Regionların inkişafı, vətəndaş məmnunluğunun artırılması günümüzün əsas hədəflərindəndir

 

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Şamaxı rayonlarına səfərləri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinin genişliyi bunu bir daha sübut edir

 

Dövlət siyasətimizin əsas prioritetlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həllidir. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev müasirləşmənin, yeniləşmənin dövlət siyasətinin əsası olduğunu diqqətə çatdırdı. «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək ölkənin inkişafında təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin qorunmasını vacib amil kimi dəyərləndirdi. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 18 ildə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

 

Enerji sektorundan asılılığın minimuma endirilməsi üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin gərəkliyi önə çəkildi və 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı təsdiqləndi. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi iqtisadi inkişafı sürətləndirdi. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı proqramının bir hissəsi idi. Cənab İlham Əliyev o vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional İnkişaf proqramları qəbul olunmuş, icra edilmiş və dördüncü sənəd icra edilməkdədir.

 

Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.

 

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

 

Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizidən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurumuşuq və müstəqil ölkə kimi yaşayırıq.»

 

Artıq son 18 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur.

 

Özünüməşğulluğun təminatı, ən əsası sosial müdafiənin gücləndirilməsi əsasdır. Ailə təsərrüfatlarının inkişafına dəstəyin daha da gücləndirilməsi, hər bir ailənin öz məhsulu ilə tanınması üçün şəraitin yaradılması sağlam rəqabətə yol açır. Bu isə öz növbəsində məhsulun keyfiyyətini şərtləndirir. Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir.

 

Bir məqamı da xüsusi qeyd etməliyik ki, COVID-19 pandemiyasının dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlayıb. Sahibkarlığın inkişafı yenə də diqqət mərkəzindədir. Bu gün böləgələr arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir və bu, ümumilikdə hərtərəfli inkişafı daha da sürətləndirir.

 

Hər dövrün öz tələbləri vardır. Zamana və dövrün tələblərinə uyğun olaraq təkmilləşmə islahatların davamlılığını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. Azərbaycan bütün sahələrdə uğurları, təcrübəsi ilə nümunə oldu. Yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi ki, o da dövlət başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu. Bu gün artıq doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışa hazırlaşır. 2021-ci il Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə olunacaq.

 

Noyabrın 1-də dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı və Şamaxı rayonlarına səfərləri çərçivəsində Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış oldular, İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binasının, Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin, 7 saylı körpələr evi-uşaq bağçasının, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin və digər sosial obyektlərin açılışlarında iştirak etdilər. İsmayıllı və Şamaxı rayonlarına təkcə bir səfər çərçivəsində atılan addımlara diqqət yetirdikdə görülən işlər miqyasının genişliyi fonunda regionların inkişafının dövlət siyasətinin əsasında dayandığı bir daha öz təsdiqini tapır. Nəzərə alsaq ki, bu işlər işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə paralel şəkildə həyata keçirilir, bu halda reallaşdırılan quruculuq işlərinin bütün ölkəni əhatə etdiyi aydın nəzərə çarpır.

 

Artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var. Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. Dövlət başçısı İlham Əliyevin 7 iyul 2030-cu il tarixli «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanı da Vətən müharibəsində əldə edilmiş parlaq Qələbənin daha bir uğurlu nəticəsi, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır. Sənəd ümumilikdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının bölgələrimizin davamlı və tarazlı inkişafının təmin olunmasında, ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətinin daha da güclənməsində əhəmiyyətini, 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılmasında güclü zəmin olduğunu açıqlayır. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdi. Ümumilikdə imzalanan son Fərman və sərəncamlar, təsdiqlənən Milli Prioritetlər tarixi torpaqlarımızın əvvəlki vəziyyətinə qaytarılmasına, iqtisadi inkişafının bərpa olunmasına, bir sözlə, Azərbaycanın gələcəyinə hesablanıb.

 

Dövlət başçısı İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların inkişafını diqqətdə saxlayır və bunu bölgələrə davamlı səfərləri ilə təsdiqləyir. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilMəsi, eyni zamanda, səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planının təsdiqlənməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması ilə yadda qalır. Atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun artırılması dayanır. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, əhali görülən işlərdən nə zaman razı qalarsa, mən də razı olaram. Dövlət başçısı bu fikirləri ilə bir daha insan amilinə yüksək dəyər verdiyini, hakimiyyətin əsas mənbəyinin xalq olduğunu təsdiqləyir.

 

Yeganə Əliyeva

İki sahil.- 2021.- 3 noyabr.- S.4.