Azərbaycan Ordusu tarix
yazdı
Şanlı Zəfər salnaməsi
Qırx
dörd günlük Vətən müharibəsində
Prezident, Müzəffər Ali Baş Komandan, qətiyyətli
sərkərdə İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusu xalqımızın Zəfər salnaməsini
yazdı. Silahlı Qüvvələrimizin döyüş
hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin
yüksək peşəkarlığı sayəsində Ermənistan
ordusu darmadağın edildi. Azərbaycan Ordusu canı-qanı
bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzlik
mifini qısa müddətdə dağıtdı,
bütün qüvvələri xalqımızın iradəsi
ilə hesablaşmağa vadar etdi, Qarabağ işğaldan
azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa
olundu, işğalçı ölkə kapitulyasiya
aktını imzalamağa məcbur oldu.
Dövlətimizin
başçısı 44 günün hər anını
şanlı tariximiz adlandıraraq bildirib ki, Azərbaycan hər
gün irəli gedirdi. Bu qırx dörd gün ərzində
bir gün də olmamışdır ki, biz geri çəkilək.
Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində
qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə
qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz
oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq
Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi
üçün daha əlverişli idi. Azərbaycan əsgər
və zabitləri böyük qəhrəmanlıq,
şücaət göstərərək şərəfli
missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını
işğalçılardan azad etdi. Azərbaycan Ordusu Vətən
müharibəsində qazandığı tarixi Zəfərlə
bir daha Cənubi Qafqazın ən güclü ordusu kimi,
sülh və təhlükəsizliyin əsas təminatçısı
olduğunu göstərdi.
Rəşadətli
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda
başladığı uğurlu əks-hücum əməliyyatı
nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə
və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri
və rayonun 90 kəndi, Füzuli şəhəri və
rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan,
Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi,
Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər
rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi,
Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri,
Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə
və Murovdağ istiqamətlərində bir neçə
strateji yüksəklik, Zəngilanda isə Bartaz,
Sığırt, Şükürataz yüksəklikləri
və daha 5 adsız yüksəklik azad olundu. Xalq-iqtidar-ordu
birliyi əsasında qazanılmış şanlı tarixi Zəfərimiz
nəticəsində hazırda erməni faşistlərindən
xilas edilən ərazilərimizdə Azərbaycanın
üçrəngli bayrağı dalğalanır.
Bundan əvvəl,
2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin
təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum
əməliyyatı ilə düşməni ağır məğlubiyyətə
uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının işğal altındakı ərazilərinin
2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə
hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə
keçdi. Bundan başqa, Naxçıvan əməliyyatı
Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin
rəşadət və cəsarətini düşmənə
əyani surətdə nümayiş etdirdi. 1992-ci ildə erməni
silahlı birləşmələri tərəfindən
işğal edilən Şərur rayonunun Günnüt kəndi
26 ildən sonra – 2018-ci ilin may ayında ordumuz tərəfindən
azad edildi. Qazanılan uğur Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev tərəfindən
“Uğurlu Naxçıvan əməliyyatı”
adlandırılıb.
Bəli,
bu gün bütün dünya birmənalı qəbul edir ki,
Azərbaycan İkinci Qarabağ savaşında XXI əsrin
müharibəsini aparıb. İndi dünyanın ən
güclü orduları Azərabycan Silahlı Qüvvələrinin
İkinci Qarabağ müharibəsindəki döyüş təcrübəsini
öyrənirlər. Hazırda
Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu
sırasında yer tutur.
Bu gün
ölkəmizin başçısının rəhbərliyi
ilə ordu quruculuğu sahəsində mühüm addımlar
atılır. İşğaldan azad edilmiş torpaqlarımızda
yeni hərbi birləşmələr yaradılır və ən
müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi
hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində ciddi işlər görülür. Ölkəmizin
başçısı daim vurğulayır ki, ordu
quruculuğuna bundan sonra da ciddi diqqət yetiriləcək.
Hazırda bu istiqamətdə gərəkli addımlar
atılır. Bu gün xalqımız, bütün dünya azərbaycanlıları
haqlı olaraq Müzəffər Ali Baş Komandanımız və
güclü, rəşadətli ordumuz ilə fəxr edir. Təcavüzkar
Ermənistanın davamlı təxribatlarına cavab olaraq
2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatına
başlayan və noyabrın 10-dək davam edən 44
günlük Vətən müharibəsi nəticəsində
işğalçı ölkəni diz çökməyə,
kapitulyasiyaya məcbur edən Silahlı Qüvvələrimiz
dövlətimizin başçısının dediyi kimi, hər
birimizin qürur mənbəyidir: “Bu gün hər bir Azərbaycan
vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə
fəxr edə bilər və biz haqlı olaraq əsgərlərimizlə,
zabitlərimizlə fəxr edirik”.
Zahid Rza
İki sahil.- 2021.- 5 noyabr.- S.16.