şirxangil ailədə 3 övlad olublar. O, ailənin yeganə
oğul övladı idi.
Bəlkə
də Qarabağ savaşında şəhid olan
oğullarımızın çoxunun tərcümeyi-halı
bu qədər qısadır, bir vərəqlikdir, amma
onların göstərdiyi igidliklər nə vərəqlərə
sığar, nə kitablara...
Şirxan Xaməmmədov uşaqlıqdan hərbçi
olmaq istəyib və ailəsinin dəstəyi ilə arzusunu
reallaşdırıb. 44 günlük Vətən müharibəsinin
ilk günlərindən döyüşə atılıb,
Şuşaya qədər qəhrəmancasına vuruşub,
peşəkar snayper kimi düşmənə amansız zərbələr
endirib.
Şirxanın snayper olmağı heç də bir təsadüfi
deyildi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu
Komandanlığı tərəfindən keçirilən
“Xüsusi snayper tapşırıqları” kursunu uğurla
bitirib sertifikat almışdı. Qardaş
Türkiyədə də bu sənətin sirlərini dərindən
mənimsəmək üçün təlimlərdə
iştirak etmişdi. Dəfələrlə
komandanlıq tərəfindən fəxri fərmanlarla təltif
edilmişdi. Bir sözlə, vaxtını
hədər keçirməmişdi Şirxan. O, təkcə
medallar qazanmamışdı, həm də özünə dəyərli
dostlar, silahdaşlar qazanmışdı. Bu
gün onun yoxluğu ilə barışmayan dostları,
komandirləri Şirxanın peşəkarlığından
ürək dolusu danışırlar.
44
günlük Vətən müharibəsində Şirxan Xaməmmədovun
bölük komandiri olmuş Mirzə Musayev onu belə
xatırlayır: “Şirxanla tanışlığımız
2018-ci ilin iyul ayında olub. Həmin vaxt
Şirxan bizim bölməyə yeni gəlmişdi, mən isə
başqa bölmədə idim. 2019-cu ildən
Şirxanın bölük komandiri olmuşam. Şirxan qısa bir müddətdə yoldaşları
və komandir heyəti tərəfindən hörmət
qazandı, dəfələrlə snayper kurslarında yüksək
nəticə əldə etdi, çox intizamlı, mədəni,
fiziki cəhətdən sağlam bir hərbi qulluqçu idi,
daim üzü gülərdi. Vətən
müharibəsinə qatıldığımız gündən
Füzuli, Xocavənd istiqamətində müxtəlif strateji
yüksəkliklərin əldə olunması, qorunub
saxlanması, düşmənin əks-hücumunun
qarşısının alınması, bir sıra kəndlərin
azad olunması tapşırıqlarını icra etdiyimiz vaxt
Şirxan yüksək bacarıq və professionallıq
göstərmişdi. Biz həmin vaxt Şuşa
istiqamətində hərəkət və Şuşanın
azad olunması tapşırığını aldıq. Şuşa istiqamətində hərəkət edərkən
müxtəlif strateji yüksəkliklərin və kəndlərin
azad olunmasında Şirxan kurslarda öyrəndiyi bilik və
bacarıqlarını tətbiq edir, verilən
tapşırıqları dəqiq yerinə yetirirdi. Oktyabrın 30-da Daşaltı kəndi
yaxınlığında yüksək strateji əhəmiyyət
daşıyan 1553 metrlik yüksəkliyin əldə
olunması tapşırığını aldıq və
yüksəklikdə olan düşmən qüvvələrini
darmadağın etdik. Şirxan yenə də
əzmkarlıqla, yorulmadan, qorxmadan bir snayper olaraq öz
tapşırığını yüksək səviyyədə
yerinə yetirirdi. Noyabrın 1-də
düşmən artilleriyasının atdığı mərmilər
nəticəsində Şirxan başından qəlpə
yarası alaraq şəhidlik zirvəsinə ucaldı.
Şirxan bizim ucun çox əziz və əvəzolunmaz bir
dost, qardaşdır, onun ölümü hər birimizin qəlbinə
bir dağ çəkdi...”
Şirxanın Şuşanın
yaxınlığında çəkib vatçap üzərindən
atasına göndərdiyi son videogörüntü var.
Ölümündən bir neçə gün, bəlkə də
bir neçə saat əvvəl çəkilib. Şirxan çox
böyük şövq və ürəklə atasına səslənərək
deyir: “Ay dədə, eşidirsən məni, gəlmişəm
Şuşaya. Şuşadayam, vaxt vardı Birinci Qarabağ
döyüşlərində vuruşanlara baxıb fikirləşirdik
ki, görəsən biz də elə ola
biləcəyik. Gənc nəsil özün göstərdi,
tarix yazdı...”
Bəli, Şirxan kimi oğullar İkinci Qarabağ
savaşında həm tarix yazdı, həm də tarixə
döndü.
Bu tarixi savaşda Şirxanla sona qədər
çiyin-çiyinə döyüşənlərdən
biri də “N” saylı hərbi hissənin kiçik
çavuşu, kəşfiyyatçı Süleyman Məhərrəmov
olub. Şirxanın ailəsinə çox
bağlılığını, evlərinə getmək,
ata-anasını, bacılarını görmək arzusunda
olduğunu söyləyən S.Məhərrəmov deyir ki, o,
bir ildən çox idi, evlərinə getməmişdi,
müharibənin qurtarmasını gözləyirdi...“Şirxan
Xaməmmədov 44 günlük Vətən müharibəsi
zamanı öz sözünü döyüş meydanında
deməyi bacaran igidlərimizdəndir. Bizim onunla
döyüş yolumuz Füzuli istiqamətindən
başladı və Şuşanın Daşaltı kəndinə
qədər davam etdi. Şirxanla Daşaltıda, Şuşa yolunda 1553 metr yüksəklikdə
ermənilərin hərəkət istiqamətlərini izləyirdik.
O, snayper kimi öz işini nümunəvi yerinə yetirirdi. Oktyabrın 31-dən noyabrın 1-nə keçən
gecə mən, Şirxan və qrup komandirimiz Cavad Səmədov
bir yerdə müşahidələr aparırdıq. Gecə ermənilərin xüsusi təyinatlıları
həmin yüksəkliyi almaq üçün bizə
hücum etdilər, biz bu hücumun qarşısını ala
bildik. Onlar xeyli canlı qüvvə itirərək
geri çəkildilər. Biz növbə
ilə müşahidələr aparır, düşmənin hərəkət
istiqamətini öyrənməyə
çalışırdıq. Mən yerimi
Şirxanla dəyişdim. Qəfil bizim
mövqelərimiz erməni silahlıları tərəfindən
güclü artilleriya atəşinə tutuldu və ermənilərin
atdığı minomyot mərmisi bizim səngərin
yanına düşdü. Qəlpə
Şirxanı başından yaralamışdı. Biz onu
səngərdə yerə uzatdıq, sanitarlar yardım
göstərsə də, yarası ağır olduğundan onu
həyata qaytarmaq mümkün olmadı...”
Daşaltı kəndi Şuşadan 3-4 kilometr məsafədə,
Şuşa–Laçın magistral yolu boyunca yerləşir və
1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilib. 1992-ci ilin yanvarında uğursuzluqla nəticələnən
“Daşaltı əməliyyatı”nda rəsmi məlumatlara
görə, Azərbaycan Ordusu 90 nəfərdən artıq
itki verib, bundan başqa onlarla əsgər hələ də
itkin düşmüş sayılır. Sözsüz
ki, bu qisas alınmalı idi, alındı da. Şirxanın torpağa
tapşırıldığı gün - noyabrın 4-də
Daşaltı şanlı Azərbaycan Silahlı Qüvvələri
tərəfindən işğaldan azad olundu.
“Şəhid olmamışdan əvvəl Şirxan
yaralı döyüş yoldaşlarının atəş
mövqeyindən uzaqlaşdırılmasında çox
böyük fədakarlıq edib. Şirxanın çox arzuları
vardı, ən böyük arzusu da bacısının ali məktəbə
qəbul olunmasını görmək idi”, - deyən “N”
saylı hərbi hissənin giziri, snayper, manqa komandiri
Tağı Kərimov öz döyüş
yoldaşını olduqca çevik, yerini bilən, hərbi
hissədə böyük hörmət qazanmış, peşəsinə
məsuliyyətlə yanaşan hərbçi kimi
xatırlayır: “O, MAHHXHQ kimi xidmət göstərirdi. Peşəkar snayper kimi dəfələrlə fəxri
fərmanlar almışdı. Biz İkinci
Qarabağ savaşında onunla Füzuli, Hadrud, Xocavənd
istiqamətində gedən döyüşlərdən
başlayaraq Şuşayadək böyük döyüş
yolu keçdik. Düdükçü, Muxtar, Tuğ,
Ağbulaq, Çanaqçı və digər kəndlərin
düşmən tapdağından azad olunması istiqamətində
uğurlu əməliyyatlarda iştirak etdik. Şuşaya
gedən yolun düşmən tapdağından təmizlənməsində,
Daşaltı kəndinin azad edilməsində iştirak etdik.
Son döyüşü Şuşanın
yaxınlığında, 1553 metr yüksəklikdə oldu.
O, düşmən tərəfindən atılan top mərmisindən
başından qəlpə yarası alaraq şəhadətə
ucaldı. Həmin döyüşdə
çox böyük itkilərimiz oldu. Seymur
İbrahimov, Yalçın Rəhimov, Elvin Sadıqov,
Toğrul Xudiyev həmin istiqamətdə şəhid oldular.
Başqa bölüklərimizin hərbi
qulluqçularından da şəhid olanlar oldu. Allah bütün şəhidlərimizə rəhmət
eləsin”.
Şirxandan geriyə qalan əşyalar arasında 11-ci
sinfi bitirəndə müəllimlərinə
ünvanlandığı bir məktub da var. Əslində,
bunu Şirxanın vicdanı qarşısında hesabat da hesab
etmək olar.
Görünür, illərlə ipə-sapa
yatmayan, nadinc uşaq olduğundan son anda üzrxahlıq etməyi
özünə borc bilib. 2015-ci il
mayın 12-də yazılan bu qısa mətndə Şirxan
deyir: “...Mən məktəbi bitirəndən sonra Vətənə
layiqli oğul olacağam, ən çox da atama, anama layiqli
oğul olacağam. Bütün müəllimlər
məni bağışlasın, əlvida məktəb illəri”.
Dediyi kimi də oldu. Nəinki
doğulduğu ailəyə, oxuduğu məktəbə, həm
də mənsub olduğu millətə, xalqa layiqli oğul
olaraq özünü sübut etdi.
Şirxanın şəhid xəbərini eşidəndə
atası Xaməmmədin baxışları gəldi gözlərim
önünə. O baxışlar elə hey yol yoldaşı oldu mənimlə.
Qəribə baxmağı vardı insanlara,
çatma qaşları arasından uzaqlara dikilən
baxışlarda heç vaxt hiylə, hikkə,
paxıllıq, təkəbbür görmədim. Onun
baxışları o qədər saf, təmiz idi ki, adam baxanda özünü görə bilərdi.
Allah ona belə bir ucalıq bəxş etmişdi.
“Oğlum sərrast nişançı
olduğundan dəfələrlə komandanlıq tərəfindən
fəxri fərmanlar alıb. Hərbi xidmət dövründə
komandirləri hər zaman ondan razılıq edib. Mərdliyi,
igidliyi, qorxmazlığı, cəsarəti, düzlüyü
ilə hər zaman tay-tuşlarından seçilib. Mən
onunla fəxr edirəm. Oğlumu təkrar görmək, qələbə
sevincini onunla yaşamaq nəsib olmadı, amma bütün
xalqımız şəhidlərimizlə qürur duyur. Elə
də mən. Allah bütün şəhidlərimizə rəhmət
eləsin...” Bu, oğlunun yasında da təmkinli, qürurlu
gördüyüm şəhid atasının sözləridir.
Şirxanın anası Sahibə Xaməmmədova
isə oğlu ilə fəxr etdiyini deyir: “13 aydan çox idi
oğlumu görmək həvəsi ilə
yaşayırdım. Müharibənin bitməsini gözləyirdim.
Balam tez-tez zəng də etmirdi ki, səsini eşidim. 13 ay tək
övladımın üzünə, qoxusuna həsrət
qaldım. Mən oğlum üçün nə xəyallar
qururdum. O, evimin, ocağımın nuru idi. Balamla bağlı
xəyallarım ürəyimdə qaldı. Oğlum şəhid
olub üçrəngli bayrağa bükülüb son dəfə
evinə gəldi. Yoxluğu ilə barışmasam da, amma
onunla fəxr edirəm. Şirxan kimi oğulun anası
olduğum üçün qürur duyuram...”.
Bu gün Şirxanın doğulub boya-başa
çatdığı evdə hara baxırsan Şirxanın
şəkilləri danışır. Bu şəkillərin hər
biri özündə tarix yaşadır, Şirxanlı
günlərin, Şirxansız günlərin tarixini....
Bu gün Şirxanın ruhu Vətən səmasından
boylanır və atasına deyir: “Geriyə, yollara baxma, ata, mən
irəlidəyəm, çox irəlidə. Artıq geridə
qalmış şirin bir xatirə deyiləm, bu günün,
sabahın oxunulan, öyrənilən canlı qəhrəmanlıq
dastanıyam. Mən canlı bir tarix, unudulmayacaq bir tarixəm,
Vətən torpağının bir parçasıyam,
özüm boyda bir parçası. Geriyə, yollara baxıb
fikrə dalma, məni irəlidə, öndə axtar. Millətin
qalibiyyət tarixinin sətirlərində axtar, zamana
sığmayan zamansızlıqda axtar. Mən bu millətin
qalibiyyət yolunun yolçularındanam ata, bu yolun
yolçularının geridə işi olmaz...”.
İki sahil.- 2021.- 3 noyabr.- S.-8.