Naxçıvan Dövlət Universiteti:
Texnopark və səmərəli biznes mühitinin
inkişafı
Təşəkkül,
şaxələndirmə, perspektivlilik və bu kimi dəyərlər
əsasında uzunmüddətli hədəflərini qətiyyətlə
müəyyən edən Naxçıvan Dövlət
Universiteti daha modern təhsil imkanları istiqamətindəki tədbirlərini
inamla reallaşdırmaqdadır. Hərtərəfli
dövlət qayğısı ilə yeni keyfiyyət mərhələsinin
güclü əsaslarını müəyyən edən
universitet artıq çox vacib layihələr həyata
keçirməklə, dövlətin təhsil
islahatlarının davamlılığı sahəsindəki
tədbirlərinə töhfələrini verməkdədir. İstər bakalavr, istər magistr, istərsə
də doktorantura sahəsində ixtisaslaşan kadr
ehtiyatlarının bilik və bacarıqlarının daha da təkmilləşməsində,
onların ümumilikdə, universitet və ali təhsil şəbəkəsi
üçün faydalı layihələrdə
iştirakının motivasiya olunmasında, peşəkar
mütəxəssis və dünya
çağırışları ilə səsləşə
biləcək intellektual potensialın inkişafında qeyd
olunan keyfiyyətlərin müstəsna əhəmiyyətini
qeyd etmək olar.
Bu dəyərlər universitetin hər bir
fakültəsində, onun hər bir tələbəsinin təhsilalma
proseslərində tamamilə yeni mərhələnin
başlanğıcı üçün zəmin
yaratmışdır. Güclü elmi əsaslara
söykənən idarəetmə, yönəltmə, layihələndirmə,
təşkilatçılıq və icra mexanizmlərindən
ibarət olmaqla, bu mərhələ daha çox innovasiyalara və
texnoloji inkişafa etibar edən tədbirlərin də əsaslarını
ifadə edəcəkdir. Təbii ki, bu sahədə
də dövlət qayğısının özünü
göstərməsi universitetin bu sahələr üzrə
prioritetlərini daha da əlçatan etməkdədir. 14
dekabr 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri tərəfindən imzalanan Sərəncamla
Naxçıvan Dövlət Universitetində
Texnologiyalar Parkının yaradılmasının nəzərdə
tutulması məhz bu istiqamətdəki tədbirlərin daha
rəvan reallaşmasına xidmət etməkdə, onun məhsuldarlığını
daha da artırmaqdadır.
Texnopark milli iqtisadiyyatlar üçün
yenilik, yenilik isə insan potensialının
inkişafını gətirməkdədir. Bunlar həm
bir-biri ilə qarşılıqlı əlaqədə, həm
də bir-birini tamamlayan anlayışlar, proseslərdir.
Məhz məhsuldar məqsədlər çərçivəsində
Naxçıvan Dövlət Universitetində Texnologiyalar
Parkı qurulur və fəaliyyət göstərəcəkdir.
Qeyd etmək olar ki, Texnopark malik olduğu struktur bölmələrlə
sxematik olaraq, hər bir ideya, səmərəliləşdirici
meyarlar və perspektivli nəticələr üçün
açıq olacaqdır. Burada tələbələrin və
ümumilikdə, yaradıcı gənclərin təmsilolunma
hüquqları böyük əhatədə formalaşacaq.
Bununla da, ümumilikdə, Texnopark ideyalar, layihələr və
təşəbbüslər mərkəzi olmaqla, eyni zamanda,
onların dəyərləndirilməsi proseslərində təcrübə
mərhələsinə çevrilmiş olacaq.
Texnopark qeyd olunanlarla birlikdə, səmərəli
iqtisadi mühitin qorunmasında və onun iqtisadiyyatın sahə
strukturu üzrə faydalılığının
artırılmasındakı rolunu daha da artıracaq. Mənfəətin artırılmasına yönəldilən
iqtisadi fəaliyyətin təmin olunmasında, təsərrüfat
subyektlərinin mal və xidmətlərlə təmin
olunması sahəsindəki proseslərin əlaqələndirilməsinin
sürətlənməsində və beləliklə də,
dayanıqlı biznes mühitinin yaradılmasında Texnologiya
Parkının səmərəli nəticələrini
müşahidə etmək mümkün olacaq. Diqqət
etdikdə aydın olur ki, Naxçıvan Dövlət
Universitetində yaradılmış Texnologiyalar Parkında
struktur təşkilatlanması sahəsində diqqət
çəkən sahələrdən biri də məhz biznes
mühitinin möhkəmlənməsinə istiqamətlənən
fəaliyyət məcmusu olaraq biznes inkubatorunun fəaliyyətinin
təmin olunması ilə möhtəşəmlik
qazanacaq.
Təbii ki, mahiyyət etibarilə, biznes
inkubator çoxsaylı biznes ideyalarının təşviqi
məqsədilə fəaliyyət göstərir. Burada
iştirakçı olan kiçik sahibkarlıq subyektləri
müxtəlif ideyalarla çıxış edir və
onların müzakirəsi ilə məşğul olurlar. Yəni
biznes inkubatorunda kiçik layihələr və startaplar ilk mərhələdən
biznes mərhələsinə qədər yol keçirlər,
daha doğrusu, canlanırlar. Biznes inkubatoru
iştirakçılar üzrə təlimlər təşkil
edir və müəyyən müddət ərzində tədris
proseslərinə də start verir. Həmin
iştirakçılara müxtəlif şirkətlər tərəfindən
konsaltinq (məsləhət) xidmətlər də təşkil
olunur. Yəni bu xidmətin mahiyyəti öz biznesinin
inkişafında maraqlı olan müştərilər birliyinə
göstərilən xidmətlər növü olmasında
ifadə olunur.
Biznes ideyasının təkmilləşməsi
və ya reallaşması məhz biznes inkubatoru tərəfindən
həyata keçirilir. Bu mərhələ sonrakı dövrlərdə
yeni təsərrüfatların yaradılmasına zəmin
yaratmış olur. Beləliklə, biznes inkubatorunun sayəsində
iştirakçılar biznes planlar hazırlayır və digər
iştirakçılar arasında uğur qazanacağı təqdirdə
mükafatlandırılırlar.
Növbəti mərhələ
olaraq, müxtəlif banklara maliyyə vəsaitlərinə
çıxış imkanları məqsədilə qalib
iştirakçı tərəfindən müraciətlər
də oluna bilər və güzəştli kreditlərdən
də yararlanmaqla səmərəli fəaliyyətin
qurulması mümkündür. Biznes inkubatoru davamlı
yeni layihələr üçün bir mərkəz roluna
malik olur. Eyni zamanda,
iştirakçıların sahibkarlıq təşəbbüslərinin
dəstəklənməsi, yeni biznes və ideyalarının
yaradılması, həmçinin daha perspektivli və innovativ
əsaslara dayanan məşğulluq (özünüməşğulluq)
imkanlarının yaradılması, bununla da, onların
reallaşmasının stimullaşdırılması
baxımından olduqca zəruridir.
Biznes inkubatorunun fəaliyyətə
başlaması münasibətilə konfrans da keçirilməsi
məqsədəuyğun ola bilər. Konfransda
iş adamları, biznes və sahibkarlıq subyektləri,
dövlətin bu sahənin tənzimlənməsi ilə
bağlı olan struktur bölmələrinin nümayəndələri,
bir sözlə, texnoparkın gələcək ümumi fəaliyyəti
ilə əlaqəli ola biləcək şəxslər
iştirak edirlər.
Biznes inkubatoru İqtisadiyyat
Nazirliyi də daxil olmaqla, digər əlaqəli strukturlarla
müştərək formada yeni biznes ideyaları olan gənclərin,
tələbələrin cəlb olunmasına, ideya müsabiqələrinin
keçirilməsinə və bunun üçün təyin və
elan olunmuş vaxt ərzində sənəd qəbulu da
keçirir. Burada:
- tədris prosesləri təşkil olunur;
- iştirakçılar arasında məsələn,
“ideyadan biznesə doğru” müabiqə keçirilir;
- qaliblər mükafatlandırılır;
- İqtisadiyyat Nazirliyinin, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət
Vergi Xidmətinin, “Cahan Holding”-in, Kənd Təsərraftı
Nazirliyinin, Əmlak Məsələləri
Dövlət Xidmətinin və fəaliyyətin
axıcılığı müstəvisində zərurət
yarandıqca digər müvafiq strukturların mütəxəssislərinin
göstərmiş olduqları məsləhət xidmətləri
təşkil olunur;
- müxtəlif mövzularda xarici nüfuzlu
universitet alim və araşdırmacılarının, iş
adamlarının, mütəxəssislərin və başqa təcrübə
sahiblərinin iştirakı və mühazirələri ilə
beynəlxalq treyninqlər (seminarlar) də keçirilir;
- biznes inkubatoru iştirakçılarının
istənilən istehsal müəssisəsinin fəaliyyəti
ilə tanış olmaq imkanları yaradılır;
- fasiləsiz istehsala və etibarlı məşğulluğa
istiqamətlənən startap layihələrinin həyata
keçirilməsi üçün şərait
yaradılır və s.
Qanunauyğunluq baxımından Biznes inkubatoru
üçün hər cür şəraiti olan, 10-15 otaqdan
ibarət olan və 500 m2 sahə ayrıla bilər.
Naxçıvan Dövlət Universitetinin Texnoparkının
strukturuna və sahəsinə müvafiq olaraq, bu, tənzimlənə
bilər. Ümumiyyətlə, otaqlar tam təchiz
olunmalıdır.
Texnoparkda biznes inkubatorunun fəaliyyətinin
tənzimlənməsi mahiyyət etibarilə, tələbələrin
universitetin Elmi Kitabxanasında axtarış vərdişlərindən
yaranan nəticələrlə sintez təşkil edəcəkdir
ki, bu da universitetin digər strukturları ilə də
qarşılıqlı koordinasiyanı daha gücləndirmiş
olacaq. Xüsusilə, tələbələrin sərbəst
işlərin yerinə yetirilməsində və digər bu
kimi fəaliyyətlərinin düzgün qurulmasında
faydalılığı ilə seçiləcəkdir.
Nəzərə alsaq ki,
universitetimizin beynəlxalq əməkdaşlıqları sahəsində
də qətiyyətli tədbirlər həyata keçirilməkdədir,
onda qarşıdakı dövrlərdə xarici nüfuzlu
universitet tələbələrinin də ideya və layihələrindən
ibarət olan yaradıcılıq nümunələrini də Texnoparkın biznes inkubatoru da daxil olmaqla, digər
struktur bölmələrində təmsil olunduğunu və
eyni zamanda, ali məktəbimizin tələbələri ilə
ideya, layihə və təşəbbüs birliyinin
ortaqlığının da mümkün olacağını
qeyd etmək olar.
Bir sözlə, Texnopark özünün səmərəli
fəaliyyəti ilə bazar qanunlarının, münasibətlərinin,
həmçinin dəyərlərinin qorunmasına və
inkişafına xidmət edəcək. Bu isə
öz-özlüyündə ümumilikdə, milli
iqtisadiyyatın bu istiqamətdəki yeniliklərinə
davamlılıq gətirmiş olacaq. Texnopark ölkədə
və onun regionlarında Sənaye Park və Məhəllələrinin
yaradılması proseslərinin də sosial-iqtisad və məntiqi
bir davamı olaraq olduqca əhəmiyyətlidir. Bununla
yanaşı, Texnopark qarşıdakı mərhələlərdə
mövcud inkişaf səviyyəsinə xas olan yeni keyfiyyətlərin
əsaslandırılması üçün həm də
növbəti keçid mərhələsi olaraq
çıxış edə biləcək.
Beləliklə, Naxçıvan Dövlət
Universiteti Texnoparkın və səmərəli biznes
mühitinin daha perspektivli olmasında növbəti
uğurlarını bəyan edəcəkdir. Təbii
ki, burada həm maddi-texniki təminat, həm etibarlı kadr
ehtiyatları, həm də onlardan səmərəli istifadənin
mühüm rolunu qeyd etmək olar ki, nəticə isə milli
iqtisadiyyat üzrə uzunmüddətli perspektivlərin daha da
əlçatan olması ilə müşayiət olunacaq.
Çünki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlərin də əsas məqsədlərindən
birini rəqabətli insan kapitalı və müasir
innovasiyalar məkanının formalaşdırılması təşkil
edir. Bu isə, XXI əsrin tələblərinə uyğun
olan təhsilin mövcudluğuna, yaradıcı və innovativ
cəmiyyətin varlığına, eyni zamanda, vətəndaşların
sağlam həyat tərzinin təmin olunmasına xidmət etməkdədir.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin
dosenti, iqtisad üzrə fəlsəfə doktoru
İki sahil.- 2021.- 3 noyabr.- S.7.